Bakıda Azərbaycan və Moldova Həmkarlar İttifaqları fəalları üçün beynəlxalq treninq keçirilib
08 May 2019
Mayın 8-də Bakıda «Regionda həmkarlar ittifaqı üçün Dayanıqlı İnkişaf Məqsədlərində layiqli əmək üzrə BƏT proqramının qiymətləndirilməsi”mövzusunda treninq keçirilib.
Tədbir Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi və Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən AHİK-in sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev iştirakçıların nəzərinə çatdırıb ki, bugünkü treninq
Azərbaycan və Moldova Həmkarlar İttifaqları fəallarının iştirakı ilə keçirilir.
Bu da təsadüfi deyildir. Çünki Moldova və Azərbaycan həmkarlar ittifaqları arasında
səmərəli əməkdaşlıq əlaqələri mövcuddur.
Ölkələrimiz arasında dostluq, əməkdaşlıq və qardaşlıq münasibətləri
bütün sahələrdə inkişaf etdiyi kimi, həmkarlar ittifaqları sistemində də özünü göstərməkdədir.
Dostluğumuzun davamlılığı və yaranmış inam iki ölkə həmkarlar ittifaqının və əməkçilərin
xeyrinə olmaqla yanaşı, uzun illərdir ki, sıx əlaqələr qurulmasına xidmət edir.
Moldova Milli Həmkarlar İttifaqı Konfederesiyası ilə AHİK arasında yaranmış sağlam
iş birliyi işçilərin sosial və hüquqi mənafeyinin müdafiəsi yönümündə pozitiv nəticələr
əldə etmək üçün geniş imkanlar yaradır.
S. Möhbalıyev bildirib ki, nümayəndələrimizin qarşılıqlı səfərləri,
təcrübə mübadilələri aparmaları, təlim kurslarının, görüşlərin və digər birgə tədbirlərin
keçirilməsi əməkdaşlığımız üçün yüksək zəmin yaradıb. Keçən ilin oktyabr ayında
Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində «Dayanıqlı inkişafın məqsədlərinin
həmkarlar ittifaqları üçün əhəmiyyəti nədir?» mövzusunda keçirilən regional konfransda
bizim əməkdaşlar da iştirak ediblər. Sevindirici
haldır ki, bu treninqdə də Moldovadan çoxsaylı nümayəndələr iştirak edir. Hesab
edirəm ki, bugünkü görüş əməkdaşlığımız üçün əlavə təcrübə mübadiləsi nöqteyi nəzərindən
yaxşı imkandır.
Sizə məlumdur ki, Beynəlxalq Əmək Təşkilatı Azərbaycan və
Moldova Həmkarlar İttifaqının Dayanıqlı İnkişafın Məqsədlərinin həyata keçirilməsi
sahəsində apardıqları səmərəli işləri yüksək qiymətləndirmiş və onları prioritet
ölkə seçmişlər. Sizə o da məlumdur ki, hər iki respublika “Dünyamızın transformasiyası:
2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi” razılaşmasına qoşulmuşlar. Dayanıqlı
İnkişaf Məqsədləri adlanan bu razılaşma BMT-nin üzvü olan dövlətlərin 2015-ci ilin
25-27 sentyabr tarixlərində keçirilmiş Dayanıqlı İnkişaf Sammitində təsdiqlənib
və rəsmi olaraq 2016-cı ilin yanvarında qüvvəyə minib.
AHİK sədri deyib ki, ölkəmizdə də dayanıqlı sosial-iqtisadi
inkişafın təmin edilməsi ilə bağlı dövlət proqramları qəbul olunmuş və müvəffəqiyyətlə
həyata keçirilməkdədir. Yüksək peşəkarlıqla hazirlanmış bu proqramlar əhalinin iqtisadi
fəallığını stimullaşdırır, yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına,
Azərbaycanın regionlarının hərtərəfli tərəqqisinə yol açır.
Azərbaycan həmkarlar ittifaqları da dayanıqlı inkişaf üçün
özəl sektorla daha sıx əməkdaşlıq qurulmasına, əmək şəraitinin yaxşılaşdırılmasına,
norma yaradıcılığında iştirakını fəallaşdırmağa çalışır.
Biz sosial tərəfdaşlarımızla bərabər bu istiqamətdə konkret
addımlar atmışıq. Tərəfimizdən 8 istiqamət üzrə Konsepsiya qəbul edilib, onun icrasına
başlanılıb. Bu zaman nəzərə alınıb ki, Beynəlxalq Əmək Təşkilatı davamlı inkişaf
sahəsində səkkizinci məqsədə çatmaq üçün tam və məhsuldar məşğulluq və layiqli işi,
cins fərqi qoyulmadan bərabər dəyəri olan əmək üçün bərabər əməkhaqqı ilə təminatı,
gənclər arasında işsizliyin aradan qaldırılmasını, uşaq əməyinin bütün formalarına
son qoyulmasını, qeyri-formal iqtisadiyyatın nizamlanmasını, sahibkarlığın stimullaşdırılmasını,
əmək hüquqlarının qorunmasını, etibarlı və təhlükəsiz iş şəraitinin yaradılmasını,
əmək miqrasiyası məsələlərini əsas prioritet
kimi qeyd edir.
