Bakıda “Gənclərin məşgulluğu və İş dünyasının gələcəyi” mövzusunda beynəlxalq konfrans işə başlayıb
06 Nov 2017
Noyabrın 6-da Bakı Biznes Mərkəzində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Pan Avropa Regional Şurasının (PARŞ) Gənclər Komitəsinin "Gənclərin məşğulluğu və İş dünyasının gələcəyi" mövzusunda beynəlxalq konfransı öz işinə başlayıb.
Tədbir
öncəsi konfrans iştirakçıları Fəxri xiyabana gedərək Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə
Əliyevanın da məzarı önünə gül dəstələri düzüblər. Daha sonra Şəhidlər xiyabanına gedən qonaqlar Azərbaycanın müstəqilliyi
uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini yad ediblər.
Konfransın
işində iştirak edən AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının və Pan Avropa
Regional Şurasının vitse-prezidenti,
Milli Məclisin üzvü Səttar Möhbalıyev giriş sözü ilə çıxış edərək dünya
ölkələrinin həmkarlar ittifaqı mərkəzlərindən olan qonaqları Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası adından salamlayıb.
AHİK
sədri öz çıxışında bildirib ki, bugünkü tədbir həlli vacib olan problemə həsr oluub.
Biz birlikdə əmək sferasının mühüm iştirakçısı olan gənclərin məşğulluğu ilə bağlı məsələləri
müzakirə edirik. Həm də
iş dünyasının gələcəyi,
əmək münasibətlərində baş verəcək dəyişikliklər və çağırışlar baxımından
işçilərin hüquq və mənafelərinin müdafiəsində həmkarlar ittifaqlarının rolu
diqqət mərkəzində olacaq. Əminəm ki, konfransda yeni məşğulluq növlərində
və sektorlarda çalışan işçilərin
həmkarlar ittifaqı sıralarına cəlb edilməsi istiqamətində də müvafiq təkliflər
irəli sürüləcəkdir. Biz həmkarlar ittifaqlarının həmrəyliyini və sosial dialoqu
əsas tutaraq ölkələrimizdə iqtisadiyyatin inkişafına töhfələrimizi
verib sosial-ədalət prinsipinin həyata
keçirilməsində daha aktiv iştirak
etməliyik.
S.Möhbalıyev
vurğulayıb ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk
növbədə gənc nəslə bağlayır. Savadlı, geniş dünya görüşünə malik gənclərin
yetişdirilməsi, onların məşğulluğu hər
bir ölkə və beynəlxalq təşkilatlar üçün başlıca məsələdir. Bütün dünyada
gənclərin problemləri əsasən eynidir - məşğulluğ, işədüzəlmə, layiqli
əmək, sosial müdafiə, istirahət, əyləncə, mənzilə sahib olma, təhsilin
səviyyəsi və s.
Beynəlxalq Əmək Təşkilatının (BƏT)
hesablamalarına görə, gənclər arasında qlobal işsizlik səviyyəsi 13,1 faizə
çatıb və bu göstərici yaşlı əhali arasındakı işsizlikdən iki dəfə yüksəkdir. Dünya
iqtisadi böhranı bir çox ölkələrin əmək bazarlarında gənclərin onsuz da
mürəkkəb olan vəziyyətini bir az da gərginləşdirib.
Heç şübhəsiz, bu günün əmək sferası 50 il
bundan öncə mövcud olmuş dövrdən özünün mürəkkəbliyi və dinamikliyi ilə
fərqlənir. Gələcək illərin əmək sferası da böyük dəyişikliklərlə üzləşəcək. Bu
gün dünyada müşahidə olunan ictimai, siyasi və sosial ziddiyyətlər, işsizlərin
sayının 201 milyonu aşması, ekoloji və təbii resursların tükənməsi fonunda
gələcəkdə dünyanın necə dəyişəcəyi barədə bir çox fikirlər səslənir. Bu
baxımdan Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin irəli sürdüyü
“Əməyin gələcəyi” təşəbbüsü və bunun ətrafında qlobal müzakirələrin aparılması
çağırışı böyük əhəmiyyət kəsb edir.
