Mayın 6-da “Hyatt Regensy” otelində Beynəlxalq
Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasyası tərəfindən “BƏT-in 100 illik yubileyi" mövzusunda konfrans
keçirilib.
Konfransın açılışında AHİK-in sədri, millət
vəkili S. Möhbalıyev, Əmək və Əhalinin Sosial müdafiısi Nazirinin müavini M.Kərimli,
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının prezidenti M. Müsayev,
BƏT-in Mərkəzi Asiya və Avropa üzrə işçilərin fəaliyyəti Bürosunun rəisi
S. Qlovaskas giriş nitqi söyləmişlər.
S.Möhbalıyev çıxışının başlanğıcında konfrans iştirakçılarını bütün
dünyada əməkçilərin haqlarının davamlı qorunmasında böyük rolu və xidmətləri
olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) 100 illik yubileyi münasibətilə təbrik
edərək bildirib ki, 1992-ci ildən BƏT-in üzvü olan və 2002-ci ildə BƏT-in nümayəndəliyinin
açıldığı Azərbaycan bu təşkilatla geniş əməkdaşlıq əlaqələrinə malikdir.
Dünyanın ən qocaman və aparıcı təşkilatlarından biri olan BƏT-in
işində iştirak etmək Azərbaycana sosial-əmək mübahisələrinin tənzimlənməsində
beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək, sosial tərəfdaşlığı (hökumət, həmkarlar
ittifaqları, işəgötürənlər) inkişaf etdirmək, əmək bazarının təkmilləşdirilməsi
və tənzimlənməsi üçün BƏT tövsiyələrindən bəhrələnmək imkanı yaradır. Beynəlxalq
təcrübəyə əsaslanan əmək qanunvericiliyi normalarının işlənib hazırlanmasına
kömək edir, sahibkarlığın, eyni zamanda kiçik biznesin inkişafına, məşğulluq
problemlərinin həllinə təsir göstərir.
Azərbaycanın BƏT-lə qarşılıqlı fəaliyyəti mütəmadi imzalanan əməkdaşlıq
proqramları ilə həyata keçirilir. Bu
proqramlarda məşğulluğun imkanlarının genişləndirilməsi və ölkəmizdə yeni iş
yerlərinin yaradılması, əməyin təhlükəsizliyinin yüksəldilməsi və sosial müdafiənin
gücləndirilməsi, eləcə də beynəlxalq əmək standartlarına riayət edilməsi və
sosial dialoqun inkişafı məsələlərinə dair müxtəlif qarşılıqlı fəaliyyət
formaları nəzərdə tutulur.
BƏT Azərbaycana sosial-əmək qanunvericiliyinin ekspertizasının
aparılmasına, sosial tərəfdaşlıq konsepsiyasının, istehsalatda işçi kadrlarının
hazırlanmasının modul sisteminin təcrübədə tətbiq olunmasına, məşğulluq, sosial
müdafiə və pensiya təminatı xidmətlərinin təkmilləşdirilməsinə, əmək sahəsində
statistikanın inkişafına, peşələrin təsnifatının aparılmasına, mütəxəssislərin
hazırlanmasına məsləhətçi yardımı göstərir.
Dövlət məşğulluq siyasətinin formalaşdırılması, yoxsulluqla mübarizə,
əmək miqrasiyası, əmək qanunvericiliyinin, eləcə də sosial və pensiya təminatı
sisteminin modernləşdirilməsi, kadrların fasiləsiz hazırlığının və yenidən
hazırlığının təşkili məsələlərində BƏT-in imkan və təcrübəsindən yararlanmaq
bizim maraqlarımıza cavab verir.
S. Möhbalıyev daha sonar qeyd edib ki, ötən 27 il ərzində Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası ilə BƏT arasında əmək, əmək münasibətləri,
məşğulluq, əməyin təhlükəsizliyi və mühafizəsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi
sahəsində əməkdaşlığın daima genişlənməsi amili ilə müşahidə olunan fəal əlaqələr
yaradılıb. Azərbaycan Respublikasının dövlət qurumlarının nümayəndə heyətləri
ilə birgə həmkarlar ittifaqlarının nümayəndələri də BƏT çərçivəsində əmək, məşğulluq,
əməyin mühafizəsi, təhlükəsizliyi və əhalinin sosial müdafiəsi mövzularında
müxtəlif ölkələrdə keçirilən 190-a yaxın seminar və müşavirələrdə,
konfranslarda iştirak ediblər. BƏT-in dəstəyi və AHİK-in təşkilatçılığı ilə son
12 il ərzində 88 seminar, 30 konfrans, 40-dan çox subregional görüş, təlim
kursları, forumlar, təqdimatlar və tədbirlər keçirilib.
