Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının II Məclisi keçirilib
05 Jul 2019
İyulun 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının böyük akt zalında AHİK-in II Məclisi keçirilib.
Məclisi AHİK-in sədri, millət
vəkili Səttar Möhbalıyev açaraq gündəlikdə duran məsələlər barəsində məlumat
verib və «Müasir dövrdə həmkarlar ittifaqına yeni üzvlərin cəlb edilməsində motivasiyanın
rolu, beynəlxalq təcrübə və Azərbaycan həmkarlar ittifaqlarının vəzifələri» mövzusunda
məruzə ilə çıxış edib.
S. Möhbalıyev öz çıxışında qeyd edib ki, bu gün müzakirə
edilən məsələ həmkarlar ittifaqları üçün mühüm əhəmiyyət
daşıyır. Bu mövzu ətrafında dəfələrlə müzakirələr aparmış, müəyyən nəticələrə də
nail olmuşuq. Lakin etiraf edək ki, bu sahədə hələ həllini tapmayan
problemlər də qalmaqdadır. Biz sizinlə bu problemləri, onların həlli yollarını araşdıracağıq.
Əldə edəcəyimiz nəticələr sözsüz ki, gələcək
fəaliyyətimizə töhfələrini verəcəkdir.
Əvvəla, «motivasiya» sözünün
yaranma tarixinə nəzər yetirək. Bildiyiniz kimi, «Motivasiya» termininə XIX əsrdə
Qərb fəlsəfəsində təsadüf edilib.Sonralar
bu termindən insan davranışının səbəblərini izah etmək üçün istifadə olunmuşdu.
Beləliklə, motivasiya - insanı düşünülmüş şəkildə davranmağa sövq edən daxili və
xarici hərəkətverici qüvvələrin birliyidir.
Həmkarlar ittifaqı üzvlüyünə
motivasiya dedikdə isə əmək kollektivlərində həmkarlar ittifaqı təşkilatının nüfuz
və təsirini artıran, onun strukturlarını gücləndirən, həmkarlar ittifaqı sıralarının
genişləndirilməsinə təsir göstərən kompleks tədbirlər, forma və iş metodları sistemi
nəzərdə tutulur.
Müzakirəyə çıxardığımız
məsələyə gəlincə,onun
əsası ötən əsrin sonlarında
qoyulub.
1990-cı illərdə ölkəmizdə iqtisadi
münasibətlər sistemindəbaş
verən dəyişikliklər ictimai həyatın bütün
sahələrində, o cümlədən həmkarlar ittifaqlarının
fəaliyyətində də özünü göstərdi.
Həmkarlar ittifaqı üzvlərinin sayı yarıdan çox azaldı. Yeni
yaranan kiçik və orta müəssisələrdə həmkarlar ittifaqının fəaliyyəti zəiflədi. Qismən,
natamam məşğulluq formalarının yaranması həmkarlar ittifaqı üzvlüyünə motivasiyanın azalmasına səbəb oldu.
Həmin illərdə təkcə Azərbaycanda deyil, xarici ölkə
həmkarlar ittifaqı hərəkatında da üzvlüklə bağlı problemlər kəskin xarakter almışdı.
1985-1998-ci illərdə Böyük Britaniyada həmkarlar ittifaqı üzvlərinin sayı 9,7-dən
7,3 milyona, Almaniyada isə 1991-1995-ci illərdə 11,78-dən 9,3 milyona düşmüşdü.
Mərkəzi və Şərqi Avropanın sosialist düşərgəsinə daxil
olan ölkələrində ictimai quruluş dəyişdikdən və əvvəlki həmkarlar ittifaqı hərəkatı
dağıldıqdan sonra, həmkarlar ittifaqı üzvlərinin sayı, məsələn, Polşada 45,7%, Çexiyada
50,6%, Estoniyada isə 70%-dək azalmışdı.
Bu gün cəmiyyətin sosial tərkibi dəyişir. Əhalinin böyük
əksəriyyətini xidmət sahəsində çalışanlar təşkil edir. Ötən əsrin 90-cı illərində
dünya ticarət sektorunda çalışanların sayı 53,5 milyon nəfərə çatmışdı. Bu insanlar
isə həmkarlar ittifaqı üçün «çətin» yola gətirilən təbəqəyə aiddir. Çünki onlar
üzləşdikləri çətinlikləri birləşməklə aradan qaldırmağın mümkünlüyünə şübhə ilə
yanaşırlar. Əsasən işəgötürənin «atalıq qayğısı»na ümid edir, bu yolla problemlərinin
həllinə üstünlük verirlər.
S. Möhbalıyev bildirib ki, bu gün məşğulluq ciddi problemə
çevrilib. Üzvlüyün motivasiyasına təsir edən bu problem həmkarlar ittifaqı tərəfindən
vaxtaşırı olaraq qabardılır. Beynəlxalq Əmək Təşkilatının 2017-ci ilin nəticələrinə
dair məruzəsində göstərildiyi kimi, dünyada 192,7 milyon insan işsizdir. 2016-cı illə müqayisədə işsizlərin
sayı 2,6 milyon artıb. Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Qay Rayder bu barədə danışarkən layiqli əmək qıtlığının
geniş yayıldığı qlobal iqtisadiyyatın hələ lazımi qədər iş yerləri yarada bilmədiyini
xüsusi vurğulayıb.