S. Möhbalıyev vurğulayıb ki, ölkədə dayanıqlı inkişafa dəstək
vermək üçün sosial-iqtisadi siyasətin razılaşdırılmış ümumi prinsiplərinin müəyyənləşdirilməsi,
sosial-əmək münasibətlərinin tənzimlənməsi, sosial stabilliyi qorumaq üçün sosial
dialoqun inkişaf etdirməsi xüsusi əhəmiyyət daşıyır. Bu məsələlərin həyata keçirilməsində
Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya xüsusi əhəmiyyət kəsb edir.
Sosial tərəfdaşların məqsədyönlü fəaliyyətini istiqamətləndirən
bu komissiya sosial parnyorluq münasibətləri çərçivəsində baxılan məsələləri yeni,
daha yüksək müstəviyə çıxararaq, BƏT-in dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində
səmərəli rol oynayır.
Biz dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi üçün
beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, yerli hakimiyyət orqanları,
işəgötürənlər və digər maraqlı tərəflərlə əməkdaşlığa üstünlük veririk.
Yeri gəlmişkən, AHİK BƏT-in təşkilatçılığı ilə son iki ildə
13-dən çox beynəlxalq tədbir keçirib. Tədbirlər təkcə Bakını deyil, həm də respublikamızın
5 regionunu əhatə edib. «BƏT-in 204 saylı Tövsiyəsinin izahı və tətbiq olunması,
qeyri-formal iqtisadiyyat sahəsində həmkarlar ittifaqlarının siyasəti», «Dayanıqlı
inkişaf: Həmkarlar ittifaqlarının vəzifələri və perspektivləri», «Dünyamızın transformasiyası»
Davamlı İnkişaf məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində
elmin rolu», «Əməyin gələcək sferası, dayanıqlı inkişaf, həmkarlar ittifaqlarının
vəzifə və perspektivləri», «Beynəlxalq Əmək Təşkilatı: 2030 Dayanıqlı İnkişaf Məqsədləri»,
«Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği»
və digər mövzular ətrafında sosial partnyorlarımızın iştirakı ilə müzakirələr aparılıb.
Həmkarlar ittifaqlarının maraq dairəsinə daxil olan dayanıqlı
inkişaf məqsədlərinin 8-ci məqsədində nəzərdə tutulan məsələlərin icrasının fasiləsiz
və davamlı şəkildə həyata keçirilməsi ölkələrin rəhbərliyi ilə cəmiyyət arasında
inam və etimad mühitini formalaşdıran əsas amillərdən biridir. Hakimiyyətlə xalq
arasında anlaşma və etimad məsələsində ölkəmizin dünya reytinqlərində ən yüksək
pillələri tutması məhz sosial siyasətin dəqiqliyi və əhatəliliyi hesabına əldə olunmuş
nəticədir. Bu ilin əvvəlində ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində əməkhaqqı,
pensiya və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi,
əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların,
tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin gücləndirilməsi,
sosial sığorta qaydalarının, ünvanlı sosial yardım və pensiya sisteminin təkmilləşdirilməsi
Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının bir hissəsidir.
Ölkədə sosial sahədə görülən işlərin miqyasını təsəvvür etmək üçün təkcə son 15
ildə maaşların 7, pensiyaların 9 dəfədən çox, o cümlədən minimum əməkhaqqının 14
dəfə artırıldığına nəzər salmaq kifayətdir.
Uzun illər idi ki, minimum əməkhaqqının mərhələlərlə yaşayış
minimumu səviyyəsinə çatdırılması məsələsi dövlət və hökumət orqanları ilə apardığımız
danışıqlarda, bağladığımız Baş Kollektiv Sazişdə öz əksini tapırdı. Bu məsələ AHİK-in,
eləcə də sahə həmkarlar ittifaqlarının qurultay və məclislərində də qaldırılırdı.
Minimum əməkhaqqının ölkə üzrə aylıq əməkhaqqının 60%-nə çatdırılması, həm də Dəyişdirilmiş
Avropa Sosial Xartiyasının əsas tələblərindən biridir. Bu məsələ respublikamızda
qəbul edilmiş bir neçə Dövlət Proqramında da öz əksini tapıb. Ölkə prezidentinin
minimum əməkhaqqının yaşayış minimumu məbləği ilə bərabərləşdirilməsi barədə imzaladığı
sərəncamı bu məsələnin həllinə yeni imkanlar açıb. Sərəncama əsasən martın 1-dən
ölkə üzrə minimum aylıq əməkhaqqının 180 manat müəyyən edilməsi 600 min nəfər çalışanın
əməkhaqqının artması deməkdir.
