Azərbaycan həmkarlar ittifaqları respublikamızda aparılan sosial islahatları bəyənir və dəstəkləyir
06 Mar 2019
Martın 6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) «Respublikada aparılan islahatlar ölkə əhalisinin sosial müdafiəsinin təmin olunmasında və maddi rifahının yüksəldilməsində atılan mühüm addımdır» mövzusunda yığıncaq keçirilib. Yığıncaqda AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edib.
Səttar
Möhbalıyev öz çıxışında qeyd edib ki, ölkə əhalisinin yaşayış səviyyəsinin və
sosial rifahının yüksəldilməsi hər zaman Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin apardığı siyasətin başlıca prioritetlərindən olub. Onun
birbaşa rəhbərliyi altında pensiya, ünvanlı yardım, əlilliyə görə müavinətlərin
verilməsi və məşğulluq sahələrində şəffaflığın və sosial ədalətin tam təmin
olunması, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan
qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı mühüm
addımlar atılıb. Gömrük və vergi sisteminin şəffaflaşması, idxal-ixrac əməliyyatları
üzrə statistik uçotun düzgün qurulması və xarici ticarət fəaliyyəti ilə məşğul
olan şəxslərlə məmur təmasının minimuma endirilməsi, gömrük və vergi xidməti mədəniyyətinin
yüksəldilməsi ilə bağlı müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr
qoyulub. Bu vəzifələrin həyata keçirilməsi istiqamətində atılan addımlar əhalimizin
sosial müdafiəsinin yaxşılaşdırılmasına, bürokratik əngəllərin aradan
qaldırılmasına xidmət etməkdədir.
Ölkə Prezidentinin bilavasitə göstərişləri
ilə həyata keçirilən islahatların nəticələri iqtisadiyyatımızın bütün sahələrində
nəzərə çarpmaqdadır. Ölkəmizin kadr potensialından düzgün istifadə, onların
yerləşdirilməsi, həmin sahələrdə nəzarətin gücləndirilməsi əsaslı müsbət dəyişikliklərə
səbəb olub. Bu gün inamla demək olar ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial
Müdafiəsi, Vergilər, Kənd Təsərrüfatı nazirliklərinin, Gömrük Komitəsinin vasitəsilə
həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının inkişafına geniş imkanlar
açıb. Məhz bu sahələrin uğurlu fəaliyyəti nəticəsində ölkəmizin maliyyə
imkanları daha da genişlənib, vətəndaşlarımızın rifah halının
yaxşılaşdırılmasına yönəlmiş qərarların qəbul edilməsinə şərait yaranıb. Yeni
komplekslərin, müəssisələrin, infrastruktur obyektlərinin yaradılması iş yerlərinin
açılmasına, büdcəyə vergi, gömrük daxilolmalarının əhəmiyyətli dərəcədə artması,
sözsüz ki, uğurlu nəticələrə gətirib çıxarıb.
AHİK sədri qeyd edib ki, Azərbaycan
Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə,
sosial xidmətlərin vahid platforma və «bir pəncərə»dən şəffaf və vətəndaş məmnunluğu
şəraitində göstərilməsi məqsədilə, Dayanıqlı və Operativ Sosial Təminat
Agentliyi və «DOST» Mərkəzinin yaradılması da vətəndaşlarımızın sosial təminatının
gücləndirilməsinə xidmət edir.
Azərbaycanda
sosial siyasətin fasiləsiz və davamlı şəkildə həyata keçirilməsi Prezidentlə cəmiyyətimiz
arasında inam və etimad mühitini formalaşdıran ən təsirli faktordur. Hakimiyyətlə
xalq arasında anlaşma və etimad məsələsində Azərbaycanın hətta inkişaf etmiş
ölkələrin reytinqlərində ən yüksək pillələri tutması məhz sosial siyasətin dəqiqliyi
və əhatəliyi hesabına əldə olunmuş nəticədir. Dünyada çox az ölkə tapılar ki,
sosial siyasətin təzahür formalarının müxtəlifliyinə görə Azərbaycanla müqayisə
oluna bilsin. Əməkhaqqı, pensiya və təqaüdlərin istehlak tələbinə uyğun artırılması
və indeksləşdirilməsi, mütəmadi olaraq əhalinin real gəlirlərinin bazar səviyyəsinə
uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri
və veteranların sosial müdafiəsinin təşkili, məktəb və xəstəxanaların tikintisi,
səhiyyə, təhsil sahələrinin, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım
və pensiya sisteminin təkmilləşdirilməsi və sair Azərbaycan dövlətinin çoxşaxəli
sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Ölkədə sosial
sahədə görülən işlərin miqyasını təsəvvür etmək üçün təkcə maaş və
pensiyaların, o cümlədən minimum əməkhaqqının son 15 ildə bir neçə dəfə
artırıldığına nəzər salmaq kifayətdir.