Bununla əlaqədar olaraq bir çox ölkədə işsizləri özündə
birləşdirən xüsusi həmkarlar ittifaqı təşkilatları və ya onlarla iş aparan bölmələr
yaradılıb. Məsələn, İsveçrə Həmkarlar İttifaqı Birliyinin İşsizlər Komitəsi təsis
olunub. Finlandiya həmkarlar ittifaqı hərəkatının təşəbbüsü ilə yaradılan İşsizlərin
Əməkdaşlıq Təşkilatı həmkarlar ittifaqının maliyyə vəsaiti hesabına, işsizlər üçün
yenidən peşə hazırlığı üzrə seminarlar təşkil edir.
Həmkarlar ittifaqları dünya ölkələrində gündən-günə
çoxalmaqda olan işçi-miqrantların özünəməxsus xüsusiyyətlərinin də nəzərə alınmasına,
cəmiyyətlərdə antimiqrant əhval ruhiyyəsinin yumşaldılmasına çalışırlar. Miqrantlara
yardım göstərir, onların da yerli işçilərə aid hüquqlardan bəhrələnmələrinə səy
göstərirlər. Son dövrlərdə AHİK-in Rusiya, Türkiyə, Gürcüstan, Moldova, Qazaxıstan,
Albaniya və digər ölkələrin həmkarlar ittifaqı birlikləri ilə imzaladığı əməkdaşlıq
müqavilələrində miqrant işçilərin müdafiəsinin qarşılıqlı şəkildə həyata keçirilməsi
məsələsinin əksini tapması da motivasiya baxımından xüsusi əhəmiyyət daşıyır.
Beynəlxalq təcrübədə həmkarlar ittifaqı mərkəzlərinin
və sahə həmkarlar ittifaqı təşkilatlarının daha çox işçini üzvlüyə cəlb etmək üçün
öz mətbu orqanlarından və digər kütləvi informasiya vasitələrindən istifadə etməsinə
mühüm əhəmiyyət verilir.
Bundan başqa, təşkilatlarda həmkarlar ittifaqı iclaslarının
səmimi, bürokratiyadan və formalizmdən uzaq şəraitdə aparılması da ittifaqın üzvlüyünə
daha çox insanın cəlb edilməsinə aparan yollardan biridir.
İnkişaf etmiş bəzi ölkələrdə həmkarlar ittifaqına üzvlüyə
qəbul üçün birbaşa təşviqat böyük əhəmiyyət daşımağa başlamışdır. Təşviqat həmkarlar
ittifaqı mətbuatında və ya birbaşa işçilərlə canlı ünsiyyətdə, yəni iş yerlərində
aparılır. Təşviqatın daha səmələri nəticələr verməsindən ötrü bəzi ölkələrdə kampaniyanın
fəal iştirakçılarının maddi həvəsləndirmə sistemi işlənib hazırlanıb.
S. Möhbalıyev qeyd edib ki, AHİK-in Əmək və Sosial Münasibətlər
Akademiyası motivasiya işinin təşkili ilə bağlı sorğu keçirib. Respondentlər «İşçilərin
həmkarlar ittifaqına cəlb olunması üçün nə etmək lazımdır?» sualına birmənalı yanaşmamışlar.
Rəyi soruşulanlardan 50%-i «onlarla ünsiyyət qurmaq», 21,4%-i «tələbatlarını öyrənmək»,
25%-i isə «hüquqlarını müdafiə etmək» cavablarını vermişlər. Daha maraqlısı odur
ki, «Gənclərin həmkarlar ittifaqı hərəkatına cəlb olunmasına mane olan nədir?» sorğusuna
qatılanların 40%-ə yaxını məlumatsızlığı səbəb göstərmişdir.
Göründüyü kimi, bəzən gənc işçilərin həmkarlar ittifaqı
barədəki məlumatsızlığı onlarda bu təşkilata qarşı biganəlik yaradır. Bu səbəbi
aradan qaldırmaq məqsədilə Azərbaycan həmkarlar ittifaqları liderləri əmək kollektivlərində
görüşlər keçirmiş, kütləvi informasiya vasitələrində, o cümlədən radio, televiziya
kanallarına vaxtaşırı müsahibələr vermiş, qəzet səhifələrində, internet saytlarında yazıları dərc edilmişdir. Son beş ildə bu mövzuda
yazı və müsahibələrin sayı 500-dən çox olmuşdur. Regionlarımızın əksəriyyətində
həmkarlar ittifaqının fəaliyyətinə dair aktual məsələlərlə bağlı seminar və konfransların
keçirilməsi ənənə halını almışdır.
