AZ | RU | EN
AZ | EN | RU

“Azərbaycanda kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılması” mövzusunda regional seminarlar keçirilmişdir

23 Dec 2010

XAÇMAZ (15.10.2010)

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilat işləri və məlumat şöbəsi artıq seminarların paytaxtdan kənarda-regionlarda təşkil edilməsini ənənəyə çevirməyi qarşısına məqsəd qoymuşdur.

İlk addım kimi Xaçmaz rayonu seçildi. Ölkəmizin Şimal zonasında yerləşən bölgələrin həmkarlar ittifaqı liderlərinin, fəallarının iştirakı ilə "Azərbaycanda kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılması" adı altında seminar keçirilmişdir.

Seminarda AHİK sədrinin müavini Cavanşir Alxasov "Azərbaycanda kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılmasının vəziyyəti və işəgötürənlərlə bu sahədə əməkdaşlıq" mövzusunda məruzə etmişdir. O, əvvəlcə dövlətimizin özəl sektorun yaradılması, ölkə ərazisində geniş, möhkəm mövqe tutması üçün həyata keçirdiyi tədbirlərdən söhbət açaraq bildirmişdir ki, hələ 1995-ci ildə "Dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"nın qəbulu respublikamızda sahibkarlığın davamlı inkişafının əsasını qoydu. "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı"nın (2002-2005-ci illər) qəbul edilməsi isə bu sahənin sürətli və davamlı inkişafının təməlini qoymuş oldu.

Bu sənəddə ilk dəfə olaraq regionlarda sahibkarlığın inkişafına şərait yaratmaq və beləliklə, regionları inkişaf etdirmək məsələsi ayrıca bir vəzifə kimi irəli sürülmüşdü. Proqramda nəzərdə tutulan vəzifələrin inamla yerinə yetirilməsi ölkədə kiçik və orta sahibkarlıq müəssisələrinin sürətli inkişafına, yeni iş yerlərinin açılmasına şərait yaratmışdır.

C.Alxasov daha sonra qeyd etmişdir ki,təbii ki, həmkarlar ittifaqları olaraq biz yeni iş yerlərinin açılmasında, orada çalışan işçilərin maddi durumunun yaxşılaşdırılmasında və onların sosial müdafiəsinin təmin olunmasında maraqlıyıq. Bu müəssisələrdə çalışanların sosial müdafiəsini isə yalnız həmkarlar ittifaqı təşkilatları qoruya və təmin edə bilər. Buna görə də AHİK-in İcraiyyə Komitəsi 2008-ci ildə kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılması üzrə pilot layihənin təşkili və həyata keçirilməsi üçün 2009-2011-ci illər üzrə tədbirlər planı haqqında qərar qəbul etmişdi. Pilot layihəyə konfederasiyanın 10 üzv təşkilatı cəlb olunmuşdur. Tədbirlər planı və pilot proqram çərçivəsində yaddaş və "Müxtəlif növ sahibkarlıq subyektləri üçün nümunəvi kollektiv müqavilə" sahə həmkarlar ittifaqlarına göndərilmişdir. Qərarın icrası daim nəzarətdə saxlanır, müntəzəm olaraq üzv təşkilatlardan kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılmasının vəziyyəti barədə məlumatlar alınır. Pilot layihəyə cəlb olunmuş üzv təşkilatlarda məsələ ilə bağlı görülən və aparılan təşkilati işlər AHİK tərəfindən vaxtaşırı təhlil olunur, müvafiq tövsiyələr verilir. İnşaat kompleksi və Sahibkarlıq və elm, elmi-istehsalat müəssisələri işçilərinin müstəqil həmkarlar ittifaqlarının bu sahədə gördüyü işlər AHİK-in İcraiyyə Komitəsində müzakirə edilmişdir.

Görülən işlərin nəticəsidir ki, son ilin göstəricilərinə əsasən özəl, birgə və xarici şirkətlərdə 140 min işçini əhatə edən 3500 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Bu gün bizim seminarın işində regionda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq müəssisələrinin rəhbər işçiləri də iştirak edir. Seminarın əsas məqsədi işçilərin sosial hüquqlarının müdafiəsi sahəsində həmkarlar ittifaqı ilə işəgötürənlərin ümumi maraqlarını müəyyənləşdirmək, müasir təcrübəyə əsaslanaraq birgə çıxış yollarını axtarıb tapmaq, yeni həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına nail olmaqdır.

Tədbirdə digər məruzələr də dinlənilmiş və müzakirələr aparılmışdır.

