“Avropa Sosial Xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların möhkəmləndirilməsi”
02 Jun 2017
İyunun 2-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin "Avropa Sosial Xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların möhkəmləndirilməsi" mövzusunda milli parlament seminarı keçirilib.
Seminarı
Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin
sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva
açaraq gündəlik barədə məlumatı diqqətə çatdırıb.
Seminarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
sədri, BHİK və PARŞ-ın vitse-prezidenti, millət vəkili Səttar Möhbalıyev də çıxış
edib. O deyib: “Azərbaycan 2004-cü ilin əvvəlində Dəyişdirilmiş Avropa
Sosial Xartiyasına qoşulmaqla Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin
daha birini yerinə yetirmiş və demokratik dəyərlərin tətbiqi istiqamətində
mühüm addım atıb.
Avropa
Sosial Xartiyasının ratifikasiyası Azərbaycan həmkarlar ittifaqları hərəkatı
üçün çox mühüm hadisə olmuş və bütövlükdə ölkədə sosial-əmək münasibətlərinə
müsbət təsir edir.
Xartiyada
təsbit olunmuş prinsiplərin, daha dəqiq desəm, əmək, təhlükəsiz əmək şəraitinin,
həmkarlar ittifaqlarında birləşmək, kollektiv danışıqlar aparmaq, sosial təminat,
işləyən qadınların və əməkçi miqrantların hüquqlarının və sairənin gözlənilməsi
həmkarlar ittifaqı təşkilatlarının daim diqqət mərkəzindədir.
Sosial
Xartiya mahiyyətcə insan hüquqlarının qorunması üzrə Avropa Konvensiyasına
oxşar bir sənəddir. Fərq ondadır ki, Xartiya insanların iqtisadi və sosial sahədəki
hüquqlarına aiddir.
Xartiyanı
ratifikasiya edərkən hər bir ölkə sosial sahədə vətəndaşların əsas hüquqlarının
təmin edilməsi və gözlənilməsi üzrə öhdəliklər götürür.
Hər
iki ildən bir üzv dövlət Xartiyanın tələblərinin icrasına dair Avropa Şurasına
məruzə təqdim etməlidir. Bu hesabata xüsusi nəzarət orqanında-Müstəqil Ekspertlər
Komitəsində baxılır, təhlil edilir, milli qanunvericiliyin Xartiyanın tələblərinə
uyğunluğunu qiymətləndirir. Bundan sonra məruzə və Komitənin rəyi Nazirlər
Kabineti üçün qərar hazırlayan Hökumət Komitəsinə göndərilir. Bu qurum konkret
ölkələr üçün tövsiyələri əks etdirən son qərar qəbul edir.
Bundan
əlavə, Xartiya dövlət tərəfindən bu sənədin yerinə yetirilməməsinə dair həmkarlar
ittifaqlarının və işəgötürənlər təşkilatlarının Avropa Şurasının Müstəqil
Ekspertlər Komitəsinə kollektiv şikayət vermək hüquqlarını nəzərə alan
mexanizmi müəyyənləşdirir. İnsan Hüquqları üzrə Avropa Konvensiyasından fərqli
olaraq burada kollektiv şikayət yalnız öz hüquqlarının pozulması hallarında
verilməsi ilə şərtləndirilmir və mütləq müddətlər mövcud deyil.
Bu
gün Azərbaycan həmkarlar ittifaqlarının sərəncamında BƏT-in konvensiyaları və
tövsiyələri ilə bərabər, beynəlxalq normaların daha bir aləti - Avropa Sosial
Xartiyası vardır. Onun əhəmiyyəti və təsiri üçtərəfli tərəfdaşlar tərəfindən nə
dərəcədə əməli istifadə olunacağından asılıdır”.
Səttar
Möhbalıyev deyib ki. Avropa Sosial Xartiyasının bünövrəsində belə bir məfkurə
durur ki, demokratik cəmiyyət vətəndaşlıq və siyasi hüquqlardan əlavə əsas
sosial və digər geniş əhatəli hüquqları müdafiə etməlidir.