AHİK sədri bildirib ki, dayanıqlı inkişaf məqsədlərinə nail
olunması sözsüz ki, davamlı iqtisadi artıma, tam və məhsuldar məşğulluğa şərait
yaradacaq, layiqli işlə təminata kömək edəcəkdir.
Layiqli Əmək üzrə Ölkə Proqramında layiqli əməyin təmin olunması
istiqamətində sosial tərəfdaşlar tərəfindən atılacaq addımlar kifayət qədər geniş
formada müəyyən edilib və burada BƏT-in xeyli dəstəyini görmüşük. Davamlı inkişaf
sahəsində səkkizinci məqsəd barədə danışarkən diqqəti aşağıdakı məsələlərə yönəltməyi
vacib hesab edirik:
Əvvəla, davamlı inkişaf sahəsində qlobal miqyasda tədbirlər
nəzərdə tutulsa da, hər bir dövlətin nailiyyət qazanması əsasən onların fəaliyyətindən
və müəyyən etdikləri siyasətdən asılı olacaqdır. Burada Beynəlxalq Əmək Təşkilatının
məsləhətləri balanslaşdırılmış və səmərəli siyasətin işlənib hazırlanmasına kömək
edə bilər.
Hesab edirəm ki, hazırda beynəlxalq təşkilatların və hökümətlərin
özəl sektor, vətəndaş cəmiyyəti, yerli hakimiyyət orqanları və digər maraqlı tərəflər
ilə çoxtərəfli əməkdaşlığına da böyük ehtiyac vardır.
İkinci önəmli istiqamət, yəni qlobal partnyorluğun təmin edilməsi
dayanıqlı inkişafa öz müsbət təsirini göstərə bilər.
Qloballaşma prosesləri, beynəlxalq siyasi-iqtisadi vəziyyət
istər-istəməz məqsədlərin həyata keçirilməsində öz izini qoyacaqdır. Məhz BƏT-in
dəstəyi ilə müxtəlif qlobal idarəetmə qruplarının imkanlarından istifadə etmək,
onların bu məsələlərdə ölkələrlə əməkdaşlığına yardımçı olmaq da işimizin xeyrinə
olardı.
Üçüncü istiqamət isə tərəfdaşlıq və fəaliyyət birliyinin təminatıdır.
Sosial tərəfdaşlarla fəaliyyət istiqamətlərimizi təkmilləşdirməli və dünya təcrübəsindən
bəhrələnməliyik. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsində BƏT-in yardımına
böyük ehtiyac hiss edirik.
Dünyanın, ölkələrin, şəhərlərin, müəssisələrin dəyişməsi,
həmkarlar ittifaqlarının qarşısında mərhələli dayanıqlı inkişaf planları qoyur.
Cəmiyyətimizin yeni məqsəd və vəzifələri isə kompleks xarakter daşıyır ki, bu da
dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji komponentlərinin tarazlığını təmin
etməlidir. Müasir dövrün bu aktual məsələsi həmkarlar ittifaqlarının fəaliyyətinin
əsas istiqamətlərindən olmalıdır.
Moldova Milli Həmkarlar İttifaqları
Konfederasiyasının sədri Oleq Budza tədbirin əhəmiyyəti barədə çıxış edib. O
bildirib ki, dünyada ölkələrin, şəhərlərin, müəssisələrin dəyişməsi, həmkarlar
ittifaqlarının qarşısında mərhələli dayanıqlı inkişaf planları qoyur. Cəmiyyətin
yeni məqsəd və vəzifələri isə kompleks xarakter daşıyır ki, bu da dayanıqlı
inkişafın iqtisadi, sosial və ekoloji komponentlərinin tarazlığını təmin etməlidir.
Müasir dövrün bu aktual məsələsi həmkarlar ittifaqlarının fəaliyyətinin əsas
istiqamətlərindən olmalıdır.
BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi
Yaşar Həmzəyev ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi ilə
bağlı dövlət proqramlarının qəbul olunması və müvəffəqiyyətlə həyata keçirilməsi
barədə konfrans iştirakçılarına məlumat verib. Y.Həmzəyev yüksək peşəkarlıqla
hazırlanan bu proqramların əhalinin iqtisadi fəallığını stimullaşdırdığını,
yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, Azərbaycanın
regionlarının hərtərəfli tərəqqisinə yol açdığını bildirib.
Albaniya Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Gazim Kalaja hər iki ölkənin xalqlarının qədim tarixə malik olduqlarını deyib.Albaniyanın Avropanın balaca ölkəsi olmasına baxmayaraq, bu dövlətin güclü vətəndaşlara malik olduğunu vurğulayıb.Azərbaycan və Albaniya həmkarlar ittifaqları arasında imzalanacaq sazişin uzunmüddətli qarşılıqlı əlaqələrinin əsasını qoyacağını söyləyib.
Sonra AHİK-lə Moldova və Albaniya Həmkarlar
İttifaqları Konfederasiyaları arasında ikitərəfli əməkdaşlıq üzrə müqavilələr
imzalanıb.
Treninq mövzu ətrafında
müzakirələrlə davam etdirilib.