Ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təqaüdü təqdim olunub
12 Mar 2018
Martın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2017-2018-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünün verilməsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə elmin, təhsilin,
idmanın və gənclərin inkişafına göstərilən dövlət qayğısında söz açıb, rəhbərlik
etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ATİAHİ
Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis olunub. Təqaüd qış və
yay imtahan sessiyasının nəticələrinə görə əla və yaxşı qiymətlərlə oxuyan, həmkarlar
ittifaqı fəalı olan tələbələrə verilir. Bu günədək 19 ali məktəbdə təhsil alan
2.148 tələbə bu təqaüdə layiq görülüb.
Ölkəmizdə gənclərin inkişafı üçün geniş imkanların
yaradıldığını söyləyən komitə sədri regionlarımızda bir sıra yeni idman obyektlərinin
tikilib istifadəyə verildiyini söyləyib.
S.Möhbalıyev ATİAHİ Respublika Komitəsi tərəfindən
keçirilən müsabiqələr, müxtəlif idman yarışları, intellektual oyunlar və digər
tədbirlər barədə məlumat verib. Bildirilib ki, rəhbərlik etdiyi qurumun məqsədi
gənclərin inkişafına, onların asudə vaxtlarının səmərəli təşkilinə diqqət və
qayğı göstərməkdir.
AHİK-in sədri adlı təqaüdə layiq görülən tələbələri təbrik
edib, uğurlar arzulayıb.
Sonra Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkərandakı
ali məktəblərin 61 tələbəsinə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü
verilib.