AZ | RU | EN

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin QƏRARI

29 Apr 2013

Müsabiqəyə 19 sahə həmkarlar ittifaqlarını təmsil edən 45 müəssisə, təşkilat, sex və sahənin materialları təqdim edilmişdir. Təşkilatlardan ən yaxşıları seçilmiş və sənədləri AHİK-in müvafiq komissiyasına göndərilmişdir.

2012-ci il ərzində 17080 işçini, o cümlədən 5582 qadın işçini təmsil edən 45 müəssisə və təşkilatda ilk həmkarlar ittifaqı komitələri, əməyin mühafizəsi komissiyaları və ictimai müvəkkilləri nəzarət-profilaktika işini yüksək  səviyyədə təşkil etmiş, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına, maşın və mexanizmlərin, avadanlıqların istismarı zamanı təhlükəsizlik texnikasının tələblərinə əməl olunmasına, işçilərin sosial məişət şəraitinin yaxşılaşdırılmasına dair 402 yoxlama həyata keçirmişdir.

Bunun nəticəsində həmkarlar ittifaqı komitələri tərəfindən təhlükəsizlik tələblərinə cavab verməyən, işçilərin həyatına və sağlamlığına təhlükə törədən 89 dəzgah, avadanlıq aşkar olunmuş və sahənin işinin dayandırılması barədə məsələ müəssisə müdiriyyətinin müzakirəsinə verilmişdir. Əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması üçün kollektiv müqavilələrin əməyin mühafizəsi bölməsinə sosial məsələlərə aid 452 adda bənd əlavə edilməsinə nail olunmuşdur.

İlk təşkilatların həmkarlar ittifaqı komitələrinin 154, əməyin mühafizəsi komissiyalarının 1334 iclasının müzakirə mövzusu əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri olmuşdur.

Bütün bu tədbirlər əməyin mühafizəsinin yaxşılaşdırılmasına ayrılan maliyyə vəsaitinin əvvəlki illə müqayisədə 43,7%, həmin vəsaitin hər işçiyə görə isə 3,7% artırılmasına nail olması ilə nəticələnmişdir.

Təklif olunmuş tədbirlərin yerinə yetirilməsinə və maliyyə vəsaitlərinin istifadəsinə nəzarətin həyata keçirilməsi nəticəsində müəssisələrdə əmək şəraitinin və mühafizəsinin yaxşılaşdırılmasına yönəlmiş 387 tədbir həyata keçirilmiş, attestasiya olunmuş iş yerlərinin sayı 93%-ə çatdırılmış, işçilərin 97,4%-i tibbi müayinədən keçirilmişdir.

İşçilər müəyyən olunmuş normalar daxilində ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin olunmuşlar.

Müsabiqə üzrə AHİK-in müvafiq komissiyasının 01 mart 2013-cü il tarixli iclasında irəli sürülmüş təkliflər nəzərə alınmaqla AHİK-in İcraiyyə Komitəsi qərara alır:

1. AHİK tərəfindən keçirilmiş «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» devizi, «Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 20 illiyi» şüarı ilə «Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq sahəsində ilin ən yaxşı müəssisəsi – 2012» adı uğrunda Respublika müsabiqəsinin 2012-ci il üzrə qalibləri təsdiq olunaraq və AHİK-in diplom və hədiyyələri ilə təltif edilsinlər. (əlavə olunur)

2. AHİK-in əməyin mühafizəsi şöbəsinə, Konfederasiyanın üzv və tabeliyindəki təşkilatlara ilk həmkarlar ittifaqı komitələrinə əməyin mühafizəsi üzrə qanunvericiliyə və qaydalara riayət edilməsinə dair ictimai nəzarətin təşkilinin yaxşılaşdırılması işində lazımi köməklik göstərilməsi tapşırılsın.

3. Respublika müsabiqəsinin yekunlarına görə qaliblər AHİK-in komissiyasının təklifinə əsasən mükafatlandırılsın ( əlavə olunur).

4. Sahə həmkarlar ittifaqı respublika komitələrinə, birliklərinə tövsiyə olunsun ki, 2012-ci il üzrə qaliblərlə yanaşı müsabiqədə iştirak etmiş əmək müfəttişlərinin, kollektiv və təşkilatların həvəsləndirilməsi üçün tədbirlər görsünlər.

5. «Ülfət» qəzetinin redaksiyasına respublika müsabiqəsinin yekunlarının və qaliblərin təcrübəsinin  işıqlandırılması tapşırılsın.

6. «Sağlam təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2013-cü ilin ən yaxşı müəssisəsi (təşkilatı)» devizi ilə növbəti il üzrə respublika müsabiqəsi elan edilsin və müsabiqə AHİK İcraiyyə Komitəsinin 25 noyabr 2009-cu il tarixli (pr. № 6b. 32ə) qərarı ilə təsdiq edilmiş vahid metodikasına uyğun həyata keçirilsin.

7. Bu qərarın yerinə yetirilməsinə nəzarət AHİK-in əməyin mühafizəsi şöbəsinə (V.Arqutkin) həvalə edilsin.