Əmək
hüququnun Xartiyanın birinci maddəsində yer alması təbii görünür. Lakin başqa
cür də ola bilərdi. Xartiyanın işlənilməsi zamanı əmək hüququnun adıçəkilən sənədə
dövlətlərin öhdəliyi qismində daxil edilib-edilməməsi barədə gərgin mübahisələr
gedirdi. Dövlətlərin əksəriyyəti əmək hüququnun Xartiyaya niyyət bəyanatı
qismində daxil edilməsinin tərəfdarı idi. Yalnız müzakirələrin son mərhələsində
bu hüququn dövlətlərin öhdəliyi kimi əks etdirilməsi haqqında razılığa gəlinib.
Dövlətlərin
tam məşğulluq məfkurəsinə tərəfdar olduqları heç bir şübhə doğurmur. Əmək
hüququnun təfsirinə həsr edilmiş materiallarda verilən çoxsaylı nümunələrdən
aydın olur ki, işsizlik probleminin həll edilməsi üçün nə dərəcədə əhəmiyyətli
səylər göstərilir. Eyni zamanda o da mübahisə doğurmamalıdır ki, məşğulluq daha
geniş məna daşıyan siyasi və iqtisadi kontekstin bir hissəsidir. Bu da bir tərəfdən
məşğulluq sahəsində vəzifələr, digər tərəfdən isə iqtisadi məqsədlər
(inflyasiyanın azaldılması, tarazlaşdırılmış büdcə və əməkhaqqı və s. arasında
kompromisin tapılmasını tələb edir.
Avropa
Komitəsi tərəfindən Xartiyanın 1-ci maddəsinin 1-ci bəndinə aid əsas prinsiplər
çoxsaylı deyil: tam məşğulluğa nail olmaq məqsədindən imtina olunmamalıdır;
görülən tədbirlər bilavasitə ehtiyacı olanlara yönəlməlidir, yəni yalnız
makroiqtisadi səciyyəli tədbirlərin qəbul edilməsi kifayət etmir; bu mülahizə
dinamik xarakter daşıdığı üçün həyata keçirilən tədbirlərin məşğulluq sahəsində
təsirinin ciddi şəkildə sənədləşdirilməsi vacibdir; məşğulluq sahəsində siyasət
işlənərkən sosial tərəfdaşlarla məsləhətləşmələrin aparılması zəruridir.
Məşğulluq
xidmətləri həmçinin peşəyönümü və peşə hazırlığı sahəsində siyasətin nəinki əsas
amilləridir, onlar hətta əmək bazarındakı vəziyyətdən asılı olmayaraq müdafiə
olunacaq fərdi hüquqların əsasını təşkil edirlər.
Hökumətlər
tərəfindən bu sahədə müxtəlif tədbirlərə yönəldilən vəsaitlər müəyyən dərəcədə
işsizliklə mübarizə məqsədinə xidmət edir. Çevik, yaxşı fəaliyyət göstərən əmək
bazarının, həmçinin yüksək ixtisaslı fəhlə qüvvəsinin iqtisadi artımın başlıca
amilləri olduğunu anlamaq isə daha əhəmiyyətlidir.
Məşğulluq sahəsində mövcud xidmətlər ayrı-seçkilik
olmadan bütün işçilərə pulsuz təqdim edilməlidir
1-ci
maddənin 3-cü və 4-cü bəndinin, habelə 9-cu və 10-cu maddələrin açıqlamaları
çox hallarda dəqiqliklə təfsir olunmur, onların arasında sıx əlaqənin
mövcudluğu isə bəzi məsələlərdə təkrarlanmaya gətirib çıxarır. Buna baxmayaraq,
Avropa Komitəsi son illər ərzində bu sahədə baş verən əhəmiyyətli dəyişiklikləri
nəzərə alan bir sıra dəqiq tələblərin formalaşmasına nail olub.
Məşğulluq
sahəsində mövcud xidmətlər ayrı-seçkilik olmadan bütün işçilərə pulsuz təqdim
edilməlidir. Keçmişdə Avropa Komitəsi diqqətini göstərilmiş xidmətlərin pulsuz
olması faktının təsdiqlənməsinə yönəldirdi. Bu fikir indi də öz əhəmiyyətini itirməyib.
Lakin son zamanlar Komitənin təcrübəsində məşğulluq xidmətinin keyfiyyətinə
daha vacib yer ayrılır.
