AZ | RU | EN
AZ | EN | RU

Azərbaycan nümayəndə heyəti Moskvada keçirilən qurultayda iştirak edib

20 May 2019

Mayın 20-22-də Moskvadakı “İzmaylov” Konsert Zalında Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının (RMHİF) X qurultayı keçirilib. 

Qurultaya Rusiya Federasiyasının dövlət orqanlarının, sahibkarlar birliklərinin, siyasi partiyaların, dini qurumların, elmi və yaradıcı ictimaiyyətin, beynəlxalq və xarici həmkarlar ittifaqları mərkəzlərinin nümayəndələri, dövlət dumasının deputatları dəvət olunmuşdular. Qurultaya hesabat məruzəsi ilə RMHİF-in sədri Mixail Şmakov çıxış edib. O, öz məruzəsində bildirib ki, ölkə hesabat dövründə sosial-əmək sferasında bir çox çağırışlarla üzləşib. Bu çağırışlar əsasən makroiqtisadi vəziyyətin qeyri-stabilliyi, neqativ xarici faktorlarla və digər amillərlə əlaqədar olub. Məruzəçi sosial-iqtisadi blokdan başlamış maarifləndirici işin aktivləşdirilməsinə qədər yığılmış problemlərin həllində həmkarlar ittifaqlarının mövqeyini açıqlayıb. Deyib ki, bu mövqeyi müzakirəyə çıxarmaqla qurultayın işinin əsas istiqamətini müəyyənləşdirmiş olacağıq.

M.Şmakov qeyd edib ki, büdcədən sosial sferaya ayrılan vəsait lider ölkələrlə müqayisədə çox azdır. Biz çalışacağıq ki, sosial xərclərin payı inkişaf etmiş ölkələrdəki həddə çatsın. Bu məqsədə nail olmaqdan ötrü dövlət büdcəsində kifayət qədər pul var. Həmin pullar vətəndaşların cibinə, istehsalatın maliyyələşməsinə getmək əvəzinə, “qızıl ehtiyatları sandıqlarında” gizlədilir. Həmkarlar ittifaqı hesab edir ki, bu, düzgün deyil. Pul ölü yük kimi yatıb qalmamalıdır. İctimaiyyət üçün səmərəli şəkildə işləməlidir.

Həmkarlar ittifaqları hesab edir ki, mütərəqqi vergi sistemi və vergini aksiyalardan əldə edilən dividentlərə yönəltmək əlavə maliyyə mənbəyi ola bilər. Təşkilatımızın yaşayış minimumundan aşağı gəlirlərə vergi tətbiq etməmək təşəbbüsü hələ də aktual olaraq qalır.
RMHİF-nin ən mühüm məqsədi işçilərin layiqli əməkhaqqı ilə təmin edilməsidir. İşləyən insan kasıb olmamalıdır.
Rusiya Federasiyası hökumətinin sədr müavini Tatyana Qolikova sosial tərəfdaşlıq institutunun inkişafında, sosial, əmək sferasında milli layihələrin reallaşdırılmasında həmkarlar ittifaqı ilə hökumətin əməkdaşlığını, üçtərəfli komissiyada əmək və pensiyaya dair ciddi problemlərin həlli sahəsində görülən işləri yüksək dəyərləndirib.

Qurultayda Beynəlxalq Əmək Təşkilatının Baş katibi Qay Rayderin videomüraciəti səsləndirilib.  Müraciətdə RMHİF-ın və onun liderinin səmərəli fəaliyyəti barədə təqdiredici fikirlər söylənilib.
Qurultayın ikinci günü Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin çıxış edərək sahə həmkarlar ittifaqları liderlərini parlamentin komitələrinin iclaslarında fəal və təşəbbüslə iştirak etməyə çağırıb.
Mayın 22-də qurultayda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin salamlama nitqi söyləyib. Qurultayın BƏT-in 100 illiyinin təntənəli qeyd olunduğu bir vaxta düşməsini əlamətdar hadisə sayıb:

“Ölkədə sosial-əmək məsələlərinin sosial tərəfdaşlıq çərçivəsində birgə həlli olduqca vacibdir. Biz Mixail Şmakovla işgüzar görüşlərimiz zamanı bu məsələlər atrafında söhbətlər aparırıq”. Sonra ölkə başçısı həmkarlar ittifaqının milli layihələrin tətbiqində, onların icrasına nəzarətin həyata keçirilməsində iştirakına öz münasibətini diqqətə çatdırıb. Həmkarlar ittifaqı liderlərinə məsləhət görüb ki, işçilərin, həmkarlar ittifaqlarının qanuni hüquqlarını pozan işəgötürənlərə qarşı sərt mövqe nümayiş etdirsinlər. Belə hallara laqeyd qalan region administrasiyası başçılarına qanunun aliliyi çərçivəsində təsir göstərsinlər. Dövlət bütün səviyyələrdə həmkarlar ittifaqlarına, onların qanuni tələblərinə kömək göstərməyə borcludur.
V.Putin çıxışını bu sözlərlə tamamlayıb: “Bizim işimiz müxtəlifdir. Amma məqsədimiz birdir: vətəndaşlarımızın layiqli həyatını təmin etmək. Biz birlikdə işləsək bu məqsədə asanlıqla çatarıq”.

Qurultayda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Şaran Barrou, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti Aleksandr Şoxin, RF əmək və sosial müdafiə naziri Maksim Topilin, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Vladimir Şerbakov, Pan - Avropa Regional Şurasının prezidenti, Gürcüstan Həmkarlar İttifaqları Birliyinin sədri İrakli Petriaşvilinin də çıxışları dinlənilıb.
Qurultayda təşkilati məsələyə baxılıb.  Mixail Şmakovun RMHİF-in sədri vəzifəsinə namizədliyi irəli sürülüb və dəstəklənib.
Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin I müavini İlyas Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin I müavini Hümbət Nağıyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov, Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Bəkir Yusifov da iştirak ediblər.

FAYDALI KEÇİDLƏR