AZ | RU | EN
AZ | EN | RU

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (BƏT) İsveçrənin Cenevrə şəhərində keçirilən 100 illik yubiley tədbirlərində iştirak edib

18 Jun 2019

Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Cenevrə şəhərində (İsveçrə) Beynəlxalq Əmək Konfransının (BƏK) 108-ci sessiyası keçirilib. 

Sessiyada BƏT-in 100 illiyi ilə əlaqədar təşkilatın “Əməyin gələcəyi” təşəbbüsü ətrafında müzakirələr aparılıb.

Beynəlxalq Əmək Konfransının “Dünya Əmək Parlamenti” adlanan yubiley iclası BƏT-in Baş direktoru Qay Rayderin çıxışı ilə başlayıb.

Q.Rayder bildirib ki, iş dünyası son yüz il ərzində “ən dərin transformasiyalar” mərhələsindədir. O, konfrans nümayəndələrini bununla əlaqədar ən mürəkkəb məsələləri həll etmək məsuliyyətini öz üzərlərinə götürməyə çağırıb.

BƏT-in Baş direktoru deyib ki, zamanımızın qeyri-müəyyənliyi və qeyri-sabitliyi şəraitində sosial ədalət böyük əhəmiyyət daşıyır. BƏK-in yubiley sessiyası da əməyin gələcəyinə həsr olunub. Əsas məsələ insanların həyatında vacib rol oynayan sualların həllindən ibarətdir.

Əməyin gələcəyi bizim qərarlarımızdan, seçimlərimizdən, bu qərarı yerinə yetirmək qabiliyyətimizdən, birgə tədbirlərə hazırlığımızdan asılıdır. BƏT-in unikal uzunömürlülüyü üç amilə əsaslanır: sosial ədalətin təmin olunması, onun üçtərəfli strukturu və dünyadakı dəyişikliklərlə bağlı problemlərdən uzaqlaşmamaq və dəyişilməz uyğunlaşma qabiliyyəti.

Q.Rayder nəzərə çatdırıb ki, dünya əhalisinin 55 faizi hələ də sosial müdafiə ilə əhatə olunmayıb.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Şaron Barrou bütün işçilər üçün layiqli iş yerlərinin yaradılmasının vacibliyini vurğulayıb: “Mənə elə gəlir ki, biz qəzəbin kənarındayıq. Qəzəb ümidsizlikdən, inamın itməsindən baş verir. Cəmiyyətdə ictimai razılaşmanın pozulması davam edərsə, bizim vəzifəmiz bu prosesi dayandırmaq, razılaşmanı inkişaf etdirmək və yeniləməkdir”.

Beynəlxalq Əmək Konfransının yubiley tədbirində dünya liderləri sosial ədalət prinsiplərinə sadiq olduqlarını təsdiqləyiblər. BƏT bu prinsiplər əsasında 100 il bundan əvvəl yaradılıb. Sayca 108-ci olan bu konfrans iyunun 10-dan 21-dək davam edib. Konfransın ilk günündə plenar iclasda 40-a yaxın ölkənin dövlət və hökumət başçıları, digər yüksək vəzifəli şəxslər də çıxış edib.

BƏT-ə üzv 187 ölkədən hökumət, işəgötürənlər və işçiləri təmsil edən 6 minədək nümayəndənin iştirak etdiyi konfransda əməyin sferasında dərin dəyişikliklərlə əlaqədar olan problemlərin həlli yolları müzakirə olunub. Forumun gedişində mühüm sənədin - əməyin gələcəyinə həsr olunmuş BƏT-in 100-cü ildönümü Bəyannaməsinin layihəsi də nəzərdən keçirilib. İştirakçılar tərəfindən həmçinin əməyin sferasında şiddət və təcavüz problemləri ilə mübarizə aparmaq üçün yeni bir beynəlxalq hüquqi aktın qəbul olunması da müzakirə olunub.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və digər rəsmi şəxslər təmsil ediblər.

BƏT çağırışlarına uyğun olaraq Azərbaycanda sosial tərəfdaşlığın inkişafından bəhs edən nazir vurğulayıb ki, ölkədə innovativ iqtisadiyyatın yaradılması, əmək məhsuldarlığının yüksəldilməsi və sosial rifahın artırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilən uğurlu dövlət siyasətinin strateji məqsədidir. Ötən 15 il ərzində ölkəmizdə ÜDM-in artımı 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, orta əməkhaqqı 7 dəfə, minimum əməkhaqqı 15 dəfə artıb, işsizlik və yoxsulluq səviyyəsi 5 faizə enib. Təkcə bu il reallaşdırılan sosial paket minimum əməkhaqqı və pensiyaların 40 faiz, sosial müavinətlərin və təqaüdlərin orta hesabla 100 faiz artması, digər əsas tədbirlər nəticəsində 3 milyon insanın rifahına ciddi dəstək olub.

BƏT-lə birgə icra olunan 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramının əhəmiyyətini vurğulayan S.Babayev bildirib ki, bu ilin may ayında Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Sosial Təminat Forumuna ev sahibliyi edən Azərbaycanın 4 sosial layihəsi yaxşı təcrübə nümunəsi kimi BSTA-nın xüsusu mükafatına layiq görülüb. Bu və  həmçinin Azərbaycanın BƏT-in İdarəetmə Şurasında təmsil olunması ölkəmizin sosial-iqtisadi sahədə uğurlu islahatlarına beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür.

O, çıxışının sonunda Azərbaycanın BƏT-in prinsiplərinə və BƏT-lə əməkdaşlıqdan irəli gələn öhdəliklərə sadiqliyini və müsbət təcrübələrin mübadiləsi da daxil olmaqla ölkəmizin geniş əməkdaşlığa daim hazır olduğunu vurğulayıb.

Sessiya çərçivəsində AHİK sədri Səttar Möhbalıyev bir neçə ölkənin həmkarlar ittifaqı mərkəzlərinin rəhbərləri ilə görüşlər keçirmiş, onlarla qarşılıqlı əməkdaşlıq münasibətləri müzakirə edilmişdir.

İyunun 20-də S.Möhbalıyev Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakov və Beynəlxalq Əmək Təşkilatının İşçilərin Fəaliyyəti üzrə Bürosunun direktoru Maria Helena ilə görüşüb. BƏT-in 100 illiyi münasibətilə M.Helenaya Azərbaycanda ilk dəfə 1904-cü ildə neft fəhlələri ilə sənayeçilər arasında imzalanmış kollektiv müqavilənin Azərbaycan, ingilis və rus dillərində nəfis tərtibdə hazırlanmış surətini təqdim edib. AHİK sədri, “Mazut müqaviləsi” kimi tarixə daxil olmuş bu qədim sənədin imzalanmasından 115 il ötməsinə baxmayaraq, hələ də müəyyən öhdəliklərinin dünyanın bir çox ölkələri üçün aktual olaraq qaldığını söylədi. Bu sənəddə işçilərin hüquqları ilə bağlı əksini tapmış müddəalar barəsində də məlumat verdi. Dedi ki, “Mazut müqaviləsi” Azərbaycan həmkarlar ittifaqının yarandığı gündən layiqli, ədalətli əmək uğrunda mübarizə apardığının əyani sübutudur.

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Millətlər Sarayında keçirilən panel iclaslarda və işçi qruplarının görüşlərində də iştirak ediblər. İclaslarda “əməyin gələcəyi”, həmçinin “iş yerlərində zorakılıq və təzyiq” kimi məsələlər əsas müzakirə mövzusu olmuşdur.

FAYDALI KEÇİDLƏR