S. Möhbalıyev diqqətə çatdırıb ki, AHİK-in İcraiyyə
Komitəsinin 6 oktyabr 2008-ci il tarixli qərarına əsasən, «Həmkarlar ittifaqı təşkilatına
üzvlüyün motivasiyası və təşkilati birliyin möhkəmləndirilməsi üzrə nümunəvi proqram»
təsdiq edilib. Proqramın əsas məqsədi yeni üzvlərin cəlb edilməsi yolu ilə şəhər,
rayon, ərazi təşkilatlarının əhəmiyyətinin və nüfuzunun yüksəldilməsi, həmkarlar
ittifaqlarının təşkilati cəhətdən möhkəmləndirilməsidir. Eyni zamanda, AHİK-in İcraiyyə
Komitəsinin müvafiq qərarına uyğun olaraq, «Azərbaycan həmkarlar ittifaqları hərəkatının
bugünkü inkişafı və problemləri, motivasiya işinin gücləndirilməsi» mövzusunda Azərbaycan
Əmək və Sosial Münasibətlər Akademiyasında elmi-nəzəri konfrans təşkil olunub. Tədris
ocağının həmkarlar ittifaqı kadrlarının ixtisasartırma və yenidən hazırlanması şöbəsi
tərəfindən təşkil olunan kurslarda isə «Həmkarlar ittifaqı təşkilatında motivasiya
işi» mövzusunda daimi tematik seminar fəaliyyət
göstərir. Bu da həmkarlar ittifaqlarının aşağı vəsilələrinin liderlərinin biliklərini
təkmilləşdirmək baxımından müsbət addımlardandır.
2008-ci ildə AHİK kiçik və orta sahibkarlıq müəssisələrində
həmkarlar ittifaqı təşkilatlarının yaradılması üzrə pilot layihə həyata keçirmişdi.
Layihə çərçivəsində respublikanın bütün regionlarında AHİK-in rəhbər işçilərinin iştirakı ilə seminarlar təşkil olundu. Layihə
bütün respublikanı əhatə etdi. Layihənin uğurla həyata keçirilməsi nəticəsində 2008-ci
ilin sonunda respublika üzrə 10050 nəfər həmkarlar ittifaqı üzvünü əhatə edən 136
yeni həmkarlar ittifaqı təşkilatı yaradıldı.
AHİK son dövrlər gənclər və qadın işçilərlə bağlı xeyli
tədbir və layihə həyata keçirib. Konfederasiyamızın təşkilatçılığı və BƏT-in dəstəyi
ilə «Gənclərin məşğulluq siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının
rolu», «Gənclərin məşğulluğu, kollektiv danışıqlar və mübahisələrin həlli», «İş
yerlərində qadınların ayrı-seçkiliyinə qarşı mübarizə», «Diskriminasiyaya və müdafiəsiz
əməyə qarşı mübarizədə BƏT-in rolu» və başqa
mövzularda təşkil olunmuş silsilə regional seminar və konfranslar bu qəbildəndir.
Bir neçə il əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə
hazırladığımız «Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu» maarifləndirmə
layihəsi çərçivəsində Xaçmaz, İmişli, Masallı, Tərtər, Zaqatala, Göygöl, Sumqayıt
və Bakı şəhərlərində tədbirlər keçirmişdik. Tədbirlərə maraq gözlədiyimizdən də
çox oldu.
Həmkarlar ittifaqına üzvlüyün motivasiyasını artırmaq
üçün üzvlərimizin sağlamlığının, istirahətinin təşkili ilə əlaqədar üzərimizə mühüm
vəzifələr düşür. Müraciət edən hər bir işçi güzəştli şərtlərlə yollayışlarla təmin
edilməlidir. Sanatoriya, kurort və istirahət ocaqlarının illüstrasiyalı broşüraları
idarə və təşkilatlara paylanmalı, güzəştli şərtlər izah olunmalı və gediləcək yerlər
televiziya kanalları, kütləvi informasiya vasitələri ilə geniş reklam olunmalıdır.
Ümid edirəm ki, belə təcrübə müsbət nəticə verəcəkdir.
Hazırda həmkarlar ittifaqları işçilərin sosial-əmək
hüquqlarının və mənafelərinin tam həcmdə müdafiə edilməsi və həmkarlar ittifaqı
üzvlüyünə həm maddi, həm də mənəvi marağın artması ilə ciddi məşğuldur. Həmkarlar
ittifaqının işçilər üçün daha cəlbedici olması məqsədilə hər bir imkandan yetərincə
istifadə edilməlidir. Əks halda həmkarlar ittifaqı təşkilati işin forma və metodlarını
təkmilləşdirə, üzvlərinin hüquqi müdafiəsini təmin edə bilməz.
Bilavasitə AHİK tərəfindən aparılmış müsbət işlərin
nəticəsində Fövqəladə Hallar Nazirliyində, Dövlət Gömrük Komitəsində həmkarlar ittifaqı
təşkilatları təsis edilmiş və bu gün uğurla fəaliyyət göstərirlər.
Son 10 ildə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri
HİRK-ə 14947, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 7028 nəfər
üzv cəlb olunub.
AHİK sədri daha sonra deyib: “Azərbaycan həmkarlar ittifaqlarının
qanunvericilik bazası çox möhkəmdir. Biz ölkədə sosialyönlü qanun və proqramların,
normativ sənədlərin işlənib hazırlanmasında fəal iştirak edirik.