Peşəyönümü
üzrə xidmətlər də pulsuz təqdim edilməlidir. Bu xidmətləri göstərən müəssisələrin
işi yeni informasiya texnologiyalarının tətbiq edilməsi ilə əlaqədar mühüm dəyişikliklərə
məruz qalıb. Onlar həm məktəb təhsili sistemi çərçivəsində, eləcə də əmək
bazarı sahəsində fəaliyyət göstərməlidirlər. Qeyd olunan xidmətlərin rəhbər
halqaları arasında zəruri qarşılıqlı əməkdaşlıq təmin edilməlidir. Avropa Komitəsi
müxtəlif ölkələrdə bu sahədəki vəziyyəti bir sıra konkret göstəricilər əsasında,
o cümlədən - peşə yönümlü xidmətlər üzrə sərf olunan vəsaitin səviyyəsi,
onların ərazilər üzrə mövcudluğu, istifadəçilərin sayı və s. ilə qiymətləndirir.
Peşə
hazırlığı məsələsinə gəldikdə isə, qeyd etmək lazımdır ki, Avropa Komitəsi son
vaxtlar 10-cu maddənin hər bir bəndində olan tələblərin dəqiq ayrılmasına
çalışmışdır. Birinci bənddə peşə hazırlığı sahəsində ümumi siyasət, habelə məktəb
təhsili çərçivəsində həyata keçirilən ibtidai peşə tədrisi məsələsinə toxunur.
"Şagirdlik"
məfhumu daha dəqiqliklə ikinci bənddə təfsir olunur. İşsiz gənclər üçün peşə
hazırlığı üzrə kursların təşkili məsələsi isə 3-cü bəndin kontekstində nəzərdən
keçirilir. Xartiyaya yeni daxil edilmiş 4-cü bənddə uzun müddət ərzində işsiz
qalmış şəxslərin peşə hazırlığı məsələsi xüsusi işıqlandırılır.
Hər
iki halda (peşəyönümü və peşə hazırlığı) digər sövdələşən tərəflərin vətəndaşlar
ilə eyni rəftar etmək prinsipinin gözlənilməsi məsələsinə Komitə tərəfindən
xüsusi diqqət yetirilir və bu sahədə bir sıra ölkələrdə ciddi problemlərin
mövcudluğu qeyd olunur.
Dəyişdirilmiş
Avropa Sosial Xartiyasını nəzərdən keçirərkən məlum olur ki, 1-ci maddədən əlavə
respublikamızın qoşulduğu daha dörd maddədə bilavasitə və ya dolayısı ilə məşğulluq
məsələlərinə toxunulur: maddə 9 (peşəyönümü hüququ), maddə 20 (cinsi əlamətə
görə ayrı-seçkilik olmadan məşğulluq və peşə məsələlərində bərabər imkanlar və
bərabər rəftar hüququ), maddə 24 (muzd bitdiyi təqdirdə müdafiə hüququ) və maddə
27 (ailə öhdəlikləri olan işçilərin bərabər imkanlar və bərabər rəftar hüququ).
Bu maddələr mütləq hesab edilən birinci maddənin mülahizələrini tamamlayır və əhatə
dairəsini dəqiqləşdirir.
Əhalinin tam və səmərəli məşğulluğunun təmin edilməsi bütün
sivil ölkələrdə dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri hesab
olunur
S.Möhbalıyev
bildirib ki, dünyada baş verən maliyyə-iqtisadi
böhran iş yerlərinin azlığı və əmək bazarında qeyri-qənaətbəxş vəziyyətlə bağlı
köhnə problemə yenidən baxılmasını tələb edir. Əhalinin tam və səmərəli məşğulluğunun
təmin edilməsi bütün sivil ölkələrdə dövlətin qarşısında duran ən mühüm vəzifələrdən
biri hesab olunur.
Azərbaycan
Respublikasında son illərdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas
istiqamətlərindən biri də əmək bazarının inkişafı və işçi qüvvəsindən səmərəli
istifadə edilməsidir.
Vətəndaşların
tam, azad və müstəqil surətdə məşğulluq növü seçmək və digər mühüm hüquqları
ehtiva edən Konstitusiya, BƏT-in konvensiya və tövsiyələri, beynəlxalq
standartlara cavab verən Əmək Məcəlləsi, "Məşğulluq haqqında" qanun və
digər normativ-hüquqi sənədlər ölkə əhalisinin məşğulluğunun təminatının hüquqi
bazasını formalaşdırır.