Beynəlxalq Əmək Təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilmiş Azərbaycanda
fəaliyyət göstərən transmilli şirkətlərdə həmkarlar ittifaqı təşkilatlarının
yaranması və orada sosial dialoqun təşkili layihəsi xüsusi maraq doğurub. Layihə
çərçivəsində «Respublikada fəaliyyət göstərən transmilli şirkətlərdə həmkarlar
ittifaqlarının yaradılması təcrübəsi, perspektivləri və çətinlikləri»
mövzusunda dəyirmi masa, «Həmkarlar ittifaqları və transmilli şirkətlər»
mövzusunda seminar və konfrans keçirilib. Bu tədbirlərdə «İşəgötürənlərlə
transmilli şirkətlərin həmkarlar ittifaqları arasında qarşılıqlı əlaqə», «Əmək
Məcəlləsinə riayət olunmasının vəziyyəti» və digər mövzular müzakirə olunub.
Müzakirələrin nəticəsi olaraq «Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə
həmkarlar ittifaqlarının yaradılması və onun perspektivləri» mövzusunda
sanballı təhlil materialı ərsəyə gəlmiş, «Sosial partnyorluq haqqında» Azərbaycan
Respublikası Qanununun layihəsi, «Azərbaycanda fəaliyyət göstərən transmilli
şirkətlərdə işəgötürənlə həmkarlar ittifaqı arasında bağlanan kollektiv müqavilənin
nümunəsi», «Sosial dialoqun aparılması qaydaları haqqında Azərbaycan həmkarlar
ittifaqlarının mövqeyi və strategiyası», «Azərbaycanda fəaliyyət göstərən
transmilli şirkətlərdə çalışan işçilər üçün yaddaş», «Azərbaycanda fəaliyyət
göstərən transmilli şirkətlərdə həmkarlar ittifaqı təşkilatlarının
yaradılmasına dair tövsiyələr» hazırlanıb
BƏT-in modernləşdirilmə kursunu dəstəkləyərək keçirdiyimiz «İqtisadi
böhranın dərinləşməsi şəraitində həmkarlar ittifaqları. Fəaliyyət və perspektivlər»,
«Qeyri-formal iqtisadiyyat – həmkarlar ittifaqının siyasəti və fəaliyyəti”,
«Milli dialoq çərçivəsində layiqli əməyin təmin olunmasında həmkarlar
ittifaqlarının rolu», «Dayanıqlı inkişaf: Həmkarlar ittifaqlarının vəzifələri və
perspektivləri» mövzularında tədbirlərdə 5 mindən yuxarı həmkarlar ittifaqı fəalı
iştirak edib.
AHİK sədri deyib ki, ötən
müddət ərzində Azərbaycan BƏT-in 58 konvensiyasını ratifikasiya edib. AHİK də
BƏT-in konvensiyalarının ölkəmizdə tətbiqi ilə əlaqədar geniş tədbirlər həyata
keçirir. BƏT-lə mövcud səmərəli əməkdaşlığı layiqli əmək, məşğulluq, əmək
miqrasiyası, sosial müdafiə, əlillərin reabilitasiyası və digər sahələrdə birgə
layihələrin həyata keçirilməsi vasitəsilə davam etdiririk. Bu isə ölkəmizdə həmin
sahələrin inkişafına öz töhfəsini verir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və sahə həmkarlar
ittifaqının nümayəndələri Beynəlxalq Əmək Təşkilatının hər il keçirilən
sessiyalarında Azərbaycan Respublikasının hökumət nümayəndələri ilə birlikdə
iştirak edir, müzakirə olunan məsələlərlə bağlı öz prinsipial mövqelərini
ortaya qoyurlar. Respublikamız Avropa Şurasının Dəyişdirilmiş Avropa Sosial
Xartiyasına qoşulduqdan sonra Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri
yerinə yetirməsi üçün bütün imkanlardan maksimum istifadə edir.