Belə
ki, həmin müddətdə maaşlar 7, pensiyalar 9, minimum əməkhaqqı 6,5 dəfə artıb.
Ötən il də Prezidentin müvafiq sərəncamları ilə bütün növ pensiyalar, təqaüdlər
və sosial müavinətlər artırılmışdı.
S.Möhbalıyev
çıxışında bildirib ki, uzun illər idi ki, həmkarlar ittifaqları olaraq, minimum
əməkhaqqının mərhələlərlə yaşayış minimumuna çatdırılması məsələsi dövlət və
hökumət orqanları ilə apardığımız danışıqlarda, partnyorlarla bağladığımız Baş
Kollektiv Sazişdə öz əksini tapırdı. Bu məsələ AHİK-in və sahə həmkarlar
ittifaqlarının qurultay və məclislərində də qaldırılırdı. Minimum əməkhaqqının
ölkələr üzrə aylıq əməkhaqqının 60%-nə çatdırılması Dəyişdirilmiş Avropa Sosial
Xartiyasının əsas tələblərindən biridir və biz tərəfdaşlarımızla birlikdə uzun
illərdir bu məsələnin həlli yolları üzərində işləyirik. Bildirməliyəm ki, bu,
respublikamızın bir neçə Dövlət Proqramında da öz əksini tapıb. Hesab edirəm
ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin minimum əməkhaqqının
məbləğinin yaşayış minimumu ilə bərabərləşdirilməsi barədə sərəncamı artıq bu məsələnin
həllinə imkanlar açıbdır.
Cənab
Prezidentin sərəncamı ilə martın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqının 180
manat müəyyən edilməsi birbaşa əhalinin rifahının yüksəldilməsinə xidmət edir.
Həmin sərəncamın imzalanması ölkədə çalışan 600 min nəfərin əməkhaqqının
artırılması deməkdir. Yəni, qanunla dövlət sektorunda çalışan 450 min nəfərlə
yanaşı, özəl sektorda çalışan 150 min nəfərin də əməkhaqqı da 180 manatdan
aşağı olmayacaq.
Bir sözlə, martın 1-dən özəl sektor
üzrə bütün işəgötürənlər əmək müqavilələrində müvafiq dəyişikliklər edərək
minimum əməkhaqqını 180 manata çatdırmalı və bu dəyişikliyi əmək müqaviləsi
bildirişi üzrə elektron informasiya sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməlidir.
AHİK
sədri vurğulayıb ki, cənab prezident ölkədə əhalini narahat edən bütün
sosial-iqtisadi məsələləri bilir və onları daim diqqət mərkəzində saxlayır.
Onların həlli istiqamətində ciddi tapşırıqlar verir, nəticəsi ilə şəxsən
maraqlanır. Məsələn, şəhid ailələrinə, istisnasız olaraq, birdəfəlik müavinətlərin
verilməsi, bu kateqoriyaya aid insanlara müavinətin 242 manatdan 300 manata, həmçinin
Əfqanıstan veteranlarının müavinətinin 220 manatdan 300 manata qaldırılması, məcburi
köçkünlərlə bağlı geniş inşaat proqramlarının icrası bu istiqamətdə görülən işlərin
tərkib hissəsidir.
Prezident
İlham Əliyev bir neçə gün əvvəl «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər
üçün vahid aylıq müavinətin ayrılması haqqında» Sərəncam imzalayıb. Həmin Sərəncama
əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin
məbləği cari il aprelin 1-dən 50 faiz artırılacaq ki, bu da dövlət başçısının məcburi
köçkünlərin sosial problemlərinin həllinə göstərdiyi növbəti qayğının təzahürüdür.
