Ali məktəb tələbələri arasında təşkil olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb
24 Jan 2019
Yanvarın 24-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi(ATİAHİ) tərəfindən ali məktəb tələbələri arasında
təşkil olunmuş ənənəvi «Nə? Harada? Nə zaman?» intellektual oyunu, futzal
yarışı və “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi
keçirilib.
Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili
Səttar Möhbalıyev çıxış edərək bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi artıq 9-cu ildir ki, ali məktəb tələbələri
arasında «Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə həmkarlar ittifaqı
kuboku uğrunda turnir və futzal yarışları təşkil edir. Həmçinin 2018-ci ildə
AHİK-in İcraiyyə Komitəsinin qərarı əsasında ATİAHİ Respublika Komitəsi tərəfindən
respublikanın təhsil sistemində çalışan gənclər arasında “İlin peşəkar gənci”
müsabiqəsi keçirilib. S.Möhbalıyev hər
üç tədbirin iştirakçılarının gənclər olduğunu vurğulayaraq deyib ki, belə tədbirləri
təşkil etməkdə əsas məqsəd gənclərimizin asudə vaxtının daha səmərəli təşkili,
onlarda elmə, savada marağın artırılması, sağlam həyat tərzinin təbliğ edilməsidir.
“Gənclərimizin sağlam, savadlı böyüməsi, onların peşəkarlıq
səviyyəsinin artırılması, layiqli vətəndaş kimi yetişmələri cənab
Prezidentimiz, ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin və Azərbaycanın
I Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan
Respublikasının birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata
keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir” deyən millət
vəkili qeyd edib ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti “Neft gəlirlərinin
insan kapitalına” çevrilməsi ideyasının müəllifi olan möhtərəm Prezident İlham
Əliyevin “Bugünkü gənc sabah ölkəmizi idarə edəcək” tezisinə əsaslanır.
Son illərdə gənclərlə bağlı icra olunmuş dövlət
proqramları, qəbul edilmiş qərarlar, inkişaf strategiyaları bunun əyani
sübutudur: “Bilirsiniz ki, hazırda gənclərin intellektual, fiziki və mənəvi
inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal
iştirakını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il
tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin
İnkişaf Strategiyası” icra olunmaqdadır. Strategiyanın əsas hədəfi Azərbaycan gəncliyinin
potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin
potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni
nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır”.
S.Möhbalıyev bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı Respublika Komitəsi də Azərbaycanın gənclər siyasətinin fəal
iştirakçılarındandır: “Biz də çalışırıq ki, gənclərə diqqət və qayğı göstərək,
onlara dəstək olaq. Bu məqsədlə ATİAHİ Respublika Komitəsi tərəfindən hər il
müxtəlif festivallar, spartakiadalar, elmi-praktik konfranslar, fənn
olimpiadaları, inşa müsabiqələri, idman yarışları keçirilir, gənclərin sosial
problemlərinin həlli, istedadlı gənclərin üzə çıxarılması və onların potensial
imkanlarının genişləndirilməsi ilə bağlı tədbirlər təşkil olunur.
Həmkarlar ittifaqı
təşkilatı tərəfindən təşkil olunan bu tədbirlərdə iştirak edən gənclərin
sayının hər il əhəmiyyətli dərəcədə artması, onların bu tədbirlərə göstərdiyi
maraq bizi gələcəkdə bu istiqamətdə tədbirlərin sayının artırılmasına, əhatə
dairəsinin genişləndirilməsinə ruhlandırır”.
Sonra tədbirdə
qaliblər mükafatlandırılıb. Onlara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim
olunub.