Bakıda AHİK-in Beynəlxalq Əmək Təşkilatı ilə birgə iki günlük konfransı keçirilib
13 Sep 2017
2017-ci il sentyabrın 12-13-də Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə birgə Avropa və Mərkəzi Asiya ölkələri üçün “Bizim istədiyimiz əmək sferasının gələcəyi” mövzusunda iki günlük regional konfransı keçirilib.
BƏT-in rəhbər işçilərinin və
nümayəndələrinin iştirak etdiyi konfransda AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının (BHİK) vitse-prezidenti, millət vəkili Səttar Möhbalıyev
çıxış edib.
Azərbaycan Həmkarlar İttifaqlari Konfederasiyası
adından konfrans iştirakçılarını salamlayan S.Möhbalıyev bildirib ki, bu gün biz
birlikdə əməyin gələcək sferası problemini
və əmək sferasının əsas iştirakçısı - muzdlu işçinin müdafiəsində həmkarlar ittifaqının
rolunu müzakirə edirik. Deyib ki, AHİK-in bir daha
beynəlxalq əmək və həmkarlar ittifaqı hərəkatının əsas ideal və məqsədlərinə - muzdlu
işçilərin hüquq və mənafelərinin müdafiəsinə sadiqliyini bir daha bəyan etmək istərdim.
Biz sosial dialoqu və həmkarlar ittifaqlarının həmrəyliyini əsas tutaraq respublikada
iqtisadiyyatin inkişafına töhfələrimizi
verir və sosial-ədalət prinsipinin həyata
keçirilməsində iştirak edirik.
Son illər əmək sferasina nüfuz edən çox böyük
dəyişikliklərin şahidi oluruq. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı,
innovasiyaların istehsalata tətbiqi, avtomatlaşdırma və “yaşıl iqtisadiyyat”a keçid
həm əmək münasibətlərinin təşkilinin formalarina, həm də muzdlu işçilərin mənafelərinin
ənənəvi müdafiəçisi olan həmkarlar ittifaqının
fəaliyyətinə ciddi təsir göstərməyə bilməz.
Hamımız üçün əməyin gələcək sferasının qlobal
çağırışlarından biri məşqulluq formalarının kökündən dəyişdirilməsi və bunun davamı
kimi qeyri-tipik məşğulluq şəraitində işçilərin mənafeyinin müdafiəsidir. Azərbaycan
üçün də bu məsələ daha çox aktuallıq kəsb edir. Bəs məşqulluğun
qeyri-tipik formaları nədir?
Bunlar
daha yüksək fəaliyyət azadlığına,
müstəqilliyə imkan yaradan qeyri-standart məşğulluğun formalarıdır. Başqa
sözlə, ənənəvi məşğulluqda əməyin və istehsalatın təşkilində mövcud olan reqlamentləşdirmə
ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdir. Məşğulluğun qeyri-tipik formaları
aşağıdakılardır: müstəqil işçilər, evdə əmək, çağırış üzrə işçilər,formal olaraq
natamam iş günü, çevik qrafikli işlər üçün tutulmuş işçilər, muzdlu işçilər və s.
Qeyri- tipik, çevik məşğulluq, onun təşkili hətta “qeyri-formal iqtisadiyyat” müəssisələrinin
iş formalarından fərqlənir.
S.Möhbalıyev qeyd edib ki,yəqin bu gün qeyri-tipik,
çevik məşğulluğun bütün modellərindən ətraflı
söhbət gedəcək. Ona görə də mən bu barədə danışmağa lüzum görmürəm. Bildiyiniz kimi
cəmiyyət, onun əmək qabiliyyətli hissəsi
gündəlik həyatında qeyri-tipik məşğulluğun nümunələri ilə tez-tez rastlaşır. Bu baxımdan biz həmkarlar ittifaqları
olaraq, məşğulluğun belə formalarının hüquqi tənzimlənməsində öz yerimizi tutmalıyıq.
Əmək sferasının təşkilində sosial tərəfdaşlarımızla birgə bu gün hüquqi platformanın bazasını yaratmağı
bacarmasaq illərlə əldə etdiyimiz muzdlu işçilərin əsas müdafiəçisi statusunu itirə bilərik.
