AZ | RU | EN
AZ | EN | RU

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının II Məclisi keçirilib

19 Dec 2014

AHİK Məclisinin tərkibinə dəyişiklik edilib, Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı Respublika Komitəsi AHİK üzvlüyünə qəbul olunub. Bundan başqa,AHİK İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının tərkibinə dəyişiklik edilib.

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev məruzə ilə çıxış edərək deyib ki, son illərdə respublikamızdakı sosial-iqtisadi inkişaf, ölkənin ictimai-siyasi həyatında baş verən dəyişikliklər həmkarlar ittifaqlarının dövlətlə və işəgötürənlərlə münasibətlərini daha da yaxşılaşdırıb. Ölkədə sistemləşdirilmiş məşğulluq siyasəti aparılır.

Konfederasiyanın sədri bildirib ki, 2013-cü ildə ölkə üzrə 380 istehsalat sahəsi istifadəyə verilmişdisə, yaxın perspektivdə daha 470 emal və infrastruktur sahənin işə salınması gözlənilir. Nəticə etibarilə, əmək bazarında müsbət dəyişikliklər baş verir. 2013-cü il ərzində respublika üzrə 110 min yeni iş yeri açılmışdısa, 2014-cü ilin təkcə 9 ayı ərzində 100 mindən çox iş yeri açılıb və son 10 ildə yeni açılan iş yerlərinin sayı 1 milyon 300 mini keçib. Orta və ali təhsil müəssisələrini yeni bitirmiş gənclər üçün zəmanətli iş yerlərinin, regionlarda qadınlar üçün iş yerlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.
Qeyd edilib ki, təkcə 2013-cü ilin yekunlarına görə həmkarlar ittifaqlarının texniki əmək müfəttişliyi tərəfindən yoxlanılan müəssisələrdə hər 18 işçidən birinin həyatı və sağlamlığı üçün risk amili aradan qaldırılıb. AHİK-in yarandığı gündən həmkarlar ittifaqlarının fəaliyyət göstərdiyi müəssisələrdə istehsalat zədələnməsinin sayı 4,4 dəfə, ölümlə nəticələnmiş bədbəxt hadisələrin sayı isə 4 dəfə azalıb.

19.12.14 19.12.14.2

19.12.14.3

AHİK sədri öz məruzəsində deyib ki, ətrafında 1,6 milyon işçini birləşdirən AHİK öz əməli fəaliyyətində hökumətlə demokratik dialoq qurmağa nail olub. Sosial əmək münasibətlərinin formalaşmasında muzdlu işçilərin ictimai və iqtisadi mənafelərini fəal müdafiə edən AHİK sosial tərəfdaşlığın inkişafına öz töhfəsini verib.

Diqqətə çatdırılıb ki, son illər həmkarlar ittifaqları qanunverici və normativ bazanın təkmilləşdirilməsi prosesinə də real təsir göstərir. Həmkarlar ittifaqının mərkəzi və sahə həmkarlar ittifaqı orqanları sosial tərəfdaşların iştirakı ilə həmkarlar ittifaqı fəallarının hərtərəfli maarifləndirilməsinə, tematik zona müşavirələrinin, iclasların, konfransların, “dəyirmi masa” müzakirələrinin, baxış-müsabiqələrin, dövlət-ictimai-həmkarlar ittifaqı nəzarətinin təşkilinə, istehsalat zədələnmələrinin və xəstələnmə hallarının profilaktikasına xüsusi önəm verir.

Bildirilib ki, 2014-cü ildən başlayan iqtisadiyyatın sənayeləşdirilməsinin yeni mərhələsi işəgötürənlərdən prinsipcə yeni iş yerlərinin yaradılmasını tələb edir. İşəgötürənlərin peşə risklərinin azaldılmasına iqtisadi marağının artırılması bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq həyata keçirilməlidir.

Məclis məruzə ətrafında çıxışlarla davam edib. Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov, Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rafiq İldarov, Sahibkarlıq, Özəl və Elm Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Tofiq Quliyev və başqaları çıxış edərək sədri olduqları təşkilatların gündəlikdə duran məsələ ilə bağlı fəaliyyətindən danışıblar. Çıxışlarda bildirilib ki, həmkarlar ittifaqları iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üçün böyük işlər görür.