Məşğulluğun
qlobal meylləri, əmək bazarının günü-gündən rəqəmsallaşması və məşğulluğun yeni
formalarının mövcüdluğu, bu seqmentər üzrə əmək bazarına daxil olan gənclərin
hüquqlarının qorunmasında problemləri üzə çıxarır. Texnologiyanın inkişafı,
mobilləşmə həyat tərzimizi dəyişdiyi kimi iş sahələrini və vərdişlərimizi də
rəqəmsal istiqamət üzrə dəyişir. Kompüterlər və robotlar istehsalatda və xidmət
sahəsində getdikcə üzərinə daha mürəkkəb vəzifələr götürür, həm də bu iş
yerlərinin azalmasına səbəb ola bilər. Bəs bu şəraitdə insanın rolu nədən
ibarət olacaqdır? Bütün bu məsələlər Dünya İqtisadi Forumlarının, o cümlədən
"İndustriya 4.0"-ün (dördüncü sənaye inqilabı) əsas mövzularındandır.
S.Möhbalıyev
deyib ki, təşkilatçıların proqnozlarına görə, 2020-ci ilin sonuna yaxın yüksək
inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə iş yerlərinin sayı beş milyon
ədəd azalacaq. Bu, tək müəssisələrdə çalışan işçilərə aid olmayacaq. Proses həm
də ofis əməkdaşlarını, eləcə də xidmət sahəsində işləyənləri əhatə edəcək.
Araşdırmalara görə, dünya əmək bazarı təxminən yeddi milyon iş yerini itirəcək,
onlardan üçdə iki hissəsi - inzibati və ofis vəzifələridir. Lakin İT (Ay-Ti)
mütəxəssisləri bundan faydalana bilər. Süni intellekt və robotlaşdırmanın
inkişafı sayəsində dünyada iki milyon yeni vakansiya yaranacaq. Növbəti
dəyişikliklər qadınların məşğulluğuna da mənfi təsir edə bilər, çünki
nümayəndələrinin sayı elmi, mühəndis-texniki ixtisaslar arasında və riyaziyyat
ilə bağlı sahələrdə xeyli azdır.
Əmək
sahəsindəki miqyaslı təhlükələrdən biri də – bir çox peşələrə tələbatın
itməsinə gətirib çıxaracaq. Yaxın
gələcəkdə mühasib, əczaçı, sığorta agenti kimi digər peşələr sıradan çıxa
bilər. Sərbəst əmək resurslarının yenidən optimal bölüşdürülməsi məsələsi
indiyə qədər görünməmiş dərəcədə aktualdır. Digər tərəfdən texnoloji tərəqqinin
sürətləndirilməsi ilə əlaqədar yeni peşələr meydana gəlir və bu gün bir çoxları
qeyri-tipik, çevik və b. məşğulluq seqmentləri üzrə kənarda çalışırlar. Həmçinin işçilərin əmək və sosial
təminatlarının müdafiəsi kimi məsələlər həmkarlar ittifaqları tərəfindən böyük
diqqət tələb edir. Bunlar əməkçilərin müdafiəsini yaxşılaşdırmağa və əmək
bazarına aid olan gələcək məsələləri proqnozlaşdırmağa imkan verəcəkdir.
AHİK
sədri iştirakçıların diqqətinə çatdırıb ki, Azərbaycan Respublikası Avropa və
MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik əhalisi
olan və əhali sayı sürətlə artan az sayda ölkələrdən biridir. 2006-2016-ci
illər ərzində əhalinin sayı 14 faiz artıb. Əhalinin 28,1 faizini 15-29 yaşda
gənclər təşkil edir və demoqrafik yük əmsalı 1990-cı ilə nisbətən 1,7 dəfə
azalaraq 40 nəfər təşkil edir. Azərbaycan işsizliyin azaldılması sahəsində
uğurlu təcrübəyə malikdir və gənclərin məşğulluğu üzrə BMT-nin qabaqcıl
ölkələrindən biridir.