AHİK tərəfindən irəli sürülən təkliflərin, demək olar
ki, hamısı ölkəmizin siyasi rəhbərliyi, o cümlədən, Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyev tərəfindən müdafiə
olunur. Bunun nəticəsidir ki, bizim təklifimizlə «Həmkarlar ittifaqları haqqında»
Qanuna, Əmək və İnzibati Xətalar məcəllələrinə, digər normativ-hüquqi aktlara
120-dən çox önəmli əlavə və dəyişikliklər edilib. Əmək Məcəlləsinin 80-ci maddəsinə
edilən dəyişiklik, həmkarlar ittifaqına üzvlüyün motivasiyası baxımından, daha çox
önəmlidir. Həmin dəyişiklik nəinki müəssisələrdə həmkarlar ittifaqının nüfuzunu
artırdı, həmçinin sıralarımıza qoşulmaq üçün işçilərdə, o cümlədən gənclərdə xüsusi
stimul yaratmaqla, minlərlə insanın iş yerini itirməsinin qarşısını aldı. On il
ərzində 222 nəfər işçinin məhkəmədə hüquqlarını müdafiə etmişik. Qanunvericiliyə
edilən dəyişikliklərə əsasən işəgötürənin işçini işdən çıxarması ilə əlaqədar həmkarlar
ittifaqına etdiyi müraciətdən sonra 5895 nəfərin öz iş yerini qoruyub saxlaması
da, məncə, çox yetərli arqumentlərdir.”
BƏT-in bir sıra konvensiyası, o cümlədən təşkilatlanma
hüququ ilə bağlı 87 saylı və kollektiv danışıqların aparılması ilə bağlı 98 saylı
konvensiyaları da həmkarlar ittifaqlarının fəaliyyətinin hüquqi təminatı üçün əsas
sənədlərdəndir. Bunlar həmkarlar ittifaqı üzvlüyünə motivasiya baxımından bizim
üçün böyük əhəmiyyət daşıyır.
Başqa bir məsələni də Məclis iştirakçılarına xatırlatmağı
məqsədəuyğun hesab edirəm. Vaxtaşırı həmkarlar ittifaqlarının regionlardan olan
liderləri ilə keçirdiyimiz görüşlərdə yerli icra hakimiyyəti orqanlarının onların
işinə əsassız müdaxilə etmələri barədə narazılıqları ilə qarşılaşırdıq. 8 fevral
2012-ci il, 11 iyul 2015-ci il və 10
iyul 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
çox hörmətli Ramiz Mehdiyev tərəfindən Azərbaycan Respublikasının şəhər və icra
hakimiyyəti başçılarına məktub ünvanlanmışdı. Məktublarda şəhər, rayon icra hakimiyyəti
başçılarına mübahisəli məsələləri «Həmkarlar ittifaqları haqqında» Qanunun müddəalarına
uyğun və AHİK-in razılığı ilə həll etmək tövsiyə olunur. Bu məktublar ilk növbədə
həmkarlar ittifaqlarının mövqeyinin möhkəmləndirilməsi və həmkarlar ittifaqına üzvlüyün
motivasiyası baxımından dəyərlidir. Həmkarlar ittifaqlarının bütün vəsilələrinin
rəhbərləri bu sənədlərdən maksimum faydalanmalıdırlar.
Azərbaycan həmkarlar ittifaqları işçilərin iş yerlərində
əmək şəraitlərinin yaxşılaşdırılmasını, əməyin və sağlamlığın mühafizəsini əsas
götürərək Ümumdünya Əməyin Mühafizəsi Günü çərçivəsində əməyin mühafizəsi, təhlükəsizlik
məsələləri ilə məşğul olan gənc ştatlı mütəxəssislər arasında «İlin peşəkar gənci»,
yuxarı sinif şagirdləri arasında ümummilli lider H.Əliyevin anadan olmasının ildönümünə
həsr olunmuş «Ən yaxşı təqdimat» və digər baxış-müsabiqələr keçirir. Qaliblər mükafatlandırılır.
Yaz, qış sessiyalarında ali məktəblərin ictimai həyatında fəallıq göstərən, imtahanlarda
fərqlənən tələbələrə adlı təqaüdlər verilir. Bu və bu qəbildən olan tədbirləri keçirərkən
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları öz səylərini
həmkarlar ittifaqı üzvlüyünə motivasiyanın gücləndirilməsinə və üzvlərinin sayının
artırılmasına, həmkarlar ittifaqının yaradılmasına maneçilik törədən bütün işəgötürənlərin
məsuliyyətinin artırılmasına təsir etməyə, öz müəssisələrində həmkarlar ittifaqı
təşkilatı yaratmaq istəməyən xarici, birgə və özəl şirkətlərdə inadla iş aparılmasına,
həmkarlar ittifaqının strukturlarının səmərəli şəkildə formalaşdırılmasına, sahə
və regional həmkarlar ittifaqının fəaliyyətinin gücləndirilməsinə yönəltməlidirlər.
S. Möhbalıyev daha sonra bildirib ki, respublikamızda
fəaliyyət göstərən bütün transmilli şirkətlərdə, birgə və özəl müəssisələrdə həmkarlar
ittifaqının yaradılması Azərbaycan həmkarlar ittifaqlarının maraq dairəsindədir.
