AZ | RU | EN
AZ | EN | RU

Azərbaycan Həmkarlar İtifaqları Konfederasiyasının nümayəndə heyəti Polşada səfərdədir

03 Feb 2016

Ümumpolşa Həmkaqlar İttifaqıları Alyansının (OPZZ) dəvəti ilə Polşada səfərdə olan AHİK-in nümayəndə heyəti  2016–cı il fevralın 2-də Alyansın prezidenti Yan Qus tərəfindən qəbul ediliblər.

Alyansın prezidenti  rəhbərlik etdiyi qurumun adından qonaqları salamlayaraq onları öz ölkəsində görməkdən məmnunluğunu ifadə edib. Alyansın prezidenti son dövrlərdə Polşa Həmkarlar İttifaqı hərəkatında gedən proseslər haqqında Azərbaycan nüməyəndə heyətini məlumatlandırıb, baş verən yeniliklər, hadisələr haqqında  fikirlərini çatdırıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev Polşaya növbəti səfərlərini  Azərbaycan-Polşa həmkarlar ittifaqlarının münasibətlərində yeni bir mərhələ kimi qiymətləndirərək əlaqələrin daha da möhkəmləndirilməsində mühüm rol oynayacağına əminlik ifadə edib. S.Mehbalıyev bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları beynəlxalq həmkarlar təşkilatları ilə əməkdaşlıq, Avropa Birliyinə üzv olan ölkələrin həmkarlar təşkilatları mərkəzləri ilə dostluq əlaqələrinin yaradılmasına və möhkəmləndirilməsinə mühüm önəm verir və fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir. 2000-ci illərdən başlanan Azərbaycan-Polşa həmkarlar ittifaqları arasındakı qapşılıqlı əlaqələr AHİK nümayəndə heyətinin 2002-ci ildə Polşa Həmkarlar İttifaqları Konfederasiyasının (“Solidarnost”) qurultayında iştirakı, 2003-cü ildə AHİK-in II qurultayında Polşa Həmkarlar İttifaqları Konfederasiyasının və Ümumpolşa Həmkarlar İttifaqları Alyansının (OPZZ) geniş tərkibli nümayəndə heyətinin iştirakı ilə AHİK-in hər iki Polşa həmkarlar ittifaqı mərkəzləri ilə sıx əməkdaşlığının əsası qoyuldu.Sonralar da, istər Azərbaycanda, istərsə də Polşada həmkarlar ittifaqı mərkəzlərinin keçirdiyi tədbirlərdə nümayəndə heyətlərinin qarşılıqlı şəkildə iştirak etməsi bu əlaqələrin və əməkdaşlığın inkişafına böyük təkan vermiş oldu.
S.Mehbalıyev 2013-cü ildə AHİK-in növbəti qurultayında OPZZ-in prezidenti Yan Qusun və “Solidarnost”un prezidenti Pyotr Dudanın rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakını, eləcə də 2015-ci ildə Ümumpoşa Həmkarlar İttifaqları Alyansının geniş tərkibdə nümayəndə heyətinin Bakıya rəsmi səfərini məmnunluq hissi ilə xatırlayaraq deyib ki, bu səfərlər təşkilatlarımız arasında əlaqələrin daha da güclənməsinə xidmət edir. Polşa nümayəndələrinin Bakıya səfəri zamanı müxtəlif sahə birlikləri, müəssisələrlə tanışlıq görüşləri keçirilib, həmçinin Azərbaycan tarixi, mədəni irsi ilə bağlı geniş məlumatlar verilib, müzeylərə, mədəniyyət mərkəzlərinə səfərlər təşkil edilib. 
AHİK sədri söhbət əsnasında xatırladıb ki, yaşadığımız fevral ayı Azərbaycan xalqı üçün ən ağır  aylardan biridir.  Bu ayda 20-ci əsrin ən böyük faciələrindən sayılan 26 fevral 1992-ci ildə baş vermiş Xocalı soyqırımı nəticəsində 106 qadın,63 uşaq və 70 nəfəri qoca olmaqla bütövlükdə 613 nəfər dinc sakin qətlə yetirilmiş və Xocalı şəhəri yer üzündən silinmişdir. Bununla əlaqədar olaraq BMT Təhlükəsizlik Şurasının Ermənistanın silahlı birləşmələrinin Azərbaycan ərazisindən dərhal çıxarılması üçün 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr hələ də yerinə yetirilməyib.
Görüşün sonunda AHİK sədri S.Mehbalıyev səmimi qəbul üçün  nümayəndə heyəti adından təşəkkürünü bildirib və ölkələrimiz, eləcə də həmkarlar ittifaqı mərkəzlərimiz arasında dostluq və işgüzar əlaqələrin bundan sonra da səmərəli şəkildə davam edəcəyinə əminliyini ifadə edib.
Azərbaycan Həmkarlar İttifaqlarının nümayəndə heyətu fevralın 3-də Polşa Parlamentində də olub,  parlamentin sosial-siyasət Komissiyasının üzvləri ilə görüş keçirib. Parlamentin sosial-siyasət Komissiyasının sədr müavini İzabella Mrzygloska Polşa parlamentinin, eləcə də sosial-siyasət Komissiyasının işi və fəaliyyəti barədə qonaqlara məlumat verib.
 AHİK sədri S.Mehbalıyev də öz növbəsində üzvü olduğu Azərbaycan Parlamentinin işi barədə geniş məumat verib. Azərbaycanda sosial dialoq haqıında fikirlərini bölüşən S.Mehbalıyev Hökumətlə sahibkarlar arasında bağlanan Baş Kollektiv Sazişdən,  tərəflərin öhdəliklərindən danışıb, Polşanın  beynəlxalq təşkilatlarda ölkəmizə  həmişə dəstək verdiyini yüksək razılıq hissi ilə nəzərə çatdırıb.
Görüşdə Azərbaycanın Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri H.Həsənov da iştirak edib.

FAYDALI KEÇİDLƏR