Bakıda Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə konfrans keçirilib
04 Dec 2019
Dekabrın 4-də “Hyatt Recensy” otelində Beynəlxalq Əmək Təşkilatının (BƏT) texniki dəstəyi və AHİK-in təşkilatçılığı ilə Azərbaycan və Türkmənistan həmkarlar ittifaqlarının “İqlim dəyişikliyi və iqtisadi dəyişikliklər: Həmkarlar ittifaqlarının reaksiyası” mövzusunda konfransı keçirilib.
Konfransı
giriş sözü ilə açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin
birinci müavini İlyas Əliyev Dayanıqlı İnkişaf Məqsədlərinin biri – iqlim dəyişikliyinə
yönəlib. Bu məqsəd iqlim dəyişikliyinə və onun təsirlərinə qarşı təcili tədbirlər
görülməsini tələb edir. Artıq dünya ictimaiyyəti dərk edir ki, iqlim dəyişmələri
dünyanın bütün ölkələrində hər kəsə təsir göstərir. Təsadüfi deyildir ki, Beynəlxalq
Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında ekoloji inkişaf
haqqında geniş söhbət aparılıb. Qurultayın Bəyanatında sosial, ekoloji və digər
aspektləri birləşdirən, tam şəkildə iqtisadi inkişaf çərçivəsini aşan alternativ
bir nəzər - nöqtəsinin tətbiqi tələbi irəli
sürülür.
AHİK
Dayanıqlı İnkişaf Məqsədlərində irəli sürülən vəzifələrin həyata keçirilməsi
üçün bütün imkanlarından istifadə etməyə çalışır. «2018-2019-cu illər üçün
bağlanmış Baş Kollektiv Saziş»in «Əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi,
texniki və ekoloji təhlükəsizlik» bölməsində iş yerlərində sağlam və təhlükəsiz
əmək şəraitinin yaradılmasına diqqətin artırılmasını vacib sayır, işçilərin
sağlamlığının qorunmasını prioritet vəzifələrdən hesab edir.
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı
komissiya yaradıb. Komissiyanın üzvləri tərəfindən «BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
2015-2030-cu illər Gündəliyi – həmkarlar ittifaqlarının davamlı inkişafını təşviq
etmək üçün inkişaf strategiyası» sənədi hazırlanıb. Sənəddə Dayanıqlı İnkişaf Məqsədləri Gündəliyindən
6 məqsəd AHİK üçün prioritet seçilib. Bunlar – yoxsulluğa son, yaxşı səhiyyə və
rifah, keyfiyyətli təhsil, gender bərabərliyi, layiqli əmək və iqtisadi artım,
məqsədlər üçün tərəfdaşlıqdır.
AHİK-in
V qurultayında qəbul edilmiş «2018-2025-ci illər üçün əsas istiqamətlər»də bu məsələyə
geniş yer verilib. Qeyd olunub ki, həmkarlar ittifaqları “yaşıl iş yerləri”nin
zərərli istehsalat faktorlarından azad, layiqli əmək şəraiti olan, xəsarətin,
peşə xəstəliklərinin, ətraf mühitə neqativ təsirin aradan qaldırıldığı iş yerlərinin
yaradılması uğrunda mübarizə aparacaqdır. Ekoloji mədəniyyətin əsasları 10 ildən
çoxdur ki, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tədris
kurslarında həmkarlar ittifaqı fəallarına öyrədilir. AHİK həmkarlar ittifaqı təşkilatlarına
kollektiv müqavilələr hazırlanarkən işçilər arasında ətraf mühitin və ekoloji təhlükəsizliyin
qorunmasına dair maarifləndirici tədbirlərə xüsusi diqqət yetirməyi tövsiyə
edir.
«Yaşıl
iqtisadiyyat»ın yaradılması üçün Azərbaycanda əlverişli şərait və ilkin nümunələr
də var. Sumqayıt kimya sənayesi,
Qaradağ, Mingəçevir, Pirallahı və Balaxanı sənaye parkları buna misal ola bilər.
