AZ | RU | EN
AZ | EN | RU

AHİK-in IV qurultayının nümayəndələrinin MÜRACİƏTİ

06 Feb 2013

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası IV qurultayının nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti zati-aliləri, cənab İlham Əliyevə MÜRACİƏTİ

Siz ölkə iqtisadiyyatının aparıcı sahəsi olan neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın inkişafını ən ümdə məsələ, prioritet vəzifə kimi qarşıya qoymusunuz. Son illərdə bu istiqamətdə çox böyük işlər görülüb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının ardıcıl həyata keçirilməsi bütün bölgələrin simasının yeniləşməsinə, hətta ən ucqar kəndlərin belə tərəqqisi, müasir infrastrukturun formalaşması sahəsində mühüm uğurların qazanılmasına imkan yaradıb. Son illərdə yüz minlərlə yeni iş yerinin açılması, yoxsulluq səviyyəsinin kəskin aşağı düşməsi, rayon və kəndlərimizdə minlərlə sənaye və emal müəssisələrinin, yüksək standartlara cavab verən təhsil və səhiyyə ocaqlarının, xidmət obyektlərinin inşası uğurlarımızın yalnız bir hissəsidir.

 

Möhtərəm cənab Prezident!

Əməkhaqlarının, pensiyaların mütəmadi artırılması, aztəminatlı ailələrə müavinətlərin verilməsi, şəhid ailələrinə və müharibə veteranlarına maddi yardımların çoxalması dövlətin öz vətəndaşlarına diqqət və qayğısının parlaq təzahürüdür. Aztəminatlı təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyan Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamları ilə minimum aylıq əməkhaqqının məbləği, işsizlik müavinətinin, peşə hazırlığı müddətində işaxtaran və işsiz vətəndaşlara ödənilən təqaüdün, işləməyən əmək pensiyaçılarına ödənilən pensiya və müavinətlərin minimum həddi mütəmadi olaraq artırılır.

Müstəqil Azərbaycan dövləti bu gün regionda reallaşan bütün irimiqyaslı transmilli layihələrin təşəbbüskarı, əsas iştirakçısıdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin tam gücü ilə işə düşməsi Azərbaycanın həm də dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllinə sanballı töhfəsi sayılmalıdır. Hazırda isə yeni nəhəng enerji və nəqliyyat layihələrinin gerçəkləşməsi sahəsində geniş tədbirlər həyata keçirilir.

Sizin yürütdüyünüz həm daxili, həm də xarici siyasət kursunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həlli mühüm yer tutur. Məhz dövlətimizin başçısının apardığı gərgin iş sayəsində dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistanın bir sıra əsas beynəlxalq təşkilatlar tərəfindən işğalçı dövlət kimi qəbul edilməsi, təcavüzkar siyasətinin pislənilməsi ölkəmizin diplomatik qələbəsidir.

Ötən il Azərbaycanın gərgin rəqabət şəraitində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizə göstərilən etimadın nümunəsi kimi qiymətləndirilməlidir. Ermənistanın Azərbaycana qarşı məkrli informasiya siyasətinə baxmayaraq BMT-nin 193 üzv dövlətindən 155-nin birbaşa dəstəyi respublikamızın beynəlxalq nüfuzunun artdığını əyani şəkildə təsdiq etdi.

Bakıda keçirilən «Evrovizion-2012» mahnı müsabiqəsinin möhtəşəm təşkili dövlətimizin və xalqımızın yüksək mədəni səviyyəsini, iqtisadi potensialını, müasir inkişaf xüsusiyyətlərini və tolerantlığını dünyaya bir daha nümayiş etdirdi.

2015-ci ildə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi Azərbaycanın istər qitə, istərsə də dünya miqyasındakı rolunun və təsir imkanlarının  artmasının parlaq göstəricisidir.

Xalqımız bütün bunlara şəxsən Sizin uzaqgörən daxili və xarici siyasətiniz nəticəsində nail olub.

 

Möhtərəm cənab Prezident!

Ölkəmizdə ən kütləvi ictimai təşkilat olan həmkarlar ittifaqlarına göstərdiyiniz diqqət və qayğını qurultay nümayəndələri xüsusi minnətdarlıq hissi ilə qeyd edirlər.

Ötən ilin iyun ayında imzaladığınız  “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu cəmiyyətdə həmkarlar ittifaqlarının rolunun möhkəmləndirilməsinə doğru daha bir addım oldu.

Keçən illər ərzində, eləcə də bu günlərdə qurultay ərəfəsində həmkarlar ittifaqı hərəkatının inkişafındakı xidmətlərinə görə üzvlərimizin böyük qrupunun Azərbaycanın orden və medalları ilə təltif edilməsi, onlara fəxri adların verilməsi, Prezident təqaüdünə layiq görülməsi haqqındakı sərəncamlarınız bizi daha da ruhlandırır.

Bu qayğı və diqqətə cavab olaraq həmkarlar ittifaqları bundan sonra da vətəndaşların əmək və sosial-iqtisadi hüquqlarının təmin olunması sahəsində öz missiyasını daha əzmkarlıqla həyata keçirəcək, Sizin rəhbərliyiniz ilə respublikamızda gerçəkləşdirilən vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə layiqli töhfələr verəcəkdir.

 

Cənab Prezident!

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı 1 milyon 600 min həmkarlar ittifaqı üzvü adından Sizin 2013-cü il prezident seçkilərində namizədliyinizi irəli sürmək və dəstəkləmək haqqında mühüm qərar qəbul etdi. Bu qərar Sizin Azərbaycan xalqına və dövlətinə göstərdiyiniz xidmətin, ölkə vətəndaşlarının, xüsusilə həmkarlar ittifaqları üzvlərinin sosial qayğılarına, əmək hüquqlarının təmin olunmasına daimi diqqətinizin  və bütövlükdə həmkarlar ittifaqına verdiyiniz qiymətin nəticəsidir. Xahiş edirik, Azərbaycan həmkarlar ittifaqlarının IV qurultayının 2013-cü il prezident seçkilərində Sizin namizədliyinizi irəli sürmək və dəstəkləmək qərarını qəbul edəsiniz.

Sizə möhkəm cansağlığı və Azərbaycanın müstəqil inkişafı naminə uğurlar arzulayırıq.

 

AHİK-in IV qurultayının

nümayəndələri

Bakı şəhəri

5 fevral 2013-cü il


FAYDALI KEÇİDLƏR