AZ | RU | EN
AZ | EN | RU

Azərbaycan regionda iqtisadi və siyasi baxımdan əsas söz sahibinə çevrilib

01 Oct 2012

B u sahədə müsbət nəticələri təmin edən vacib amillərdən biri də milli və bəşəri mənafelərin mümkün dərəcədə uzlaşdırılması, habelə dəqiq hədəflərə hesablanmış xarici siyasət prioritetlərinin müəyyənləşdirilməsidir.

Xarici siyasətdə varislik ənənələrinin qorunması, diplomatiyanın əsas istinad mənbəyi olan təməl prinsiplərinin dəyişməz qalması Azərbaycanın hazırkı çoxşaxəli uğurlarını təmin edən amillər sırasında xüsusi vurğulana bilər. Ümummilli lider Heydər Əliyev müstəqil respublikamızın milli mənafelərə maksimum dərəcədə cavab verən xarici siyasət doktrinasının müəllifi olmaqla yanaşı, bu siyasəti keyfiyyətcə yeni mərhələdə inamla, qətiyyətlə davam etdirəcək rasional və praqmatik düşüncəli lideri də yetişdirmişdir. 2003-cü ilin oktyabrından respublikaya inamla rəhbərlik edən cənab İlham Əliyev ulu öndərin böyük uzaqgörənliklə irəli sürdüyü xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun davam etdirmiş, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, müstəqil siyasət yeritməklə milli maraqlarının maksimum səviyyədə qorunmasına nail olmuşdur.

Dövlət başçısı son illər xarici siyasətdə qarşıda duran vəzifələrin düzgün müəyyənləşdirilməsi, bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkili, respublikamız haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və digər zəruri məsələlərin müzakirəsi məqsədilə Azərbaycanın xaricdə fəaliyyət göstərən diplomatları ilə görüşləri də müsbət ənənə kimi formalaşdırmışdır. 2006, 2008, 2010-cu və 2012-ci illərdə keçirilən bu görüşlərdə ölkənin xarici siyasətinin qarşısında duran strateji vəzifələr geniş müzakirə olunmuş, ölkə başçısı bununla bağlı dəyərli tövsiyə və tapşırıqlarını vermişdir.

Bir müddət əvvəl növbəti dəfə ölkə diplomatları ilə görüşən cənab İlham Əliyev diplomatiya və xarici siyasətlə bağlı bir sıra fundamental əhəmiyyətli məsələlər ətrafında fikirlərini açıqlamış, səfirlərimizi milli maraqların müdafiəsi istiqamətində daha səylə işləməyə çağırmışdır: "Səfirlər peşəkar diplomatdırlar. Onların arasında gənclər də kifayət qədər çoxdur, təcrübəli diplomatlar da vardır. Onlar öz vəzifə borclarını yaxşı bilirlər və hesab edirəm ki, bütövlükdə öz vəzifə borclarını yaxşı yerinə yetirirlər. Səfirlərin qarşısında duran vəzifələr bəllidir, aydındır. Ancaq yenə də deyirəm, həyat sürətlə inkişaf edir, beynəlxalq münasibətlər dəyişir və beynəlxalq aləmdə yeni məsələlər, yeni çağırışlar ortaya çıxır. Əlbəttə ki, biz xarici siyasətimizə mütəmadi qaydada müəyyən düzəlişlər etməliyik. Nəzərə almalıyıq ki, strateji xəttimiz dəyişməz olaraq qalır. Azərbaycanın xarici siyasətinin istiqamətlərini ulu öndər Heydər Əliyev müəyyən etmişdir. Bu gün bu sahədə və bütün başqa sahələrdə strateji xətt icra edilir".

Ölkə başçısının həmin tədbirdə vurğuladığı kimi, beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət yeridən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini son illərdə daha da inkişaf etdirməyə nail olmuş, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləmişdir. Ötən illər respublikanın xarici siyasətində fəallığın, intensivliyin və səmərəliliyin artması ilə səciyyəvidir. Ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə rasional və təmkinli münasibət göstərir.

Son illərdə bir sıra mühüm beynəlxalq tədbirlərin keçirilməsində Bakı şəhərinin seçilməsi respublikamızın beynəlxalq nüfuzunu daha da yüksəldir. Aşkar görünür ki, Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayır və belə bir müsbət imicin formalaşmasında son illər respublikada keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Respublikada müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların da dönmədən davam etdirilməsi, bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirmişdir.

