Bakıda Nəqliyyat və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Beynəlxalq Birliyi Şurasının iclası keçirilmişdir
14 Aug 2012
Sonra Şəhidlər xiyabanına gedən tədbir iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman övladların xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüşlər.
AHİK-də keçirilən tədbirdə Həmkarlar İttifaqı Beynəlxalq Birliyinin sədri Aleksandr Şurikov Nəqliyyat və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Birliyi Şurasının iclasının Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışmışdır. A.Şurikov iştirakçılara Şuranın bu ilin aprelindən avqustuna qədər olan müddətdə fəaliyyəti barədə məlumat vermişdir. O, həmçinin həmkarlar ittifaqı üzvlüyünün motivasiyası məsələləri barədə də danışmışdır. Həmin məsələ barəsində iclasda iştirak edən üzv təşkilatların rəhbərləri də məlumat vermişlər.
İclasda Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibinin müavini Valeri Yuryevin hesabatı dinlənilmişdir.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev belə əhəmiyyətli bir tədbirin Bakıda təşkil edilməsinə görə Beynəlxalq Birliyin rəhbərliyinə təşəkkürünü bildirmişdir. AHİK-in sədri qeyd etmişdir ki, son illərdə ÜHİK-in və Beynəlxalq Həmkarlar İttifaqları təşkilatlarının xətti ilə səyyar tədbirlərin keçirilməsi ənənəvi hal almışdır. Bu isə həmkarlar ittifaqları arasında konstruktiv, işgüzar münasibətlərin bərqərar olmasına, müsbət iş təcrübəsinin əldə edilməsinə şərait yaradır və göstərir ki,ölkələrimizin həmkarlar ittifaqlarını həmişə qarşılıqlı anlaşma və həmrəylik telləri bağlamış və bu gün də bağlayır.
S.Mehbalıyev demişdir ki, AHİK işçilərin ən böyük ictimai təşkilatı olaraq ölkənin əmək qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə real təsir göstərir. Bu qurum ölkə parlamenti və hökumətinə iqtisadiyyat, əməyin mühafizəsi, informasiya, idman və turizm məsələlərinə dair qanunlar və normativ aktlar qəbul edilməsinə, onlara əlavə və dəyişikliklər edilməsinə dair təkliflər verir.
Konfederasiya sədri iclas iştirakçılarının diqqətinə çatdırmışdır ki, 2012-ci il iyunun 29-da Prezident İlham Əliyevin sərəncamı ilə “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmiş və həmin dəyişikliyə uyğun olaraq mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə və təşkilatların rəhbərlərinin 4 iş günü ərzində Həmkarlar İttifaqının hesabına üzvlük haqlarının ödənilməsini təmin etmələri öz əksini tapmışdır. Prezident İlham Əliyev tərəfindən daim göstərilən dəstək və diqqətdən danışan S.Mehbalıyev AHİK-in dövlətimizin başçısının Azərbaycanın iqtisadi, siyasi və sosial modernləşməsinə yönələn strateji kursunu daim dəstəklədiyini bildirmişdir.
O, qeyd etmişdir ki, bu gün xalqın həyat səviyyəsinin yüksəldilməsi naminə mübarizə, əhalinin məşğulluq problemləri, işçilərin hüquqlarının qorunması və əməyin mühafizəsinin təşkili, həmkarlar ittifaqı üzvlərinin sayının artırılması, onların təşkilati birliyinin möhkəmləndirilməsi AHİK-in xüsusi diqqət mərkəzindədir. Bu iş müxtəlif formalarda, Beynəlxalq Əmək Təşkilatının nəzərdə tutduğu beynəlxalq hüquq normalarına əsaslanaraq ölkənin iqtisadi xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir.
İclasda çıxış edən Ukrayna, Özbəkistan, Litva, Belarus, Gürcüstan, Tacikistan və Qırğızıstan nümayəndələri də Nəqliyyat və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Beynəlxalq Birliyi Şurasının iclasında səsləndirilən problemlərin həlli istiqamətində görülən işlərdən danışmışlar.
İclasda Həmkarlar İttifaqı Beynəlxalq Birliyinin 20 illik fəaliyyətinin yekunları müzakirə edilmiş, ÜHİK-in qurultayına nümayəndələr seçilmiş, tədbir iştirakçılarının bir qrupu “Ümumhəmkarlar İttifaqlarının 20 illiyi” xatirə nişanı ilə təltif edilmiş, Beynəlxalq Birliyin 2013-cü il üçün gəlir və xərclərinin smetası təsdiq edilmiş və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
Iclasın sonunda AHİK sədri, millət vəkili S.Mehbalıyev KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırmışdır.