Konfransdan əvvəl iştirakçılar Fəxri xiyabanda xalqımızın
ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər
Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım
Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən qonaqlar Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman
Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Konfransı giriş sözü ilə açan əmək və əhalinin sosial
müdafiəsi naziri Sahil Babayev ölkəmizdə aparılan iqtisadi islahatların əsasında
rifah amilinin, insan kapitalının yüksək inkişaf səviyyəsinə nail olunmasının
dayandığını bildirib. Nazir layiqli əməyin təmin edilməsi, qeyri-formal məşğulluğun
aradan qaldırılması və s. vacib komponentlər üzrə tədbirlərin tripartizm
prinsipi əsasında reallaşdırıldığını qeyd edib. O, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən
irəli gələn öhdəliklərin icrası sahəsində aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığın
həyata keçirildiyini bildirib. Nazir Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə zəngin
siyasi dialoq və praktiki əməkdaşlıq gündəliyindən bəhs edib, birgə fəaliyyət
müstəvisində görülmüş işləri diqqətə çatdırıb, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin
həmin problemlərin həllinə doğru qlobal siyasi qətiyyəti ifadə etdiyini
bildirib.
“Statistikaya görə, hazırda dünya əhalisinin 800 milyon nəfəri
yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Bu gün şəhərlə kənd arasında
tarazlıq pozulur, qadınların iş şəraitində çətinliklər var, ekoloji sahədə
iqlim dəyişikliklərində baş verən kataklizmlər bir sıra problemlər yaradır.
Lakin bütün bunlara baxmayaraq, ölkəmizdə həyata keçirilən uğurlu
sosial-iqtisadi siyasət nəticəsində son illər ərzində minimum əməkhaqqı 5,2,
orta aylıq əməkhaqqı isə 6,6 dəfə artıb, əhalinin maddi rifah halı yüksəlib.
Xüsusi qeyd etmək lazımdır ki, yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə enib,
qısa müddət ərzində iqtisadiyyata 230 milyarddan artıq vəsait qoyulub və
onların xeyli hissəsi xarici investorlar tərəfindən yatırılıb”,- deyə nazir
qeyd edib.
Konfransın “Əməyin arzuolunan gələcəyi” mövzusunda plenar
sessiyasında çıxış edən Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi
və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən
irəli gələn öhdəliklərin icrası sahəsində ölkəmizdə aparılan işləri diqqətə
çatdırıb. Ə.Əhmədov 8-ci Davamlı İnkişaf Məqsədinin, yəni, tam və məhsuldar məşğulluğa,
hər kəs üçün layiqli əməyə nail olunmasının Azərbaycanda həyata keçirilən
uğurlu dövlət siyasətinin əsas məqsədlərindən biri olduğunu, bu istiqamətdə ölkəmizdə
mühüm addımların atıldığını vurğulayıb.
Baş nazirin müavini çıxışında son illər ölkəmizdə 1,9
milyon yeni iş yerinin açıldığını və hər il 1,1-1,2 faiz əhali artımının qeydə
alındığını bildirib. “Bu, o deməkdir ki, ölkəmizin əmək bazarına hər il 100 min
yeni iş qüvvəsi daxil olur və onların məşğulluğunun təmin edilməsi üçün lazımi
tədbirlər görülməlidir”,- deyə Ə.Əhmədov qeyd edib.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş direktoru Qay
Rayder çıxış edərək Azərbaycana ilk dəfə səfər etdiyini bildirib. O, bu səfərdən
və hazırkı konfransda iştirak etməkdən məmnunluğunu ifadə edib. Ölkəmizin ötən
il BƏT-in İdarə Heyətində təmsil olunmaq hüququ qazandığını qeyd edən Q.Rayder
diqqətə çatdırıb ki, dünyada, xüsusən də əmək dünyasında baş verən dəyişiklikərin
mahiyyətini anlamaq lazımdır. Həmin proseslərin iş yerlərinin artmasına, yaxud
azalmasına səbəb olacağı sualı ortaya çıxır. Eyni zamanda, baş verən dəyişikliklər
fonunda bərabərsizliyin artması meyilləri də özünü göstərir. BƏT-in Baş direktoru
bu baxımdan əmək dünyasında özünü göstərən proseslərə yanaşmada ilk növbədə
sosial ədalətin, işçilərin əmək və sosial hüquqlarının qorunmasına diqqətin,
qurumun missiyasının da sosial ədalətlə bağlı olduğunun vacibliyini qeyd edib.
Q.Rayder Dayanıqlı İnkişaf Məqsədlərinin bugünkü dünya üçün aktuallığından bəhs
edib, Azərbaycanın bu məqsədlərin icrası üçün göstərdiyi səyləri dəstəklədiyini
bildirib.
Qeyd olunub ki, konfransın Bakıda keçirilməsi Azərbaycanda
dayanıqlı iqtisadi inkişaf şəraitində əhalinin məşğulluq imkanlarının
artırılması üçün həyata keçirilən fəal siyasətə görə ölkəmizin BMT-nin
2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci Məqsədin -
layiqli əmək və iqtisadi inkişaf icrası ilə bağlı region üzrə fokus ölkə seçilməsindən
irəli gəlir.