Ölkənin
əmək və məşğulluq sahəsində qanunvericiliyi hazırlanarkən və təkmilləşdirilərkən
BƏT-in ratifikasiya olunmuş konvensiyalarından, Avropa Sosial Xartiyasından, həmçinin
Avropa Sosial Təminat Məcəlləsindən və digər sənədlərdən irəli gələn tələblər,
beynəlxalq hüquqi normalar nəzərə alınır.
Son on beş il ərzində respublikada yeni iş yerlərinin
yaradılması istiqamətində görülən işlər xüsusi qeyd olunmalıdır
Qeyd
etmək lazımdır ki, respublikamızda məşğulluq problemlərinin həll edilməsinə
istiqamətlənən kiçik və orta sahibkarlığa kömək, yoxsulluğun azaldılması və
iqtisadi inkişaf, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları, Məşğulluq
Strategiyası və digər mühüm sənədlər qəbul olunmuş və ardıcıl surətdə həyata
keçirilir. Cari ilin mart ayında ölkə Prezidentinin sərəncamı ilə qəbul olunmuş
"Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi
ilə bağlı əlavə tədbirlər haqqında" sənəd bu sahədə mövcud problemlərin həll
edilməsinə mühüm töhfə verəcək.
Son
on beş il ərzində respublikada yeni iş yerlərinin yaradılması istiqamətində
görülən işlər xüsusi qeyd olunmalıdır. Bu müddət ərzində ölkədə 1,6 milyondan
artıq yeni iş yeri açılmış və onlardan təqribən 70%-i daimi iş yerləridir. Təqdirəlayiq
faktdır ki, bu sahədə işlər hazırda da davam etdirilir.
Görülən
tədbirlər nəticəsində dünyanı bürüyən maliyyə-iqtisadi böhran şəraitində Azərbaycanda
işçilərin kütləvi şəkildə ixtisarlarına yol verilməmiş, əhalinin məşğulluq səviyyəsi
2005-ci ildəki 47,8%-dən 2015-ci ildə 48,4%-ə qədər yüksəlib.
Son
illər ölkə iqtisadiyyatında həyata keçirilən islahatlar nəticəsində əmək
bazarında müəyyən müsbət dəyişikliklərə nail olunub. 2010-2015-ci illər ərzində
respublikada əmək ehtiyatları 6015 min nəfərdən 6336 min nəfərə qədər, yəni 320
min nəfər artıb. Buna əsas etibarilə əmək qabiliyyəti yaşında olan əhalinin
hesabına nail olunub. Qeyd etmək lazımdır ki, əgər 2010-cu ildə yeniyetmələrin
məşğulluğu müşahidə olunurdusa, son illər bu göstərici artıq mövcud
deyil.
Əhalinin
işsizlik səviyyəsinin azaldılması və onların tam və səmərəli məşğulluğunun təmin
edilməsi dövlətin qarşısında duran ən mühüm və xüsusi əhəmiyyət kəsb edən
problemlərdən biridir. Rəsmi statistik məlumatlara əsasən, məşğulluq xidmətlərində
işsiz statusu almış şəxslərin sayı 2016-cı ildə 33,0 min nəfər olmuş və 2015-ci
ilə nisbətən 4,1 min nəfər artıb. Buna uyğun olaraq ölkəmizdə işsizlik səviyyəsi
0,7%-ə bərabər olub.
Lakin
qeydə alınmış işsizlik səviyyəsinin göstəricisi BƏT-in metodologiyasına əsaslanaraq
hesablanan analoji göstəricidən xeyli fərqlənir. Belə ki, bu üsulla
hesablanmış işsizlərin sayı 2010-cu ildə 258,3 min nəfərdən, işsizlik səviyyəsi
isə 5,6%-dən 2016-cı ildə müvafiq olaraq 252,8 min nəfərə və 5,0%-ə enmişdir. Bu,
MDB ölkələri arasında ən yaxşı göstəricilərdən biridir.
Statistik
məlumatların təhlili göstərir ki, işsiz qadınların 50,5%-ni, kişilərin isə
52,4%-ni 15-29 yaşında gənclər təşkil edir. İşsiz əhalinin 15,4%-i ali, 12,9%-i
orta ixtisas, 4,1%-i ilk peşə ixtisas, 53,3%-i tam orta, 13,6%-i ümumi orta təhsillidir.
