Azərbaycanda həyata keçirilən islahatlar strategiyasının banisi
09 May 2017
Xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır.
Bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi nadir dühalar
isə bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu öndərin Azərbaycanın
müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı ölçüyəgəlməz
misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol
oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə
başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik,
demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən
yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət
Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək
və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Heydər Əliyevin
fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması,
iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına
inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi
ardıcıl prioritet sahələr təşkil etmişdir.
Ulu öndər demokratik, hüquqi dövlət quruculuğu istiqamətində
davamlı siyasət yeridərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin
bərqərar olması üçün əsaslı zəmin yaradıb. Onun rəhbərliyi altında Azərbaycan
dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları
ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə
inkişaf etməyə başlayıb.
Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət
verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması,
milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə
etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli
olub. Dahi rəhbərin fəal diplomatiyası sayəsində Azərbaycan dünyanın demokratik
dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb
edildiyi silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola
bilib.
Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq
hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi
bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil
edib. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları
özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə ilk növbədə
milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə
yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll
edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq
yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan
qaldırılması prinsipləri dayanırdı.
Ümummilli lider Azərbaycanın təbii sərvətlərindən, əlverişli
coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə
istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib
hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət
göstərib. Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli
beynəlxalq müqavilələrə imza atılıb və onların həyata keçirilməsinə başlanıb.
Heydər Əliyevin təşəbbüsü ilə böyük siyasi məna kəsb edən bir sıra dünya
miqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan aparıcı rol
oynayıb. Böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər
Əliyevin danılmaz xidmətləri olub.
Tarixin amansız və sərt sınaqları dövründə dünyanın
ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların
birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri
var. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil
Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu
istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir.
Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın
bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə
çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz
bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev
dühasının bir zərrəsi var.
Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər
bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda
taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi
inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi
milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır.
Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər
Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının
tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan
xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi
irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən
böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan
dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən
qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin
qorunub saxlanması deməkdir.
Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş bütün qəsdlərdən
uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi,
inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Heydər Əliyevin
Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş,
onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz
xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək
böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən
dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut
etdi ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.
Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan
dövlətinin qurucusudur. Ulu öndərin zəngin irsi, ideyaları və tövsiyələri
müasir cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyidir, həmçinin möhtəşəm səfərbəredici
amildir. Ümummilli liderin təlatümlərdən, təhlükələrdən çıxararaq
qurub-yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında
bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Ulu öndərin
yaratdığı quruculuq şəraiti indi Azərbaycanın real siyasi və iqtisadi həyatında
təzahür edir.
Bu gün Azərbaycanın iqtisadi möcüzələr ölkəsi kimi
tanınması, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkanda yerləşən
ölkə olaraq beynəlxalq tədbirlərə evsahibliyi etməsi, ən əsası, inkişafın Azərbaycan
modelinin dünyaya böyük səs salması təməli ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan düzgün siyasətə əsaslanır. Bu gün Azərbaycan bayrağının dünyanın ən
nüfuzlu təşkilatlarının qarşısında dalğalanması, dünyada gedən proseslərə təsir
imkanlarının artması da deyilənlərin təsdiqidir.
Siyasi, iqtisadi, sosial islahatları düzgün müəyyənləşdirən
ulu öndərin fenomen bacarığı, dövlətçilik tariximizdəki missiyası, irsi,
müqayisəyəgəlməz örnək xidmətləri təcrübə məktəbidir. Milli məfkurənin, azərbaycançılıq
ideyalarının formalaşması, milli-mənəvi dəyərlərin qorunması da ulu öndərin adı
ilə bağlıdır. Ölkəmizdə söz, vicdan, əqidə azadlığı, insan hüquqlarının
qorunması Heydər Əliyev dövlətçilik məktəbinin ənənələri və ayrılmaz tərkib
hissəsidir.
Həyatının mənasını, Azərbaycanın iqtisadi və intellektual
potensialını xalqımızın xoşbəxt və firavan yaşamasına yönəldən ulu öndər tarixi
şəxsiyyət kimi tək əməlləri ilə deyil, dolğun, məntiqli çıxışları, natiqlik məharəti
ilə də insanların qəlbinə yol tapırdı. Bu bir həqiqətdir ki, zəruri, mükəmməl
qanunların qəbulu ilə kifayətlənməyən, müxtəlif istiqamətlərdə konkret fəaliyyət
proqramının işlənib hazırlanması ilə ölkə iqtisadiyyatını yeni mərhələ üzrə
inkişaf etdirən Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan
demokratik ölkə kimi əməkdaşlıq, sivilizasiyaların dialoq bölgəsinə
çevrilmişdir.
"Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət
quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin
xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətləri
götürüb tətbiq edərək heç vaxt dinimizdən, adət-ənənələrimizdən ayrıla bilmərik
və imtina edə bilmərik" deyən ümummilli lider Heydər Əliyev Azərbaycanın
demokratiya yolu ilə inkişafını gələcək üçün təminat hesab edərək fəaliyyətinin
bütün dövrlərində əsas dayaq kimi xalqa arxalanırdı. Ulu öndərin mövqeyi belə
idi: Azərbaycandakı bütün prosesləri xalqın istəyinə uyğun istiqamətləndirmək.