2003-2012-ci illərdə respublikada təşkil olunmuş bir sıra mötəbər beynəlxalq tədbirlər ayrı-ayrı sahələri əhatə etməklə rəsmi Bakının beynəlxalq əlaqələrinə ciddi təkan vermişdir. Bunun nəticəsidir ki, beynəlxalq tədbirlərin keçirilməsi məkanı kimi Gürcüstana, Ermənistana və yaxud digər başqa MDB respublikasına deyil, məhz Azərbaycana üstünlük verilir. Respublikamızın NATO-nun "Fərdi əməkdaşlıq üzrə əməliyyat planı"na, habelə Avropa Birliyinin "Şərq tərəfdaşlığı" layihəsinə cəlb olunması də məhz bu marağın təzahürüdür. Sonuncu layihə Azərbaycanla Avropa Birliyi arasında siyasi dialoqu gücləndirir, siyasi, iqtisadi və institusional əməkdaşlığı inkişaf etdirir, eləcə də əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılması üçün ciddi əsaslar yaradır.

Ölkə başçısı diplomatik korpusun nümayəndələrinin dördüncü müşavirəsində ölkəmizin qlobal layihələri öz gücünə reallaşdırdığını da xüsusi vurğulamışdır: "Bakı-Tbilisi-Qars dəmir yolunu reallaşdırmaq istəyəndə biz nə qədər böyük təzyiqlərlə üzləşmişdik. Bölgə ölkələrindən nə qədər təzyiqlər göstərilmişdi ki, amandır, bunu etmək olmaz. Bunu etsəniz, Ermənistan batacaqdır, yəni Ermənistanın blokadası, təcridi məsələsi tamamilə təmin ediləcəkdir. Amma buna baxmayaraq, biz bunu etmişik. Amma indi bu yoldan nəinki biz, vaxtilə onun əleyhinə gedənlər də istifadə etmək istəyirlər".

Müasir dünyada iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü şərtləndirən başlıca amil qismində çıxış etdiyini ilk gündən düzgün müəyyənləşdirmiş dövlət başçısı rəhbərlik etdiyi komandanın bütün səylərini də məhz bu istiqamətdə səfərbər etmişdir. Ölkə rəhbəri davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, habelə güvənli xarici siyasətə nail olmaq üçün ilk növbədə iqtisadiyyatın sürətli inkişafına çalışmış və bu sahədə həlledici uğurlara imza atmışdır. Bu gün ikinci elə bir dövlət tapmaq çətindir ki, son 9 ildə ümumi daxili məhsulun artım tempinə görə dünyada lider mövqelərini qoruyub saxlasın, qısa müddətdə dövlət büdcəsinin vəsaitlərini 12 dəfədən çox artıra bilsin. Azərbaycan bunlarla yanaşı, həm də regionların sosial-iqtisadi inkişafına xidmət edən mühüm dövlət proqramlarını, fərman və sərəncamları uğurla icra etmiş, həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişmiş, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, yeni iş yerlərinin açılması naminə sistemli addımlar atılmışdır.

Azərbaycanın son illərdəki büdcəsinə nəzər saldıqda, həyata keçirilən iqtisadi strategiyanın milli maraq və mənafe baxımından səmərəliliyi bir daha təsdiqini tapır. MDB dövlətlərinin büdcə vəsaitləri 2003-2012-ci illərdə ən yaxşı halda 3-4 dəfə artdığı halda respublikamızda bu göstərici üzrə fərq 10 dəfədən çoxdur. Azərbaycanın büdcə gəlirlərinin illik artım tempi ötən dövrdə orta hesabla 30-40 faiz artımla müşayiət olunmuşdur. Məsələn, əgər 2003-cü ildə büdcə gəlirləri 1 milyard 200 milyon manat təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 17 milyard manatı ötmüşdür.

Son 3 ilin dünya iqtisadiyyatı üçün ağır, sarsıdıcı böhranla müşayiət olunduğunu nəzərə aldıqda Azərbaycanın bu üzücü prosesdən maksimum az itki ilə - üzüağ çıxdığını, üstəlik, ümumi daxili məhsulun artımı sahəsində mühüm irəliləyişlərə nail olduğunu əminliklə demək olar. Modernləşmə istiqamətində inamlı tədbirlər reallaşdıran Azərbaycanda hazırda milli ideya səviyyəsində nəzərdən keçirilən məqsədlərdən biri də məhz respublikanın orta inkişaf etmiş ölkələr səviyyəsindən yüksək inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasıdır. Bu məqsədin gerçəkləşdirilməsi üçün 2020-ci ilədək ümumi daxili məhsulun azı iki dəfəyədək artırılması mühüm vəzifə kimi qarşıda müəyyənləşdirilmişdir. Respublikanın ilbəil genişlənən maliyyə imkanları isə bu məqsədin reallaşmasına xidmət edən islahatları keyfiyyətcə yeni mərhələdə də yüksək dinamizmlə davam etdirməyə imkan verir.

