Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında müşavirə keçirilmişdir
19 Feb 2013
Müşavirədə çıxış edən AHİK sədri, millət vəkili S.Mehbalıyev bildirmişdir ki, Dövlət Proqramının icrası ölkəmizin inkişafı üçün çox böyük rol oynamışdır. Respublikamızda sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlərin miqyası həqiqətən də nəhəngdir. “Dövlət Proqramı”nın icrası nəticəsində bölgələrin siması dəyişir, sənaye mərkəzləri yaradılır, müasir standartlara uyğun yüzlərlə emal, istehsal, sosial obyektlər tikilib istifadəyə verilir, insanların yaşayış səviyyəsi yüksəlir. Bütün ölkəni əhatə edən yol-nəqliyyat, içməli su, suvarma-meliorasiya layihələri başa çatdırıldıqdan sonra Azərbaycan həqiqətən də müasir Avropa standartlarına uyğun infrastruktura malik ölkəyə çevriləcəkdir.
Cənab Prezident konfransdakı çıxışında vurğulamışdır ki, Azərbaycanda yüksək texnologiyalara əsaslanan rəqabətədavamlı iqtisadi sistemin formalaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, əhalinin rifahının yüksəldilməsi, yoxsulluğun və işsizliyin tam aradan qaldırılması ölkənin sosial-iqtisadi inkişaf strategiyasının başlıca hədəflərindəndir.
S. Mehbalıyev müşavirədə demişdir ki, bu gün Azərbaycanın günbəgün müasirləşən siması, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan yeniləşmə Prezident İlham Əliyevin rəhbərliyi ilə konkret dövlət proqramları əsasında həyata keçirilən sosial-iqtisadı siyasətin böyük uğurlarından xəbər verir.
Prezident İlham Əliyevin konfransdakı çıxışında vəzifəsinin öhdəsindən gələ bilməyən, ölkə başçısının etimadını doğrultmayan kadrlar barəsindəki kəskin tənqidi fikirlərinə toxunan S.Mehbalıyev insan amilini, insan kapitalını ön plana çəkən Prezident İlham Əliyevin “Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhqiq edilməlidir, incidilməməlidir, hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir” sözlərini bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.
Konfederasiya sədri üzv təşkilatlarının rəhbərlərinə onların həmkarlar ittifaqı üzvləri tərəfindən yığıncaqlarında seçildiklərini, birbaşa onlara xidmət göstərməyə, sosial-iqtisadi problemlərinin həllində yardımçı olmağa, işçilərin əməyinin və sağlamlıqlarının mühafizəsinin yaxşılaşdırılması üçün bütün imkanlardan maksimum istifalə etməyə borclu olduqlarını xatırlatmışdır. Sədr işçilərin şikayətlərinə həssaslıqla yanaşılmasının, arzu və təkliflərinin daim nəzərə alınmasının, onların sağlamlıqlarının yaxşılaşdırılması üçün həmkarlar ittifaqlarının balansında olan sağlamlıq ocaqlarının imkanlarından səmərəli şəkildə istifadə olunmasının zəruriliyini bir tələb kimi irəli sürmüşdür.
Həmkarlar ittifaqı təşkilatlarının rəhbərlərinin işəgötürənlərlə birlikdə işçilərin problemlərinin həllinə həssassıqla yanaşmalarının vacibliyini vurğulayan AHİK sədri, millət vəkili S.Mehbalıyev onlarla birbaşa təmasda olmağı tövsiyə etmiş və müşavirə iştirakçılarına ölkə prezidentinin konfransdakı çıxışı ilə bağlı qarşıda duran vəzifələrlə əlaqədar özünün məsləhət və tapşırıqlarını vermişdir.