AZ | RU | EN
AZ | EN | RU

Bakıda “Həmkarlar ittifaqı hərəkatının inkişafına yeni yanaşmalar. İctimaiyyətlə əlaqələr aspekti” mövzusunda beynəlxalq seminar keçirilib

29 Sep 2015

Sentyabrın 29-da Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Pan Avropa Regional Şurasının (BHİK-PARŞ) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) birgə təşkilatçılığı ilə “Həmkarlar ittifaqı hərəkatının inkişafına yeni yanaşmalar. İctimaiyyətlə əlaqələr aspekti” mövzusunda beynəlxalq seminar işə başlayıb. İki gün davam edəcək seminarda beynəlxalq həmkarlar ittifaqları mərkəzlərinin və MDB ölkələri həmkarlar ittifaqları təşkilatlarının nümayəndələri iştirak edirlər.

Seminarın açılışında çıxış edən AHİK sədrinin müavini Cavanşir Alxasov həmkarlar ittifaqının kəmiyyət və keyfiyyətcə inkişafının bilavasitə gənclərlə bağlı olduğunu deyib. O, gənclərin həmkarlar ittifaqına üzvlük probleminin həmişə aktual olduğunu və digər sahələrə nisbətən prioritet təşkil etdiyini söyləyib. Sədr müavini deyib: “Həmkarlar ittifaqları hərəkatının inkişafına informasiya texnologiyalarından istifadə etmək yolu ilə yanaşmaq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının innovasiya fəaliyyətinin tərkib hissəsidir. Səmərəli informasiya siyasətinin keçirilməsi, bütün üzv təşkilatların qarşılıqlı əlaqəsinin yaradılması bizim üçün çox vacibdir. AHİK-in informasiya fəaliyyəti təşkilatımızın Nizamnaməsində nəzərdə tutulan sosial-iqtisadi və əmək hüquqlarının, həmkarlar ittifaqlarının üzvlərinin maraqlarının qorunması, həmkarlar ittifaqı hərəkatının möhkəmləndirilməsi və inkişaf etdirilməsi, xüsusilə gənclər arasında həmkarlar ittifaqları üzvlüyünə həvəsləndirməyə dair vəzifələrin yerinə yetirilməsinin təmin edilməsinə yönəlib”.
Diqqətə çatdırılıb ki, müstəqilliyin ilk illərində ictimai şüurda və kütləvi informasiya vasitələrində həmkarlar ittifaqları hərəkatının müasir problemləri istənilən səviyyədə əks olunmurdu. Artıq 2000-ci illərin əvvəllərindən etibarən respublikada həmkarlar ittifaqı hərəkatının informasiya məkanının sistemli inkişafı yolunda mühüm addımlar atılmağa başlanıb. 2004-cü ildə “Azərbaycan həmkarlar ittifaqlarının informasiya siyasəti konsepsiyası” təsdiq edilib.
C.Alxasov vurğulayıb ki, AHİK-in internet saytı daim yenilənir, təkmilləşir. Sevindirici haldır ki, bu sayta həmkarlar ittifaqlarının, üzv təşkilatların sıravi üzvləri, sadə vətəndaşlar getdikcə daha çox müraciət edirlər. AHİK 2005-ci ildən müntəzəm olaraq təşkilatların cari fəaliyyəti haqqında informasiya bülleteni buraxır, 2010-cu ildən isə hər ay elektron poçt vasitəsilə ictimaiyyətə və üzv təşkilatlara qarşıda duran ayda sahə həmkarlar ittifaqlarının keçirəcəyi tədbirlər barədə məlumat verir.
Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyətinin informasiya-analitik müşayiəti AHİK-in gündəlik həyatının mühüm şərtidir. Həmkarlar ittifaqları qanun yaratmaq işində, dövlət orqanlarının və icra hakimiyyətinin fəaliyyətində iştirak edir, kütləvi baxışlar, müsabiqələr keçirir, vətəndaş cəmiyyətinin fəal iştirakçısı olur.
Həmkarlar ittifaqları işinin inkişafında gənclərin fəallığına xüsusi diqqət yetirilir. Təşkilat həmkarlar ittifaqlarının gənc fəallarına təlim verilməsində, həm Konfederasiya nəzdində, həm də sahə həmkarlar ittifaqlarında fəaliyyət göstərən gənclər şuralarının fəaliyyətini artırmağa çalışır.
Hazırda həmkarlar ittifaqları sıralarında üzvlərin 25 faizdən çoxu gənclərdir. Onların təxminən 17 faizi birinci həmkarlar ittifaqları təşkilatlarının sədrləridir. Gənclər arasında həvəsləndirmə tədbirlərini keçirmək vacibdir.
Diqqətə çatdırılıb ki, AHİK dövrün tələblərinə uyğun olaraq həmkarlar ittifaqlarının birliyinə və genişləndirilməsinə, əmək münasibətlərinin tənzimlənməsində onların məsuliyyətinin artırılmasına, sosial tərəfdaşlığın inkişafına, təşkilati-maliyyə işinin təkmilləşdirilməsinə, həmkarlar ittifaqı kadrlarının məsuliyyətinin yüksəldilməsinə, ehtiyat kadrların hazırlanmasına, çalışan qadınlarla və gənclərlə işə, onların ölkənin ictimai-siyasi həyatında fəal iştirakına yönəlmiş yeni kurs müəyyən edib.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Pan-Avropa Regional Şurasının MDB üzrə proqram əlaqələndiricisi Anna Salnikova, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının katibi, “Solidarnost” qəzetinin baş redaktoru Aleksandr Şerşukov və başqaları çıxış edərək müzakirə olunan məsələlər barədə fikirlərini bildiriblər. Qeyd edilib ki, seminarda müxtəlif ölkələrin həmkarlar ittifaqlarının üzvlərinin bir araya gələrək müvafiq sahədə təcrübələrini bölüşməsi mühüm əhəmiyyətə malikdir.
Sonra seminar öz işini komissiyalarda davam etdirib.


FAYDALI KEÇİDLƏR