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" 29 noyabr 2011-ci il tarixli Sərəncamı da bunun bariz təcəssümüdür. Sərəncam əsasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının layihəsi hazırlanaraq ictimai müzakirəyə çıxarılmışdır. Konsepsiyanın məqsədi mövcud imkanları və resursları nəzərə almaqla Azərbaycanda davamlı iqtisadi artımı, yüksək sosial rifahı, səmərəli dövlət idarəetməsini, qanunun aliliyini təmin etməkdir. Konsepsiya layihəsində qeyd olunur ki, 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, bütün sahələrdə rəqabət qabiliyyətli ölkə olacaqdır: "Azərbaycanın ən ucqar kəndlərində belə vətəndaşların rahat gündəlik həyatı üçün lazımi bütün kommunikasiyalar (rabitə, internet, bank xidmətləri, kommunal xidmətlər, yollar və sair), səhiyyə və təhsil xidmətləri təmin ediləcəkdir. Azərbaycan əhalinin gəlirlərinin yüksək olduğu, işsizlik səviyyəsinin minimum həddə olduğu, yüksək dərəcədə inkişaf etmiş insan kapitalına, mühafizə edilmiş, sağlam ətraf mühitə və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaqdır".

Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək ölkədə adambaşına düşən ÜDM-in həcminin iki dəfədən çox artaraq 13000 ABŞ dollarına çatdırılacağı gözlənilir. Həmin dövrədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə, "yuxarı orta gəlirli ölkələr" arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən "yüksək insan inkişafı" ölkələri qrupunda üst sıralara yüksəlməsi hədəflənir.

Dünya təcrübəsi göstərir ki, təbii sərvətlərin zənginliyi bəzi hallarda dövlətlərə və xalqlara rifah, səadət və inkişaf deyil, əksinə, böyük faciələr, ağlasığmaz problemlər gətirir. Ölkə başçısının diplomatlarla görüşdə vurğuladığı kimi, neftdən səmərəsiz istifadə nəticəsində bir çox ölkələri acınacaqlı vəziyyətə salmış "Holland sindromu" kimi arzuolunmaz presedent də var. Azərbaycan isə təbii sərvətlərindən maksimum səmərəli və məqsədyönlü istifadə etməklə ilk növbədə çoxşaxəli iqtisadi inkişafa nail olmuş, eləcə də əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində uğurlu nəticələr qazanmışdır.

Diplomatlarla görüşdə "Yadımdadır, hələ mən Dövlət Neft Şirkətində çalışdığım dövrdə, təzə-təzə xarici şirkətlərlə kontraktlarımız bağlananda bəzi təhlilçilər deyirdilər ki, Azərbaycanı "Holland sindromu" gözləyir, iqtisadiyyat birtərəfli olacaqdır, batacaqdır, neft qurtarandan sonra çökəcəkdir. Nə oldu? İndi yoxsulluq 49 faizdən səkkiz ildə 7 faizə düşübdür. Əgər bu, doğrudan belə idisə, heç vaxt belə olmazdı, iqtisadiyyat üç dəfə artmazdı. Mən bunları sadalamaqla sadəcə demək istəyirəm ki, biz müstəqil siyasət aparmağa qadirik, bunu edirik" deyən dövlət başçısı İlham Əliyevin yeritdiyi məqsədyönlü strategiya nəticəsində 2012-ci ilin birinci müvafiq dövründə qeyri-neft sektoru yüksək dinamizmlə inkişaf edərək 11 faiz artmışdır. Maliyyə böhranı şəraitində qeyri-neft sektorunda artımın neft sektorunda artımı üstələməsi hökumətin fəaliyyətinin yüksək səmərəlilik əmsalı kimi xüsusi vurğulanmalıdır.

