Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Müstəqil Həmkarlar İttifaqının növbəti qurultayı keçirilmişdir-A
31 Oct 2012
Hesabat məruzəsi ilə çıxış edən Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Etibar Əliyev təşkilatın 2006-2012-ci il dövrü ərzində fəaliyyəti və qarşıda duran vəzifələr haqqında danışmışdır.
Qeyd olunmuşdur ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan demokratik dövlət quruculuğu prosesi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Komitə sədri ötən 6 il müddətində respublikamızın ictimai-siyasi həyatında köklü dəyişikliklərin baş verdiyini, iqtisadiyyatın dinamik inkişafının təmin olunduğunu, Azərbaycanın əldə etdiyi nailiyyətlərin nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırmışdır.
Yalnız 2012-ci ilin dövlət büdcəsində avtomobil nəqliyyatı və avtomobil yollarının inkişafına 34 milyon manat ayrılmışdır. Hər il isə Prezidentin ehtiyat fondundan ayrı-ayrı bölgələrdə yolların çəkilməsi və bərpası məqsədi ilə milyonlarla manat vəsait xərclənir. Bütün bunlar ölkəmizdə yol tikintisinə, ümumilikdə isə nəqliyyat infrastrukturunun inkişafına dövlətin xüsusi diqqətinin bariz nümunəsidir.
Rəhbərlik etdiyi təşkilat barədə söz açan E.Əliyev hazırda avtomobil yolları tikintisi və avtonəqliyyat sahəsində çalışan həmkarlar ittifaqı üzvlərinin sayının 17 min nəfərə çatdığını bildirmişdir. Sahə üzrə 185-dən artıq müəssisə və təşkilatda ilk Həmkarlar İttifaqı təşkilatı fəaliyyət göstərir. Həmkarlar İttifaqı üzvlərinin 30 faizi isə özəl sektorda çalışır.
Respublika Komitəsinin və yerlərdə həmkarlar İttifaqı təşkilatlarının əsas məqsədi işəgötürənlər tərəfindən mövcud qanunvericiliyə əməl olunmasını təmin etmək olmuşdur. AHİK-in bilavasitə təşəbbüsü və səyi ilə işçilərin mənafelərinin qorunması Həmkarlar İttifaqı orqanlarının səmərəli fəaliyyətinin təmin edilməsi istiqamətində qanunvericilikdə aparılmış dəyişikliklər bütün səviyyələrdə bu təşkilatlara çatdırılmış, onlara əməl edilməsi nəzarətə götürülmüşdür.
Məhz bunun nəticəsində işçilərin işdən çıxarılması zamanı Həmkarlar İttifaqı orqanları ilə razılaşdırılma məsələləri geniş tətbiqini tapmış və Bakı Avtovağzallar Birliyi, Azərnəqliyyatservis Departamenti, 3 nömrəli BTMP-də və s. təşkilatlarda həm ixtisarla əlaqədar, həm də müdiriyyətin təşəbbüsü ilə işdən azad olunma zamanı bir sıra işçilərin əmək hüquqlarının pozulmasının qarşısı alınmışdır.
Daha sonra çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev ölkənin iqtisadi inkişafından söz açmış, yol təsərrüfatı sahəsində görülən işlərdən danışmışdır.
S.Mehbalıyev Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin ötən dövrdəki fəaliyyətini yüksək qiymətləndirmiş və Etibar Əli oğlu Əliyevi yenidən sədr seçilməsi təklifini irəli sürmüşdür. Qurultay iştirakçılarının səsverməsi ilə etibar Əliyev yenidən Azərbaycan Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir.
Qurultay nümayəndələri həmçinin Təftiş və Mandat komissiyalarının hesabatını dinləmiş, Həmkarlar İttifaqları orqanlarının yeni tərkibini seçmişlər.
Sonda Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin fəal üzvlərinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Ümumrusiya Həmkarları İttifaqları Konfederasiyasının və komitənin fəxri fərman və medalları təqdim olunmuşdur.