AZ | RU | EN
AZ | EN | RU

AHİK-in IV qurultayının nümayəndələrinin MÜRACİƏTİ

06 Feb 2013

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası IV qurultayının nümayəndələrinin Azərbaycanda fəaliyyət göstərən  qeyri-hökumət təşkilatlarına Müraciəti

Azərbaycan iqtisadi yüksəliş tempinə görə bir çox qabaqcıl ölkələri belə geridə qoyur. İnsanların sosial rifahı günü-gündən yaxşılaşır. Əməkhaqları, müavinətlər və təqaüdlər mütəmadi olaraq artırılır. Təsadüfi deyil ki, son 10 ildə Azərbaycanda əhalinin yoxsulluq həddi 49%-dən 6%-ə düşüb.

Dövlətimiz beynəlxalq arenada da çox çevik və səmərəli xarici siyasət yürüdür. Respublikamızın dostları və tərəfdaşlarının sırası ardıcıl surətdə genişlənir. Biz bunu Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi prosesində də müşahidə etdik. 195 ölkədən 155-i dövlətimizin namizədliyini dəstəklədi. Biz fəxr edirik ki, hazırda ölkəmiz qloballaşan dünyanı düşündürən bir sıra vacib siyasi, iqtisadi və humanitar məsələlərin müzakirə məkanına çevrilib.

Beynəlxalq aləmdə ölkəmizin nüfuzuna şahidlik edən çoxsaylı başqa faktları da qeyd edə bilərik. Bakıda keçirilmiş «Eurovision – 2012» musiqi müsabiqəsinin yüksək, orjinal təşkili bu sahədə uzun illərin təcrübəsinə malik Avropanı da, yaxşı mənada, heyrətləndirmişdi. 2015-ci ildə Birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi Azərbaycanın istər qitə, istərsə də dünya miqyasında qazandığı etimadın və oynadığı rolun daha bir parlaq göstəricisidir.

Bu günlərdə İsveçrədəki 43-cü Davos Ümumdünya İqtisadi Forumunu hamımız yaxşı xatırlayırıq. Forum rəhbərlərinin bu nüfuzlu iqtisadi tədbirin növbəti iclasının Bakıda keçirilməsi barədə qərarı da cəmiyyətimizdə yüksək nikbinlik doğurdu və ölkəmizin hər bir vətəndaşının ürəyini iftixarla doldurdu. Aprel ayında paytaxtımızda baş tutacaq bu irimiqyaslı mötəbər forumun təşkili haqqında qərar və ötən illərdə ölkəmizdə çoxsaylı başqa beynəlxalq tədbirlərin uğurla keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyinin, xalqımızın maraqlarına söykənən məqsədyönlü siyasi xəttinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyev hər bir görüşündə Azərbaycan həqiqətlərini tutarlı faktlarla yaxın və uzaq dövlətlərin başçılarının, beynəlxalq təşkilat rəhbərlərinin diqqətinə çatdırır. Cənab Prezidentin sözlərinin arxasında əməli iş durur. Bunu dünya ictimaiyyəti də görür və təqdir edir.

Bugünkü narahat dünyada bir sıra ölkələrdən fərqli olaraq respublikamızda ictimai-siyasi və iqtisadi sabitlik hökm sürür, korrupsiyaya və digər neqativ hallara qarşı kəskin mübarizə aparılır, vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur.

Azərbaycan hazırda elə inkişaf mərhələsinə qədəm qoymuşdur ki, ölkədə siyasi mübarizə yalnız sivil, demokratik forma və metodlarla aparıla bilər. Bunun isə xalqımızın mənafelərinə uyğun olan ən məqbul yolu dialoqdan, real şuarların və daha cəlbedici sosial-iqtisadi proqramların irəli sürülməsindən ibarətdir. Dövlətin uzunmüddətli inkişaf məqsədlərinə etinasızlıq göstərən məsuliyyətsiz, ifrat radikalizm və «inqilabi» ritorika yeniləşən ictimai-siyasi prioritetlərə yad olmaqla, cəmiyyətimizin geniş təbəqələrinin mənafeyi və ölkəmizin perspektiv inkişaf hədəfləri ilə uzlaşmır.

Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu son illərdə özünün yeni, daha mükəmməl mərhələsinə qədəm qoymuşdur. Cəmiyyətdə gedən proseslərdə ictimai qurumların, qeyri-hökumət təşkilatlarının iştirakı və ona təsir imkanları xeyli artmışdır. Ölkəmizdə demokratiyanın genişlənməsi, ictimai təşkilatların fəallığının yüksəlməsi dövlətimizin də maraqlarına uyğundur.  Təsadüfi deyil ki, Prezident İlham Əliyevin təşəbbüsü və sərəncamı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb. Bu Şuranın vasitəsilə hər il qeyri-hökumət təşkilatlarına böyük maliyyə vəsaiti ayrılır və çoxsaylı layihələrin həyata keçirilməsinə dəstək verilir.

Biz-AHİK-in IV qurultayının nümayəndələri ölkəmizin son illərdə ictimai-siyasi və sosial-iqtisadi sahədə qazandığı nailiyyətləri yüksək qiymətləndirərək və cəmiyyətimizin mənafelərini aydın ifadə edən inkişaf perspektivlərini nəzərə alaraq cənab İlham Əliyevin 2013-cü il Prezident seçkilərində namizədliyini irəli sürmək barədə qərar qəbul etdik. Azərbaycanda demokratik cəmiyyətin ayrılmaz tərkib hissəsi olaraq respublikamızın ictimai və mədəni həyatına öz töhfəsini verən bütün qeyri-hökumət təşkilatlarını ölkəmizin sosial-iqtisadi tərəqqisi və vətəndaş cəmiyətinin daha da möhkəmlənməsi naminə bu təşəbbüsümüzü dəstəkləməyə çağırırıq.

 

AHİK-in IV qurultayının nümayəndələri

05.02.2013

FAYDALI KEÇİDLƏR