AZ | RU | EN
AZ | EN | RU

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə fəxri adlara layiq görülən həmkarlar ittifaqı fəallarının təltif edilməsi mərasimi keçirilib

16 Feb 2018

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə dövlət təltiflərinə layiq görülən həmkarlar ittifaqları fəallarına fevralın 16-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) mükafatlar təqdim edilib.

Tədbiri AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şuranın vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev açıb. Bildirib ki,  Azərbaycan Prezidenti İlham Əliyev insanların iqtisadi və sosial mənafelərinin, əmək hüquqlarının qorunması sahəsində həmkarlar ittifaqlarının roluna həmişə böyük önəm verib. Həmkarlar təşkilatları da dövlətimizin onlara yaratdığı şəraitə adekvat olaraq Prezident İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü siyasətə layiqli dəstək verir, əmək kollektivlərində öz işinin gücləndirilməsinə və tərəfdaşlarla səmərəli əməkdaşlığın dərinləşdirilməsinə diqqəti artırırlar.

Konfederasiya sədri hazırda 1,5 milyona yaxın üzvü birləşdirən və Azərbaycanda ən böyük ictimai təşkilat olan AHİK-in fəaliyyət göstərdiyi 25 il ərzində qurumun inkişafında xidmətləri olan şəxslərə minnətdarlığını bildirib. Qeyd edib ki, belə insanlar arasında ilk yerdə ulu öndərimiz Heydər Əliyev dayanır. Ulu öndər Heydər Əliyev vətəndaşların qanuni mənafelərinin, əmək hüquqlarının qorunmasında, sosial problemlərinin həllində mühüm rol oynayan həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətini həmişə yüksək qiymətləndirib.

S.Möhbalıyev məlumat verib ki, AHİK-in V qurultayı və Konfederasiyanın 25 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə həmkarlar ittifaqları təşkilatlarının 114 üzvü fəxri adlarla təltif olunub.  Onlardan 4 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, 4 nəfər “Əməkdar Həkim”, 4 nəfər “Əməkdar Mədəniyyət İşçisi”, 3 nəfər “Əməkdar Müəllim”, 1 nəfər “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adlarına, 98 nəfər isə “Tərəqqi” medalına layiq görülüb.

 AHİK sədri deyib ki, dövlətimizin başçısı Azərbaycan həmkarlar ittifaqları fəallarının təltif olunması ilə bağlı bundan əvvəl də belə sərəncamlar imzalayıb. Azərbaycan Prezidenti tərəfindən təltif olunanların sayı ümumilikdə 344-ə çatıb. Onlardan 213-ü ötən hesabat dövrünə aid olub.  Bu yüksək diqqətə görə Prezident İlham Əliyevə AHİK-in üzvləri adından dərin minnətdarlığını bildirən S.Möhbalıyev Konfederasiyanın bu etimadı layiqincə doğruldaraq mühüm uğurlar qazandığını və bundan sonra da qazanacağını bildirib.

Sonra dövlət təltiflərinə layiq görülənlərə mükafatlar təqdim olunub.
Təltif olunanlar adından çıxış edənlər dövlətimizin diqqət və qayğısını hər zaman hiss etdiklərini bildiriblər, fəxri adlara layiq görülmələrinin onlar üçün böyük mənəvi dəstək  olduğunu deyiblər. 

 

FAYDALI KEÇİDLƏR