Belə ki, son 10 il ərzində 204945 həmkarlar ittifaqı üzvünü öz ətrafında birləşdirən
1609 yeni həmkarlar ittifaqı təşkilatı yaradılıb. Biz, mülkiyyət münasibətlərindən
asılı olmayaraq, respublika ərazisində işçilərin sosial-iqtisadi hüquqlarının yüksək
səviyyədə qorunması üçün bütün imkanlardan istifadə edərək üzvlərimizin və təşkilatlarımızın
həm kəmiyyət, həm də keyfiyyətcə çoxalmasına çalışırıq.
Təəssüf ki, bəzi sahə həmkarlar ittifaqları üzvlüyün
motivasiyasının artırılması üçün lazımi səviyyədə iş aparmır. Məsələn, özəl telekanallar
və kabel televiziyaları, mebel sənayesi, «Azercell», «Bakcell», «Nar Mobile», özəl
tibb və sağlamlıq ocaqları, inşaat və tikinti sektoru, bəzi nəqliyyat sektorları
(taksilər), ictimai iaşə müəssisələri, iri marketlər («Bravo», «Bizim Market», «Favorit»,
«Fresko»), iaşə xidmətləri, bir sıra özəl orta və ali təhsil ocaqları da diqqətdən kənarda qalmışdır.
Halbuki həmin müəssisələrdə əmək hüquqlarının pozulması barədə dəfələrlə bizə müraciət
edən yüzlərlə insan çalışır. Bu əmək adamları həmkarlar ittifaqlarının onlara verə
biləcəyi real üstünlüklərdən məhrum olmuşlar.
AHİK sədri deyib ki, respublikamızda əhəmiyyətli sosial-iqtisadi
dəyişikliklər baş verir, əhalinin rifahının yaxşılaşdırılmasına istiqamətləndirilən
genişmiqyaslı islahatlar həyata keçirilir. Bazar iqtisadiyyatının təşəkkül tapması,
sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması istiqamətində atılan önəmli
addımlar, layiqli əmək şəraiti əhalinin yaşayış səviyyəsinin yüksəlməsi üçün geniş
imkanlar açıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hökumətlə,
işəgötürənlərlə konstruktiv dialoq qurmağa nail olmuş, sosial-əmək münasibətlərinin
yeni sisteminin formalaşması işinə əhəmiyyətli töhfələr vermişdir. Hazırda sivil
sosial tərəfdaşlıq Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya çərçivəsində
inkişaf etdirilməkdədir.
Beynəlxalq Əmək Təşkilatının
104-cü sessiyasında irəli sürülmüş “Əməyin gələcəyi” təşəbbüsü və bu təşəbbüs ətrafında
qlobal müzakirələrin aparılması çağırışı, bu baxımdan irəli gələn təşəbbüslər, xüsusilə
davamlı insan inkişafının təmin edilməsi məsələləri milli səviyyədə müzakirələrin
mərkəzində dayanır. Azərbaycan hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün
imzalanmış Layiqli Əmək üzrə Ölkə Proqramı sosial inkişaf naminə mühüm məqsədlərin
reallaşmasına xidmət edən növbəti addımdır. Beynəlxalq əmək normalarının, əmək münasibətləri
sahəsində əsas prinsiplərin və hüquqların təşviqi, sosial dialoqun inkişafı, səmərəli
aktiv əmək bazarı proqramlarının həyata keçirilməsi vasitəsilə məşğulluğun artırılması,
sahibkarlıq imkanlarının genişləndirilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi
Ölkə Proqramının prioritetlərini təşkil edir.
“Əməyin gələcəyi” təşəbbüsü
ilk növbədə Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyada müzakirə olundu.
Komissiyada həmin təşəbbüs üzrə geniş müzakirələrin keçirilməsi üçün milli prioritetlər
əsasında 4 mövzu müəyyənləşdirildi: “Demoqrafik vəziyyət və miqrasiya proseslərinin
əmək bazarına təsiri”, “Texnoloci inkişafın əmək bazarına və məşğulluğa təsiri”,
“Layiqli əməyin cəmiyyətin rifahında rolu” və “Təhsilin və təlimin əmək bazarının
inkişafında rolu”. Aidiyyəti dövlət qurumlarının, sosial tərəfdaşların, elm və təhsil
ocaqlarının, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların nümayəndələrinin
iştirakı ilə həmin mövzularda Azərbaycanda əmək sferasının gələcək perspektivləri
ətrafında müzakirələr aparıldı.
S. Möhbalıyev qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin
layiqli davamçısı, Azərbaycan Pespublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin həyata keçirdiyi
bir çox islahatların nəticəsi kimi son aylarda dövlət büdcəsinin artan imkanları
sosial problemlərin həllinə yönəldilib. İqtisadi liberallaşmanı sürətləndirən, siyasi
plüralizmi genişləndirən və bütövlükdə ölkəmizdə insan kapitalının sürətli inkişafına
xidmət edən çoxsaylı qərarlar qəbul edilib.
Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri
cənab İlham Əliyevin 2003-cü ildə qarşıya qoyduğu hədəflərdən biri regionların inkişafını
təmin etmək, əyalətlə paytaxt arasında sosial-iqtisadi və mədəni fərqləri azaltmaq
idi.