Plenar sessiyada Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək Beynəlxalq Əmək
Təşkilatının (BƏT) Baş direktoru, uzun illər Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının
baş katibi işləmiş Qay Rayderi və onunla birlikdə konfransda iştirak edən bütün
qonaqları salamlayıb və tədbirə qatıldıqlarına görə onlara minnətdarlığımı bildirib.O, qeyd edib ki, biz bura çox mühüm, eyni zamanda məsuliyyətli
bir mövzunu müzakirə etməyə yığışmışıq. Əminəm ki, bu mövzu ilə əlaqədar işgüzar
fikir mübadiləsi aparılacaq, işçilərimizin və cəmiyyətimizin maraqlarına cavab verən
əməli təkliflər səslənəcəkdir.
S.Möhbalıyev deyib ki, son dövrlər respublikamızda əhəmiyyətli
sosial-iqtisadi dəyişikliklər baş verir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilən genişmiqyaslı islahatlar həyata
keçirilir. Bazar iqtisadiyyatının təşəkkül tapması, sahibkarlığın inkişafını təmin
edən əlverişli mühitin yaradılması istiqamətində atılan önəmli addımlar əhalinin
yaşayış səviyyəsinin yüksəlməsi üçün geniş imkanlar açır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz fəaliyyətini
beynəlxalq əmək və həmkarlar ittifaqı hərəkatının əsas məqsədi olan muzdlu
işçilərin hüquq və mənafelərinin müdafiəsi üzərində qurmuşdur. Biz həmkarlar
ittifaqlarının həmrəyliyindən, sosial dialoq təcrübəsindən bəhrələnərək respublikada dayanıqlı inkişafa töhfələrimizi
verir və sosial-ədalət prinsipinin həyata
keçirilməsində fəal iştirak edirik.
Respublikamız beynəlxalq
ictimaiyyətin, eləcə də BMT-nin qlobal inkişafla
bağlı təşəbbüslərində yaxından iştirak edir.
Son 15 ildə bu sahədə praktiki və innovativ ideyalarla tanışlıq Azərbaycanda
Minilliyin İnkişaf Məqsədlərinin (MİM-lər) müvəffəqiyyətlə həyata keçirilməsini asanlaşdıran mühüm amillərdən
olmuşdur.
«Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün
Layiqli Əmək üzrə Ölkə Proqramı» Beynəlxalq Əmək Təşkilatı və sosial tərəfdaşlarımızın
iştirakı ilə işlənib hazırlanmış və 2016-cı ilin sentyabrında qəbul edilmişdir.
Bundan dərhal sonra AHİK-in İcraiyyə Komitəsi «Azərbaycan Respublikasının
2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı»nın həyata keçirilməsinə
dair Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Konsepsiyası»nı təsdiq
etmişdir. Konsepsiyada həmkarlar ittifaqlarının həyata keçirəcəyi tədbirlər və
görəcəyi işlər 8 istiqamət üzrə müəyyənləşdirilmişdir.
Həmin istiqamətlər əsasən bunlardır: məşğulluğun təmin edlilməsi,
iqtisadi inkişaf, layiqli əməkhaqqı, sosial müdafiə, sosial partnyorluq, hüquqların
müdafiəsi, təhlükəsiz əmək şəraiti, maarifləndirmə, təşkilati işin gücləndirilməsi.
AHİK sədri qeyd edib ki, hələ dayanıqlı inkişaf məqsədləri
qəbul edilməmişdən əvvəl də AHİK bu istiqamətdə BƏT ilə birgə xeyli tədbirlər həyata
keçirmişdir. 60 seminar və konfransın 13-ü
məhz 8-ci məqsədin mövzularını əhatə etmişdir.
Hamınıza məlumdur ki, Beynəlxalq Əmək Təşkilatı davamlı inkişaf
sahəsində səkkizinci məqsədə çatmaq üçün tam və məhsuldar məşğulluq və layiqli işi,
cins fərqi qoyulmadan bərabər dəyəri olan əmək üçün bərabər əməkhaqqı ilə təminatı
önə çəkir. Eyni zamanda gənclər arasında işsizliyin aradan qaldırılmasını, uşaq
əməyindən istifadənin bütün formalarından imtina edilməsini, qeyri-formal iqtisadiyyatın
nizamlanmasını, sahibkarlığın stimullaşdırılmasını, kiçik və orta sahibkarlığın
inkişafını, əmək hüquqlarının qorunmasını, etibarlı, təhlükəsiz iş şəraitinin yaradılmasını,
əmək miqrasiyası məsələlərini əsas prioritet
kimi qeyd edir.
Davamlı inkişafın başqa məqsədlərində də işçilərin layiqli
işlə təminatı üzrə ən mühüm məsələlər əks etdirilmişdir. 1-ci və 4-cü məqsədləri
buna misal göstərmək olar.