Bu gün ölkəmizdə müasir texnologiyalara əsaslanan yeni müəssisələr yaradılır, ətraf
mühit haqqında qanunvericiliyinin prinsiplərinə uyğun olaraq «yaşıl
iqtisadiyyat» inkişaf edir.
İ.Əliyev
qeyd edib ki, bizim üçün xoşdur ki, dil-din, adət-ənənə baxımından bizə daha
yaxın olan qardaş Türkmənistan Respublikasının həmkarlar ittifaqları birliyinin
nümayəndə heyəti bu günkü konfransda bizimlə birlikdədir. Xalqlarımızın tarixi
dostluğa sədaqəti və dövlətlərimizin qarşışlıqlı-faydalı əməkdaşlığının daha
yüksək səviyyəyə qaldırmaq əzmi hər iki dövlətin başçısı tərəfindən dünyaya bəyan
edilir. Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, ticarət,
energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın daha
da inkişaf etdirilməsi nəzərdə tutulur.
Sizə
məlumdur ki, bu yaxınlarda, yəni noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin
İspala qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və
Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə
TANAP qaz kəmərinin Avropa ilə birləşdirən hissəsinin açılış mərasimi
keçirilib. Gələcəkdə bu qaz kəməri ilə Türkmənistan qazının da Avropaya ötürülməsi
gündəmdədir. Bir sözlə, istifadəyə veriləcək TANAP qaz kəməri Avropanın enerji
təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, Azərbaycanla Türkmənistanın bu
layihədə birgə iştirakı, hər iki ölkənin əhalisinin maddi rifah halının yüksəlməsinə
də öz müsbət təsir göstərəcəyini mümkün edəcəkdir.
Azərbaycan
və Türkmənistan respublikaları arasında yaranmış qardaşlıq əlaqələri hər iki
ölkənin həmkarlar ittifaqı birlikləri arasında da qardaşlıq əlaqələrinin
yaradılması zərurətini meydana çıxarmışdır. Biz türkmənistanlı qardaşlarımızla
bütün beynəlxalq təşkilatlarda, tədbirlərdə həmrəy olmaq niyyətindəyik. Düşünürəm
ki, Türkmənistan həmkarlar ittifaqları Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasında da, MDB ölkələrinin həmkarlar ittifaqları birliyində də
bizimlə bir yerdə olacaqlar.
Bu
günkü konfrans da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, türkmənistanlı
dostlarımızla aparacağımız fikir mübadiləsi və
seminar iştirakçılarının tövsiyələri ümumi işimizə müsbət təsiri göstərəcəkdir.
Konfransda həmçinin Beynəlxalq Əmək Təşkilatının
(BƏT) Avropa bürosunun sektor müdiri Sergeyus Qlovaskas, Türkmənistan Dövlət Müəssisələri
İşçiləri Həmkarlar İttifaqının sədri Beqens Bayramov və BƏT-in Azərbaycan üzrə
Milli Koordinatoru Yaşar Həmzəyev çıxış etmişlər.
İki gün davam edəcək konfransda «BƏT-in Yüzillik sessiyasının nəticə və
tövsiyyələri», «BƏT-in 144 saylı Konvensiyası beynəlxalq əmək standartlarının
milli səviyyədə inkişaf etdirmək üçün səmərəli vasitə kimi», «Dayanıqlı İnkişaf
Məqsədləri üzrə Azərbaycan həmkarlar ittifaqlarının prioritetləri”, «Yaşıl İş
yerləri proqramı, Milli Vəziyyət-Məşğulluq-Enerji-Ətraf
Mühit», «Yaşıl iş yerləri və iqtisadi şaxələndirməyə ədalətli keçid. BƏT ACTRAV
–ın siyasət və tövsiyyələri»
mövzularında müzakirələr
aparılacaqdır.