Statistikaya nəzər yetirsək görərik ki, son 15 ildə
Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili
məhsul 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixracımız 4,7 dəfə artıb. Ölkədə 2 milyon
yeni iş yeri yaradılıb, işsizlik və yoxsulluq həddi 50 faizdən 5 faizə düşüb. Bu
dövr ərzində maaşlar və pensiyalar dəfələrlə artıb. Biznes mühitinin yaxşılaşdırılması
ilə bağlı məqsədyönlü siyasət həyata keçirilib, təkcə güzəştli şərtlərlə sahibkarlara
verilən kreditlərin məbləği 2 milyard manatı ötüb.
Hakimiyyətlə xalq arasında anlaşma və etimad
məsələsində ölkəmizin hətta inkişaf etmiş ölkələrin reytinqlərində ən yüksək pillələri
tutması məhz sosial siyasətin dəqiqliyi və əhatəliliyi hesabına əldə olunmuş nəticədir.
Dünya Bankı «Doing Business» hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Ölkəmiz
il ərzində 32 pillə irəliləmiş və ən islahatçı 10 ölkə sırasında yer almışdır. Dünyada
çox az ölkə tapılar ki, sosial siyasətin təzahür formalarının müxtəlifliyinə görə
Azərbaycanla müqayisə oluna bilsin. Cari ilin əvvəlində ölkəmizdə həyata keçirilən
islahatlar nəticəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin istehlak tələbinə
uyğun artırılması və indeksləşdirilməsi, əhalinin real gəlirlərinin bazar səviyyəsinə
uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri
və veteranların sosial müdafiəsinin təşkili, sosial sığorta qaydalarının, ünvanlı
sosial yardım, pensiya sisteminin təkmilləşdirilməsi, bu sahədə artımlar Azərbaycan
dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir.
Ölkədə sosial sahədə görülən işlərin miqyasını təsəvvür etmək üçün təkcə maaş və
pensiyaların, o cümlədən minimum əməkhaqqının son 15 ildə bir neçə dəfə artırıldığına
nəzər salmaq kifayətdir.
Uzun illər idi ki, həmkarlar ittifaqları olaraq, minimum əməkhaqqının
mərhələlərlə yaşayış minimumuna çatdırılması məsələsi dövlət və hökumət orqanları
ilə apardığımız danışıqlarda, partnyorlarla bağladığımız Baş Kollektiv Sazişdə öz
əksini tapırdı. Bu məsələ AHİK-in və sahə həmkarlar ittifaqlarının qurultay və məclislərində
də qaldırılırdı. Minimum əməkhaqqının ölkələr üzrə aylıq əməkhaqqının 60%-nə çatdırılması
Dəyişdirilmiş Avropa Sosial Xartiyasının əsas tələblərindən biridir və biz tərəfdaşlarımızla
birlikdə uzun illərdir bu məsələnin həlli yolları üzərində işləyirdik. Bildirməliyəm
ki, bu, respublikamızın bir neçə Dövlət Proqramında da öz əksini tapıb. Hesab edirəm
ki, Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin minimum
əməkhaqqının məbləğinin yaşayış minimumu ilə bərabərləşdirilməsi barədə sərəncamı
artıq bu məsələnin həllinə imkanlar açıbdır.
Sərəncama əsasən, cari il martın 1-dən ölkə üzrə minimum
aylıq əməkhaqqının 180 manat müəyyən edilməsi birbaşa əhalinin rifahının yüksəldilməsinə
xidmət edir. Həmin sərəncamın imzalanması ölkədə çalışan 600 min nəfərin əməkhaqqının
artırılması deməkdir.
İmzalanan sonuncu 17 sərəncam ölkədə sosial rifahın
yüksəldilməsininAzərbaycan Pespublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin
uğurlu sosial-iqtisadi siyasətinin prioreitet istiqaməti olduğunu bir daha təsdiq
edərək bu istiqamətdə il ərzində artıq ikinci böyük sosial paketin rellaşdırıldığını
göstərdi. Bir sözlə bu sərəncamlar ümumilikdə 2,1 milyon insanı əhatə etməklə, həm
dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli
dərəcədə yaxşılaşdıracaqdır.
İmzalanmış sərəncamlara ayrı-ayrılıqda nəzər yetirsək
görərik ki, minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılmaqla, dövlət
qulluqçularının aylıq vəzifə maaşları 50% artırılıb, pensiyaların minimum məbləği
160 manatdan 200 manata qaldırılıb, hərbi və hüquq mühafizə orqanlarının xüsusi
rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40% artıb. Dövlət ümumi
təhsil və peşə təhsil müəssisələrində çalışan və diaqnostik qiymətləndirmədən keçən
müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20%, dövlət büdcəsindən maliyyələşən
bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları isə orta hesabla
40% artıb.
