Bakıda “Əməyin gələcək sferası, dayanıqlı inkişaf, həmkarlar ittifaqlarının vəzifə və perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib
06 Feb 2018
Fevralın 6-da Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) birgə təşkilatçılığı ilə “Əməyin gələcək sferası, dayanıqlı inkişaf, həmkarlar ittifaqlarının vəzifə və perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda
AHİK-in sədri, BHİK-in vitse-prezidenti, Milli Məclisin üzvü Səttar Möhbalıyev,
BHİK-in prezidenti Joalo Felisio, Pan Avropa Regional Şurasının (PARŞ)
prezidenti İrakli Petriaşvili, BƏT-in Moskva Bürosunun nümayəndəsi Qoça
Aleksandria giriş sözü ilə çıxış ediblər.
Öz çıxışında tədbir iştirakçılarını salamlayan
S.Möhbalıyev qeyd edib ki, bu
gün dünyada müşahidə olunan ictimai, siyasi və sosial ziddiyyətlər, işsizlərin
sayının 200 milyonu aşması, ekoloji və təbii resurların istifadəsi və tükənməsi
problemləri fonunda insan həyatı üçün yarana biləcək təhdidlərin qarşısının
alınması ideyası bəşəriyyətin gələcək konsepsiyasının əsasını təşkil edir. Bu
baxımdan BƏT-in Baş Direktoru cənab Qay Rayder tərəfindən BƏT-in 104-cü
sessiyasında irəli sürülmüş “Əməyin gələcəyi” təşəbbüsü və bu təşəbbüs ətrafında
qlobal müzakirələrin aparılması çağırışı böyük əhəmiyyət kəsb edir. Əminliklə
qeyd etmək olar ki, yeni əsrdə əmək sferası böyük dəyişikliklərə məruz qalır. Məlumdur
ki, robot texnikasının inkişafı, istehsalın avtomatlaşdırılması və yeni
texnologiyaların tətbiqi əmək bazarının inkişafında həlledici rol oynayır.
Artıq Cənubi Koreyada hər 10 min işçiyə 478, Yaponiyada 315, Almaniyada 292,
ABŞ-da 164 robot düşür və bu say sürətlə artır. Hətta insan resurslarının
bolluğu ilə seçilən Çində bu sahədə ən yüksək artım müşahidə olunur. Dəyişikliklər
prosesi elə sürətlə və elə miqyasda baş verir ki, artıq əmək sferasının da
transformasiyasına səbəb olur. Həm də təəssüf ki, bu transformasiya, dəyişikliklərin vektorunun sosial ədaləti təmin
etmək tərəfə deyil, əks istiqamətə yönəldiyi bir şəraitdə baş verir.
AHİK sədri daha sonra bildirib ki, qlobal
iqtisadiyyatda istehsal gücləri insanların tələbatını ödəməyə və yoxsulluğu
aradan qaldırmağa imkan verdiyi halda, bu iqtisadiyyatın daxili mexanizmləri
kütləvi işsizlik və tam olmayan məşğulluq doğurur, geniş miqyaslı sosial təcridolunmaya
səbəb olur. Son 40 ildə əməyin ÜDM-də
payı inkişaf etmiş ölkələr üzrə 75%-dən 65%-ə qədər azalıb. Dünya əhalisinin cəmi
27%-i səviyyəli sosial müdafiə ilə əhatə olunur. Son 25 ildə beynəlxalq
miqrasiya 50%-dən çox artaraq hazırda 232 milyon kişi və qadını əhatə edir.
Onların çoxu da qəbul edildikləri ölkələrdə yüksək işsizlik və tam sosial
müdafiəsizliklə, bəzən isə açıq ksenofobiya və rasizmlə üz-üzə qalırlar.