Son illər Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, "Qoldman Saks" Təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi və digər qurumların hesabatlarında da Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də digər tədbirlərin intensiv xarakter alması əksini tapmışdır. Dövlət başçısının diplomatlarla görüşdə vurğuladığı kimi, Ümumdünya İqtisadi Forumunın bir neçə gün əvvəl açıqladığı ənənəvi qlobal rəqabətlilik əmsalında respublikamız 2011-ci illə müqayisədə 9 pillə irəliləyərək 46-cı yerdə qərarlaşmış, əksər MDB və Avropa ölkələrini geridə qoymuşdur.

2012-ci ilin ötən dövrünün ən yaddaqalan sosial layihələrindən biri də ölkə başçısının 2012-ci il 14 mart tarixdə vətəndaşların keçmiş SSRİ Əmanət Bankında qalan əmanətlərinin fərdi birdəfəlik qaytarılmasını nəzərdə tutan xüsusi fərman imzalaması və iyun ayının 1-dən bu prosesin reallaşmasıdır. Vətəndaşları uzun illərdən bəri qayğılandıran bu məsələnin uğurlu həllini tapması sosial məsələlərin həllinin ölkə başçısının daim diqqət mərkəzində olduğunu göstərir.

İnsan amilini əsas tutan sosialyönümlü iqtisadi siyasət nəticəsində son illər Azərbaycanda işsizliyin səviyyəsində də nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. 2012-ci ilin birinci yarısında respublikada 37 mini daimi olmaqla 46 minə yaxın iş yerinin açılması da kifayət qədər uğurlu göstəricilərdən biridir. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verir.

Müqayisə üçün bildirək ki, hazırda avrozonada işsizliyin səviyyəsi 10,8 faiz olduğu halda, Azərbaycanda bu göstərici 5,4 faiz təşkil edir. 2003-cü ildən ölkədə 1 milyondan artıq iş yeri açılmış, işsizliyin səviyyəsi 28 faizdən 5,4 faizə düşmüşdür. Bununla belə, əmək bazarındakı mövcud vəziyyət, daha dəqiqi, əksər hallarda işəgötürənlərlə işçilər arasında münasibətlərin hüquqi müstəvidə tənzimlənməməsi hökuməti ciddi narahat edir. Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin son iclasında mövcud vəziyyətin aradan qaldırılması ilə bağlı aidiyyəti strukturlara göstərişlərini verərək demişdir: "Baxmayaraq ki, Azərbaycanda işsizlik aşağı səviyyədədir, - keçən ilin yekunlarına görə 5,4 faizdir, - ancaq hələ də işsizlik var və bəzi hallarda bu işsizlik reallığı əks etdirmir. Çünki heç kəs üçün sirr deyil ki, qeydiyyata düşməyən, amma müəyyən işlərdə, tikintidə işləyənlər, maaş alanlar vardır. Ancaq heç yerdə bunun qeydiyyatı aparılmır. Yəni belə hallar var və müvafiq göstərişlər verilibdir ki, bu sahədə də şəffaflıq tam şəkildə təmin edilsin və beləliklə, ölkə büdcəsinə daha da böyük vəsait daxil ediləcəkdir, o cümlədən pensiya fonduna. Beləliklə, bu sahədə də qayda-qanun yaradılmalıdır, birdəfəlik və tam şəkildə".

Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) da ölkə başçısının müvafiq göstərişinə uyğun olaraq əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində təbliğat-təşviqat işlərini gücləndirmişdir. AHİK-in əsas fəaliyyət istiqamətlərindən biri işçilərin əmək hüquqlarının müdafiəsinin həyata keçirilməsidir. Ötən illər ərzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ümumilikdə daxil olan ərizə-şikayətlərin, demək olar ki, 95 faizindən çoxu işçilərin mənafelərinə uyğun olaraq öz müsbət həllini tapmışdır. Həmkarlar ittifaqlarının bu cür prinsipiallıq və obyektivlik göstərmələri, qərəzsiz olmaları onlara inamı artırır. Hazırda AHİK-in 1 milyon 600 minə yaxın üzvü var və qurum ölkədə əhalinin əmək hüquqlarının sosial müdafiəsinin qorunmasında böyük işlər görür.

Ümumilikdə, möhtərəm Prezidentin diplomatlarla görüşü bir daha təsdiqləyir ki, cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü iqtisadi siyasət insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqları ilə qətiyyən ziddiyyətə girmir. Əksinə, ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Bütün bunlar isə Prezident İlham Əliyevin hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində verdiyi "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" vədinin əməli işdə gerçəkləşdiyini birmənalı təsdiqləyir.

 

 

 

Səttar MEHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı

"AZƏRBAYCAN" qəzeti 

FAYDALI KEÇİDLƏR