Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili S.Mehbalıyev Beynəlxalq Əmək Təşkilatının 9-cu Avropa Regional Konfransında çıxış etmişdir
11 Apr 2013
Konfransın işində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti iştirak etmişdir. Aprelin 10-da AHİK-in sədri, millət vəkili S.Mehbalıyev müasir dövrdə gənclərin problemlərinə həsr olnmuş məsələlərlə bağlı konfransda çıxış etmişdir.
S.Mehbalıyev öz çıxışında qeyd etmişdir ki, bugünkü tədbir çox mühüm problemlərin həllinə həsr olunmuşdur. Gənclərin məhsuldar məşğulluq ilə təmin olunması müxtəlif beynəlxalq təşkilat və ölkələrin siyasətlərinin üstün istiqamətlərinə daxildir. Dünya maliyyə-iqtisadi böhranının nəticələri gənclər üçün layiqli əmək uğrunda mübarizədə ciddi maneələr yaratmışdı. Dünyanın bir çox ölkələrində gənclər arasında işsizlik yaşlılarla müqayisədə orta hesabla 3 dəfə çoxdur ki, bu da böhranın gənclərin məşğulluğuna göstərdiyi əsas təsirlərdən biridir.
Müasir şəraitdə gənclərin rastlaşdığı problemlərin siyahısı çox genişdir. Gənclər təhsil almaq imkanlarını və layiqli iş yerlərini itirdiklərinə görə daha zəifdirlər və adətən, iqtisadiyyatın qeyri-formal sektorunda, az maaşlı, müvəqqəti iş yerlərində, natamam iş vaxtı şəraitində, qeyri-adekvat əhatəli sosial müdafiə sistemli işlərdə çalışırlar. Gənc adamlar təhsildən əmək fəaliyyətinə keçərkən böyük çətinliklərlə rastlaşırlar, ali təhsilli gənclər arasında işsizliyin səviyyəsi çox yüksəkdir. Həmkarlar ittifaqlarında təmsil olunan gənclərin sayı da yüksək deyil.
Oxumayan, işləməyən və peşə hazırlığı keçməyən, işlə təmin olunmaq ümidini itirmiş gənclərin artım tendensiyası narahatlıq doğurur.
Ümumiyyətlə, dünya əhalisinin 1,2 milyardını, yəni 15-dən 24 yaşadək olan hər 5 nəfərdən birini gənclər təşkil edir ki, onların da yalnız 43%-i məşğuldur.
Azərbaycanda 15-29 yaş arası gənclər ölkə əhalisinin 29,3%-ni təşkil edir ki, bunun da 24,4%-i işləyir. Respublikada gənclər arasında işsizlik 10,9% təşkil edir.
130 min işsiz gəncin 13,9%-i ali təhsilli, 54,6%-i orta təhsillidir.
AHİK sədri bildirmişdir ki, ölkəmiz Gənclərin Məşğulluq Şəbəkəsinə daxil olan bir çox qabaqcıl ölkələrin cərgəsinə qoşulmuşdur və bu təşəbbüs BƏT-in texniki yardımı vasitəsilə BMT tərəfindən dəstəklənmişdir. Təhsildən iş fəaliyyətinə keçid, gənclərin məşğulluğunun vəziyyətinin təhlili, eləcə də gənclərin məşğulluğuna təsir edən Milli Fəaliyyət Planı üzrə aparılan sorğunun nəticələri Azərbaycanda gənclər arasında işsizliyin azalmasını, gənclərin sahibkarlıq fəaliyyəti və məşğulluğuna təsirini, peşə hazırlığı kurslarının təşkilini məşğulluq siyasətinin üstün cəhətləri kimi irəli çəkir. Gənclərlə bağlı müxtəlif məsələlərin, eləcə də işlə təmin olunma problemlərinin həlli üçün ölkədə 2015-ci ilədək fəaliyyət göstərəcək Dövlət Gənclər Proqramı qəbul edilmişdir. Respublikada 2009-cu ildən regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində 360 min yeni iş yeri açılmışdır ki, burada 70% gənc kadrlar işlə təmin olunmuşlar.
5 mindən çox tələbə gənclərin layiqli və məhsuldar əməyinə təsir edən tədbirlər çərçivəsində xaricdə gənclərin təhsilinin dövlət proqramı xətti ilə dünyanın müxtəlif ölkələrində pulsuz təhsil alır.
AHİK, sosial partnyorlardan biri kimi, bu istiqamətdə aparılan tədbirlərdən kənarda qalmamış və gənclərin məşğulluğuna təsir edən proqram və siyasətin işlənib hazırlanması və həyata keçirilməsində fəal iştirak edir.
Konfederasiya sədri vurğulamışdır ki, Respublikamızın 2012-2013-cü illər üçün bağlanmış Baş Kollektiv Sazişində gənclərin məşğulluğuna təsir edən tədbirlər planı öz əksini tapmışdır. Bunlardan peşə-texniki və orta ixtisas təhsili proqramlarında islahatların həyata keçirilməsi üçün dövlət strukturları və sahibkarların birgə təkliflərini hazırlamaq, işçilərin daxili mobilliyini həvəsləndirən stimullar sisteminin möhkəmləndirilməsi sahəsində məsləhətləşmələr aparmaq, gənclərə, xüsusilə də 20-30 yaşlı qadınlara yeni peşələrin öyrədilməsinə və ixtisaslarının artırılmasına dair işləri gücləndirilməsi kimi məsələləri göstərmək olar.
Bütövlükdə Azərbaycan Həmkarlar İttifaqları gənc nəslin həyat tərzinin inkişafı və yaxşılaşdırılması üzrə məsələləri daim diqqət mərkəzində saxlayır. Gənclərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, onların fəal həmkarlar ittifaqı işinə cəlb edilməsi üçün Gənclər Şurası fəaliyyət göstərir.
Qeyd etməliyəm ki, məşğulluq problemi çərçivəsində gənclik aspektləri siyasi qərarların qəbul olunması prosesi, daimi ehtiyatlar və büdcə xərcləri ilə ciddi şəkildə əsaslandırılmalıdır.
Milli fəaliyyət planında gənclərin məşğulluğu aspektlərini nəzərə almaq, texniki - peşə təhsilini yenidən qurmaq və əmək bazarının tələblərini öyrənmək, əmək şəraitini yaxşılaşdırmaq, iş yerlərinin keyfiyyətini və gənclərin müdafiə təminatlarını yüksəltmək, peşəkarlıq və səriştəliyin inkişaf strategiyasını işləyib hazırlamaq, gənclər arasında sahibkarlığı inkişaf etdirmək, muzdlu gənc işçiləri həvəsləndirmək və ruhlandırmaq kimi məsələlərə xüsusi diqqət yetirmək lazımdır.
Məlumdur ki, işçi qüvvəsinə investisiya qoyuluşu müasir texnologiyaların stimullaşdırılmasının ayrılmaz hissəsidir. Buna görə də dövlətin gənclər üçün imkanların genişləndirilməsi siyasətinin birinci dərəcəli vəzifəsi insan kapitalına investisiya qoyuluşunun artırılması olmalıdır.