Seminar işini "Həmkarlar ittifaqının ilk təşkilatını necə yaratmalı" adlanan sənədin qəbulu ilə başa çatdırmışdır.

 

GƏNCƏ (20.10.2010)

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası Gəncədə “Azərbaycanda kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılması” mövzusunda seminar-müşavirə keçirmişdir. Respublikanın qərb bölgəsində fəaliyyət göstərən kiçik və orta sahibkar müəssisələrin həmkarlar ittifaqı təşkilatları sədrlərinin iştirakı ilə keçirilən seminar-müşavirədə “Azərbaycanda kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılmasınnın vəziyyəti və işəgötürənlərlə bu sahədə əməkdaşlıq məsələləri”,“Bu gün kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatları üzvlərini müdafiə etməyə qadir olan real qüvvəyə çevrilmişdirmi?”, “Həmkarlar ittifaqları özünün bütün qüvvəsini bu məsələlərin ədalətli həllinə yönəldə bilirmi?” kimi məsələlər ətrafında müzakirələr aparılmışdır. Müzakirələrdən sonra “Həmkarlar İttifaqının ilk təşkilatını necə yaratmalı” adlı tövsiyyə xarakterli sənəd ətrafında fikir mübadiləsi aparılmış və sənəd qəbul olunmuşdur.

 

LƏNKƏRAN (27.10.2010)

Oktyabrın 27-də Lənkəran şəhərində “Azərbaycanda kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılması” mövzusunda seminar keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə keçirilən təlim məşğələsində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Salyan rayonlarında fəaliyyət göstərən səhiyyə, təbii sərvətlər və ekologiya, sahibkarlıq, elm, elmi-istehsalat, avtonəqliyyat, yerli sənaye və kommunal-məişət müəssisələri işçiləri həmkarlar itifaqları rayon komitələrinin və “Xidmət-İş” Həmkarlar İttifaqı Federasiyasının nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edən AHİK-in katibi-aparat rəhbəri Həsən Cəfərov bildirmişdir ki, Azərbaycan Həmkarlar İttifaqlarının cəmiyyətdəki mövqeyi getdikə güclənir, təşkilatın birliyi və həmrəyliyi daha da artır. Respublika üzrə 26 sahə həmkarlar təşkilatlarının 19 min nəfərə yaxın üzvü vardır. Hər il həmkarlar təşkilatlarına 240 mindən çox müraciətin daxil olduğunu bildirən H.Cəfərov bu müraciətlərin əksəriyyətinin müsbət həll olunduğunu diqqətə çatdırmışdır.

AHİK-in təşkilat işləri və məlumat şöbəsi müdirinin müavini Əli Cəfərov mövzu ilə bağlı məruzə etmişdir. AHİK-in son illər həmkarlar ittifaqı sıralarının artırılması istiqmətində mühüm tədbirlərin həyata keçirdiyini vurğulayan Ə.Cəfərov əsasən özəl, birgə, xarici şirkətlərdə 140 min həmkarlar ittifaqı üzvlərini əhatə edən 3 min 667 həmkarlar ittifaqı təşkilatının fəaliyyət göstərdiyini bildirmişdir. Bununla yanaşı, AHİK-in üzv təşkilatları həmkarlar ittifaqı üzvləri sıralarının artması istiqamətində mövcud imkanlardan səmərəli istifadə etmirlər. Ölkə üzrə mövcud 89 min 939 müssisənin yalnız 19,7 faizində - 17 min 678-də həmkarlar ittifaqı fəaliyyət göstərir. 2009-cu ildə respublika üzrə 5 min 314 yeni müəssisə yaradıldığı halda, cəmi 96 müəssisə və təşkilatda həmkarlar ittifaqı təşkilatı təsis edilmişdir. İşləyən əhalinin ancaq 40 faizə yaxını həmkarlar ittifaqlarının üzvüdür. Vurğulanmışdır ki, ölkəmizdə sosial-iqtisadi inkşafda, əhalinin məşğulluğunun təmin edilməsində, işsizliyin azaldılmasında və yeni iş yerlərinin açılmasında mühüm faktor olan kiçik və orta sahibkarlığın inkişafına dövlət qayğısı artmışdır. Kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqının yaradılmasının əsası bu məsələyə diqqətin artırılması, kollektiv müqavilələrdə və tarif sazişlərində həmkarlar ittifaqı üzvlərinin rəyinin əsas götürülməsi, işçinin maraqlarının müdafiə edilməsi, həmkarlar ittifaqı üzvlərinin təsiretmə imkanlarının təmin edilməsi, müxtəlif kateqoriyadan olan həmkarlar ittifaqı üzvlərinin mənafelərinin qorunması və s. nəzərdə tutulur.