AHİK sədri Məclis
üzvlərinə müraciət edərək deyib ki, həmkarlar ittifaqlarının müasir modeli həmkarlar
ittifaqına şüurlu üzvlüyə arxalanmaq, həmkarlar ittifaqına üzvlüyün cəlbediciliyini
yüksəltmək, həmkarlar ittifaqına gəncləri cəlb etmək kimi əsas xüsusiyyətlərə cavab
verməklə yanaşı, həmkarlar ittifaqına üzvlüyün motivasiyasını da gücləndirir. Belə
bir şəraitdə üzv təşkilatlar həmkarlar ittifaqına üzvlüyün motivasiyasına dair qəbul
olunmuş qərarları yerinə yetirməli, təşkilati işin əsaslarını nəzərdən keçirməli,
təcrübə mübadiləsi etməli, hər bir həmkarlar ittifaqı təşkilatının möhkəmlənməsi,
nüfuzunun artması, işinin səmərəliliyi məqsədilə hər yerdə cəlbetmə prosesi aparmalı,
fəallar üçün xüsusi hazırlıq keçməli, həmkarlar ittifaqına üzvlüyün motivasiyasının
daha da möhkəmləndirilməsində gənclərin rolunun və yerinin müəyyənləşdirilməsi məqsədilə
iş metodlarını təkmilləşdirməlidirlər.
Hər kəs başa düşməlidir ki, həmkarlar ittifaqı yoxdursa,
işəgötürənlər və dövlət orqanları ilə həmkarlar ittifaqları üzvlərinin bərabərhüquqlu
tərəf-müqabil olduqları üçtərəfli komissiyada onların hüquq və mənafelərinin təmsilçisi,
əmək kollektivi adından çıxış edən həmkarlar ittifaqı komitələri, üzvlərimizin hüquq
və güzəştlərini özündə əks etdirən kollektiv müqavilə, işçilərin sosial hüquq və
mənafelərinin təminatı olan əmək qanunvericiliyinə əməl edilməsinə lazımi nəzarət
yoxdur.
İnanıram ki, təşkilatlanmanın gücləndirilməsi, üzvlərimizin
sayının artırılması istiqamətinə yönəlmiş addımların səmərəliliyini yüksəltmək üçün
bütün səylərimizi səfərbər edəcəyik.
Məruzə ətrafında müzakirələrdə Naxçıvan Muxtar
Respublikası Həmkarlar İttifaqları Şurasının sədri S.Novruzov, Su Təsərrüfatı İşçiləri
Həmkarlar İttifaqının təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri X.Məmmədova,
Təhsil İşçiləri Azad Hİ Sumqayıt şəhər HİK sədri X.Əliyev, Dövlət İdarələri və
İctimai Xidmət İşçiləri Zaqatala rayon HİK sədri T.Həmzəyeva və başqaları çıxış
ediblər.
Tədbirdə Azərbaycan Respublikasının
Prezidenti, zati-aliləri cənab İlham Əliyevin sosial təminatın daha da
yaxşılaşdırılması istiqamətində atdığı ciddi addımlarla bağlı AHİK-inII Məclisinin iştirakçılarının Bəyanatı qəbul edilib.
AHİK-in sədri, millət
vəkili S. Möhbalıyev Bəyanat haqqında çıxış edərək bildirib ki, son dövrlər
respublikamızda insanların yaşayış səviyyəsinin, sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində geniş miqyaslı işlər görülür.
Aparılan siyasət və görülən
tədbirlər sübut edir ki, hər bir vətəndaşın mənafeyi Azərbaycan dövlətinin
siyasətinin başında durur. Ölkəmizin dinamik iqtisadi inkişafı, maliyyə
resurslarımızın artması, dövlətimizin vətəndaş rifahına yönələn sosial syiasəti
məsələlərin daha ardıcıllıqla həll edilməsinə, hökümətin sosial siyasətinin bu
istiqamətdə davam etdirilməsinə imkan yaradır. Son 15 ildə maaşların 7,
pensiyaların 9 dəfə artırılması deyilənlərin əyani sübutudur.
Azərbaycan Respublikasının
Prezidenti, zati-aliləri möhtərəm cənab İlham Əliyevin sərəncamı ilə ilin
əvvəlində böyük həcmli sosial paket təsdiq edildi. Bu sosial paket çərçivəsində
imzalanan qanunvericilik aktları 3 milyon nəfərə yaxın insanın sosial
müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu. Həmin məqsədlər
üçün 1,5 milyard manat vəsait ayrıldı. İlin
əvvəlində həmin paketlə minimum əməkhaqqı və minimum pensiyalar təxminən
40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən
müavinət 50 faiz artmışdır. Artım eləcə də tələbələrin təqaüdündə, şəhid
ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlərdə özünü göstərdi.
Bu siyasət təkcə maaşların,
pensiyaların, təqaüd və müavinətlərin artırılması ilə ifadə olunmur. Gündəmdə
duran vacib məsələlərdən biri yeni iş yerlərinin yaradılmasıdır və bu proses də
uğurla davam etdirilir. Son 15 ildə 2 milyon yeni iş yeri yaradılıb. Azərbaycan
Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyev iş yerlərinin
yaradılmasının daimi proses olmasını prioritetlərdən biri kimi elan edib.
Əhalinin rifahına
yönəldilən əməli tədbirlərdən biri də məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılmasıdır. Son illərdə ölkənin müxtəlif şəhər və bölgələrində bu
insanlar üçün yüzdən çox şəhərcik salınıb. Təkcə keçən il 5800-dən çox məcburi
köçkün ailəsinə yeni evlər və mənzillər verilib. Bu göstərici ondan əvvəlki
illərdə verilən ev və mənzillərin sayını üstələyib. Bununla yanaşı, şəhid
ailələri və Qarabağ müharibəsi əlilləri üçün 620-dən çox mənzil təqdim edilib.