Çıxışçı konfrans iştirakçljarının nəzərinə çatdırıb ki, 2005-2015-ci illər
ərzində ölkə iqtisadiyyatında məşğul olanların
sayı 600 min nəfərədək artaraq 4672 min nəfər təşkil edib. Muzdlu işçilərin sayı isə cəmi 200 min nəfərədək
artıb. Bu isə o deməkdir ki, vətəndaşlarımızın təxminən yarısı işə əmək müqaviləsi bağlanmadan və sözləşmə olmadan
qəbul edilibdir. Həmin müddətdə özünəməşğul işçilərin sayı 320 minədək artaraq
1 milyon nəfərə çatıb.
Hazırda məşğulluğun qeyri-tipik formaları anlayışına
vahid yanaşma mövcud deyil.Bəziləri qeyri-tipik məşğulluğu, bir qayda olaraq, standart məşğulluğa zidd görürlər. Lakin müasir
dünyada informasiya texnologiyaları, rabitə vasitələri və internet inkişaf etdikcə
standart məşğulluq anlayışı öz aktuallığını itirəcək. Respublika iqtisadiyyatında
çevik məşğulluğun müxtəlif formaları mövcud olduğundan Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası öz səylərini əmək qanunvericiliyində olan əsas anlayış və təyinatların
dəyişdirilməsi yollarının axtarışına yönəldib. Respublika əhalisi, onun işləyən
hissəsi konkret iş yerinə, işəgötürənə, iş və istirahət vaxtına, məzuniyyətə və həmkarlar
ittifaqlarının sayəsində müəyyənləşdirilmiş əməyin mühafizəsi və texniki təhlükəsizlik
qaydalarının olmasına adət edib. Bu gün isə
biz müşahidə edirik ki, tanıdığımız adamlar
internetdəki elanlar vasitəsilə iş tapır,
virtual şəkildə muzd barədə sövdələşir və işi yerinə yetirməyə başlayır. O, öz işəgötürənini
görmür, ofisdə konkret iş yeri olmur. Onun yalnız bank kartı olur ki, oradakı məbləğ
də işəgötürənin arzusu və istəyinə görə dəyişir. Bu gün çoxları evdə işləməyə daha
çox üstünlük verir, artıq “8 saatlıq iş günü
“ anlayışı aktual deyil, “iş yerinin şəraiti”
anlayışı da öz əhəmiyyətini itirməkdədir.
S.Möhbalıyev onu da vurğulayıb ki, statistik orqanlar məşğulluğun “qeyri-tipik” formasının
prinsipləri əsasında işini quran təşkilat və müəssisələr barədə məlumat vermir.
Lakin məşğulluq haqqında olan məlumatların təhlili kənd təsərrüfatında, ticarətdə
(küçə ticarətçiləri), emaletmə sənayesində (yeyinti məhsullarının istehsalı, tikiş,
ayaqqabı istehsalı), inşaatda, nəqliyyatda ( taksi sürücüləri), daşınmaz əmlakla
bağlı əməliyyatlarda (maklerlər) və s. qeyri-formal şəkildə məşğul olanların sayının çoxluğu haqqında
daha inamla danışmağa imkan yaradır. Həyatın ritmini, işsizliklə bağlı problemləri
nəzərə alarkən aydın başa düşmək olar ki , bu gün əmək bazarını daha çevik, rəqabət
qabiliyyətli etmək, əhalinin məşğulluğunu artırmaq üçün qeyri-tipik məşğulluq zəruridir.
Lakin belə şəraitdə işçilərin müdafiəsinə yardım edə biləcək mexanizm üzərində kimin və necə işləyəcəyi barədə
düşünmək lazımdır. Ancaq biz
layiqli iş şəraitinin yaradılmasının və əməyin
dəyərinin ödənilməsinin işəgötürənin arzusuna
uyğun həyata keçirilməsini qəbul edə bilmərik.
Məşğulluğun bütün formalarında çalışanların əmək, sosial hüquqlarının müdafiəsi üçün milli qanunvericilik, hətta BƏT-in
Konvensiyaları səviyyəsində hüquqi sənədlər işlənib hazirlanmalıdır. Burada sosial-iqtisadi məsələlər üzrə Milli Üçtərəfli
Komissiya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz sözünü deməlidir. Ümid
edirəm ki, bu gün biz burada respublikamızda məşğulluğun qeyri-standart formalarını hüquqi müstəviyə daxil etməyin mümkün variantları
haqqında fikir mübadiləsi aparacağıq.
