Azərbaycan Həmkarlar İttifaqları Ulu Öndərin ideyalarına həmişə sadiqdir
12 Jun 2017
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyevin www.yap.org.az saytına müsahibəsi
- Səttar müəllim, bu günlərdə ölkəmizin hər yerində 15
İyun - Milli Qurtuluş Günü qeyd olunur. Siz Milli Qurtuluş Gününün Azərbaycan
dövlətçiliyinin tarixində yeri və əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15
İyun - Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin
möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli
fəaliyyətin əsası qoyulmuşdur. Xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş qurtuluş
günü ölkəmizin hər yerində dahi lider, ölməz şəxsiyyət Heydər Əliyevə dərin
hörmət və məhəbbətlə, Onun xalqa göstərdiyi təmənnasız və fədakar xidmətinə
böyük minnətdarlıq hissi ilə qeyd olunur.
Böyük bir imperiyanın çökməsi səbəbindən XX əsrin sonlarına
doğru yenidən müstəqillik qazanmaq kimi tarixi fürsət əldə edən Azərbaycan qısa
vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Həmin dövrdə hakimiyyəti ələ
keçirmiş səriştəsiz insanların xəyanətkar əməllərinin məntiqi nəticəsi olan
hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatmışdı. Xaos və
anarxiya ölkəni bürümüşdü. Qarşıdurma vətəndaş müharibəsi dərəcəsinə yüksəlmişdi.
Belə bir dövrdə əsrlər boyu arzulanan güclü Azərbaycan
dövlətini qurmaq, xalqımızı problemlər məngənəsindən xilas etmək kimi tarixi
missiyanı yalnız Heydər Əliyev yerinə yetirməyə qadir idi. Bunu xalq yaxşı
bilirdi. Ona görə də təkidlə öz böyük xilaskarını ikinci dəfə, yəni
iyunun 15-də hakimiyyətə qaytardı. Bununla da xalqımız müstəqilliyimizi məhv
olmaq təhlükəsindən birdəfəlik xilas etdi.
Heydər Əliyevin qayıdışı ilə hakimiyyətsizliyə son
qoyuldu, separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin
qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə
qəsdlər hazırlayan cinayətkar ünsürlər cəmiyyətdən tədric edildi, nizami
silahlı qüvvələr yaradıldı, dövlətin və xalqın maraqlarına cavab verən iqtisadi
sistem quruldu. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin
prioritet istiqamətlərindən biri elan edildi. Demokratik islahatlar kursunun həyata
keçirilməsinə başlanıldı, ölkəmizdə tarixən mövcud olmuş tolerantlıq mühiti
daha da möhkəmləndirildi. Beləliklə, ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycanın
dövlət müstəqilliyi faktiki təmin olundu.
Ümummilli liderin əsasını qoyduğu iqtisadi, sosial
islahatlar onun layiqli davamçısı İlham Əliyev tərəfindən müasir
sivilizasiyanın tələbləri səviyyəsində davam etdirildi. Deyirlər görünən dağa nə
bələdçi. Ümummilli liderin bizə miras qoyduğu müstəqil dövlətimizin uğurları
göz qabağındadır. İqtisadi artıma, sosial duruma görə regionda liderik. Mədəniyyətimiz,
idmanımız yaxın, uzaq ölkələrdə brendə çevrilib. Paytaxtımız Avropanın,
Asiyanın ən gözəl meqapolisləri cərgəsindədir. Bölgələrimiz abadlaşır. Azərbaycan
turizm məkanına çevrilməkdədir.
Artıq vətəndaş cəmiyyəti formalaşması prosesi başa
çatmaqda, demokratik proseslər, mətbuat, söz azadlığı irəliləməkdədir.
-Məqalələrinizdə, çıxışlarınızda dəfələrlə
xatırladırsınız ki, Ulu öndərin qayıdışı ilə Azərbaycan həmkarlar
ittifaqlarının da həyatında tarixi dönüş oldu. Bu fikrin davamı kimi nə demək
istərdiniz?
- Ümumiyyətlə, həmkarlar ittifaqları hər zaman
ümummilli liderin qayğısını öz üzərində hiss edib. Azərbaycan həmkarlar
ittifaqları ümummilli lider Heydər Əliyevin diqqət və qayğısını yüksək qiymətləndirib.