Respublikamız beynəlxalq ictimaiyyətin, eləcə də Birləşmiş Millətlər
Təşkilatının (BMT) qlobal inkişafla bağlı təşəbbüslərində yaxından iştirak
edir. Son 15 ildə bu sahədə praktiki və innovativ ideyalarla tanışlıq Azərbaycanda
Minilliyin İnkişaf Məqsədlərinin (MİM-lər) müvəffəqiyyətlə həyata keçirilməsini
asanlaşdıran mühüm amillərdən olub. Azərbaycan həmkarlar ittifaqları əmək
sferasının gələcəyi haqqında zamanın çağırışına qoşularaq BƏT-in əməyin gələcək
sferasına dair Təşəbbüsünü dəstəkləyir. Biz BMT-nin 2030-cu ilədək əməyin gələcək inkişafına, işsizliklə mübarizənin
son nöqtəsi kimi yoxsulluqla mübarizəyə yönəldilmiş “BMT-nin dayanıqlı inkişafının məqsədləri” adlı Proqramını dəstəkləyir və onun həyata
keçirilməsində imkan daxilində iştirak etməyə çalışacağıq.
S. Möhbalıyev vurğulayıb ki, BƏT-in Əməyin gələcək sferası üzrə
Qlobal Komissiyasının hesabatında insan həyatına istiqamətlənmiş ictimai
müqavilənin yerinə yetirilməsi əsas yerlərdən birini tutur. Bu müqavilədə insan
qabiliyyət və bacarıqlarının inkişafına, əmək bazarı institutlarına, layiqli və
stabil məşğulluğa investisiya qoyuluşunu artırmaq məsələləri önə çəkilmişdir.
Qlobal komissiyanın hesabatında bu məqsədlərə çatmaq üçün yeni peşə bilikləri əldə
etmək, peşəkarlığı artırmaq və yenidən hazırlanmaq, müəssisələrə, strategiya və
siyasətə investisiya qoyuluşunu yüksəltmək, uşaqlıqdan qocalığadək ümumi sosial
müdafiəni təmin etmək, fəal dövlət siyasətinə arxalanaraq sosial dialoq vasitəsilə
işçilərlə işəgötürənlərin kollektiv təmsilçiliyini yaratmaq, layiqli əməyin mənafeyi
naminə texnologiyaları tətbiq etmək kimi məsələlər əməyin gələcək sferasında
baş verəcək müsbət dəyişikliklərdir ki, onlardan necə istifadə etmək yolları
göstərilir.
Biz əməyin gələcək sferasının bütün iştirakçılarını əməyin gələcək
sferasından gözlədiyi hər şeyi almaq və hər insana arzu etdiyinə nail olmaq
üçün milli və beynəlxalq siyasətin formalaşmasına dəstək olmağa çağırırıq.
«Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə
Ölkə Proqramı» Beynəlxalq Əmək Təşkilatı və sosial tərəfdaşlarımızın iştirakı
ilə işlənib hazırlanmış və 2016-cı ilin sentyabrında qəbul edilmişdir. Bundan dərhal
sonra AHİK-in İcraiyyə Komitəsi «Azərbaycan Respublikasının 2016-2020-ci illər
üçün Layiqli Əmək üzrə Ölkə Proqramı»nın həyata
keçirilməsinə dair Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
Konsepsiyası»nı təsdiq edib. Konsepsiyada həmkarlar ittifaqının həyata keçirəcəyi
tədbirlər və görəcəyi işlər 8 istiqamət üzrə müəyyənləşdirilib.
Çıxışda qeyd olinib ki, AHİK bu istiqamətdə BƏT ilə birgə xeyli tədbir
həyata keçirib. Belə ki, BƏT-in texniki dəstəyi ilə keçirilən seminarlar məhz
8-ci məqsədin mövzularını əhatə edib. 2014-cü ildən etibarən AHİK və BƏT-in
birgə təşkilatçılığı ilə «Gənclərin məşğulluq siyasətinin formalaşdırılmasında
həmkarlar ittifaqlarının rolu», «Üçtərəfli komissiyanın yaradılmasının
üstünlükləri, BƏT-in baxışı, dünya təcrübəsi», «Həmkarlar ittifaqlarında
qadınların rolunun artırılması», «Azərbaycan Respublikası 2016-2020-ci illər
üçün Layiqli Əmək üzrə Ölkə Proqramının həyata keçirilməsində Azərbaycan həmkarlar
ittifaqlarının vəzifələri və fəaliyyət planı», «Əməyin gələcəyi» təşəbbüsü üzrə
«Milli dialoq çərçivəsində layiqli əməyin təmin olunmasında həmkarlar ittifaqlarının
rolu» mövzularında silsilə tədbirlər keçirilib.
