AZ | RU | EN

Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 24-cü konfransı keçirilmişdir-A

15 Oct 2012

Oktyabrın 12-də Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 24-cü konfransı keçirilmişdir.

Konfransın işində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, Dövlət Mülkü Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov və “Azərbaycan Hava Yolları” QSC-nin birinci vitse-prezidenti Sabir İlyasov iştirak etmişlər.

Dövlət himni səsləndirilmişdir.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovun və Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin konfrans iştirakçılarına ünvanladıqları təbrik məktublarını oxumuşdur.

AİHİRK-in sədri Bəkir Yusifov hesabat məruzəsi ilə çıxış edərək demişdir ki, Azərbaycan Prezidentinin diqqət və qayğısı sahəsində “Azərbaycan Hava Yolları” QSC intensiv şəkildə aviaparkını yeniləşdirmişdir. Hazırda şirkətin aviaparkında 22 yeni və müasir standartlara cavab verən sərnişin təyyarəsi istismar olunur. Lənkəran və Zaqataladan sonra Qəbələdə də hava limanı istifadəyə verilmiş, şirkətin uçuş coğrafiyası genişləndirilmişdir.

Rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışan B.Yusifov bildirmişdir ki, ötən 5 ildə AİHİRK əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə normativ aktların hazırlanmasında konkret təkliflərlə iştirak etmişdir. İstehsalatda işləyənlərin, xüsusilə qadınların və yeniyetmələrin əmək şəraitinin yaxşılaşdırılmasına, ağır fiziki əmək tətbiq edilən iş yerlərinin ləğvi, xəsarət törədə biləcək təhlükəli texnika və avadanlıqların istehsalatdan çıxarılmasına və dəyişdirilməsinə nail olmuşdur. İşçilərin xüsusi geyim və digər fərdi mühafizə vasitələri, həmçinin müasir sanitar-məət otaqları və avadanlıqları ilə təminatı da diqqətdə saxlanılmışdır. İstehsalat xəsarəti və qəzası nəticəsində işçilərə dəyən ziyan tam ödənilmişdir.

B.Yusifov qeyd etmişdir ki, Dövlət Mülkü Aviasiya Administrasiyası, “Azərbaycan Hava Yolları” QSC və AİHİRK arasında üçtərəfli Sahə Tarif Sazişi bağlanmışdır. Sazişin “Sosial güzəştlər və zəmanətlər” bölməsinə 20 maddə daxil edilmişdir. Bu bölmədəki maddələrə əsasən işəgötürənin üzərinə böyük maliyyə məbləği tələb edən öhdəliklər qoyulmuşdur.

Cari ilin ötən 9 ayı ərzində aviasiya işçilərinə müalicə və istirahət üçün 367, onların uşaqları üçün isə 166 göndəriş verilmişdir.

Məruzə ətrafında müzakirələrdən sonra, təşkilatın hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilmişdir. Konfrans AİHİRK-in sədrini və AHİK 2013-cü ildə keçiriləcək 4-cü qurultayına nümayəndələri seçmişdir.

Bəkir Aslan oğlu Yusifov yenidən AİHİRK sədri vəzifəsinə seçilmişdir.

Sonra həmkarlar ittifaqı təşkilatlarının işində fəal iştirakına görə 6 nəfər AHİK-in fəxri fərmanı, 2 nəfər döş nişanı, 11 nəfər isə ÜHİK-in fəxri fərmanı ilə təltif olunmuşlar.

Konfransda Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin sədri Aleksandr Qridin, Belorusun Aviasiya İşçiləri Həmkarlar İttifaqının sədri Yuri Mixayloviç, Ümumrusiya Aviasiya İşçiləri Həmkarlar İttifaqının Mərkəzi Komitəsinin sədr müavini Valeri İvanoviç, Özbəkistandan və Tacikistandan gəlmiş nümayəndələr çıxış edərək Azərbaycanda aviasiya işçilərinin hüquqlarının qorunduğunu qeyd etmiş, AİHİRK-in fəaliyyətini və həyata keçirdiyi əhəmiyyətli işləri yüksək qiymətləndirmişlər.

Konfransda çıxış edən AHİK sədri Səttar Mehbalıyev demişdir ki, bu gün Azərbaycan sosial-iqtisadi cəhətdən dünyanın ən dinamik inkişaf edən dövlətidir. Ölkəmizdə qeyri-neft sektoru inkişaf etdirilir. Demək olar ki, hər ay yeni istehsal və emal müəssisəsi istifadəyə verilir. İş yerlərinin sayının artması ilk növbədə işsiz vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasına şərait yaradır. Digər tərəfdən isə həmin işçilərin hüquqlarının müdafiəsi məsələsi də meydana çıxır. Azərbaycan Prezidenti işçilərin hüquqlarının müdafiəsi ilə bağlı irəli sürülən bütün təklifləri birmənalı olaraq dəstəkləyir. Prezident öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, açılan yeni iş yerlərində çalışanların əmək haqları və əmək şəraiti yüksək olmalı, hüquqları qanunvericiliyin tələblərinə uyğun şəkildə qorunmalıdır.

Bu gün dünyanın ən inkişaf etmiş regionu sayılan Avropada qlobal iqtisadi böhran ucbatından insanların pensiya və əmək haqları azaldılır. Özəl şirkətlər etirazlara baxmayaraq iş yerlərini ixtisar edirlər. Azərbaycanda isə əksinə hər il pensiya və əmək haqları qaldırılır və yeni müəssisələr istifadəyə verilir.

AHİK-in sədri Səttar Mehbalıyev AİHİRK-in hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab etmiş, təşkilatın sədri Bəkir Yusifovun fəaliyyətini və təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirmiş və “Ümumhəmkarlar İttifaqları Konfederasiyasının 20 illik” gümüş medalını ona təqdim etmişdir.

Bununla da AİHİRK-in 24-cü konfransı öz işini yekunlaşdırmışdır.