AHİK sədri daha sonra deyib ki, ölkəmizdə baş
verən struktur dəyişiklikləri yaxın zamanlarda modernləşmənin davam etdirilməsini,
bir çox müəssisələrin, hətta iqtisadiyyatın bölmələrinin yenidən qurulmasını nəzərdə
tutur. Biz bilirik ki, bunun ardınca işçilərin
sayının, əməkhaqqı səviyyəsinin, sosial müavinətlərin və təminatların azalmasi baş verəcəkdir. Bütövlükdə bu, böyük təhlükədir.
Bizim yadımızdadır ki, 2015-ci ilin sonunda respublikada ayrı-ayrı
müəssisələrin yenidən qurulması və
bütöv müəssisələrin optimallaşdırılması keçirilirdi. Lakin möhtərəm Prezidentimiz İlham Əliyevin sayəsində bu tədbirlər planlı şəkildə, işdən çıxarılanların mənafeyi nəzərə
alınaraq həyata keçirildi. Həmin işçilər yenidən hazırlanaraq qarışıq müəssisələrdə,
istehsalatda, abadlaşdırma, o cümlədən digər sahələrdə işlə təmin olundular.
2016- cı ilin yanvarında keçirilən 2014-2016-cı illərdə sosial-iqtisadi inkişafa
dair Dövlət Proqramının yerinə yetirilməsinə həsr edilmiş konfransda Prezident İlham Əliyev respublikanın biznes-strukturlarına müraciət edərək qeyd edib
ki, ölkədə son illər kiçik və orta biznesin inkişafı naminə çox iş görülüb. Bu məqsədlə dövlət büdcəsindən iki
milyarda yaxin vəsait ayrilıb. İndi respublikanın bütün regionlarının inkişafında,orada yeni iş
yerlərinin yaradılmasında biznesin fəal iştirakını gözləyirik. Ölkənin biznes-elitası
bu çağırışa qoşuldu. Məsələn, Dövlət Neft
Şirkəti Azərbaycan rayonlarının icra hakimiyyətləri ilə birgə abadlaşdırma işlərinin
keçirilməsi üzrə mobil qrupların yaradılması üçün vəsait ayırdı. Həmin qruplarda
2500-dən çox adam işə cəlb edilmişdi. “Azərsu”, “Azenerci” və sair şirkətlarda analoji
təşəbbüslər göstəriblər.
Çıxışına davam edən S.Möhbalıyev bildirib
ki, espublikamızın müstəqillik əldə etməsindən cəmi 25 ildən bir qədər çox keçməsinə
baxmayaraq hər il Ümumdünya Davos və Münhen iqtisadi və siyasi forumlarında və digər
dünya biznes strukturlarının məlumatlarında
iqtisadi sahədə bizim real nailiyyətlərimiz
qeyd olunur. Hazırki inkişaf tempimiz
isə neftin qiymətinin dünya üzrə aşağı düşməsinədək olan dövrdən bir qədər aşağıdır. Neftdən daxil olan gəlirlər azalıb.
Qeyd etməliyəm ki, Prezidentimiz cənab İlham Əliyevin vaxtında iqtisadiyyatımızın neftdən
asılılığının azaldılması təşəbbüsü
sayəsində bu gün qeyri-neft sektorunda ÜDM-un
həcmi ölkə üzrə 1,7 faiz artmış, neft-qaz
sektorunun həcmi isə 6,6 % azalıbdır. Ölkədə əməkhaqqı 6,3 % artaraq 520 manat təşkil edib, iqtisadi inkişaf tempi
bütövlükdə stabil olaraq qalmaqdadır.