Ümummilli
lider Heydər Əliyev 1996-cı ildə fevralın 2-nin Gənclər Günü kimi qeyd olunması
barədə sərəncam imzalayarkən demişdi: «Biz dövlətin və cəmiyyətin idarə
edilməsində gənc nəslin qüvvəsinə arxalanaraq, onların imkanlarından maksimum
istifadə edəcəyik». Həqiqətən gənclərin cəmiyyətimizin aparıcı qüvvəsinə
çevrilməsi üçün ölkə rəhbərliyi tərəfindən mühüm addımlar atılıb. 2007-ci il
«Gənclər ili» elan edildi. «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət
Proqramı, «2015-2025-ci illərdə Azərbaycan Gəncliyinin İnkişaf Strategiyası»
imzalandı. Ölkədə fəaliyyət göstərən Azərbaycan gəncliyi, Yoxsulluğun azaldılması və davamlı inkişafı
üzrə regionların sosial-iqtisadi inkişafı, Məşğulluq Strategiyasının həyata
keçirilməsi üzrə Dövlət Proqramları və digər mühüm sənədlər qəbul olunaraq həyata keçirilir.
Azərbaycanın
gənclərin məşğulluğu üzrə şəbəkəyə daxil olan ölkələrə qoşulması BMT tərəfindən
müsbət qarşılanıb. Bütün bu tədbirlər ona gətirib çıxardı ki, ölkə Prezidenti
cənab İlham Əliyevin təbirincə desək, hazırda «Gənclər… cəmiyyətimizin fəal
üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar». Ən istedadlı,
bacarıqlı oğlan və qızlar dövlət və hakimiyyət orqanlarında məsul vəzifələrə
irəli çəkilir. Mədəniyyət, idman, elm sahəsində onların qarşısında geniş
imkanlar açılıb. 2010-cu ildən bugünədək 360 min yeni iş yeri yaradılıb ki, bu
müddətdə də işə düzələnlərin 70%-i gənc kadrlardır. Gənclər arasında işsizliyin
səviyyəsi 15 faizdən 10,9 faizə enib. Ölkədə mövcud demoqrafik meyillər və
inkişaf perspektivləri, iqtisadi prioritetlər əsasında uzunmüddətli dövlət
məşğulluq siyasəti formalaşdırılır. Konsepsiya layihəsinin hazırlanması üçün 21
qurumun nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb və fəaliyyət göstərir.
Konsepsiyanın prioritet istiqamətləri sırasına makroiqtisadi siyasət və
sahibkarlığın inkişafı, infrastruktur layihələrində və dövlət investisiya
xərclərində məşğulluq amilinin formalaşdırılması, demoqrafik yükün əmək
bazarına və məşğulluq siyasətinə təsirinin qiymətləndirilməsi daxildir.
Həmçinin rəqabətədavamlı kadr potensialının yaradılması, əmək bazarının
inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, işsiz və işaxtaran vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi, sosial məsuliyyətin artırılması və sosial
tərəfdaşlığın inkişaf etdirilməsiı və digər prioritet istiqamətlər yeni
Konsepsiyada əhatə olunacaqdır.
S.
Möhbalıyev bildirib ki, Yeni Məşğulluq Konsepsiyası layihəsinin hazırlanmasında
əsas partnyorlarımız BƏT, Dünya Bankı və BMT-nin Əhali Fondudur. Məhz bu
əməkdaşlıq nəticəsində Bakıda keçirilən təlim-seminarı və tədbirlərdə ölkənin
əmək bazarında baş verən vəziyyət, müşahidə olunan meyllər, əldə olunmuş
nailiyyətlər və mövcud problemlər, onların həlli yolları, həmçinin növbəti
illər üçün müəyyən olunmuş prioritetlər geniş müzakirə olunub. Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sosial tərəfdaş kimi bu işlərdə,
dövlət məşğulluq siyasətinin hazırlanması və təkmilləşdirilməsində fəal iştirak
edir.
