Akademiyada valideynlərlə görüş keçirilib
06 Dec 2019
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təhsil alan tələbələrin valideynləri ilə Akademiyanın rektoru, professor Hüseyn Qaraşovun və professor-müəllim heyətinin görüşü keçirilib. Görüşdə əsasən I tədris ilində təhsil alan tələbələrin valideynləri iştirak edirdi.
H.Qaraşov iştirakçılara Akademiyanın təsisçisi, AHİK sədri,
millət vəkili, Rusiya Federasiyası Sosial Elmlər Akademiyasının akademiki,
professor Səttar Möhbalıyevin salamlarını çatdırdı və son dövrlərdə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş və məqsədyönlü təhsil
siyasətindən danışdı.
O, valideyn-müəllim əlaqələrinin səmərəli təşkilinin
vacibliyini və valideynlərlə müəllimlərin faydalı ünsiyyət mühitinin
yaradılmasının əhəmiyyətli olduğunu qeyd edərək bir sıra digər məsələlərə
toxundu. Tələbələrin dərsə davamiyyəti, tədris prosesini mənimsəmə səviyyələri
haqqında valideynləri məlumatlandırdı.
Rektor qeyd etdi ki, professor-müəllim heyətindən başlıca
tələbimiz biliyin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsidir.
Tələbələrdən isə tələbimiz Akademiyanın qaydalarına sayğı ilə yanaşmaqdır. Təhsil
ocağı olaraq bizim işimiz təkcə mütəxəssis hazırlamaq yox, həm də layiqli vətəndaş
hazırlamaqdır.
Daha sonra valideynlərdən Sultan Bayramlı çıxış edərək
“Bizim, valdeyn kimi, ən böyük kapitalımız övladlarımızdır. Dekanlığın hər bir
tələbə ilə maraqlanmağı müsbət haldır və yaratdığınız valideyn, tələbə, müəllim
üçbucağının çox bəyənilən hal olduğunu”-dedi.
Valideynlərdən Ulduz Məhərrəmov, Natiq Abbasov və digərləri
də çıxış edərək yaradılan təhsil şəraiti üçün Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri Səttar Möhbalıyevə, Akademiya rəhbərliyinə təşəkkür
etdilər və bildirdilər ki, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri
arasında Akademiyanı fərqləndirən ən müsbət cəhət burada tələbə-müəllim münasibətlərinin
şəffaflıq prinsipinə əsaslanmasıdır.
Faydalı fikir mübadiləsi və maraqlı təkliflərlə yadda
qalan görüşdə rektor valideynləri semestr imtahanlarını şəxsən izləməyə,
imtahanların keçirilməsinə və yaradılan şəraitə münasibət bildirməyə dəvət
etdi.