AZ | RU | EN

Azərbaycan nümayəndəsi Beynəlxalq Təşkilatın İcraiyyə Komitəsinin tərkibinə seçilib

04 Jun 2019

İyunun 4-də İrlandiyanın Dublin şəhərində “Royal Dublin Society” konsert salonunda Avropa İctimai Xidmətlər Federasiyasının (EPSU) X qurultayının açılış mərasimi keçirilib. 

Dörd gün davam edən qurultaya dünyanın müxtəlif ölkələrindən 550 nəfərdən çox nümayəndə və qonaq qatılıb.
Tədbirdə ədalətli gələcəyin qurulması mövzusunda hazırlanmış proqram müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Özəlləşməyə qarşı mübarizə, həmrəyliyin möhkəmləndirilməsi və həmkarlar ittifaqlarının təsir gücünün artırılması üçün daha sıx əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

Qurultayı açıq elan edən İrlandiya Respublikasının Prezidenti Maykl D.Hiqqins həmkarlar ittifaqlarını iqlim dəyişikliyinin, gender bərabərliyi problemlərinin həllində və iqtisadiyyatın daha ədalətli formalaşmasında təşəbbüsü öz üzərlərinə götürərək liderlik etməyə çağırıb.
Dublin şəhərinin meri Nayıl Rinq, İrlandiyanın “Forsa” Həmkarlar İttifaqlarının sədri Kevin Kallinan, Beynəlxalq İctimai Xidmətlər Həmkarlar İttifaqları Birliyinin prezidenti Roza Pavianellinin də çıxış edərək gündəliyə çıxarılmış məsələlərə münasibət bildiriblər.
Sonra təşkilati məsələyə baxılıb. Yan Villem Qudrian yenidən EPSU-nun Baş katibi, Norveçin “Fagforbundet” Həmkarlar İttifaqı Birliyinin Prezidenti Mette Nord isə EPSU-nun Prezidenti seçiliblər.

Yekunda növbəti 5 il üçün EPSU-ya daxil olan komitələrin tərkibi formalaşıb və Azərbaycandan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova EPSU-nun İcraiyyə Komitəsinin tərkibinə seçilib.
Qurultayda Azərbaycan Respublikasından Səhiyyə, Dövlət, Sahibkarlıq, Kommunal, Su, Metro işçiləri həmkarlar ittifaqlarıın numayəndələri də iştirak ediblər.