S. Möhbalıyev vurğulayıb ki, ölkə rəhbərliyi
sənayenin və kənd təsərrüfatının inkişafı üçün böyük işlər görür. Respublikada beş yeni sənaye texnoparkının yaradılmasına başlanılıb. Mingəçevir texnoparkında yenicə
tikintisinə başlanmış 9 zavodda 5 min yeni iş yeri yaradılacaq. Ölkənin
kənd təsərrüfatı da böyük sürətlə
inkişaf etməkdədir. Pambıqçılıq, baramaçılıq, heyvandarlıq, tütünçülük, ipəkçilik, fındıqçılıq və başqa sahələr bərpa
olunmaqdadır. Kənd təsərrüfatında çalışan muzdlu işçilərin əməyinin qeydiyyatı və qiymətləndirilməsinə dair
normativ aktların işlənməsinə də həmkarlar
ittifaqı diqqət yetirməli, onların layiqli əməkhaqqı hüquqlarını işəgötürənlərin
özbaşınalığından qorumalıyıq.
Dünyada və onun tərkib hissəsi olan Azərbaycanda neftin qiymətdən düşməsi iş yerlərinin qıtlığına
səbəb oldu. İşsizlik, iş yerlərində diskriminasiya daha çox gəncləri və qadınları əhatə etməkdədir. Gənclər
arasında işsizlik, qadın əməyinin ödənilməsindəki
fərq yüksək səviyyədədir. Qadınların karyerasında diskriminasiya get-gedə artır,
qərar qəbul edən orqanların işində qadınların iştirakı azalır.
İqtisadi çətinliklərə rəğmən Azərbaycan dövləti
əvvəlki kimi sosialyönümlülüyünü qoruyub saxlamaqdadır. Son iki il ərzində gəlirlərin səviyyəsinə görə cəmiyyətin əhəmiyyətli
dərəcədə təbəqələşməsinə yol verilməyib və qeyri-neft sektorunun inkişafına nail
olunub. Bununla yanaşı, muzdlu işçilərin əmək və sosial təminatlarının müdafiəsi
həmkarlar ittifaqlarından daha çox diqqət tələb edir. Burada söhbət
işçi işini, müəssisə ödəmə qabiliyyətini itirdiyi hallarda işçilərin müdafiəsini
təmin edəcək əlavə mexanizmlərin axtarılıb tapılmasından və tətbiqindən gedir. Sahə həmkarlar ittifaqlarının tarif sazişləri və kollektiv müqavilələr imzalanarkən
oraya əmək fəaliyyətinin bütün sahələri üzrə işçilərin davamlı təhsil alması və peşəkarlığının artırılmasına
dair normaların daxil edilməsinə nail olması çox vacibdir. Bu, əməyin məhsuldarlığının
artırılmasına xidmət edəcək, əmək bazarında işçilərin vəziyyətinin daha da sabitləşməsini
təmin edəcəkdir.
Xarici investisiyalarla işləyən müəssisələrdə
çalışanların müdafiəsini qanunvericiliklə gücləndirmək zamanı gəlib çatıb. Təsadüfi
deyil ki, bir çox beynəlxalq həmkarlar ittifaqlarında, bəzi ölkələrdə transmilli şirkətlər haqqında ayrıca qanun qəbul edilməsi təklifi qaldırılıb. Biz BƏT-in və BHİK-ın ekspertlərindən
milli üzv təşkilatlar üçün qanun layihəsinin işlənib hazırlanmasına yardım göstərməyi
xahiş edərdik.
AHİK sədri deyib ki, biz sosial tərəfdaşların
qəbul etdikləri qərarların tam şəkildə yerinə yetirilməsini çox mühüm faktorlardan
biri hesab edirik. Dövlətlərin, həmkarlar ittifaqlarının və işəgötürənlərin əməkdaşlığı
pozitiv nəticələnməli, tərəflər öz vədlərini yerinə yetirməlidirlər. Sosial tərəfdaşlıq
institutunun uğurlu işinin müsbət faktorlarından
biri də istehsalın idarə olunmasında və uydurulmuş “kommersiya sirri” adı altında
əmək kollektivindən gizli saxlanılan qərarların
qəbulu prosesində müəssisə işçilərinin iştirakıdır. İstehsalın idarə olunmasında,
həmkarlar ittifaqlarının iştirakı onun inkişafına dair mühüm məsələlərin müzakirəsinə
işçilərin qoşulmasına imkan yaradır. Əmək
sahəsinin gələcəyi formalaşarkən Əmək Məcəlləsinin hüquqi – normativ cəhətdən təkmilləşdirilməsi
çox vacibdir.