Çıxış edənlər bildirdilər ki, təhlükəsizlik normalarının işlənib tətbiq edilməsi, avadanlıqların müntəzəm yenilənməsi, işçilərin Əmək Məcəlləsində nəzərdə tutulmuş saatlar müddətində işlədilməsi və sair məsələlərə ciddi ictimai nəzarət olunur. Tutulmuş cədvəl əsasında istehsalatlara reydlər keçirilir. Reydlər zamanı istehsal prosesi, avadanlıqların yararlılığı, əyani maarifləndirici vasitələrdən istifadə və sair yoxlanılır. İlk təşkilatların sədrləri, fəalları işçilərin əməyin mühafizəsi qaydaları mövzusunda təlimatlandırılmasında bilavasitə iştirak edirlər. Aşkara çıxarılan nöqsanlar müdiriyyətlə birlikdə müzakirə olunub aradan qaldırılır.
Çıxışlarda deyildi ki, tarif sazişlərində, kollektiv müqavilələrdə əməyin mühafizəsi bölməsi xüsusi diqqətlə hazırlanır. Həmin maddələrdə hər şey dəqiq və konkret əksini tapır.
Natiqlər təəssüflə bildirdilər ki, bütün səylərə baxmayaraq bədbəxt hadisələrdən tam qaçmaq mümkün olmur. Hətta ölüm halları da baş verir. Bunun bir səbəbi bəzi hallarda işəgötürənlərin, bəzi hallarda işçilərin özlərinin səhlənkarlığı, arxayınçılığı ilə bağlıdırsa, digər səbəbi sahələrin özlərinin riskli olması ilə əlaqədardır.
Çıxış zamanı bildirildi ki, Məclisə təqdim olunan məruzədə problemlər qabarıq şəkildə göstərildi. Bədbəxt hadisələrin mənbəyi, səbəbləri və həcmi ortaya qoyuldu. Sahə həmkarlar ittifaqlarının əməyin mühafizəsi istiqamətində gələcək fəaliyyət perspektivləri müəyyənləşdirildi.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev həmkarlar ittifaqlarının qarşısında böyük vəzifələrin durduğunu söyləyib. Ərəstun Mehdiyev bildirib ki, həmkarlar ittifaqı təşkilatları ölkəmizin ictimai həyatında, sosial-iqtisadi sistemində, əməyin təşkili prosesində mühüm rol oynayır. Bu təşkilatın üzərinə düşən vəzifələrin daha aydın dərk olunması və uğurla yerinə yetirilməsi vacib məsələdir. Bu məsələdə yerlərdə fəaliyyət göstərən həmkarlar təşkilatları rəhbərlərinin üzərinə də böyük məsuliyyət düşür.

Diqqətə çatdırılıb ki, əməyin təşkili, sağlamlığın qorunması, təhlükəsizliyin təmin olunması mürəkkəb bir məsələdir və bu, bütövlükdə müəssisənin rəhbərliyindən çox asılıdır, lakin bu sahədə həmkarlar ittifaqı təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür. İlk növbədə, bu təşkilatların rəhbərləri qanunvericiliyi yaxşı bilməlidirlər, özlərinin nəzəri biliklərini artırmalıdırlar, üzərilərinə düşən məsuliyyəti dərk etməlidirlər. Mütəmadi müzakirələr təşkil edilməlidir, maarifləndirmə işləri həyata keçirilməlidir, yerlərdə işçilər arasında söhbətlər aparmalıdırlar.

Şöbə müdirinin müavini deyib ki, bu gün ölkəmiz inkişaf edir, yeni iş yerləri açılır, yeni işçilər cəlb olunur. Əmək müqaviləsi ilə bu prosesə cəlb olunan, bir çox hallarda əmək müqaviləsindən kənarda da cəlb olunan insanların bilik və bacarıqlarının artırılmasına çalışmaq lazımdır. Həmkarlar ittifaqı təşkilatlarının yerlərdəki nümayəndələri baş verən bədbəxt hadisələrin qarşısının alınması üçün səylərini əsirgəməməlidirlər. Bu işdə kompleks tədbirlərin görülməsi vacibdir. Əməyin təhlükəsizliyinin gücləndirilməsi məsələsi çox önəmlidir. Müxtəlif metodlardan, mexanizmlərdən istifadə edilməklə bu, tam təmin olunmalıdır. Bu məsələdə daha məsuliyyətli yanaşma nümayiş etdirilməlidir.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov çıxışında təhlükəsiz iş şəraitinin yaradılması üçün həmkarlar ittifaqları ilə sahibkarların birgə fəaliyyət göstərməsinin zəruri olduğunu qeyd etdi.

Beynəlxalq Əmək Təşkilatının Azərbaycan üzrə koordinatoru Yaşar Həmzəyev üçtərfli komissiyanın yaradılmasının əhəmiyyətindən, bunun gələcəkdə gətirəcəyi faydalardan danışdı.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev bildirdi ki, əgər işəgötürənlər öz öhdəliklərini yaxşı bilsələr və ona əməl etsələr bədbəxt hadisələrin sayı azalar.
Sonda Məclis gündəlikdə duran məsələlərlə bağlı qərar qəbul etdi.









FAYDALI KEÇİDLƏR