Ölkə başçısı fevralın 21-də Əfqanıstanda müharibənin başa
çatmasının 30 illiyi ilə əlaqədar Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan
Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması, Azərbaycan Əfqanıstan
Veteranları İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi, habelə
Birliyin fəaliyyətinin təkmilləşdirilməsi, cari məsələlərin həlli və
tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədilə Prezidentin ehtiyat
fondundan İctimai Birliyə bir milyon manat ayrılması, şəhid vərəsələrinə 11 min
manatlıq birdəfəlik ödəmələrin verilməsi qeyd olunub. Bu sərəncam da dövlətin
insanlara qarşı həssas davranışının daha bir nümunəsidir.
Prezident İlham Əliyevin
"Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər
haqqında” 2019-cu il 25 fevral tarixli Sərəncamına uyğun olaraq, sosial
müavinətin məbləğinin yaşa görə müavinət alanlar üçün 73 manatdan 130 manata, I
qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 82 manatdan, müharibə əlilləri
üçün 101 manatdan, "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və
"hərbi xidmət vəzifəsini yerinə
yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 94 manatdan) 150 manata, II qrup
əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 61 manatdan, müharibə əlilləri,
"Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və "hərbi xidmət vəzifəsini
yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 81 manatdan) 130 manata, III
qrup əlilliyə görə isə (ümumi səbəblərdən əlillər üçün 52 manatdan, müharibə
əlilləri üçün 73 manatdan və "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və
"hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün
61 manatdan) 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün
82 manatdan 150 manata, ailə başçısını itirməyə görə isə ailə üzvlərinin hər
biri üçün 68 manatdan 80 manata çatdırılması nəzərdə tutulur.
Dövlət
başçısının bu Sərəncamı ilə müharibə əlillərinə
də Prezidentin təqaüdünün məbləğinin I qrup əlilliyə görə 182 manatdan 250
manata, II qrup əlilliyə görə 158 manatdan 230 manata, III qrup əlilliyə görə
121 manatdan 210 manata çatdırılması təmin ediləcək. Həmçinin sənəd əlillik,
ümumi xəstəlik hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi,
hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi
ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət
alanlara, Prezident təqaüdünün əmək pensiyası almaq hüququ olan I qrup əlillərə
(gözdən əlillər istisna olmaqla) də şamil olunmasını və bu təqaüdün məbləğinin
73 manatdan 100 manata çatdırılmasını nəzərdə tutulur.
Bununla
yanaşı, son aylarda dövlət başçısının imzaladığı fərman və sərəncamlara əsasən,
100 minə yaxın tələbənin təqaüdünün yüksəldilməsi, minimum əməkhaqqının 38 faiz
artması, yəni 130 manatdan 180 manata çatdırılması, minimum pensiyaların 38
faiz artaraq 116 manatdan 160 manata qədər qalxması və bunun müqabilində 223
min insanın pensiya təminatının yaxşılaşdırılması dövlətin bu təbəqəyə göstərdiyi
diqqətin əyani sübutudur.
S.Möhbalıyev
diqqətə çatdırıb ki, uzun illər ərzində vətəndaşları narahat edən problemlərdən
biri kimi vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş
çoxmənzilli binaların sənədləşməsi məsələsinin həlli haqqında imzalanan Fərman
da minlərlə vətəndaşımızı sevindirdi. Çünki cənab İlham Əliyevin imzaladığı Fərman
əsasında artıq bu məsələ həll olunmuş hesab edilməlidir. Yaxın gələcəkdə
inanırıq ki, müvafiq dövlət orqanları bütün sənədləşmə işlərini apararaq məsələnin
həllini təmin edəcəklər.
Cənab
Prezident keçirdiyi son müşavirədə uzun müddətdir əhalini narahat edən
problemli kreditlərlə bağlı bildirdi ki, bu gün, sadəcə anons vermək istəyirəm
ki, «bu məsələ artıq yekunlaşmaq üzrədir”. Prezident verdiyi anonsdan dərhal
sonra fevralın 28-də «Azərbaycan
Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə
tədbirlər haqqında» Fərman imzaladı. Bununla da bir daha sözünün
arxasında əməl dayandığını dünyaya nümayış etdirdi.
Fərmana
əsasən, devalvasiya nəticəsində borcun artan və hesablanmış faiz hissələri dövlət
büdcəsindən ödəndikdən sonra yerdə qalan məbləğ restukturizasiya ediləcək, yəni
şərtlər dəyişdiriləcək.
