Ali məktəblər arasında bədii yaradıcılıq festivalının yekun konserti olmuşdur
03 May 2012
Tədbirdə təhsil işçiləri, ali məktəblərin rektorları və tələbələr iştirak etmişlər.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev respublikanın müxtəlif rayonlarında keçirilmiş festivalların yekunları haqqında məlumat vermişdir.
Ölkəmizin keçdiyi inkişaf yolundan bəhs edən S.Mehbalıyev ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğını xüsusi vurğulamışdır. O bildirmişdir ki, məhz ulu öndərimizin uzaqgörən siyasəti sayəsində MDB məkanında ilk dəfə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ümummilli liderimizin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Təhsil naziri Misir Mərdanov ulu öndərin anadan olmasının 89-cu ildönümü ərəfəsində Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik etməsini ölkəmizin uğurlu inkişafının bariz nümunəsi kimi qiymətləndirmişdir. Nazir dövlətimizin başçısının uğurlu daxili və xarici siyasəti nəticəsində yaxın vaxtlarda ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə ümidvar olduğunu bildirmişdir.
Tədbirdə müxtəlif universitetlərdən tələbələrin iştirakı ilə musiqili ədəbi-bədii kompozisiya təqdim edilmişdir.
Bədii yaradıcılıq festivalının qaliblərinə Təhsil Nazirliyinin və ATİAHİ Respublika Komitəsinin diplomları və hədiyyələri təqdim ediləcəkdir.