Azərbaycanın bu gün demokratiya təcrübəsinin digər
dövlətlərə nümunə göstərilməsi də dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin gələcək
inkişaf yolunun parametrlərini müəyyənləşdirərkən bu prinsipləri öndə
saxlamasından irəli gəlir: "Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət
qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir
və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya
demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik
dövlət quruculuğu yolu ilə getməlidir".
Dünya şöhrətli siyasətçi, müdrik dövlət başçısı,
islahatçı lider kimi tanınan və adı həmişə hörmətlə çəkilən ulu öndər siyasi fəaliyyətinin
bütün dövrlərində tək öz xalqı üçün deyil, bəşəriyyətdə sülhün bərqərar olması
naminə çalışmışdır.
Daim xalqın müstəqilliyi və azadlığı uğrunda çalışan
LİDER fədakar vətəndaş, rəhbər kimi fəaliyyətinə də sivil, hüquqi dövlət
quruculuğuna yönəlmiş islahatlardan başladı. Uzaqgörən siyasətçi yaxşı bilirdi
ki, azadlıq, sərbəstlik olmayan yerdə inkişafa, yeniliyə nail olmaq nəinki çətindir,
hətta müşküldür. Buna görə də yeniliyə, müasirliyə aparan mühüm addımları ilə
Azərbaycanın suverenliyini əbədiləşdirən məsələlərin həllini sürətləndirdi.
Həmin islahatlar arasında demokratiyanı təkmilləşdirən məqamlara
üstünlük verildi. Xalqına, insanlara vurğunluğunu onların firavan yaşamasının təminatı
üçün həyata keçirilən islahatlarla təsdiqləyən Heydər Əliyev Azərbaycanı sivil,
demokratik ölkə kimi tanıtdı. Ümummilli lider Heydər Əliyev müdrik siyasətçi
kimi beynəlxalq aləmə inteqrasiyanın ən düzgün və balanslaşdırılmış yolu ilə
addımladı. İnsan hüquqlarının qorunması, ölkəmizdə, dünyada sülhün bərqərar
olmasını fəaliyyətinin əsas istiqaməti kimi müəyyənləşdirdi, BMT, AŞ PA, ATƏT
kimi nüfuzlu təşkilatlara üzv olmaqla demokratik islahatların tətbiqinə
çalışdı. Ulu öndərin səyi nəticəsində Azərbaycanda formalaşan, Prezident İlham
Əliyevin səyi ilə təkmilləşən demokratik islahatlar indi nümunə göstərilir, ölkəmiz
bəşəri dəyərlərin beşiyi kimi diqqət çəkir. Sevindirici haldır ki, proseslər bu
gün də dinamik sürətlə davam etdirilir.
Ulu öndər Azərbaycanda daim sosialyönümlü bazar
iqtisadiyyatının tərəfdarı olmuş, özəl sektorun dinamik inkişafı şəraitində
sosial problemlərin həllinə, o cümlədən işəgötürənlərlə işçilər arasında əmək
münasibətlərinin qanunauyğun qaydada tənzimlənməsini təmin etmək üçün dəfələrlə
qanunvericilik təşəbbüsündən istifadə etmişdir. Bu gün qürur hissi ilə qeyd edə
bilərik ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının müstəqil qurum
kimi formalaşması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Məhz ümummilli liderin şəxsi təşəbbüsü və nəzarəti
altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda həmkarlar
ittifaqları haqqında qanun qəbul edilmiş, bununla da bu təşkilatın normal fəaliyyətinə
şərait yaradılmışdır. Ulu öndərin uzaqgörən siyasəti sayəsində həmkarlar
ittifaqlarının uzun illər ərzində yaranmış maddi-texniki bazası qorunub
saxlanmış, həmkarlar ittifaqlarının demokratik idarəetmə prinsiplərinə əsaslanan
fəaliyyətinə dəstək verilmişdir. Ulu öndər həmişə bu qurumun fəaliyyətini izləməyə,
ona yardım göstərməyə vaxt tapmış, qurultaylarına təbrik məktubları göndərmiş, əldə
olunmuş nailiyyətləri yüksək qiymətləndirmiş, zəruri tövsiyələrini vermişdir.
Ulu öndərin 2003-cü il fevralın 5-də AHİK-in II
qurultayına ünvanladığı təbrik məktubunda deyilirdi: "Yeni şəraitdə həmkarlar
ittifaqlarının cəmiyyətdəki rolu daha da artmışdır. 1994-cü ildə qəbul olunmuş
"Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu bu
qurumun cəmiyyətimizdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və
vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün
hüquqi baza yaradır. Həmkarlar ittifaqları hazırkı dövrdə əmək prosesinə cəlb
olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət
göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda,
transmilli şirkətlərdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması,
sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni
metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət
göstərməlidirlər. Vətəndaşlarımızın ən böyük ictimai təşkilatı olan həmkarlar
ittifaqları yeni cəmiyyət quruculuğunda yaxından iştirak etməli, sosial siyasətin
həyata keçirilməsində önəmli rol oynamalıdırlar".