Prezidentin
bu fərmanı ilə 800 min nəfərin kredit problemi birdəfəlik həll edildi. İlham
Əliyev vətəndaşla bank arasında etimad mühitini bərpa etdi, məhkəmə çəkişmələri
vətəndaşın xeyrinə həll olundu.
Cənab İlham Əliyevin digər fərman və
sərəncamları kimi, imzaladıgı bu sənəd də sosial sifariş olaraq birbaşa əhalinin
problemlərinin həllinə, deməli, həm də rifahının yüksəlməsinə, güzəranının
yaxşılaşmasına və layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir. Bu fərmanla
bir daha sübut olundu ki, Azərbaycan dövləti qarşısında onun vətəndaşının mənafeyindən
üstün heç nə yoxdur.
Digər
tərəfdən, hamımız birmənalı şəkildə şahidik ki, qısa müddət ərzində bu qədər
sosialyönümlü qərarların verilməsi dünyada görünməmiş bir hadisədir.
Bir
tərəfdən bu, düşünülmüş və ardıcıl olaraq həyata keçirilən islahatların nəticəsidir,
digər tərəfdən ölkə Prezidentinin cəsarətli və inamlı, ölkə vətəndaşlarının gələcəyinə hesablanmış qətiyyətli siyasətinin təzahürüdür.
Respublikamızın 2,5 milyondan çox vətəndaşı ölkəmizdə aparılan bu siyasətin nəticələrindən
yararlanıb.
Ölkə
Prezidenti cənab İlham Əliyevin əhalinin sosial rifah halının yaxşılaşdırılması
məqsədilə imzaladığı bu və digər fərman və sərəncamlara görə, AHİK-in sədri kimi, öz adımdan və sizin
adınızdan ona öz dərin təşəkkürümü bildirirəm.
Çıxışda
daha sonra bildirilib ki, Respublika Prezidenti cənab İlham Əliyev hər bir sahənin
və orada çalışanların problemlərinin həlli istiqamətində çoxşaxəli addımlar
atmaqla vaxtaşırı olaraq onların nümayəndələri ilə görüşlər keçirir. Mart
ayının 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin
birinci xanımı Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu
ilə görüşdülər.
Görüşdə
məqsəd mədəniyyət və incəsənət sahəsində görüləcək işlərin müəyyənləşdirilməsi
ilə bağlı iştirakçıların fikirlərini dinləmək və fikir mübadiləsi aparmaq
olmuşdur. İştirakçıları səbirlə dinləyən Prezident onlar tərəfindən qaldırılan
məsələlərin həllinə diqqətlə yanaşaraq problemlərin aradan qaldırılması üçün
yerindəcə müvafiq göstərişlər verdi. Göründüyü kimi, Prezident qaldırılan hər
bir məsələyə dərhal reaksiya verməklə onların həlli üçün müvafiq addım atır.
Möhtərəm
Prezidentimiz çətin vəziyyətə düşən vətəndaşlarını heç vaxt tək qoymayıb. Bu
yaxınlarda Şamaxıda baş vermiş zəlzələ zamanı da o, bu xislətinə sadiq qaldı. Zəlzələdən
zərər çəkmiş insanların yanında oldu, onlara təsəlli və problemlərinin həllinə
dair operativ göstərişlər verdi. 92 yaşlı Saray nənəyə cənab Prezidentin göstərdiyi
nəvaziş, yaşlı qadının ürəyini dağa döndərdi. Ona zəlzələnin törətdiyi fəsadları
unutdurdu. Biz hamımız qayğıkeşliyi, insanpərvərliyi, təəssübkeşliyi möhtərəm
Prezidentimizdən öyrənməliyik. O, bizim üçün bir örnəkdir.
S.Möhbalıyev
bildirib ki, Azərbaycan həmkarlar ittifaqları da, xalqın tərkib hissəsi olaraq,
öz növbəsində cənab Prezident tərəfindən yürüdülən sosial siyasəti dəstəkləyir
və ona müvafiq addımlar atır.
Biz
əhalinin bütün təbəqələrinin, daha çox həssas təbəqəsinin sosial problemlərinin
həlli istiqamətində fəaliyyət göstəririk. Cəmiyyətimizin gələcəyi olan gənclərə
xüsusi diqqət yetiririk.