Əməyin gələcəyi təşəbbüsü üzrə BƏT tərəfindən
müzakirə üçün təklif olunan mövzular (“əmək sferası və cəmiyyət”, “əməyin və
istehsalın təşkili”, “hamı üçün layiqli iş yerləri” və “əmək sferasının idarə
olunması”) yeni texnologiyaların inkişafı, demoqrafik perspektivlər, miqrasiya
prosesləri, təhsil imkanlarının genişləndirilməsi kontekstində əmək sferasına
daha geniş bucaq altında nəzər salmaq və bu sahədə baş verə biləcək dəyişikliklərə
öz baxışımızı formalaşdırmaq imkanı yaradır. Ölkəmizdə bu tədbirlər sosial
inkişafla qarşılıqlı əlaqədə olan məqsədyönlü iqtisadi siyasətin həyata
keçirilməsi ilə bağlıdır. Məşğulluğun inkişafına və layiqli əməyin təmin
olunmasına yönəldilmiş balanslaşdırılmış makroiqtisadi siyasət müəyyən nəticələrlə
ifadə olunub.
S. Möhbalıyev iştirakçıların nəzərinə çatdırıb ki,
respublikamızda həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində ölkədə
sosial-iqtisadi islahatların yeni mərhələsinə start verilib. Dünyada bu gün də davam
edən iqtisadi və maliyyə böhranının iqtisadiyyatımıza obyektiv səbəblərdən göstərdiyi
mənfi təsirə baxmayaraq, görülən kompleks tədbirlər nəticəsində 2016-cı ildə də
Azərbaycan iqtisadiyyatı inkişaf etmiş, qeyri-neft sənayesi 5 faiz, o cümlədən
kənd təsərrüfatı 2,6 faiz artmışdır. Son 10 il ərzində isə ölkənin Ümumi Daxili
Məhsulu 3 dəfədən çox artmış, 1 milyon 600 mindən artıq yeni iş yeri
yaradılmış, əhalinin gəlirləri 5,2 dəfə, minimum əmək haqqı 3,5 dəfə və orta
aylıq nominal əmək haqqı 3,8 dəfə artmış, işsizlik səviyyəsi 5 faiz səviyyəsində
saxlanılmışdır.
“Əməyin gələcəyi” konsepsiyasından irəli gələn təşəbbüslər,
xüsusilə davamlı insan inkişafının təmin edilməsi məsələləri milli səviyyədə
müzakirələrin mərkəzində dayanır. Azərbaycan Hökuməti ilə BƏT arasında
2016-2020-ci illər üçün imzalanmış Layiqli Əmək üzrə Ölkə Proqramı sosial
inkişaf naminə mühüm məqsədlərin reallaşmasına xidmət edən növbəti bir
addımdır. Beynəlxalq əmək normalarının və əmək münasibətləri sahəsində əsas
prinsiplərin və hüquqların təşviqi, sosial dialogun inkişafı, səmərəli aktiv əmək
bazarı proqramlarının həyata keçirilməsi vasitəsi ilə məşğulluğun artırılması,
sahibkarlıq imkanlarının genişləndirilməsi və sosial müdafiə sisteminin gücləndirilməsi
Ölkə Proqramının prioritetlərini təşkil edir.
“Əməyin gələcəyi”
təşəbbüsü ilk növbədə Sosial və İtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyada
müzakirə olunub. Komissiyada həmin təşəbbüs üzrə geniş müzakirələrin keçirilməsi
üçün milli prioritetlər əsasında 4 mövzu: “Demoqrafik vəziyyət və miqrasiya
proseslərinin əmək bazarına təsiri”, “Texnoloji inkişafın əmək bazarına və məşğulluğa
təsiri”, “Layiqli əməyin cəmiyyətin rifahında rolu” və “Təhsilin və təlimin əmək
bazarının inkişafında rolu” müəyyən olunub. Aidiyyəti dövlət orqanlarının,
sosial tərəfdaşların, elm və təhsil ocaqlarının, vətəndaş cəmiyyətinin və beynəlxalq
təşkilatların nümayəndələrinin iştirakı ilə həmin mövzularda Azərbaycanda əmək
sferasının gələcək perspektivləri ətrafında müzakirələr aparılıb.