Cəmiyyətdə sülhün və stabilliyin qorunub saxlanmasının tripartizmin bütün tərəfləri üçün ən aktual məsələlərdən biri olduğunu aydın başa
düşərək həmkarlar ittifaqları Azərbaycanın əmək sferasının gələcəyi haqqında zamanın
çağırışına qoşularaq BƏT-in əməyin gələcək sferasına dair Təşəbbüsünü dəstəkləyir.
Biz BMT-nin 2030-cu ilədək əməyin gələcək
inkişafına, işsizliklə mübarizənin son nöqtəsi kimi yoxsulluqla mübarizəyə yönəldilmiş
“BMT-nın dayanıqlı inkişafının məqsədləri” adlı Proqramını dəstəkləyir və onun həyata keçirilməsində
imkan daxilində iştirak etməyə çalışacağıq.
Konfederasiyamız Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlığın daha da fəallaşmasına
və təkmilləşməsinə səy göstərəcək, onun qanunyaradıcılıq
fəaliyyətinin gələcəkdə daha da təkmilləşməsinə, nəzarət mexanizminin gücləndirilməsinə
hər vasitə ilə yardım edəcəkdir.
Çıxışının sonunda S.Möhbalıyev vurğulayıb
ki, həmkarlar ittifaqlarının həmrəyliyini
tələb edən daha bir məsələ - əmək ehtiyatlarının miqrasiyasının iqtisadiyyata təsirinin müsbət və mənfi aspektlərinin
çoxluğudur. Lakin həmkarlar ittifaqlarının əsas məqsədi işçi-miqrantların necə müdafiə
olunmasıdır.
Biz bu gün yeni versiyalar, təkliflər eşitmək
istəyirik. Lakin qeyd etməliyik ki, biz Azərbaycanda bu sahədə əməkdaşlıq haqqında ölkələrarası və
sahələrarası ikitərəfli müqavilələrin imzalanması yolu ilə gedirik. Mən Azərbaycanda əmək sferasının gələcəyini, görünən problemlərinin bir hissəsini
nəzərinizə çatdırdım.
Əmək bazarı çox sürətlə dəyişir. Orada işçi üçün layiqli əmək artıq bu gündən işləməlidir.
Sözsüz ki, baş verəcək bütün dəyişikliklər həmkarlar
ittifaqlarından da yan keçməyəcəkdir. Həmkarlar ittifaqlarının fəaliyyət istiqamətlərinin
yenidən baxılmasına zərurət yaranacaqdır.
Təşkilati, kadr, struktur məsələləri ən çox dəyişiklik tələb edən problemlər
olacaqdır. Bütün bunların
ətrafında aparılacaq fikir mübadiləsinin, dəyərli ekspertlərin rəylərinin
və mülahizələrinin ümumi işimizə ciddi təkan verəcəyinə əminliyimi bildirmək istərdim.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin
müavini Mətin Kərimli konfransda çıxış edərək bildirib ki, dünyada baş verən
iqtisadi və maliyyə böhranına baxmayaraq, iqtisadiyyatın liberallaşması,
səmərəli vergi və fiskal siyasət, o cümlədən güzəştli kreditlərin verilməsi,
ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması, iqtisadi fəaliyyət
iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması və digər tədbirlər
nəticəsində Azərbaycan iqtisadiyyatı inkişafını davam etdirir. Son 13 ildə
ölkəmizdə 1 milyon 677 mindən artıq yeni iş yeri yaradılıb, əhalinin gəlirləri
5,2 dəfə, minimum əməkhaqqı 3,5 dəfə artıb, işsizlik səviyyəsi 5 faizdir.
Qeyd edilib ki, makroiqtisadi sabitlik və
iqtisadi sahədə əldə olunmuş nailiyyətlər hökumətə imkan verir ki, əhalinin
sosial rifahına yönələn məqsədləri reallaşdırsın. Səmərəli məşğulluğun təmin
edilməsi, əmək bazarının tələbatlarına uyğun təhsil islahatlarının aparılması,
əmək qanunvericiliyi və əməkhaqqı sisteminin təkmilləşdirilməsi, qeyri-formal
məşğulluğun qarşısının alınması və əmək münasibətlərinin tərəflərin hüquq
bərabərliyi prinsipi əsasında qurulması milli siyasətin tərkib hissəsidir. Heç
şübhəsiz, bu günün əmək sferası 50 il bundan öncə mövcud olmuş dövrlə özünün
mürəkkəbliyi və dinamikliyi ilə fərqlənir. Gələcək illərin əmək sferası da
böyük dəyişikliklərlə üzləşəcək. Bu gün dünyada müşahidə olunan ictimai, siyasi
və sosial ziddiyyətlər, işsizlərin sayının 201 milyonu aşması, ekoloji və təbii
resursların tükənməsi fonunda gələcəkdə dünyanın necə dəyişəcəyi barədə bir çox
fikirlər səslənir. Bu baxımdan Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay
Rayderin irəli sürdüyü “Əməyin gələcəyi” təşəbbüsü və bunun ətrafında qlobal
müzakirələrin aparılması çağırışı böyük əhəmiyyət kəsb edir.
