Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin geniş iclası keçirilmişdir
30 Mar 2012
AHİK-nin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Ümumhəmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti haqqında məlumat verərək demişdir ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin həmkarlar ittifaqlarının təşkilatlarını özündə birləşdirən bu qurum ötən 20 il ərzində əmək adamlarının hüquqlarının müdafiəsi uğrunda gərgin mübarizə apararaq böyük nailiyyətlər qazanmışdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2004-cü ildən bu təşkilatın üzvü kimi fəaliyyət göstərərək bütün tədbirlərində iştirak etmiş və konstruktiv əməkdaşlıq əlaqələri yaratmışdır.
S.Mehbalıyev bildirmişdir ki, AHİK beynəlxalq təcrübədən istifadə edərək əmək adamlarının hüquqlarının müdafiəsi uğrunda real nəticələrə nail olmuşdur. Ölkəmizdə böyük iqtisadi inkişaf müşahidə edilməkdədir. Bu inkişafın nəticəsi olaraq yeni istehsal müəssisələri yaradılır və iş yerləri açılır. Ona görə də işçilərin əmək hüquqlarının müdafiəsi daha da aktual xarakter alır. AHİK hökumətə və parlamentə təkliflər verərək, iqtisadiyyata, əməyə, mədəniyyətə və başqa müvafiq sahələrə dair qanun layihələrinin hazırlanmasında fəal iştirak edir.
ÜHİK-in baş katibi Vladimir Şerbakov demişdir ki, cari ildə qurumun VII qurultayı keçiriləcək. Ona görə də təşkilata üzv olan milli həmkarlar ittifaqları təşkilatlarında hesabat verir və vəziyyətlə tanış oluram. Azərbaycandan əvvəl bir sıra başqa dövlətlərə gedərək vəziyyətlə yaxından tanış olmuşam. Dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycan öz inkişafını davam etdirir. Azərbaycanda işçilərin sosial vəziyyəti haqqında danışarkən demək lazımdır ki, burada hər il əməkhaqları və pensiyalar artırılır. İşçilər üçün layiqli əmək şəraiti yaradılır. Azərbaycan Prezidentinin ölkə vətəndaşlarının sosial vəziyyətinə qayğı ilə yanaşması çox sevindirici haldır. Ən əsası isə Azərbaycanda ümumi gəlirlərin ədalətli bölgüsü vardır. Mən ötən il də Azərbaycanda olmuşdum. Bir il ərzində Bakı şəhərində çox böyük dəyişikliklər baş vermişdir. Binalar xüsusi zövqlə inşa edilir. Şəhərdə insanların sevinci və rahatlığı hiss olunur.
Təəssüf ki, bütün MDB ölkələri haqqında eyni sözləri demək olmur. Bakıdan əvvəl mən Yerevanda keçirilən iclasda iştirak etmişdim. Orada sosial vəziyyət acınacaqlı haldadır. Bir sıra ölkələrdə orta aylıq əməkhaqqı 100 ABŞ dollarından da aşağıdır. İnsanlar çətin şəraitdə yaşayırlar.
V.Şerbakov ümummilli lider Heydər Əliyevlə olan görüşlərini xatırlayaraq ulu öndərin təkcə Azərbaycan üçün deyil, keçmiş Sovet İttifaqının bütün respublikaları üçün böyük işlər gördüyünü qeyd etmiş və Azərbaycan Həmkarlar İttifaqlarına uğurlar arzulamışdır.
Sonra ÜHİK-in rəhbər vəzifələrinə namizədlər üzrə AHİK-in təklifləri müzakirə olunmuşdur.