Yuxarıda sadaladığımız
prioritetlərdən biri də qeyri-formal iqtisadiyyatın tənzimlənməsi olduğu üçün qeyri-formal
məşğulluğun formal məşğulluğa keçidlə bağlı önəmli addımlardan biri sifarişçi təşkilatların
da işəgötürən kimi dəyərləndirilməsi ola bilərdi. Belə ki, bu gün sifarişlə işləyən
işçilərin sayı da durmadan artmaqdadır. Onların qeydiyyatı aparılmamaqla yanaşı
hüquqlarının qorunması da təmin edilmir. Bu sahədə həm beynəlxalq təşkilatlar, həm
də ölkələrin hökumətləri tərəfindən müvafiq tədbirlərin görülməsi vacibdir.
S. Möhbalıyev daha sonra bildirib ki, davamlı inkişaf sahəsində
səkkizinci məqsəd barədə danışarkən diqqəti aşağıdakı məsələlərə yönəltməyi vacib
hesab edirik.
Əvvəla, davamlı inkişaf sahəsində qlobal miqyasda tədbirlər
nəzərdə tutulsa da, hər bir dövlət öz inkişaf səviyyəsinə və imkanlarına uyğun məqsədlər
müəyyən edəcəkdər. Hər bir dövlətin nailiyyət qazanması isə bir çox hallarda onların
fəaliyyətindən və müəyyən etdikləri siyasətdən asılı olacaqdır. Burada Beynəlxalq Əmək Təşkilatının məsləhətləri balanslaşdırılmış
və səmərəli siyasətin işlənib hazırlanmasına kömək edə bilər. Dövlət potensialının gücləndirilməsi və dövlət institutlarının
möhkəmləndirilməsi də böyük əhəmiyyət daşıyacaqdır. Bu öz növbəsində əmək bazarının
statistik məlumatlarının daha dəqiq toplanması və analizinə kömək edəcəkdir.Hesab edirəm ki, hazırda, beynəlxalq təşkilatların və hökümətlərin
özəl sektorla, vətəndaş cəmiyyəti, yerli hakimiyyət orqanları və digər maraqlı tərəflərlə
çoxtərəfli əməkdaşlığına da böyük ehtiyac vardır.Layiqli əməyin təmin edilməsində BƏT-in 205-ci Tövsiyyəsinin
qəbulu və əməli tətbiqi məqsədlərimizə çatmaq üçün təsirli vasitələrdən biri olardı.
İkinci, önəmli istiqamət qlobal partnyorluğun təmin edilməsidir.Qloballaşma prosesləri, beynəlxalq siyasi-iqtisadi vəziyyət
istər-istəməz məqsədlərin həyata keçirilməsinə öz təsirini göstərəcəkdir. Odur ki,
məhz BƏT dövlətlər birliklərinin və müxtəlif qlobal idarəetmə qruplarının imkanlarından
istifadə etmək, onların bu məsələlərdə ölkələrlə əməkdaşlığına yardımçı olmaq missiyasını
öz üzərinə götürməlidir.
Üçüncü istiqamət, tərəfdaşlığın və fəaliyyət birliyin təkmilləşdirilməsidir.
Sosial tərəfdaşlarla fəaliyyət istiqamətlərimizi genişləndirmək və dünya təcrübəsindən
bəhrələnməliyik. Bu sahədəki beynəlxalq təcrübənin öyrənilməsində BƏT-in yardımına
böyük ehtiyacımız var. Hesab edirəm ki, bir sıra dövlətlərin nümayəndələrinin burada
iştirak etmələri və öz təcrübələrini bölüşmələri ümumi işimizə əməli töhfə verəcəkdir.
Plenar sessiyada daha sonra Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının
(ASK) prezidenti Məmməd Musayev, Rusiyanın Müstəqil Həmkarlar İttifaqları
Federasiyasının sədri Mixail Şmakov, Rusiya Sənayeçilər və Sahibkarlar
İttifaqının prezidenti Aleksandr Şoxin, Özbəkistan Respublikasının məşğulluq və
əmək münasibətləri naziri Şerzod Kudbiyev, Əfqanıstan İslam Respublikasının əmək,
sosial işlər, şəhidlər və əlillər naziri Faizullah Zaki mövzuya dair çıxış
ediblər.
Sessiyada “Baku Ekspo 2025” ilə əlaqədar videoçarx
nümayiş olunub.
Konfransın plenar sessiyası başa çatandan sonra Q.Rayder,
S.Babayev, S.Möhbalıyev və M.Musayev kütləvi informasiya vasitələrinin nümayəndələri
üçün mətbuat konfransı keçirib.
“Dayanıqlı İnkişaf Məqsədlərinə doğru davamlı inkişafın və
layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfransda “İqtisadi inkişafın
inklüziv, davamlı və iş yerlərinin açılması baxımından zəngin olmasını necə təmin
etmək olar”, “Qeyri-rəsmi iqtisadiyyatdan rəsmi iqtisadiyyata keçid”,
“Dayanıqlı İnkişaf məqsədləri üzrə monitorinq sistemlərinin tətbiqi”
mövzularında panel iclasları keçirilib və müvafiq mövzularda məruzə və təqdimatlar
edilib.