S.Möhbalıyev davamlı inkişaf sahəsində səkkizinci məqsəd barədə
danışarkən diqqəti aşağıdakı məsələlərə yönəltməyi vacib hesab edib:
Əvvəla, davamlı inkişaf sahəsində qlobal miqyasda tədbirlər nəzərdə
tutulsa da, hər bir dövlət öz inkişaf səviyyəsinə və imkanlarına uyğun məqsədlər
müəyyən edəcəkdir. Hər bir dövlətin nailiyyət qazanması isə bir çox hallarda
onların fəaliyyətindən və müəyyən etdikləri siyasətdən asılı olacaqdır. Burada Beynəlxalq Əmək Təşkilatının məsləhətləri
balanslaşdırılıb və səmərəli siyasətin işlənib hazırlanmasına kömək edə bilər.
Dövlət potensialının gücləndirilməsi və dövlət institutlarının möhkəmləndirilməsi
də böyük əhəmiyyət daşıyacaqdır. Bu öz növbəsində əmək bazarının statistik məlumatlarının
daha dəqiq toplanması və analizinə kömək edəcəkdir. Hazırda beynəlxalq təşkilatların
və hökumətlərin özəl sektorla, vətəndaş cəmiyyəti, yerli hakimiyyət orqanları və
digər maraqlı tərəflərlə çoxtərəfli əməkdaşlığına da böyük ehtiyac vardır.
Layiqli əməyin təmin edilməsində BƏT-in 205-ci Tövsiyəsinin qəbulu və
əməli tətbiqi məqsədlərimizə çatmaq üçün təsirli vasitələrdən biri olardı.
İkinci, önəmli istiqamət qlobal partnyorluğun təmin edilməsidir.
Qloballaşma prosesləri, beynəlxalq siyasi-iqtisadi vəziyyət istər-istəməz
məqsədlərin həyata keçirilməsinə öz təsirini göstərəcəkdir. Odur ki, məhz BƏT
dövlətlər birliklərinin və müxtəlif qlobal idarəetmə qruplarının imkanlarından
istifadə etmək, onların bu məsələlərdə ölkələrlə əməkdaşlığına yardımçı olmaq
missiyasını öz üzərinə götürməlidir.
Üçüncü istiqamət, tərəfdaşlığın və fəaliyyət birliyinin təkmilləşdirilməsidir.
Sosial tərəfdaşlarla fəaliyyət istiqamətlərimizi genişləndirməklə dünya təcrübəsindən
bəhrələnməliyik. Bu sahədəki beynəlxalq təcrübənin öyrənilməsində BƏT-in
yardımına böyük ehtiyacımız var.
Biz öz imkanlarımızı BƏT-in «Ədalətli qloballaşma naminə sosial ədalət»
haqqında Bəyannaməsində qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsi üçün səfərbərliyə
almışıq. Bu istiqamətdə fəaliyyətimizə Sosial və İqtisadi Məsələlər üzrə Milli
Üçtərəfli Komissiyanın təsiri də böyükdür.
AHİK sədri iştirakçıların nəzərinə çatdırıb ki, 2019-cu il Azərbaycan
üçün mühüm sosial islahatların və uğurlu iqtisadi layihələrin reallaşdığı il
kimi tarixə düşə bilər. Prezident İlham Əliyevin söylədiyi kimi, əgər geridə
qoyduğumuz 2017-ci ili iqtisadi sabitləşmə, 2018-ci ili dərin iqtisadi
islahatlar ili kimi başa vurmuşuqsa, bu il daha çox sosial sahədə inqilabi
islahatların reallığa çevrildiyi tarix kimi yaddaşlara yazılacaq.
Təkcə fevral ayında bunu şərtləndirən amillərə nəzər yetirsək görərik
ki, İlham Əliyevin bir ayda imzaladığı 8 sərəncam, 4 fərman ölkə əhalisinin
sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, qaçqın və məcburi
köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin, tələbələrin sosial
müdafiəsinin gücləndirilməsinə xidmət edib. Bütün bunlar isə Prezidentin
böyük sosial islahatlar paketinin tərkib hissəsidir.
Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini,
sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü
siyasət həyata keçirir. Prezidentin böyük sosial paketinin tərkib hissəsi olan
sənədlərə bir daha nəzər saldıqda aydın şəkildə dövlətin vətəndaşına qayğısının
şahidi oluruq. Bu mühüm sosial əhəmiyyətli tədbirlər eyni zamanda əmək münasibətlərinin
leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək, qeyri-rəsmi məşğulluğun
aradan qaldırılmasına da töhfə verəcək.
Vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi-sosial tələbatlarının
ödənilməsi, layiqli həyat səviyyələrinin təmin edilməsi aparılan uğurlu
sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Son 15 ildə ölkəmizdə əməkhaqları
7 dəfə, eləcə də minimum əməkhaqları 6,5 dəfə artırılıb. Ölkəmizdə təhsilin
inkişafı istiqamətində uğurlu islahatlar aparılır, təhsil müəssisələrinin
maddi-texniki bazaları möhkəmləndirilir, yüksəkixtisaslı, bacarıqlı mütəxəssislərin
hazırlanmasına xüsusi önəm verilir. Tələbələrə təqaüdlərin verilməsi haqqında sərəncam
da bu prosesin məntiqi davamıdır. Bu sənədlər daha çox tələbənin təqaüd alaraq
öz sosial müdafiəsini gücləndirməsinə xidmət edir. Problemli kreditlərin həlli
ilə bağlı imzalanmış fərman ilin əvvəlindən başlanmış yeni sosial siyasətin
uğurlu davamı oldu.
Ölkəmizdə aparılan və ildən-ilə güclənən sosial siyasətin əsas istiqamətlərindən
biri kimi, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifah
halının yaxşılaşdırılması sahəsində mühüm addımların atılmasıdır.
Dövlət qayğısı əhalinin, demək olar ki, bütün təbəqələrini əhatə edir.
Belə ki, pensiyalar, təqaüdlər, minimum əməkhaqqı kifayət qədər təsirli
miqdarda artırıldı. Pensiyaların minimum məbləğinin 116 manatdan 160 manata,
minimum əməkhaqqının 130 manatdan 180 manata çatdırılması dünyanın istənilən
dövləti üçün qeyri-adi artım hesab edilə bilər.
S. Möhbalıyev bildirib ki, dünya təcrübəsi göstərir ki, sosial
partnyorluğun səmərəli olması üçün güclü həmkarlar ittifaqı və güclü işəgötürənlər
təşkilatı lazımdır. Dünyada ilk kollektiv müqavilə 150, Azərbaycanda isə 115 ilə
yaxındır ki, imzalanıb. 100 illiyini qeyd edən BƏT-in fəaliyyəti üçtərəfli əməkdaşlığın
və sosial partnyorluğun inkişafına böyük təkan verib. Üçtərəfli sosial tərəfdaşlıq artıq həmkarlar
ittifaqının müdafiə funksiyasının həyata keçirilməsində sosial dialoqun
inkişafının əsas mərhələsinə çevrilib.
BƏT-in dəstəyi ilə AHİK-in keçirdiyi tədbirlərdə BƏT-in əməkdaşları və
yüksək səviyyəli ekspertləri iştirak etmiş, öz bilik və bacarıqlarını bizdən əsirgəməmişlər.
Onların hamısına dərin minnətdarlığımızı bildiririk. Bu minnətdarlığı ilk növbədə
BƏT-in Baş direktoru Qay Rayderə ünvanlamaq istəyirəm. Həmkarlar ittifaqlarının
«şinelindən» çıxmış Qay Rayderin ötən ilin may ayında Azərbaycan Respublikasına
olan rəsmi səfərlərini xüsusi qeyd etmək istəyirəm.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşündə
BƏT-in Baş direktoru Prezidentin əhalinin rifah halının daha da
yaxşılaşdırılması, sosial müdafiəsinin təmin edilməsi, iş yerlərinin
yaradılması ilə bağlı həyata keçirdiyi sosialyönümlü tədbirlərin mühüm əhəmiyyət
daşıdığını vurğulamışdı. Qay Rayder rəhbərlik etdiyi təşkilatın Azərbaycanla
uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq, bu səfərin əlaqələrimizin
möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirmişdi.
Azərbaycanda dayanıqlı inkişaf şəraitində əhalinin məşğulluq imkanlarının
artırılması üçün həyata keçirilən fəal siyasətə görə ölkəmizin region üzrə
fokus ölkə seçilməsini yüksək qiymətləndirmişdi.
