Azərbaycan Sahibkarlar Konfederasiyasının V Qurultayı keçirilib
19 Dec 2018
Dekabrın 19-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V Qurultayı keçirilib.
Tədbirdən
əvvəl qurultay iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını
ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar.
Şəhidlər xiyabana gələn qurultay iştirakçıları Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın
xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil
qoyublar.
Sonra ASK prezidenti Məmməd Musayev qurultayı açıq elan
edib və Qurultay Azərbaycan himninin səsləndirilməsi ilə öz işinə başlayıb.
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu
oxuyub.
Nazir qeyd edib ki, iqtisadiyyatın aparıcı qüvvəsi olan
sahibkarlığın inkişafının dəstəklənməsi Azərbaycan Respublikası Prezidentinin
daim diqqətindədir və ölkəmizdə qeyri-neft sektoru üzrə istehsalın və ixracın
artırılması, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı
olaraq yaxşılaşdırılması, dövlət-sahibkar münasibətlərinin inkişafı, biznesə
yeni dəstək mexanizmlərinin yaradılması istiqamətində mühüm tədbirlər həyata
keçirilib. Qeyd olunub ki, sahibkarlığa dövlət dəstəyi sisteminin tərkib hissəsi
kimi sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi,
sənaye parkları və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların
yaradılması, ixrac missiyalarının təşkili və digər tədbirlər ölkəmizdə
sahibkarlığın davamlı inkişafının təmin olunmasına və özəl sektorun
iqtisadiyyatda xüsusi çəkisinin artmasında mühüm rol oynayır. Həyata keçirilmiş
məqsədyönlü tədbirlər nəticəsində özəl bölmənin payı artaraq ÜDM-də 84 faizə
yaxın, məşğulluqda isə 76 faiz təşkil edir.
Görülmüş tədbirlər beynəlxalq hesabatlarda da öz müsbət əksini
tapır. Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan öz
mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb,
dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə
elan olunub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəhbərlik
etdiyi qurumun sosial və iqtisadi məsələlər üzrə üçtərəfli Komissiya çərçivəsində
Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əməkdaşlığı barədə məlumat verib.
Bildirilib ki, şəffaf biznes və sağlam rəqabət mühitində sahibkarlığın genişlənməsinə
əlverişli şərait yaradılması Azərbaycanın dinamik və uzunmüddətli inkişafı məqsədilə
aparılan uğurlu siyasətin əsas istiqamətlərindəndir. Bu siyasət milli
iqtisadiyyatda, eyni zamanda, insan kapitalının inkişafında, yeni iş yerlərinin
yaradılmasında, əmək bazarının inkişafında, məşğulluq səviyyəsinin yüksəldilməsində
özəl sektorun rolunun əhəmiyyətli şəkildə artmasına səbəb olub.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
Səttar Möhbalıyev təmsil etdiyi qurum ilə Azərbaycan Sahibkarlar
Konfederasiyası arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edib,
sahibkarlıq subyektlərində işçilər üçün əlverişli və təhlükəsiz əmək şəraitinin
yaradılmasının əhəmiyyətini, sosial məsuliyyətin vacibliyini, sahibkarların
sosial məsələlərin həllində rolunu vurğulayıb.
Beynəlxalq Maliyyə Korporasiyasının ölkə üzrə direktoru
Aliyə Əzimova təşkilatın qeyri-neft sektorunun inkişafına və sahibkarlığın dəstəklənməsinə
göstərdiyi investisiya və məsləhət xidmətləri, bu istiqamətdə aidiyyəti
qurumlarla həyata keçirilən əməkdaşlıq tədbirləri barədə məlumat verib.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin sədri, akademik Ziyad Səmədzadə dövlət başçısının rəhbərliyi ilə son
dövrlərdə ölkəmizdə sahibkarlıq sahəsində həyata keçirilən effektli islahatlar
və qəbul edilən qanunvericilik aktlarının sahibkarlığın inkişafında önəmli
rolunu diqqətə çatdırıb, özəl bölmənin və biznes mühitinin daha da
yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə fikirlərini
bölüşüb.
Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri
Hadi Rəcəbli sahibkarlığın inkişafı ilə bağlı qəbul edilən qərarların
iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından xüsusi əhəmiyyət
daşıdığını və kiçik və orta sahibkarlığın inkişafı üçün yeni imkanlar açdığını
vurğulayıb.
Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi
Şurasının sədri, Moldova Sənayeçilər və Sahibkarlar Milli Konqresinin
prezidenti Vasili Tarlev Azərbaycanda iqtisadi sahədə əldə olunmuş nailiyyətləri
vurğulayaraq, Moldova sahibkarlarının azərbaycanlı sahibkarlarla əməkdaşlığın
genişləndirilməsində maraqlı olduqlarını qeyd edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin
icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda son illər ərzində aparılan iqtisadi
islahatlar barədə məlumat verib. Bildirilib ki, ölkəmizdə yaradılmış əlverişli
biznes və investisiya mühiti sahibkarlığın genişləndirilməsi və inklüziv əmək
bazarının inkişafı üçün yeni imkanlar yaradır.
Qurultayda, həmçinin Türkiyə-Azərbaycan Biznes Şurasının
(DEİK) sədri Selçuk Akat, Gürcüstan İşəgötürənlər Assosiasiyasının prezidenti
Elquca Meladze, Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin (MKPP)
vitse-prezidenti Vyaçeslav Pşeniçnikov çıxış edərək qurultayın işinə uğurlar
arzulayıblar.
Sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının
prezidenti Məmməd Musayevin hesabat çıxışı dinlənilib. Qeyd edilib ki, Azərbaycan
Sahibkarlar Konfederasiyası ölkədə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və
milli iqtisadiyyatın inkişafına istiqamətlənən bütün qərar və proqramların
icrasında fəal iştirak edir. Hazırda konfederasiyanın tərkibinə 6000-dən artıq
sahibkarlıq subyekti, o cümlədən 70-ə qədər iqtisadi və sosialyönümlü
assosiasiya, holdinq, birlik, ittifaq və qeyri-hökumət təşkilatı, iri şirkətlər,
banklar, sığorta təşkilatları və qrupları daxildir. Məmməd Musayev
konfederasiyanın əvvəlki qurultaydan ötən müddətdə gördüyü işlər barədə
qurultay iştirakçılarına məlumat verib.
Bundan sonra ASK-ın nəzarət-təftiş komissiyasının
hesabatı dinlənilib, idarə heyətinin və rəyasət heyətinin yeni tərkibi
formalaşıb, ASK-ın prezidenti və vitse-prezidentləri, nəzarət-təftiş
komissiyasının sədri seçilib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının Nizamnaməsinə təklif olunan əlavə və dəyişikliklər
qəbul edilib ki, bu da konfederasiyanın idarə olunmasının təkmilləşdirilməsinə,
idarəetmədə operativliyin gücləndirilməsinə xidmət edir.
Açıq səsvermə zamanı qurultay nümayəndələrinin yekdil qərarı
ilə Məmməd Musayev yenidən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının prezidenti seçilib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının V Qurultayının iştirakçıları adından ölkə Prezidenti
İlham Əliyevə müraciət qəbul edilib. Müraciətdə sahibkarlar onlara göstərilən
qayğıya və davamlı dəstəyə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını
bildirib və ölkə başçısı tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf
strategiyasına uyğun olaraq, ölkəmizin davamlı inkişafı, dayanıqlı və sağlam
bazar münasibətlərinin formalaşdırılması istiqamətində konfederasiyanın fəaliyyətini
səylə davam etdirəcəyini vurğulayıblar.