Azərbaycan həmkarlar ittifaqlarının əhatəsində olan mədəniyyət müəssisələri və kitabxanalarının mövcud hesabat formalarına əlavə və dəyişikliklər edilməsi haqqında
21 Jun 2010
Ölkədə dövlət qurucğu prosesi surətləndikcə, ictimai, hüquqi, psixoloji mühit keyfiyyətcə dəyişdikcə, dünya iqtisadiyyatına inteqrasiya prosesi dərinləşdikcə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi bütün strateji əhəmiyyətli sahələrdə dinamik inkişafın və tərəqqinin vəziyyəti ilə bağlı beynəlxalq dünya standartlarına müvafiq təhlil aparır və yekunlara görə külliyatlar nəşr edir.
Əsas məqsəd sistemli şəkildə toplanan statistik məlumatlar əsasında inkişaf prioritetləri haqda dəqiqləşdirilmiş göstəricilərin istifadəçilər üçün yararlığın təmin edilməsidir.
Statistika Komitəsi «Azərbaycanda mədəniyyət» adlı illik statistik məcmuəsinə ölkə üzrə tam olaraq məlumatları daxil etmək məqsədilə, AHİK-ə, onun tabeliyində və əhatəsindəki mədəni-məişət obyektləri barədə göstəricilərin əks etdirilməsi təklifi ilə ardıcıl müraciət (Statistika Komitəsinin 06 aprel 2005-ci il tarixli, 5/1-40 saylı, 24 may 2005-ci il tarixli, 5/1-66 saylı məktubları) etmişdir.
Bununla əlaqədar, müvafiq mədəniyyət müəssisələri və kitabxanalara dair mövcud hesabat formalarının Statistika Komitəsinin standartlarına uyğunlaşdırılması, onlarda gənc nəsil və gender faktorları nəzərə alınmaqla əlavə və dəyişikliklər aparılması, habelə bu məlumatların Respublikaının regionları üzrə toplanması zərurəti yaranmışdır.
Yuxarıdakıları nəzərə alaraq AHİK-in İcraiyyə Komitəsi qərara alır:
1. «Həmkarlar ittifaqları mədəniyyət müəssisələri və kitabxanalarının ümumi illik hesabat» formalarına əlavə və dəyişikliklər nəzərə alınsın (əlavə olunur).
2. Xidmət sahəsində mədəniyyət müəssisələri və kitabxanalar olan sahə (Respublika, mərkəzi) həmkarlar ittifaqları bu məsələyə aid rəy və təkliflərini 15 gün müddətində AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinə təqdim etsinlər və hesabat formalarının yekun redaksiyası yenidən müzakirəyə çıxarılsın.
3. Qərarın yerinə yetirilməsinə nəzarət AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinə (N.Hüseynov) həvalə olunsun.
18 noyabr 2005-ci il (pr.14 b.5)