Geniş diskussiya şəklində davam edən seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

KÜRDƏMİR (12.11.2010)

 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Kürdəmirdə “Azərbaycanda kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılması” mövzusunda zona seminar-müşavirəsi keçirmişdir.

Tədbirdə Kürdəmir, Sabirabad, Zərdab rayonlarından, Şirvan şəhərindən gəlmiş həmkarlar ittifaqları təşkilatlarının sədrləri, sahibkarlar, həmkarlar ittifaqları liderləri və respublika Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak etmişlər.

Konfederasiyanın aparat rəhbəri Həsən Cəfərov bundan əvvəl bu mövzuda seminar-müşavirənin Xaçmaz, Lənkəran və Gəncədə keçirildiyini diqqətə çatdırmış, həmkarlar ittifaqlarının cəmiyyətdəki mövqeyinin getdikcə gücləndiyini, təşkilatın birliyinin və həmrəyliyinin daha da artdığını, bu sahədə AHİK-in III qurultayının qəbul etdiyi qərarların müstəsna əhəmiyyətini qeyd etmişdir.

Sonra AHİK təşkilat işləri və məlumat şöbəsi müdirinin müavini Əli Cəfərov “Azərbaycanda kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılmasının vəziyyəti və işəgötürənlərlə bu sahədə əməkdaşlıq” mövzusunda məruzə ilə çıxış etmişdir.

Həmkarlar İttifaqlarının gücünün onların sıralarının sayca çox və möhkəm olmasında gördüyünü bildirən məruzəçi demişdir ki, AHİK-ə üzv olan təşkilatlarda struktur dəyişikliyi ilə əlaqədar son 10 il ərzində üzvlərinin sayı 40 faiz azalaraq 1,6 milyon nəfərə enibdir. 1998-ci illə müqayisədə üzvlərin sayının azalması əsasən kənd təsərrüfatı, avtonəqliyyat, elektroenergetika, yerli sənaye, inşaat, kimya, toxumçuluq sahələri üzrə gedən struktur dəyişiliklər nəticəsində baş vermişdir. Əlbəttə, AHİK son illərdə həmkarlar ittifaqları sıralarının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirir və məhz buna görədir ki, son bir ilin göstəricilərinə əsasən özəl, birgə və xarici şirkətlərdə 140 min nəfər üzvü əhatə edən 3667 həmkarlar ittifaqı təşkilatı fəaliyyət götərir. Bununla yanaşı, cari il yanvarın 1-nə olan məlumata görə, respublikamızda mövcud olan 89939 müəssisənin yalnız 17678-də və ya 19,7 faizində həmkarlar ittifaqı fəaliyyət göstərir.

Ümumiyyətlə, respublikamızda işləyən əhalinin 40 faizi həmkarlar ittifaqının üzvləridir. Halbuki iqtisadi cəhətdən inkişaf etmiş, işçilərin sosial müdafiəsində müəyyən nailiyyətlərə nail olunmuş İsveçdə bu rəqəm 82 faiz, Danimarkada 80,1 faiz, İslandiyada 80 faiz, Makedoniyada 80 faiz, Çində 78 faiz, Finlandiyada 72 faiz, Norveçdə isə 52 faiz təşkil edir.

Məruzə və müzakirələrdə göstərilmişdir ki, inkişaf edən Avropa ölkələrində işləyən və həmkarlar ittifaqlarında birləşənlərin əsas hissəsi məhz kiçik və orta sahibkarlıqda çalışanların payına düşür. Respublikamızda transmilli şirkətlərdə, özəl, birgə müəssisələrdə, o cümlədən kiçik və orta sahibkarlıqda işləyən muzdlu işçilərin sosial-əmək hüquqlarının pozulmasının əsas səbəblərindən biri məhz işəgötürənlərin təzyiqi nəticəsində onların həmkarlar ittifaqlarında birləşə bilməmələridir.

AHİK bütün bunları nəzərə alaraq xüsusi tədbirlər həyata keçirir. Belə ki, AHİK-in İcraiyyə Komitəsinin 2008-ci il 6 oktyabr tarixli qərarı ilə ölkəmizdə kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılması üzrə pilot layihə həyata keçirilir. Layihə ilə əlaqədar az vaxtda kiçik və orta sahibkarlıq müəssisələrinin respublika üzrə siyahısı hazırlanmışdır. Təşkilatın metodiki təminatı, layihənin kadr təminatı, təşviqat qruplarının formalaşdırılması və sair istiqamətlərdə tədbirlər görülür.