Azərbaycan hökuməti BƏT-in İdarə Heyətinin
üzvü kimi bu təşəbbüsü dəstəkləyir və onun icrası üçün səylərini davam etdirir.
M.Kərimli qeyd edib ki, hazırda Azərbaycan
Respublikası Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş
strukturuna malik az sayda olan ölkələrdən biridir. 2016-cı ilin məlumatına
əsasən, əhalinin ümumi yaş strukturunda gənclərin (14-29 yaşda) payı 27 faiz,
uşaqların (0-14 yaşda) payı 22,5 faiz, 15-64 yaş qrupunun payı 71,3 faiz, 65
yaş və yuxarı yaşda olan əhalinin payı isə 6,2 faiz təşkil edib.
Son illərdə müşahidə olunan demoqrafik
meyillərə əsasən Azərbaycan Respublikasında əhali sayının artımı davam edəcək
və proqnoz hesablamalara görə, Azərbaycanda 2015-ci illə müqayisədə 2050-ci
ildə əhalinin sayının 1,4 dəfə artaraq 11,8 milyon nəfər təşkil edəcəyi
gözlənilir.
Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının
vitse-prezidenti Vüqar Zeynalov qeyd edib ki, Beynəlxalq Əmək Təşkilatının
“Əməyin gələcəyi təşəbbüsü” müasir dünyada əmək münasibətləri ilə əlaqədar
müzakirələr üçün çox gözəl bir platforma yaradıb. Bu təşəbbüsün əhatə etdiyi
mövzular bütün bəşəriyyət üçün önəm kəsb edən aktual məsələlərdir. Dünya
inkişaf etdikcə, zaman keçdikcə iqtisadiyyatın və əmək münasibətlərinin
strukturu dəyişir, lakin insanların əsas tələbatı – sağlam və gözəl rifah
şəraitində yaşamaq istəyi dəyişməz olaraq qalır. İnsanların bu istəyinin
reallaşdırılması üçün işləmək ən mühüm şərtlərdəndir. Bu səbəbdən bizim üçün
birinci məsələ insanların məşğulluğunun təmin edilməsi olmalıdır, lakin burada
çox önəmli bir nüans var. Belə ki, bəşər cəmiyyətinin tarixinə baxsaq çoxsaylı
müharibələrə, tənəzzüllərə baxmayaraq, insanlar həmişə daha yaxşı yaşamaq
istəyib və tarix sübut edir ki, həqiqətən də buna nail olunub. Biz 50-100 il
öncəyə baxdıqda dünya səviyyəsində yoxsulluğun, aclığın azaldığını, ümumi
daxili məhsulun artdığını, insanlar, dövlətlər arasında inteqrasiyanın
gücləndiyini görürük.
Bu
gün kapitallaşma səviyyəsinə görə dünyada ilk beşlikdəki şirkətlər sənaye yox,
məhz informasiya-kommunikasiya sahəsində olan şirkətlərdir. Bu şirkətlərin
tarixinə baxdıqda onların son 20-30 ildə yaranaraq, bəzilərinin hətta son 10
ildə yaranaraq 100 ildən çox yaşı olan enerji, avtomobil istehsalı şirkətlərini
üstələdiyini görürük. Bütün bunlar göstərir ki, məhz insanlar təşviq
olunmalıdır və onların bilik bacarıqlarının artırılması üçün dövlət və biznes
qurumları birgə çalışmalıdır.
Tədbir
digər iştirakçıların çıxışları və mövzu ətrafında müzakirələrlə davam edib.