BƏT-in dəstəyi və Q.Rayderin iştirakı ilə Bakıda keçirilən «Dayanıqlı
İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği»
mövzusunda beynəlxalq konfransda Beynəlxalq Əmək Təşkilatının fəaliyyətinin hər
bir dövlət üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanmışdı.
Çıxışının sonunda AHİK sədri əminliyini ifadə edərək deyib ki, Beynəlxalq
Əmək Təşkilatı yaranmasının ikinci yüzilliyinə yüksək səviyyədə hazırlanmış
müasir proqram sənədlərlə daxil olacaqdır. Odur ki, BƏT-in üzvü olan dövlətlərin
qarşısında çox mühüm vəzifələr durur. Onlar yüzilliyin təşəbbüsünü özlərininki
kimi qəbul edərək onun yerinə yetirilməsi məsuliyyətini üzərlərinə götürmüşlər.
Bildiyiniz kimi, BƏT-in 100 illiyi çərçivəsində möhtəşəm tədbirlər keçirilmiş və
keçirilməkdə davam edir. 2015-ci ildən hazırlanmış sənədlərə əsasən, əmək sahəsinin
gələcəyi məsələsi dövlətlərarası dialoqun başlanmasına səbəb olubdur. Bu, yüzilliyin əsas dialoqlarının mövzusuna
çevrilib.
Biz bu gün BƏT-in 100 illiyi ərəfəsində çox mühüm, eyni zamanda məsuliyyətli məsələləri müzakirə
edirik, işgüzar fikir mübadiləsi aparırıq, uzun illər ərzində səmərəli əməkdaşlıq
etdiyimiz təşkilatın fəaliyyətini dəyərləndiririk.
Hamınıza gələcək işlərinizdə uğurlar arzulayıram.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin
Kərimli çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, dövlət məşğulluq
siyasətinin formalaşdırılması, yoxsulluqla mübarizə, əmək miqrasiyası, əmək
qanunvericiliyinin, eləcə də sosial və pensiya təminatı sisteminin modernləşdirilməsi,
kadrların fasiləsiz hazırlığının və yenidən hazırlığının təşkili məsələlərində
BƏT-in imkan və təcrübəsindən yararlanmaq bizim maraqlarımıza cavab verir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizdə 9 mindən çox
sahibkarın qeydiyyatdan keçdiyini və bunun 4 mininin hüquqi şəxs olduğunu
bildirib. BƏT-in dəstəyi ilə birgə mühüm layihələrin həyata keçirilməsinin ölkəmiz
üçün əhəmiyyətindən danışan M.Musayev Azərbaycan dövlətinin müəyyən etdiyi yüksək
iqtisadi inkişafa və yüksək təminatlı məşğulluğa nail olacağına əminliyini ifadə
edib.
">Daha sonra BƏT-in Mərkəzi Asiya və Avropa üzrə işçilərin fəaliyyəti
bürosunun rəisi Serqius Qlovaskas çıxış edib və konfrans iştirakçılarını əlamətdar
gün münasibətilə təbrik edib. Bildirib ki, BƏT-də çox böyük əməyi olan Azərbaycan
təşkilatın idarəetmə şurasında iştirak edir. O, BƏT-in baş direktoru Qay
Rayderin Azərbaycana ilk səfərindən danışıb, texniki əməkdaşlıqla bağlı üçtərəfli
komissiyanın yaradılması və proqramların imzalanmasının əhəmiyyətini diqqətə çatdırıb.
Serqius
Qlovaskas BƏT-in 100 illik yubileyi münasibətilə AHİK-in sədri Səttar
Möhbalıyevə, sədrin birinci müavini İlyas Əliyevə, müavinləri Aqil Dadaşova, Cavanşir Alxasova, Əbil Ağasıyeva, AHİK-in aparat rəhbəri Həsən
Cəfərova və şöbə müdirlərinə, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin
sədri Cəmilə Səttarovaya, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanova, Rabitə İşçiləri HİRK sədri
Seymur Orucova, Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri HİRK-in sədri
Rafiq İldarova BƏT-in fəxri fərmanlarnı
təqdim edib.
Konfrans daha sonra öz işini 3 panel üzrə - “Əməyin gələcək
sferası. Qlobal komissiyanın hesabatı”, “Dayanıqlı inkişafın məqsədi (8-ci məqsəd-layiqli
əmək)”, “Sosial dialoq və sosial partnyorluq” məsələləri ətrafında qruplarda
davam etdirilib, çıxışlar dinlənilib və iştirakçılar arasında fikir mübadiləsi
aparılıb.