Əlaçı
və ictimai işlərdə fərqlənən ali məktəblərin tələbələrinə həmkarlar ittifaqının
vəsaiti hesabına «Adlı təqaüd», orta məktəb şagirdlərinin bir qisminə təqaüd
veririk, imkansız ailədən olan 4 minə yaxın tələbə həmkarlar ittifaqının vəsaiti
hesabına universitetlərdə pulsuz nahar edir.
Tələbələrin
yemək xərclərinə 341 min manat, «Adlı təqaüd»lərə görə 201 min manat, müsabiqə
qaliblərinin mükafatlandırılmasına 194 min manat, «Maarifçi» Tələbə Kredit
Fondunun maliyyələşməsinə 100 min manat, gənclər üçün təşkil olunmuş «Ölkəmizi
tanıyaq» layihəsinin maliyyələşdirilməsinə 483 min manat vəsait sərf olunub.
Həmkarlar
ittifaqı təşkilatları tərəfindən ümumilikdə 66 aztəminatlı ailənin uşaqlarının
təhsil haqqı ödənilib. 156 tələbəyə aylıq təqaüdlər müəyyən edilib. 49606 nəfər
şəhid ailəsi üzvünə, qaçqın və məcburi köçkünlərə ərzaq və pul yardımları göstərilib.
Bundan
əlavə, Konfederasiyanın ünvanına daxil olmuş 1580 ərizə müəlliflərinə 135,2 min
manat, «20 Yanvar» hadisələrində şəhid olmuş şəxslərin ailə üzvlərinə 57,9 min
manat, «Günəşli» yatağında itkin düşmüş və xəsarət almış neftçilərin ailələrinə
49,5 min manat, Silahlı Qüvvələrə Yardım Fonduna 50,0 min manat, Qarabağ
müharibəsi əlillərinə 36,3 min manat, himayəyə götürülmüş ailələrə 169,1 min
manat, mətbuat işçilərinə 17,2 min manat, Milli Elmlər Akademiyasında
keçirilmiş müsabiqənin qalibləri olan gənc alimlərə 44,5 min manat, Cəmşid Naxçıvanski adına liseydə təşkil
edilmiş müsabiqə qaliblərinə 12,5 min manat yardım verilib.
Ümumilikdə,
son beş il ərzində həmkarlar ittifaqları tərəfindən 31,2 milyon manat yardım
göstərilib.
AHİK
sədri bildirib ki, ölkə əhalisinin sosial müdafiəsinin təminatı və sosial
problemlərinin həlli sahəsində hörmətli Prezidentimiz İlham Əliyevin həyata
keçirdiyi islahatlar və görülmüş tədbirlər, həmkarlar ittifaqları olaraq, ən
çox bizim maraq dairəmizə daxildir. Cənab Prezidentin bu istiqamətdə vaxtaşırı
atdığı addımlar bizim tərəfimizdən daimi olaraq dəstəklənibdir və bu gün də dəstəklənir.
Məhz bütün bunların nəticəsidir ki, Prezident seçkilərində çoxminli üzvlərimiz
respublika həmkarlar ittifaqlarının ali orqanı olan qurultaylarımızda ölkəmizdə
ilk dəfə olaraq cənab İlham Əliyevin ölkə prezidentliyinə namizədliyini irəli
sürüb, sonrakı illərdə bütün seçkilərdə onu dəstəkləyibdir. Azərbaycan həmkarlar
ittifaqları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sosial-iqtisadi siyasətini
bundan sonra da dəstəkləyəcək, onun fəal iştirakçısı olacaqdır.
Yığıncaqda
mövzu ilə bağlı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədri H.Osmanov, Rabitə İşçiləri Hİ Respublika Komitəsinin
sədri S.Orucov, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin III kurs
tələbəsi, fakültə həmkarlar ittifaqı komitəsinin sədri Ş.Qurbansoy, Milli Elmlər
Akademiyasının Memarlıq və İnşaat institutunun əməkdaşı P.Əliyeva, H.Əliyev
adına Neft Emalı zavodunun Hİ komtəsinin sədri İ.Quliyev, Səhiyyə İşçiləri Hİ
Bakı şəhər Nizami rayon şurasının sədri Q. Abdullayeva və Bakı şəhəri 6 saylı
Musiqi məktəbinin həmkarlar ittifaqı komitəsinin sədri R.Ağayeva çıxış ediblər.