Seminar-müşavirədə həmkarlar ittifaqlarının ilk təşkilatlarının yaradılması qaydaları barədə iştirakçılar ətraflı məlumatlandırılmış, tövsiyə xarakterli bir sıra sənədlər müzakirə olunmuş və qəbul edilmişdir.

AHİK sədrinin müavini Cahangir Alxasov seminar-müşavirəyə yekun vurmuşdur.

 

GÖYÇAY (30.11.2010)

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılması mövzusunda növbəti zona seminarını noyabrın 30-da Göyçayda keçirmişdir.

AzərTAc xəbər verir ki, seminarda Sahibkarlıq və Elm, Elmi İstehsalat Müəssisələri İşçilərinin Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (HİRK), Səhiyyə İşçiləri HİRK-in, Təbii Sərvətlər və Ekologiya İşçiləri HİRK-in, Yerli Sənaye və Kommunal Məişət Müəssisələri Fəhlələrinin HİRK-in, “Kənd-Qida-İş” HİF-in və bu təşkilatların Göyçay, Ağdaş, Yevlax, Mingəçevir, Şamaxı və Ağsuda fəaliyyət göstərən yerli şöbələrinin nümayəndələri, eləcə də regionda fəaliyyət göstərən 50-yə yaxın sahibkar iştirak etmişdir.

Tədbirdə çıxış edən AHİK sədrinin müavini Vaqif Eyvazov Azərbaycanda kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılmasının vəziyyəti və işəgötürənlərlə bu sahədə əməkdaşlıq məsələlərinə dair məruzə etmiş, həmkarlar ittifaqlarına dair hüquqi sənədlər barədə məlumat vermişdir.

Seminarda “Bu gün kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatları öz üzvlərini müdafiə etməyə qadir olan real qüvvəyə çevrilmişdirmi?”, “Həmkarlar ittifaqları özünün bütün qüvvəsini bu məsələlərin ədalətli həllinə yönəldə bilirmi?” kimi məsələlər ətrafında müzakirələr aparılmışdır. Bu sahədə işəgötürənlərlə əməkdaşlığın vacibliyi diqqətə çatdırılmışdır.

Tədbirdə “Həmkarlar İttifaqının ilk təşkilatını necə yaratmalı” adlı tövsiyə xarakterli sənəd ətrafında fikir mübadiləsi aparılmış və sənəd qəbul olunmuşdur.


QƏBƏLƏ (17.12.2010)

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə dekabrın 17-də Qəbələdə kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılması mövzusunda zona seminarı keçirilmişdir.

AzərTAc xəbər verir ki, seminarda Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (HİRK), Səhiyyə İşçiləri HİRK-in, Yerli Sənaye və Kommunal Məişət Müəssisələri Fəhlələrinin HİRK-in, Sahibkarlıq və Elm, Elmi İstehsalat Müəssisələri İşçiləri Müstəqil HİRK-in, Təbii Sərvətlər və Ekologiya İşçiləri HİRK-in, “Kənd-Qida-İş” HİF-in və bu təşkilatların Qəbələ, İsmayıllı, Şəki, Oğuz və Qax rayonlarında fəaliyyət göstərən yerli şöbələrinin nümayəndələri, eləcə də regionda fəaliyyət göstərən 40-a yaxın sahibkar iştirak etmişlər.

Tədbirdə AHİK sədrinin müavinləri Cavanşir Alxasov və Vaqif Eyvazov, konfederasiyanın aparat rəhbəri Həsən Cəfərov çıxış edərək qurumun fəaliyyəti, son illər əldə ediyi uğurlar, Azərbaycanda kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılmasınnın vəziyyəti, işəgötürənlərlə bu sahədə əməkdaşlıq məsələlərinə dair məruzə etmiş, həmkarlar ittifaqlarına dair hüquqi sənədlər barədə məlumat vermişlər. Bildirilmişdir ki, kiçik və orta sahibkarlıq müəssisələrində yaradılan həmkarlar ittifaqı təşkilatları öz üzvlərini müdafiə etməyə qadir olan real qüvvəyə çevrilməkdədir. Bu sahədə işəgötürənlərlə əməkdaşlığın vacibliyi diqqətə çatdırılmışdır.

Tədbirdə “Həmkarlar ittifaqının ilk təşkilatını necə yaratmalı” adlı tövsiyə xarakterli sənəd ətrafında fikir mübadiləsi aparılmış və sənəd qəbul olunmuşdur.

qeb2 genc1

FAYDALI KEÇİDLƏR