Bakıda həmkarlar ittifaqlarının beynəlxalq seminarı işə başlayıb
22 Nov 2016
2016-cı il noyabrın 22-də Bakıda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Pan Avropa Regional Şurasının MDB ölkələrinin üzv təşkilatları üçün təşkil etdiyi Sağlamlıq və Təhlükəsizlik üzrə beynəlxalq seminarı öz işinə başlayıb.
Tədbir öncəsi qonaqlar Fəxri Xiyabana gedərək ulu
öndər Heydər Əliyevin məzarını, daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın məzarını ziyarət edərək
üstünə gül dəstələri düzüblər. Qonaqlar Şəhidlər Xiyabanına gedərək xalqımızın
azadlığı uğrunda canlarını qurban verən
şəhidlərin xatirəsini yad ediblər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ev sahibliyi ilə keçirilən seminar “Əməyin mühafizəsi, istehsalat təhlükəsizliyi, ekoloji risk və təhlükələrə dair həmkarlar ittifaqları siyasətinin əsas istiqamətləri” mövzusunun müzakirəsinə həsr olunub.
Seminarın açılışında Azərbaycan Həmkarlar
İttifaqları Konfedersiyasının sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar
İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti Səttar Nehbalıyev çıxış
edərək tədbir iştirakçılarını salamlayıb və MDB
ölkələrinin üzv təşkilatları üçün növbəti regional görüşün Azərbaycanda
keçirilməsini ölkəmizin həmkarlar ittifaqlarının əməyin mühafizəsi, işçilərin
sağlamlığı, ekoloji risk və təhlükələri problemlərinin yeni həlli
yollarının axtarılıb tapılmasında fəaliyyətinə verilən qiymət kimi dəyərləndirildiyini
bildirib.
AHİK sədri məlumat verib ki, Beynəlxalq həmkarlar
ittifaqları hərəkatının, Beynəlxalq Əmək Təşkilatının dəyərlərinə görə, bugünkü
seminarda müzakirə ediləcək əməyin mühafizəsi məsələsi sosial müdafiə sahəsinə
aiddir və iş yerlərində təhlükəsiz şəraiti, ekoloji təhlükəsizliyi təmin edən
kompleks məsələləri əhatə edir. Bu da təsadüfi deyildir, belə ki, bədbəxt hadisələr
nəticəsində baş verən ölüm halları ürək-damar və onkoloji xəstəliklərdən sonra
üçüncü yeri tutur. 2014-cü ilin avqustunda Almaniyanın Frankfurt şəhərində
keçirilmiş əməyin təhlükəsizliyi və mühafizəsi üzrə XX Ümumdünya Konqresində
Beynəlxalq Əmək Təşkilatının baş katibi Qay Rayder qeyd edib ki, ““insanlar iş
yerlərindəki bədbəxt hadisələr nəticəsində daha çox ölür, nəinki mühabələrdə...”
Ekspertlərin hesablamalarına görə, hər
il 270 milyon insan bədbəxt hadisələrin qurbanı olur, 160 milyonu isə peşə xəstəliklərindən
əziyyət çəkirlər. Dünya miqyasında peşə xəstəlikləri və istehsalatda baş verən bədbəxt
hadisələr nəticəsində birbaşa və
dolayısı ilə dəyən ziyanın miqdarı 2,8 trilyon ABŞ dolları həcmində ölçülür.
Dünya ölkələri
ilə müqayisədə son illərdə MDB ölkələrində
xəsarətlərin sayında azalmalar müşahidə olunur, bununla belə onun göstəricilərinin
səviyyəsi hələ də yüksəl olaraq qalır. Statistik məlumatlara görə, 2015-ci ildə ümumilikdə MDB ölkələri üzrə istehsalatda xəsarət
alan işçilərin sayı,- həlak olanlar da daxil olmaqla,- 2010-cu ildəki 66 min nəfərdən
37 min nəfərə qədər azalıb. Bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini
itirənlərin sayı 2010-cu ildəki 2,67 milyon adam-gündən 2015-ci ildə 1,5 milyon
adam-günə qədər aşağı enib.
Azərbaycanda baş verən istehsalat xəsarətlərindən bəhs
edərkən S.Mehbalıyev bildirib ki, burada da
mütləq göstəricilərə əsasən, xəsarətlərin azalması tendensiyası müşahidə
olunur və 2010-cu ildəki 266 xəsarət alanların sayına nisbətdə 2015-ci ildə 160
nəfər olub. İstehsalat xəsarətləri səbəbindən müvəqqəti əmək qabiliyyətini
itirməyə görə iş gününün itikisi 10,3 min adam-gündən 4,3 min adam-günə qədər
azalıb.