Məhz ulu öndərin xeyir-duası ilə “Həmkarlar ittifaqları
haqqında" qanun qəbul edilməklə həmkarlar ittifaqlarının cəmiyyətdəki yeri
və statusu müəyyən edildi; həmkarlar ittifaqlarının qeyri-siyasi təşkilat kimi
dövlət və təsərrüfat orqanlarından və siyasi sistemin digər vəsilələrindən
asılılığı aradan qaldırıldı; həmkarlar ittifaqlarının bütün strukturlarında, o
cümlədən aşağı vəsiləli həmkarlar ittifaqlarında inzibati-amirlik sisteminə son
qoyularaq sahə məsələlərinin həllində həmkarlar ittifaqlarının və orqanlarının
müstəqilliyi təmin edildi; əmək, sosial, iqtisadi məsələlər barəsində
qanunvericilik aktlarının hazırlanmasında həmkarlar ittifaqlarının hüquqları
tanındı; Azərbaycan həmkarlar ittifaqları beynəlxalq həmkarlar ittifaqları hərəkatının
tərkib hissəsinə çevrildi. Bütün bunlar respublikada həmkarlar ittifaqı hərəkatının
inkişafına stimul yaradaraq işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsini
daha səmərəli formada həyata keçirməyə imkan yaratdı.
Ümummilli lider Heydər Əliyevin strategiyasına sadiq olan
Prezident İlham Əliyevin həmkarlar ittifaqlarının sosial-iqtisadi məsələlərlə
bağlı mövqeyini dəstəkləməsi və bu sahədə mühüm qərarlar qəbul etməsi xüsusi əhəmiyyət
kəsb edir. Prezident İlham Əliyev dəfələrlə həmkarlar ittifaqlarının güclü qüvvə
olduğunu və Azərbaycanda əmək hüquqlarının qorunmasında, işçilərin sosial məsələlərinin
həllində mühüm rola malik olduğunu qeyd etmişdir: "Əminəm ki, həmkarlar
ittifaqları cəmiyyətdə əməkdaşlıq ruhunun bərqərar olması, sosial ədalət
prinsiplərinə riayət edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək
hüquqlarının qorunması, işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsi
istiqamətində çox iş görə bilər". Cənab Prezidentin bu fikirləri həmkarlar
ittifaqlarını daha da əzmkarlıq, birlik və həmrəylik nümayiş etdirməyə istiqamətləndirir.
Bu gün Azərbaycan həmkarlar ittifaqları vətəndaş cəmiyyətinin
əsas institutlarından biri olmaqla cəmiyyətdə öz yerinin və rolunun möhkəmləndirilməsi
üçün real yollar axtarıb tapır. Sosial ədalət prinsiplərinə əməl edilməsi,
bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlə
işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində məqsədyönlü tədbirlər
həyata keçirir.
Azərbaycan həmkarlar ittifaqları respublikamızın ictimai
həyatında mühüm rol oynamaqla iqtisadiyyatın və cəmiyyətin demokratik dəyərlərinin
inkişafı sahəsində qarşıda duran vəzifələri yerinə yetirir, qloballaşmanın dərinləşməsi
şəraitində dünya həmkarlar ittifaqları ilə əməkdaşlığı genişləndirir. Əhalinin
sosial-iqtisadi və məşğulluq problemlərinin həlli üçün hökumətlə sıx əməkdaşlıq
edir, cəmiyyətdə mövqeyinin güclənməsinə çalışır. 26 sahə həmkarlar ittifaqını
öz ətrafında birləşdirən AHİK və onun üzv təşkilatları qanunvericilikdə onlara
həvalə edilmiş hüquq və səlahiyyətlərinin yerinə yetirilməsində uğurlu addımlar
atırlar.
Azərbaycanın siyasi mənzərəsi sabitdir, dinamik inkişaf
bütün sahələrdə hiss olunur. Bu, yalnız ulu öndər Heydər Əliyevin, onun layiqli
davamçısı Prezident İlham Əliyevin gərgin zəhmətinin bəhrəsidir.
Ulu öndərin əsasını qoyduğu inkişaf strategiyasını uğurla
davam etdirən Prezident İlham Əliyevin səyi ilə qısa müddət ərzində Azərbaycanın
keçid iqtisadiyyatını arxada qoymasına nail olunmuşdur. Ölkədə həyata keçirilən
mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi Prezident İlham Əliyev
iqtisadi inkişafın Azərbaycan modelini yaratmışdır. Bu, ölkəmizin ümumi siyasətinin
ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya
birliyində köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər
sırasında yer almasına xidmət edir.
Bu gün ölkəmizin tərəqqisinin əsasında ulu öndər Heydər
Əliyevin ideyaları dayanır. Azərbaycanın indiki zənginliyi, intibahı Heydər
Əliyev ideyalarının öz real təsdiqini tapması sayəsində mümkün olmuşdur. Bu gün
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, qətiyyətli siyasət, həyata
keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən
xəbər verir. Ayrı-ayrı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata
keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin
iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında getdikcə
mühüm rol oynayır.
Səttar Möhbalıyev,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
Azərbaycan qəzeti
09.05.2017