Ali məktəb tələbələrinin XIII Respublika Universiadasının açılış mərasimi olub
21 Apr 2017
Aprel ayının 21-də Bakıdakı Əl Oyunları İdman Sarayında ali məktəb tələbələri arasında təşkil olunan XIII Respublika Universiadasının açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edərək
bildirib ki, ali məktəb tələbələrinin XIII
Respublika Universiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gənclər və İdman nazirliyinin, Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə «Gənclik»
Tələbə İdman Cəmiyyəti Respublika Şurası tərəfindən təşkil edilir. XIII
Respublika Universiadasında ölkənin 23 ali təhsil müəssisəsinin tələbələrinin
iştirakı nəzərdə tutulub. Yarışlar idmanın 11 növü üzrə keçiriləcək və
ümumilikdə min nəfərdən artıq tələbəni əhatə edəcək.
Universiadanın keçirilməsində məqsəd
tələbə gəncləri respublika və beynəlxalq səviyyəli yarışlara hazırlamaq, onları kütləvi şəkildə bədən tərbiyəsinə və
idmana cəlb etmək, fiziki hazırlıqlarını möhkəmləndirməkdir. Eyni zamanda
Universiadada qalib çıxmış tələbələr 2017-ci ilin avqust ayında Tayvanın
paytaxtı Taypeydə keçiriləcək XXIX Ümumdünya Yay Universiadasında iştirak edəcəklər.
S.Möhbalıyev ulu
öndər Heydər Əliyevin təhsilə və idmana daim böyük önəm verdiyini vurğulayıb, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi
altında Azərbaycanda həyata keçirilən
uğurlu idman və gənclər siyasətindən danışıb, həmkarlar ittifaqı təşkilatlarının
bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi ilə bağlı
gördüyü işlər haqqında iştirakçılara geniş məlumat verib.
Daha sonra AHİK sədri ali məktəb tələbələrinin XIII Respublika
Universiadasını açıq elan edib və tədbirdə
iştirak edən tələbələrə uğurlu nəticələr arzulayıb.
Açılış mərasimində təhsil nazirinin müavini Mətin Eynullayev və digər
çıxış edənlər də ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs
edib, yarış iştirakçılarına uğurlar arzulayıblar.