Respublika
iqtisadiyyatında çevik məşğulluğun müxtəlif formaları mövcud olduğundan AHİK,
öz səylərini əmək qanunvericiliyindəki əsas anlayış və təyinatların
dəyişdirilməsi yollarının axtarışına yönəldib. Əhali, onun işləyən hissəsi
konkret iş yerinə, işəgötürənə, iş və istirahət vaxtına, məzuniyyətə və
həmkarlar ittifaqlarının sayəsində müəyyənləşdirilmiş əməyin mühafizəsi və
texniki təhlükəsizlik qaydalarının olmasına adət edib. Bu gün isə biz müşahidə
edirik ki, adamlar internetdəki elanlar vasitəsilə iş tapır, virtual şəkildə
muzd barədə sövdələşir və işi yerinə yetirməyə başlayır. O, öz işəgötürənini
görmür, ofisdə konkret iş yeri olmur. Onun yalnız bank kartı olur ki, oradakı
məbləğ də işəgötürənin arzusu və istəyinə görə dəyişir. Bu gün çoxları evdə
işləməyə daha çox üstünlük verir, artıq “8 saatlıq iş günü” anlayışı aktual
deyil, “iş yerinin şəraiti” anlayışı da öz əhəmiyyətini itirməkdədir.
Gənclərin
böyük bir qismi həmkarlar ittifaqı sıralarında birləşir. Bu üzvlük
təşkilatımızın üzərinə böyük məsuliyyət qoyur. AHİK bütün gəncləri inkişaf
strategiyası çərçivəsində yeni ideyalarını ortaya qoymağa çağırıb. Gənclər
siyasəti Həmkarlar İttifaqı rəhbər orqanlarının (Qurultay, Məclis və İcraiyyə
Komitəsi) sənədlərinə istinadən həyata keçirilir. Gənclərin təşkilatlanması
istiqamətində çoxsahəli tədbirlər görülür. Bunların isə əsas icraçıları AHİK-in
və sahə Hİ respublika komitələrinin nəzdində yaradılan “Gənclər şuraları”dır.
“Şuralar” gənclərin Hİ-nin rəhbər orqanlarında təmsil olmalarına, müəssisə və
təşkilatlarda bağlanan bütün saziş və kollektiv müqavilələrə gənc işçilərə aid
müvafiq bölmə və öhdəliklərin daxil edilməsinə səy göstərirlər. Gənclərin
istehsalata həm ixtisaslı kadr, həm də fəal ictimaiyyətçi kimi hazırlığı işində
stimullaşdırma metodları istifadə olunur. «Bu – mənim peşəmdir», «Gənclərlə iş
üzrə ən yaxşı ilk Hİ təşkilatı adı uğrunda», «Gənclərin liderlik məktəbi»,
«Gender bilikləri və texnologiyası məktəbi» layihələri bu qəbildəndir.
Gənclərin həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirılməsi
məqsədilə «İlin peşəkar gənci» fəxri adı təsis edilib və 100-dən çox gənc bu
ada layiq görülüb.
