Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin sosial təminatın daha da yaxşılaşdırılması istiqamətində atdığı ciddi addımlarla bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının II Məclisinin iştirakçılarının BƏYANATI
05 Jul 2019
Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyev son aylarda minimum əməkhaqqının, əmək pensiyalarının, bir sıra sahələrə aid vəzifə maaşlarının, müavinətlərin, tələbələrə verilən təqaüdlərin artırılması barədə imzaladığı sərəncamlarla ölkəmizdə idarəetmədə sosial amilin ön plana çıxdığı faktını təsdiq etdi.
Bu sənədlər əhalinin sosial rifahının yüksəldilməsi
və sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, həm də milli iqtisadiyyatın strukturunun
dəyişməsinə geniş imkanlar açır. İdarəetmədə sosial amillərə üstünlük verilməsi
dünya iqtisadiyyatında baş verən proseslərə tam uyğundur. Diqqət yetirsək görərik
ki, iqtisadiyyatda yüksək nəticələrə nail olan dünya ölkələrində, xüsusilə son onilliklərdə,
sosial sahəyə, insan kapitalına ayrılan xərclər qat-qat çoxalmışdır.
İnsan kapitalına ayrılan xərclərin həcminin
artırılması ilə daxili bazarın, səhiyyənin, təhsilin, elmin, sosial-mədəni sahələrin
inkişafı da təmin olunur.
Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri
cənab İlham Əliyev böyük sosial istahatlar paketi daxilində iyunun 18-də imzaladığı
tarixi sərəncamlarla sözünə, vədinə sadiq lider, verdiyi bəyanatların konkret əməli
addımlar olduğunu bir daha təsdiq etdi.
Həmkarlar ittifaqlarının maraq dairəsinə
daxil olan, həmçinin Dəyişdirilmiş Avropa Sosial Xartiyasının əsas tələblərindən
biri sayılan minimum əməkhaqqının ölkələr üzrə aylıq əməkhaqqının 60%-nə çatdırılması
tələbinin yerinə yetirilməsinə yönəlmiş minimum əməkhaqqının məbləğinin 40%-ə qədər
artırılaraq 250 manata çatdırılması sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsinə
xidmət edir.
Bu sərəncamlar ümumilikdə 2,1 milyon insanı
əhatə etməklə həm də dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin
maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır.
Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının
50% artırılması, pensiyaların minimum məbləğinin 160 manatdan 200 manata çatdırılması,
hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin
əməkhaqlarının 40%, diaqnostik qiymətləndirilmədən keçmiş müəllimlərin aylıq vəzifə
maaşlarının orta hesabla 20% yüksəldilməsi və dövlət büdcəsindən maliyyələşən bir
sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla
40% artırılması, bu qəbildən olan insanların sosial durumunun yaxşılaşdırılması
istiqamətində inqilabi addımlardır. Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri
cənab İlham Əliyevin əhalinin rifah halının yaxşılaşdırılmasında növbəti inqilabi
addımların atılmasına imkan verən sosial islahatlar paketi çərçivəsində imzaladığı
sərəncamlar cari il ərzində minimum pensiyanın məbləğinin növbəti dəfə əhəmiyyətli
şəkildə artırılmasına da şərait yaradıb. Belə ki, dövlət başçısının yeni qanunvericilik
təşəbbüsü olaraq, əmək pensiyasının minimum məbləğinin 25% artırılaraq cari il oktyabrın
1-dən 160 manatdan 200 manata çatdırılması nəzərdə tutulur.
Minimum pensiya məbləğinin artırılması ümumilikdə
660 min pensiyaçını əhatə edəcək. Artım üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr
ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək. Bu artırmalardan sonra Azərbaycan
minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə MDB ölkələri arasında 2-ci yerdə
qərarlaşacaq.
Göründüyü kimi, bu gün Azərbaycan dövlətinin
sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç
bir ölkədə müşahidə olunmur. Hər bir vətəndaş aydın şəkildə görür ki, Azərbaycan
dövləti və rəhbəri onun yanındadır və vətəndaşların sosial rifahının yaxşılaşdırılması
istiqamətində mühüm işlər görür.
Biz, bir milyon yarımadək işçini birləşdirən
Azərbaycan həmkarlar ittifaqlarını təmsil edən AHİK-in Məclis üzvləri bəyan edirik
ki, əhalimizin sosial müdafiəsinin təmin olunması üçün Azərbaycan Respublikasının
Prezidenti, zati-aliləri cənab İlham Əliyev tərəfindən atılan addımları ürəkdən
alqışlayır və həmişə olduğu kimi, onun apardığı sosial-iqtisadi siyasəti dəstəkləyir
və bundan sonra da dəstəkləməkdə davam edəcəyik. Eyni zamanda cənab Prezident tərəfindən
irəli sürülən vəzifələrin həyata keçirilməsində öz imkanlarımızdan daha səmərəli
istifadə etməyə səy göstərəcəyik.
AHİK-in II Məclisinin iştirakçıları
05.07.2019-cu
il