Xüsusilə qeyd olunmalıdır ki, son on il ərzində işsiz statusu olan ali təhsilli
şəxslərin xüsusi çəkisi 30,7%-dən 55,6%-ə qədər yüksəlib. İşsizlik dövrünün
son beş il ərzində artması və orta hesabla 16,6 ay təşkil etməsi xüsusi
narahatlıq doğurur. 2015-ci ildə 1 ildən çox işsiz qalan şəxslərin xüsusi çəkisi
87,8% təşkil edirdi.
Azərbaycan
həmkarlar ittifaqları əhalinin məşğulluğu ilə bağlı problemləri daima diqqət mərkəzində
saxlayır, öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, əmək, sosial, iqtisadi məsələlər
barədə qanunvericilik aktlarının hazırlanmasında və həyata keçirilməsində
iştirak edir. Baş Kollektiv Sazişdə məşğulluğa dair ayrıca bölmə mövcuddur. Bu
məsələ ilə bağlı müxtəlif öhdəliklər yerlərdə bağlanılan kollektiv saziş və
müqavilələrə daxil edilir.
Azərbaycan Respublikası ardıcıl olaraq Avropa Sosial
Xartiyası üzrə götürülən öhdəlikləri yerinə yetirmək məqsədilə öz sosial
sistemini, o cümlədən sosial sahədəki qanunvericilik bazasını təkmilləşdirir.
AHİK
sədri çıxışında bildirdi ki, Azərbaycan Respublikası ardıcıl olaraq Avropa
Sosial Xartiyası üzrə götürülən öhdəlikləri yerinə yetirmək məqsədilə öz sosial
sistemini, o cümlədən sosial sahədəki qanunvericilik bazasını təkmilləşdirir.
Sosial təminat sahəsində qanunvericiliyin təkmilləşdirilməsi Əmək Məcəlləsində,
"Məşğulluq haqqında" qanunda dəyişikliklər edilməsi, pensiya sahəsində
islahatların aparılması, sosial sistemin ünvanlılıq prinsipi əsasında
qurulması, yoxsulluğun aradan qaldırılması sahəsində Dövlət Proqramının
hazırlanması, səhiyyə və təhsil sahəsində islahatların həyata keçirilməsi bu məsələyə
xidmət edir. Bununla yanaşı, bir şeyi də sizin nəzərinizə çatdırmağı özümə
borc bilirəm. Avropa Sosial Xartiyası 31 maddədən ibarətdir. Azərbaycanda bu
maddələrin 18-i ratifikasiya olunub. Biz onsuz da bu maddələri və
ratifikasiya olunmayan digər maddələrdə nəzərdə tutulan tələbləri yerinə yetirərək
Avropa Şurası qarşısındakı götürdüyümüz öhdəlikləri həyata keçiririk. Ona görə
də yerdə qalan maddələrin də ölkəmizdə ratifikasiya olunmasının məqsədəmüvafiqliyinə
baxılması daha yaxşı olar. Çünki Azərbaycan əhalisinin sosial müdafiəsinin gücləndirilməsi,
işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, maddi, sosial tələbatlarının
ödənilməsi, layiqli həyat səviyyəsinin təmin edilməsi Xartiyanın müddəalarının əsasını
təşkil edir. Məhz bu baxımdan mən bu məsələnin vacibliyini bir daha vurğulamaq
istərdim.
Seminarda Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin
sədri Hadi Rəcəbli, Avropa Sosial Hüquqlar Komitəsinin nümayəndəsi Lauri
Leppik, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat
İnstitutunun direktoru Vilayət Vəliyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev, Sosial İşlər,
Sağlamlıq və Davamlı İnkişaf Komitəsinin sədr müavini Silviya Bonet, Avropa
Sosial Xartiyası üzrə Alt Komitənin üzvləri Serxiy Kiral, Jan Skoberne və
başqaları çıxış ediblər.
Tədbirə yekun vuran Hadi Rəcəbli seminarın çox səmərəli
olduğunu və qarşıya qoyulmuş məqsədə çatdığını qeyd edib. Bildirib ki, Azərbaycan
qoşulduğu 18 maddənin hamısı üzrə öhdəliklərini yerinə yetirib və ölkəmizin
Avropa Sosial Xartiyasının əlavə maddələrinə də qoşulmaq imkanı var.