Tədbirin
sonunda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevə müraciət qəbul edilib.
Azərbaycan
Respublikasının Prezidenti
cənab
İlham Əliyevə
MÜRACİƏT
Möhtərəm cənab Prezident!
Biz, Azərbaycan
həmkarlar ittifaqlarının fəalları bütün həmkarlar ittifaqı üzvləri adından son
vaxtlar sosial siyasət sahəsində atdığınız addımlara, iki ayda əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılması məqsədilə ardıcıl imzaladığınız fərman və sərəncamlara
görə Sizə dərin təşəkkürümüzü bildiririk. Bu sənədlər elə bir vaxtda
imzalanmışdır ki, dünyanın iqtisadiyyatı oturuşmuş ölkələrində belə, iqtidarlar
sosial problemlərin məngənəsində sıxılan vətəndaşlarına kömək göstərməkdə acizdirlər.
Siz, sözün həqiqi mənasında, ölkəmizin sosial sferasında inqilabi dəyişikliklər
etmisiniz. Etdiyiniz dəyişikliklər həm də dünya üçün bir model və nümunədir.
Təbii
ki, bu sərəncam və fərmanların əsasında Sizin fenomen rəhbərlik, kompleks
yanaşma, ən mühüm hədəfləri müəyyənləşdirə bilmək bacarığınız, dünyada mövcud
olan təcrübələrə bələd olmağınız, onları təhlil edib yerli şəraitə uyğun daha
mükəmməl layihələr təklif etmək istedadınız durur.
2014-cü
il maliyyə böhranı Azərbaycandan da yan keçməmişdi. Dünyaya inteqrasiya olunmuş
iqtisadiyyatımız müəyyən çətinliklərlə üzləşmişdi. Sizin təşəbbüsünüz və təşkilatçılığınız
ilə böhrandan çıxış məqsədilə İqtisadi Yol Xəritəsi qəbul olundu. Yol xəritəsinə
əsasən, Azərbaycanda geniş miqyasda islahatlar aparıldı. İslahatların uğurla
başa çatmasından ötrü ən mühüm strukturlara gənc, enerjili, yaradıcı, savadlı
kadrlar cəlb olundu.
Hörmətli
cənab Prezident!
2018-ci
ilin prezident seçkilərindən sonra keçirilmiş andiçmə mərasimində Siz, 2019-cu
ilin ciddi islahatlar ili olacağını və bunun bilavasitə vətəndaşların yaşayış səviyyəsinin
artırılmasına yönələcəyini vurğulamışdınız.
Həmişə
olduğu kimi, Siz son iki ay ərzində də verdiyiniz sərəncam və fərmanlarla öz vədinizə
sadiqliyinizi sübut etməkdəsiniz. Bununla Siz 2019-cu ilin bütün Azərbaycan
üçün uğurlu başlanmasına səbəb oldunuz.
Həyata
keçirilən çoxşaxəli islahatlar, əsaslı və gələcəyə hesablanmış proqramlar və tədbirlər
nəticəsində ölkəmiz qibtə ediləcək uğurlar qazanmaqda davam edir. Təsadüfi
deyil ki, Dünya Bankının hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan
ölkəsi elan edilib. 2 il ərzində 190 ölkə arasında irəliləyərək 25-ci yerdə qərarlaşmağımız
isə bu islahatların sistemli və dayanıqlı
olmasına dəlalət edir.
Cənab
Prezident!
Xalqımız
bu islahatların gedişinin canlı şahidi, iştirakçısıdır. Son illərdə kənd təsərrüfatına
dövlət qayğısı geniş coğrafiyanı əhatə etdi. Xüsusilə strateji əhəmiyyət
daşıyan sahələrə böyük investisiyalar qoyuldu. Daxili bazarı daha çox yerli kənd
təsərrüfatı məhsulları ilə təmin etmək xətti götürüldü. Paytaxtda, Sumqayıtda,
bölgələrdə sənaye parkları, məhəllələri salındı. Azərbaycan brendləri dünya
bazarına çıxarıldı. Bütün bunlar və bir müraciətdə sadalanması mümkün olmayan
digər təşəbbüslər Azərbaycanın iqtisadi qüdrətini artırdı, nəticədə əhalinin gəlirlərinin
yüksəlməsinə müsbət təsir göstərdi, büdcədə nəzərdə tutulduğundan əlavə gəlirlər
qazanıldı.
Hörmətli İlham Əliyev!
Siz bu gəlirləri
məhz əhalinin sosial ehtiyacları istiqamətinə yönəltdiniz. Bu bir tərəfdən
Sizin dəfələrlə dediyiniz «siyasətimizin önündə insan amili durur» sözlərinizin
təsdiqi idisə, digər tərəfdən iqtisadiyyatımızın tərəqqisinə verdiyiniz əvəzolunmaz
töhfə idi. Siz dövlətin qüdrətini xalqın firavanlığında görürsünüz.
Xalq
iqtisadi inkişafın faydasını öz həyatında görəndə potensialının imkanlarını əsirgəmədən
çalışır.
Siz əməl
Prezidentisiniz. Xalq artıq uzun illərdir əmindir ki, Sizin sözünüzün mayasında
vicdan, məxsus olduğunuz xalqa məhəbbət durur. Yanvarın 28-də Prezident
Sarayında şəhid ailələri ilə görüş zamanı onların hər birinə dərin hörmət göstərdiniz.
Elə həmin gün şəhid vərəsələrinə birdəfəlik ödəmələrin əhatə dairəsini genişləndirən
fərman imzaladınız. Beləliklə, birdəfəlik ödəmə alacaq şəhid vərəsələrinin sayı
12 min 268 nəfərə çatdı. Bu məqsədlə 135 milyon manat müəyyənləşdirildi. Sizin
tapşırığınızla 2019-cu ildə bu kateqoriyadan olan insanlara daha 800-dən artıq
mənzil verilməsi nəzərdə tutulub. Başqa bir fərmanınızla şəhid ailələrinin
müavinətləri 242 manatdan 300 manata çatdırıldı.
Dövlət
qayğısı təkcə şəhid ailələri ilə bitmədi. Əhalinin demək olar ki, bütün təbəqələri
bu qayğıdan ardıcıl olaraq bəhrələndi. Belə ki, pensiyalar, təqaüdlər, minimum əməkhaqqı
kifayət qədər təsirli miqdarda artırıldı.
Pensiyaların
minimum məbləğinin 116 manatdan 160 manata, minimum əməkhaqqının 130 manatdan
180 manata çatdırılması dünyanın istənilən dövləti üçün qeyri-adi artım hesab
edilə bilər.
Sizin
fevralın 28-də problemli kreditlərin həlli ilə bağlı imzaladığınız fərman ilin əvvəlindən
başladığınız yeni sosial siyasətin uğurlu davamı oldu. Bu fərmanın mahiyyətində
əhalinin maliyyə cəhətdən nisbətən zəif təbəqəsi nəzərə alınmışdır. Banklara
olan borcların müəyyən qisminin ödənilməsini dövlət öz üzərinə götürməklə
onların həyat şəraitinin yaxşılaşmasına, dolayısı yolla, ailə büdcəsinin
artmasına kömək etmiş oldu.
Çox hörmətli
İlham Əliyev,
Sizin
prezidentlik fəaliyyətinizdə sosial siyasət həmişə ön planda olub. Siz hər bir
Azərbaycan vətəndaşının Prezidenti olmusunuz. Bu keyfiyyətinizə güvənərək
vaxtaşırı xalqla görüşə gedirsiniz. İstər paytaxtda, istərsə də bölgələrdə xalq
daima Sizi hərarətlə, onlara göstərdiyiniz qayğıya cavab olaraq məhəbbətlə
qarşılayıb. Sizə güc, ilham verən də xalqın sevgisi və dualarıdır.
Möhtərəm
cənab Prezident!
Həmkarlar
ittifaqı təşkilatı olaraq biz Sizin sosial siyasətinizi bəyənir və dəstəkləyirik.
Sizə xalqımızın rifahı, dövlətimizin inkişafı naminə cansağlığı və yeni uğurlar
arzulayırıq.
Müraciət
Azərbaycan həmkarlar ittifaqları fəallarının
6 mart 2019-cu il tarixdə keçirilmiş
yığıncağında qəbul edilib.