Güclü, dayanıqlı, tarazlaşdırılmış, inklüziv və
kifayət qədər iş yerləri olan iqtisadi artımın təmin edilməsi, innovasiya
elementlərinin tətbiqi və əmək bazarında zəruri bacarıqların artırılması əsasında
əmək sferasının perspektivlərini düzgün qiymətləndirərək, gələcəkdə bu sahədə
baş verəcək transformasiya ilə bağlı bütün çağırışlara əmək məhsuldarlığının
yüksəldilməsi ilə cavab vermək üçün indidən bu proseslər ciddi təhlil olunmalı
və düzgün addımlar müəyyənləşdirilməlidir.
AHİK sədri daha sonra vurğulayıb ki, Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1136 nömrəli Fərmanı ilə təsdiq
edilmiş milli iqtisadiyyatın əsas sektorlar üzrə strateci yol xəritələrində də
Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin olunması, əmək bazarında çevik siyasətin
həyata keçirilməsini təmin edən institutlar vasitəsilə sosial dialoqun inkişafı
və inklüziv məşğulluğun artmasına nail
olunması, habelə əmək resurslarından səmərəli istifadə nəticəsində əmək məhsuldarlığı səviyyəsinin yüksəldilməsi və əmək
hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsi əsas
strateci hədəf və prioritetlər kimi müəyyən edilib.
Bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata
keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il
2760 nömrəli «Azərbaycan Respublikasında
əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında» Sərəncamı ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Kondinasiya
Komissiyası yaradılıb. Komissiyaya icra orqanlarının rəhbərləri ilə yanaşı Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri və Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti
daxil edilib.
Yuxarıda adı çəkilən Sərəncama uyğun olaraq ölkə Prezidenti tərəfindən
«Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair
Tədbirlər Planı»nın təsdiq edilməsi haqqında» 9 oktyabr 2017-ci il 3287 nömrəli
yeni Sərəncam imzalanıb.
Tədbirlər planı beş bölmədən ibarətdir:
1. Normativ hüquqi aktların təkmilləşdirilməsi
2. İnzibatçılığın təkmilləşdirilməsi.
3. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması
4. Monitorinq və qiymətləndirmə sisteminin qurulması
5. Qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin
təşkili.
Bu planın icrası nəticəsində mərhələ ilə 1 milyon qeyri-rəsmi məşğul
olanların formal sektoruna cəlb olunması hədəfə alınmışdır. Qeyd
etmək lazımdır ki, tədbirlərin icrasında Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının da yaxından iştirakı
nəzərdə tutulub.
Çıxışının sonunda S.Möhbalıyev bildirib ki, Azərbaycan
Respublikasının məşğulluq və əmək bazarı sahəsində aparılan islahatlar nəticəsində
əldə etdiyi nailiyyətlər nəzərə alınaraq ölkəmiz BƏT tərəfindən BMT-nin 2030
Gündəliyinin və Davamlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı region üzrə
fokus ölkə seçilib.
Bununla əlaqədar 21 may 2018-ci il tarixində Bakı şəhərində BƏT-in
Baş direktoru Qay Rayderin iştirakı ilə 8-ci Davamlı İnkişaf Məqsədlərinin
icrasına həsr edilmiş «Davamlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və
layiqli əməyin təbliği» mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası da bu konfransın işində yaxından iştirak
edəcək və ona öz töhfəsini verəcəkdir.
Konfransın gedişində “Dayanıqlı inkişaf və sosial ədalətin təmin
olunması baxımından əməyin gələcək sferası”, Beynəlxalq əmək standartlarına
riayət edilməsini yaxşılaşdırmaq konteksində layiqli əmək şəraitinə dəstəyin
yeni üsulları”, “Əmək sahəsində baş verən dəyişikliklərə səmərəli təsir göstərmək
üsulu kimi sosial dialoqun mühümlüyü”, “Yeni texnologiyaların inkişafı,
iqtisadiyyatın və sosial müdafiənin minimal standartlarının bütün sahələrdə məşgulluğun
təmin edilməsi üzrə yeni vəzifələr” mövzularında ayrı-ayrı bölmələr üzrə
keçirilən iclaslarda çıxışlar dinləniləcək və diskussiyalar keçiriləcəkdir.