Ölkəmizdə ilk dəfə olaraq məhz həmkarlar ittifaqları özünün I və II
qurultaylarında ümummilli liderin prezidentliyə namizədliyini irəli sürmüşdü.
Xatırladım ki, 1993-cü ilin yayında respublikada vəziyyət
gərgin olaraq qalırdi. İyunun 4-də baş vermiş hadisələr vəziyyəti daha da pisləşdirmişdi.
Ölkəmiz parcalanmaq, dövlətimiz məhv olmaq üzrə idi. Belə bir təhlükə həmkarlar
ittifaqının da başının üstünü almışdı. Heydər Əliyev bu təhlükənin qarşısını
qansız-qadasız aldı. Bu işdə həmkarlar iittifaqları da ümummilli liderin
yanında oldu.
1993-cü ildə Azərbaycanın cənub bölgəsində gərgin vəziyyət
yaranmışdı. Heydər Əliyevin respublikanın bütövlüyünü, dövlətçiliyini qorumaq
sahəsində yeritdiyi siyasəti müdafiə edən AHİK-in "Azərbaycan
Respublikasının cənub regionunda yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədar bəyanat"ında
deyilirdi: "AHİK, bu çoxsaylı təşkilatın minlərlə üzvü respublikanın cənubunda
gedən hadisələri böyük təşviş və həyəcan hissi ilə izləyir. Qeyd edirik ki, son
vaxtlar Azərbaycanda bir sıra qüvvələr öz siyasi məqsədlərini həyata keçirmək
üçün vətəndaşların sosial-iqtisadi hüquqlarını qorumaq bəhanəsi altında millətçi,
separatçı hərəkata başlamışlar. Azərbaycan həmkarlar ittifaqları birmənalı qeyd
edir ki, bu cür hərəkat siyasi avantüralardan başqa bir şey olmayıb, vətəndaşların
sosial-iqtisadi hüquqlarının daha da pozulmasına, Azərbaycanda həmkarlar
ittifaqları qüvvələrinin parçalanmasına, zəhmətkeşləri öz haqlı tələblərini
müdafiə etmək yolundan yayındırmağa aparır.
Bu gün belə avantürist ideyaların ortaya atılması yalnız
xalqın parçalanmasına, böhranın dərinləşməsinə, hərbi uğursuzluqların davam etməsinə,
ən başlıcası isə respublikanın qardaş xalqları arasında milli münasibətlərin
pozulmasına xidmət edir. Azərbaycan zəhmətkeşlərini sayıq olmağa, siyasi
oyunçuların əlində alət olmağa yol verməməyə çağırırıq".
1994-cü il fevralın 24-də "Həmkarlar ittifaqları
haqqında" qanun qəbul edilmişdir. Bu qanun Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilmişdir. "Həmkarlar
ittifaqları haqqında" qanunun qəbul edilməsi təşkilatımızın səmərəli fəaliyyət
göstərməsi üçün hüquqi baza yaradılmasını təmin etdi. Bu qanun öz dəyərinə, məzmununa
görə təkcə ölkə daxilində deyil, hətta MDB məkanında bir çoxlarına
demokratiyanı sözdə yox, işdə dəstəkləməyin parlaq nümunəsi oldu. Heydər
Əliyevin Prezidentliyi illərində əməkçilərin sosial müdafiəsinə yönəlmiş
çoxsaylı digər hüquqi-normativ aktlar qəbul olundu. Beynəlxalq Əmək Təşkilatının
əsas konvensiyaları Milli Məclisdə ratifikasiya edildi.
Hamıya məlumdur ki, ümummilli liderin 1994-cü il 5
oktyabr dövlət çevrilişi cəhdləri ilə bağlı xalqa müraciətinə AHİK həmrəyliklə
cavab vermişdi. Bu hadisələrlə bağlı "Dövlətçiliyimizi qorumaq naminə"
adlı müraciət qəbul edilmişdi. Müraciətdə respublikanın paytaxtında baş vermiş
hadisələr dövlətçiliyimizə, müstəqilliyimizə zərər vuran hadisə kimi pislənmişdi.