AHİK sədri öz çıxışında qeyd edib ki, işçilərin əməyinin və sağlamlığının mühafizəsi
daim Azərbaycan həmkarlar ittifaqlarının prioritet vəzifələrindən olmuş və olmaqda davam edir. Yeni Əmək Məcəlləsinin qəbul
olunması ilə və işçilərin sosial müdafiəsinin Baş Sazişlərdə nəzərdə tutulmuş tədbirlər
çərçivəsində gücləndirilməsi məqsədi ilə AHİK-in verdiyi təkliflərə əsasən, Azərbaycan
Parlamenti tərəfindən texniki təhlükəsizlik, istehsalatda baş vermiş bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətini itirməkdən icbari sığorta
haqqında qanunlar qəbul edilib. İş və istirahət rejimi, əmək mühafizəsi xidmətində
işləyənlərin say reqlamenti, zərərli iş şəraitində işləyənlərin profilaktik
qida əldə etdiyi müəssisələrdən vergi tutulmaması ilə bağlı Əmək və Vergi Məcəllələrinə düzəlişlər
edilib, ilin isti və soyuq vaxtlarında işçilərə fasilələr verilməsi və işi
dayandırmaq imkanı verən hərarət reqlamentinə dəyişikliklər edilib.
S.Mehbalıyev vurğulayıb ki, AHİK beynəlxalq hüquq
normalarına əsaslanaraq Beynəlxalq Əmək Təşkilatının (BƏT) əməyin mühafizəsi
sahəsində Konvensiyalarının və Tövsiyyələrinin ratifikasiya edilməsinə hazırlıq
işlərində iştirak edir. Bir çox qanunvericilik və normativ aktlar üzrə AHİK-in
təqdim etdiyi təkliflər “Analıq mühafizəsi haqqında” 183 saylı Konvensiyanın
ratifikasiya edilməsini təmin edibdir. Hazırda BƏT-in əməyin mühafizəsi sahəsində
Konvensiyasıyalarının ratifikasiya edilməsi istiqamətində sosial tərəfdaşlarla
birgə iş aparılır. Bunlar: “Əmək və istehsalat mühitinin təhlükəsizliyi və
gigiyenası haqqında” 155-ci Konvensiya, “Kənd təsərrüfatında əməyin gigiyenası
və təhlükəsizliyi haqqında” 184-cü Konvensiya və “Əməyin təhlükəsizliyinin və
gigiyenasının əsasları haqqında” 187-ci Konvensiyadır.
AHİK-in təşəbbüsü və yaxından iştirakı ilə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əməyin və sağlamlığın təhlükəsizliyi
üzrə Milli strategiya layihəsi işlənib hazırlanıbdır və icra orqanları ilə
razılaşdırılma mərhələsindədir.
Öz çıxışında insan sağlamlığı və ekologiya problemlərinə
toxunan S.Mehbalıyev qeyd edib ki, həmkarlar ittifaqları sağlam və təhlükəsiz əmək
şəraitinin yaradılması istiqamətində ekoloji problemlərin kompleks şəklində həlli
üçün “yaşıl” texnologiyaların və standartların tətbiq olunması, layiqli əmək və
həyat uğrunda mübarizənin mühüm hissəsi olan “yaşıl” iş yerlərinin
yaradılmasının həlli yollarını arayıb müəyyən edirlər.
AHİK və sahə
həmkarlar ittifaqları bu və digər məsələlərin həyata keçirilməsində texniki müfəttişlərin,
komissiyaların və əməyin mühafizəsi üzrə ictimai müvəkkillərin nəzarət
funksiyalarının fəallaşması və gücləndirilməsi
istiqamətində tədbirlər görürlər.
S.Mehbalıyev çıxışının sonunda bildirib ki, əmək şəraitinin
yaxşılaşdırılması, təhlükəsiz iş yerlərinin yaradılması, əməyin mühafizəsinin təkmilləşdirilməsi,
ətraf mühitə və ekologiyaya neqativ təsirlərin qarşısının alınması üzrə həmkarlar
ittifaqlarının görəcəyi işlər BƏT-in, Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumdünya Səhiyyə Təşkilatının
tövsiyyələri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu ilin oktyabrında Azərbaycan
hökuməti və Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq proqramı çərçivəsində
Azərbaycan Respublikasının Layiqli əmək
üzrə 2016-2020 –ci illər üçün Proqramı təsdiqlənib. Həmin Proqramın müddəalarının
yerinə yetirilməsi sosial tərəfdaşlarla və Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlığın
daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Seminarın açılışında daha sonra sosial tərəfdaşların
və beynəlxalq qurumların nümayəndələri də çıxış ediblər.
Seminar öz işini üç gün davam etdirəcəkdir.