Bu proses də davamlıdır. Yəni cari ildə də məcburi köçkünlərin mənzil şəraiti
yaxşılaşdırılacaqdır.
Azərbaycan vətəndaşının
sosial təminatının və rifahının yüksəlişinə təkan verən digər addım, Azərbaycan
Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin cari ilin iyun
ayında imzaladığı çoxsaylı sərəncamlardır. Bu sərəncamlar 2 milyondan çox
insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan
insanların maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Belə ki,
həmin sərəncamlardan birinə əsasən, minimum əməkhaqqının məbləği 40 faizə yaxın
artırılaraq 250 manata çatdırılıb. Qeyd edək ki, bu, özəl sektorda çalışan 350
min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı
alan işçilərin də əməkhaqqının artmasına səbəb olacaq.
Sərəncamın bir müsbət
cəhəti də qadınlarla kişilərin əməkhaqları arasında olan fərqin azaldılmasına
xidmət etməsidir. Çünki sərəncam məhz Vahid Tarif Cədvəli üzrə işləyənləri
əhatə edir ki, onların da böyük əksəriyyətini qadınlar təşkil edir. Vahid Tarif
Cədvəli üzrə vəzifə maaşları artdığına görə qadınların əməkhaqqında artım
olacaq. Bu gün az maaşla işləyənlərin bir çoxu qadınlardır. Bu sərəncam
qadınların əməkhaqqının və gəlirlərinin artmasına çox müsbət təsir edəcək.
Yeni «Minimum aylıq
əməkhaqqının artırılması haqqında» sərəncam ölkədə sosial rifahın
yüksəldilməsinin Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab
İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu
bir daha təsdiq edir və bu istiqamətdə cari il ərzində artıq ikinci böyük
sosial paketin reallaşdırıldığını göstərir. Belə ki, bundan əvvəl dövlət
başçısının bu il fevralın 8-də imzaladığı sərəncamla da minimum əməkhaqqı 130
manatdan 180 manata çatdırılmış və həmin artım 600 minədək insanı əhatə
etmişdi. Dövlət başçısının uğurlu sosial islahatlar proqramı təkcə bu il
ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130
manatdan 250 manata çatdırılması kimi əhalinin rifahına ciddi dəstək olan mühüm
sosial uğura nail olmağa imkan verib.
Minimum əməkhaqqının
artırılması ölkə iqtisadiyyatında çalışan insanların əməkhaqlarının
yüksəldilməsinə və pensiya fonduna ödənişlərin çoxalmasına gətirib çıxaracaq
ki, bu da öz növbəsində əmək pensiyalarının əhəmiyyətli dərəcədə artması
deməkdir.
Artımdan sonra Azərbaycan
Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə
görə ikinci yerdə qərarlaşacaq.
Bütövlükdə,
prezident sərəncamları ilə əməkhaqlarının artımı büdcədən əlavə olaraq 1
milyard manat vəsaitin ayrılmasına səbəb olacaq. Dövlət büdcəsinin gəlirlərinin
indiki artım sürəti və həcmi sosial paketin büdcə vasitəsilə tamamilə
maliyyələşməsinə imkan yaradacaq. Əməkhaqlarının artımı həm də ölkədə iqtisadi
aktivliyi artıracaq.
Beləliklə,
Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar miqyasına, təsir dairəsinə,
əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin
yürütdüyü sosial siyasət həqiqətən də inqlabi xarakter daşıyır. Bu, ilk
növbədə, cənab Prezidentin, dövlətin öz vətəndaşına olan diqqət və qayğısının
təzahürüdür.
Azərbaycanda əhalinin
sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər bu
gün də davam etdirilir. Ölkə rəhbərinin imzaladığı
sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamı, silsilə
tədbirlərin növbəti mərhələsidir. Bütün bu tədbirlər insanların sosial
müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə
xidmət edir.
“Mən milyon yarımlıq Azərbaycan həmkarlar ittifaqlarının üzvləri adından
bu inqilabi dəyişikliklərə görə Azərbaycan Respublikasının Prezidenti,
zati-aliləri cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirir və ölkəmizin
çiçəklənməsi naminə gördüyü işlərdə ona uğurlar arzulayır, bütün bu işlərdə
daima onun yanında olacağımızı bəyan edirəm”,-deyə
S.Möhbalıyev öz çıxışını yekunlaşdırıb.
II Məclisin yekununda AHİK
sədrinin məruzəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası üzvlüyünə
qəbul, Məclisinin və İcraiyyə Komitəsinin tərkibində dəyişikliklər edilməsi
haqqında qərarlar qəbul olunub.
II
Məclisin iclasında AHİK sədri, millət vəkili Səttar Möhbalıyevə Mahmud Kaşqari
adına Beynəlxalq Fondun mükafatı və medalı təqdim edilib. O, bu mükafata Mahmud
Kaşqarinin 1000 illiyi ilə bağlı Türk Dünyasında mədəniyyətə, təhsilə, sənətə,
ədəbiyyata göstərdiyi dəstəyə görə layiq görülüb.