Gənc
liderlərlərimizin dünya miqyaslı tədbirlərdə iştirakı ilbəil artır. Onlar
müasir gənclərə xas olan problem və nailiyyətlərin müzakirəsində iştirak edir,
əldə olunmuş bilik, müsbət təcrübə və texnologiyaları həmkarları ilə
bölüşürlər. Yeri gəlmişkən mən bu istiqamətdə Bakı Dövlət Universiteti Tələbə
Həmkarlar İttifaqı Komitəsinin təcrübəsini xüsusi vurğulamaq istərdim. Komitə
tələbə-gənclərin dərsdən sonrakı asudə vaxtlarını onların məşğulluq probleminin
həlli istiqamətinə yönəldir. Belə ki, Komitə BDU-də fəaliyyət göstərən Karyera
Mərkəzi ilə birlikdə biznes həyatında kifayət qədər tanınmış böyük şirkətlərlə
(«Azercell», «Bakcell», «Socar», «Azersun») iş birliyi yaradıb. Mütəmadi olaraq
həmin şirkətlərdə mövcud iş imkanları gənclərin diqqətinə çatdırılır. Eyni
zamanda Dövlət İmtahan Mərkəzi ilə birlikdə son kursların tələbələri üçün
dövlət qulluğuna imtahanların mərhələləri və qaydaları haqqında məlumat
xarakterli görüşlər təşkil edilib. Görülən işlərin nəticəsidir ki, hazırda
əyani şöbədə təhsil alan 300-dən artıq tələbə müxtəlif qurumlarda işlə təmin
olunub, çoxsayda məzun isə dövlət qulluğunda çalışır.
S.Möhbalıyev
çıxışının sonunda diqqətə çatdırıb ki, AHİK, sosial tərəfdaşlardan biri kimi,
Nazirlər Kabineti və Sahibkarlar Milli Konfederasiyası ilə birgə Baş Kollektiv
Saziş imzalayır. Bağlanmış sənəddə gənclərin məşğulluğuna təsir edən bir çox
yeni, perspektiv məsələlər öz əksini tapıb və icra edilib. Təkliflərimizə
əsasən, son illərdə AR Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə,
“Həmkarlar İttifaqı haqqında” Qanuna və digər hüquqi-normativ aktlara 100-ə
yaxın əlavə və dəyişikliklər olunub. İşsizliyin icbari sığortası
tətbiq edilib. Söhbət işin itirilməsi halında işçinin müdafiə edilməsi üçün
müəyyən əlavə mexanizmdən gedir. Bu mexanizm insanın həyat səviyyəsinin kəskin
surətdə aşağı düşməsinə imkan verməyəcək.
Bundan əlavə həmkarlar ittifaqları təkid edirlər ki, işəgötürənlər
işçilərin bütün əmək fəaliyyəti
boyu yenidən öyrətmə və ixtisas
artırma üzrə normaları mütləq olaraq kollektiv müqaviləyə daxil etsinlər, borc ödəmə
qabiliyyətsizliyi halında işçiyə əmək haqqı kompensasiyası mexanizmini müəyyən etsinlər. Bütün bu
kompleks ölçülər işçilərin əmək bazarında vəziyyətini daha möhkəm təmin
edəcəkdir.
“AHİK
gənclərin məşğulluq böhranı ilə mübarizəyə yönəldilmiş effektiv fəaliyyətin
işlənib hazırlanmasını, əməkdaşlığın möhkəmləndirilməsini, bir sözlə insan
kapitalına daha çox sərmayə qoyulmasını məqsədəmüvafiq sayır. Hesab edirəm ki,
bu toplantı müasir dövrdə gənclərin
problemlərinin həlli yollarının araşdırılması, iştirakçı ölkələrin
təşkilatları arasında təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətli
olacaq, səmərəli müzakirələrlə yadda qalacaqdır.”
Daha
sonra konfrans iştirakçıları Pan Avropa Regional Şurasının müşaviri Qoda
Neverauskaytenin BHİK/PARŞ Gənclər komitəsinin fəaliyyəti, PARŞ Gənclər
komitəsinin prezidenti Tatyana Marianın 2016-2017-ci illər üçün Komitənin
hesabatı və digər mövzularda çıxışçıların məlumatlarını dinləyiblər.
Konfrans
öz işini iki gün davam etdirəcəkdir.