AZ | RU | EN
AZ | EN | RU

Respublika Prezidenti cənab İlham Əliyevə AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin təbriki

11 Oct 2013

Son prezident seçkisi bir daha göstərdi ki, ölkəmizdə demokratiya ardıcıllıqla bərqərar olur. Azərbaycan xalqı öz taleyini həll etməkdə tam müstəqildir. Kimi, nə üçün növbəti 5 ilə prezident seçməkdə müdrik qərarlar qəbul etmək iqtidarındadır.

Xalq artıq 10 ildir ki, Sizin nəyə qadir olduğunuzu öz şəxsi həyatında görür və yaşayır. Siz, 2008-ci ildə andiçmə mərasimində vəd etdiyiniz kimi, hər bir vətəndaşın prezidenti olaraq ölkə əhalisinin ehtiyac və tələblərini gündəlik fəaliyyətinizin prioritetinə çevirdiniz. Siz dövlətin inkişaf istiqamətlərini də fenomen bir məharətlə müəyyənləşdirməyi bacardınız.  Hazırlayıb icrasını şəxsi nəzarətinizdə saxladığınız müxtəlif sahələr üzrə dövlət inkişaf proqramları buna parlaq  misaldır. Məhz həmin proqramların uğurlu nəticəsidir ki, son 5 ildə ümumi daxili məhsul 3,5 dəfə artmışdır. Sizin hakimiyyətə gəldiyiniz illə müqayisədə ümumi daxili məhsul təxminən 2 milyard dollardan 25-30 milyarda çatmışdır.

Təhsil və səhiyyənin təkmilləşdirilməsi, ictimai, mədəni həyatın yüksəlməsi də Sizin adınızla bağlıdır. Həmkarlar ittifaqı lideri kimi, aparılan sosialyönümlü islahatları xüsusi olaraq qeyd etməyə bilmərəm.

Hörmətli İlham Əliyev!

Əhalinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində atdığınız addımlar mütəmadi xarakter daşıdığından ölkə vətəndaşlarının rəğbətini qazanmaqla yanaşı, dünya ölkələrinin də həsədaparıcı marağına səbəb olmusunuz. Müəllifliyinizlə ərsəyə gəlmiş güclü pensiya sistemi öyrənilib digər dövlətlərdə də tətbiq edilməkdədir.

Ölkəmizdə 10 ildir ki, siyasi sabitlik hökm sürür. Yoxsulluq minimum həddə çatıb, məşğulluğun səviyyəsi aydan-aya artır.

Prezident seçkilərində, hələ ilkin məlumata görə, 80 faizdən çox seçici səsi toplamağınız Sizin vətənə, xalqa məhəbbətinizin, dövlətçiliyə sədaqətinizin halal bəhrəsidir.

Seçkilərin demokratik xarakterdə başa çatması Azərbaycana dünya dövlətləri tərəfindən göstərilən etimadı, onun beynəlxalq aləmdə nüfuzunu daha da artırdı.

Təkrar da olsa deyim ki, xalqımızın bütün zümrələri, o cümlədən respublika həmkarlar ittifaqının fəalları və üzvləri Sizin yürütdüyünüz siyasi, iqtisadi və xarici siyasət kursunu bəyənir və ona inanır. Bu inama arxalanaraq təşkilatımızın milyon yarımdan çox üzvü hələ ilin əvvəlində keçirilmiş AHİK-in IV qurultayında indiki prezident seçkilərinə Sizin namizədliyinizi irəli sürmüş və bu barədə ali məclisimiz qərar qəbul etmişdi.

Hörmətli Prezident!

Mən tez-tez əhali arasında olur, işçilərlə söhbətlər aparıram. Müşahidələrimə əsasən deyə bilərəm ki, ölkəmizdə gedən abadlıq, tikinti işləri, həyata keçirilən irimiqyaslı infrastruktur layihələr, bölgələrin tarazlı inkişafı əhalimiz tərəfindən böyük sevinclə qarşılanır.

Sizi bir daha bir milyon altı yüz min həmkarlar ittifaqı üzvü adından və şəxsən öz adımdan prezident seçkilərində qələbə çalmağınız münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar diləyirəm.

FAYDALI KEÇİDLƏR