AMEA-da gənclərlə görüş keçirilib
02 Dec 2019
Dekabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən təşkil olunmuş “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə AMEA-nın İnformasiya Texnologiyaları
İnstitutunun elmi işçisi Babək Nəbiyevə, Kataliz və Qeyri-Üzvi Kimya
İnstitutunun elmi işçisi Elmir Babayevə, Tarix İnstitutunun elmi işçisi Lamiyə
Qafar-zadəyə, Neft Kimya Prosesləri İnstitutunun aparıcı elmi işçisi Nərminə
Abdullayevaya müsabiqənin qalibləri olaraq diplom və döş nişanları təqdim
edilib.
Görüşdə AMEA Azad Həmkarlar İttifaqının sədri, professor
Habil Qurbanov gənc əməkdaşları bu müsabiqədə qaliblər sırasında
olmaları münasibətilə təbrik edib. Bildirib ki, müsabiqədə iştirak etmək üçün
çoxsaylı müraciətlər olmuşdu. Lakin təşkilatımız düzgün olaraq sizə etimad göstərdi.
Siz etimadı doğrultdunuz. Sizin nailiyyətiniz həm də AMEA-nın uğurudur. Bu qələbəniz
AMEA-nın gənc kadrlarının elmimiz üçün ümidverici potensiala sahib olduqlarının
daha bir göstəricisidir. Əlbəttə, bütün bunların əsasında cənab Prezident
İlham Əliyevin, bütün sahələrdə olduğu kimi, elm və gəncliyə göstərdiyi diqqət
və qayğı, yaradılan gözəl şərait durur. AMEA-nın əməkdaşları ölkə rəhbərliyinin
elm və təhsil istiqamətində həyata keçirdiyi islahatları, siyasi kursu hər
zaman dəstəkləmiş, bundan faydalanmağa çalışmış və ölkəmizin dinamik inkişafına
öz töhfələrini vermişlər. Ümidvaram ki, bu qələbəniz sizin gələcək elmi fəaliyyətinizdə
yeni stimul rolunu oynayacaq, uğurlarınız davamlı olacaqdır.
H. Qurbanov gənclərə, elmi fəaliyyətdə olduğu kimi,
ictimai işlərində də fəal olmağı tövsiyə edib.