Heydər Əliyevin uğurlu xarici siyasəti türk dünyasında
yüksək qiymətləndirilmiş, 1999-cu ildə ona türk dünyasının ən mötəbər mükafatı
- Beynəlxalq Atatürk Sülh mükafatı verilmişdi. Bu hadisə həmkarlar ittifaqı təşkilatları
üzvləri tərəfindən böyük rəğbətlə qarşılanmışdı. Bununla əlaqədar, 1999-cu il
noyabrın 5-də AHİK-də respublikada fəaliyyət göstərən ictimai təşkilatların
nümayəndələrinin toplantısı keçirilmişdi.
Ulu öndər Azərbaycan həmkarlar ittifaqlarının əməkçilərin
hüquqi və sosial mənafelərini müdafiə etmək sahəsində fəaliyyətlərini yüksək
qiymələndirmişdir. Onun AHİK-in 1998-ci ilin fevralında keçirilmiş birinci
qurultayının iştirakçılarına müraciətində deyilirdi: "Əmin olduğumu
bildirmək istəyirəm ki, həmkarlar təşkilatları öz işini yeniləşən cəmiyyətimizin
tələblərinə uyğun quracaq, Azərbaycanda müstəqil, demokratik, dünyəvi dövlət
quruculuğunda yaxından iştirak edəcəkdir".
2003-cü il fevralın 5-6-da AHİK-in II qurultayının
iştirakçılarına müraciətində də Ümummilli lider əmin olduğunu bildirirdi
ki, həmkarlar ittifaqları dövrün tələblərinə uyğun olaraq öz fəaliyyətini yenidən
təşkil edəcək, Azərbaycan Respublikasında demokratik, azad cəmiyyətin,
insanların firavan həyatının bərqərar olması yolunda gələcəkdə də ön sıralarda
addımlayacaqdır.
AHİK-in II qurultayının nümayəndələri isə Heydər Əliyevə
müraciət qəbul etmiş, həmkarlar ittifaqlarına göstərdiyi qayğı və diqqətə görə
öz minnətdarlıqlarını bildirmişdilər. Fevralın 6-da Heydər Əliyev Prezident
sarayında həmin qurultayda iştirak edən xarici həmkarlar ittifaqları təşkilatlarının
nümayəndələrini qəbul etmiş və görüşdə "Azərbaycan həmkarlar ittifaqlarının
qurultayını ölkənin ictimai-siyasi həyatında mühüm hadisə adlandırmışdı".
Bu gün Azərbaycan Həmkarlar İttifaqları beynəlxalq həmkarlar
ittifaqları ailəsinin bərabərhüquqlu üzvü kimi cəmiyyətdə yüksək nüfuza malik
olmaqla öz missiyasını layiqincə icra edir. Bunu 2013-cü ildə AHİK-in keçirdiyi
IV qurultay bir daha sübut etdi. Ulu öndərin layiqli varisi Prezident
İlham Əliyevin qurultay iştirakçılarına göndərdiyi təbrikdə deyilirdi:
"Bir əsrdən çox tarixə malik olan Azərbaycan Həmkarlar İttifaqları müstəqillik
illərində daha da inkişaf etmiş, ölkənin ictimai həyatında öz layiqli yerini
tutmuşdur".
Mənə elə gəlir ki, bizim üçün bundan yüksək qiymət ola
bilməz!
- Dediyiniz kimi, Ulu öndər həmkarlar ittifaqlarını işçilərin
mənafeyinin, əmək hüquqlarının, sosial problemlərinin həllində mühüm rol
oynayan başlıca qüvvə kimi görürdü…
- Yuxarıda dediyim kimi, Ümummilli lider vətəndaşların
qanuni mənafeyini, əmək hüquqlarını qoruyan, sosial problemlərinin həllində
mühüm rol oynayan, zəngin tarixi keçmişə malik həmkarlar ittifaqı təşkilatlarının
fəaliyyətinə daim diqqət və qayğı göstərmişdir. Azərbaycanda Heydər Əliyev
epoxasının başlanması təşkilatımızı yeni inkişaf mərhələsinə çıxardı, onun cəmiyyətdəki
yerini və rolunu gücləndirdi.
Bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş
vətəndaşlarımızın hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən əksər
müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli
şirkətlərdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial
problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və
vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərməyə
çalışır, sosial siyasətin həyata keçirilməsinə önəmli dəstək verirlər.
Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham
Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə həmkarlar ittifaqlarının
qanunvericilik bazası daha da təkmilləşdirilmiş, onların səmərəli fəaliyyəti
üçün əlverişli şərait yaradılmışdır. Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasının üzvü
kimi respublikamızın dünyada nüfuzunun yüksəlməsində də fəal iştirak edir, vətəndaş
cəmiyyəti quruculuğuna, demokratiyanın dərinləşməsinə və inkişafına öz töhfələrini
verir.
Bu gün möhtərəm Prezident cənab İlham Əliyevin apardığı
siyasətin məqsədi ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək,
dayanıqlı inkişafa və ilk növbədə Azərbaycan vətəndaşının daha da yaxşı
yaşamasına nail olmaqdır. Məhz buna görə də mükəmməl işlənib hazırlanmış bütün
dövlət proqramlarında sosial məsələlərin həlli nəzərdə tutulur, maaşların,
pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni
zamanda sosial infrastrukturun yaradılması istiqamətində tədbirlər müəyyənləşdirilir.
Sosial sahədə aparılan məqsədyönlü siyasət nəticəsində
ölkə əhalisinin güzəranı daha da yaxşılaşmış, sosial obyektlərin tikintisi və
istifadəyə verilməsi sürətlənmiş, məşğulluq probleminin həllində böyük irəliləyişə
nail olunmuş, aztəminatlı ailələrin sosial müdafiə mexanizmi işlənib
hazırlanmışdır. Son illərdə dərin maliyyə böhranı nəticəsində bir sıra ölkələrdə
iqtisadiyyaınt tənəzzülə uğradığı və sosial gərginliyin artdığı, əhalinin
sosial təminatı məsələlərinin diqqətdən kənarda qaldığı halda, respublikamız
qlobal böhranın təsirindən qorunur, sosial-iqtisadi inkişaf, vətəndaşlarımızın
rifah halının yüksəldilməsi tədbirləri ardıcıl davam etdirilir, əməyin və
sağlamlığın mühafizəsi, bütün kateqoriyadan olan işçilərin əməkhaqlarının və təqaüdlərin
artırılması istiqamətlərndə mühüm addımlar atılır.
Ulu öndər Heydər Əliyevin dövlətçilik və humanizm
ideyalarının həyata keçirilməsində Birinci vitse-prezident xanım Mehriban
Əliyevanın da mühüm xidmətləri vardır. O, ali dövlət vəzifəsinə təyin edilənədək
də Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
ISESCO-nun xoşməramlı səfiri kimi istər ölkəmizdə, istərsə xaricdə bu
ideyaların gerçəkləşməsi istiqamətində böyük fədakarlıqlar göstərmişdir.
Birinci vitse-prezident vəzifəsində Mehriban xanımın ilk rəsmi qəbulunu ölkəmizin
ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş hərbçilərlə keçirməsi,
onların problemlərinin həlli üçün konket tədbirlər görməsi Azərbaycan dövlətinin
öz vətəndaşlarına sosial qayğısının bariz təzahürlərindəndir.
Azərbaycan həmkarlar ittifaqları təşkilatları ulu öndər
Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının həyata keçirilməsində
öz öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Vətəndaş
cəmiyyətinin fəal təsisatlarından biri kimi çıxış edən Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası — ölkənin ən kütləvi ictimai təşkilatı vətəndaşların
hüquq və mənafelərinin daha dolğun müdafiəsi üçün bütün imkanlarını səfərbər edəcək,
daim əməkçi insanların yanında olacaqdır.
Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin
adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza
daim nur ələyəcəkdir. Bu gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən
layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində
Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri
arasında öz yerini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi
altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli
layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma Vətənimizi
dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin
qoyduğu yolun davamının sübutudur. Bu yüksəliş isə Heydər Əliyevin müəyyən
etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq
edir.
www.yap.org.az saytı
12.06.2017-ci il, 10:33