Bakıda gənclərin məşğulluğunun yeni formaları üzrə beynəlxalq konfrans keçirilir
08 Sep 2016
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nəzdində fəaliyyət göstərən “Şıxov” sanatoriyasında gənclərin məşğulluğunun yeni formaları üzrə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Pan-Avropa Regional Şurasının ikigünlük beynəlxalq konfransı işə başlayıb.
AHİK sədri, Beynəlxalq
Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin
deputatı Səttar Mehbalıyev konfransda müasir dövrdə gənclərin qarşılaşdığı
problemlərdən danışıb, onlardan birinin də işsizlik olduğunu bildirib. Azərbaycanda
gənclərin işsizlik probleminin həlli üçün görülən işlərdən söz açan AHİK sədri
bu sahədə xeyli nailiyyətin əldə edildiyini diqqətə çatdırıb.
S.Mehbalıyev
vurğulayıb ki, Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının başlıca
istiqamətlərindən biri əmək ehtiyatlarından səmərəli istifadəyə şərait
yaradılmaqla əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsidir. Yoxsulluğun
azaldılması və davamlı inkişaf, regionların sosial-iqtisadi tərəqqisi, habelə məşğulluq
strategiyasının həyata keçirilməsi üzrə Dövlət proqramları, 2004-cü ildən bəri
1,5 milyon iş yerinin yaradılması ölkədə əmək qabiliyyətli əhali arasında məşğulluq
səviyyəsinin 95 faizədək yüksəlməsinə imkan verib. Hazırda respublikada
işsizlik səviyyəsi beş faizdən bir qədər çox, gənclər arasında isə təqribən on
faiz təşkil edir. Əldə edilən bu uğurlara görə ölkəmiz Beynəlxalq Əmək Təşkilatı
tərəfindən dünyada on lider ölkə sırasına daxil edilib. Azərbaycanda 15-29
yaşlı gənclər ümumi əhalinin 29,3 faizini, məşğul əhalinin isə 24,4 faizini təşkil
edir.
Konfederasiya sədri
bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə
mövcud demoqrafik meyillər və inkişaf perspektivləri, iqtisadi prioritetlər əsasında
uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması üçün Məşğulluq
Konsepsiyası layihəsinin hazırlanması barədə müvafiq tapşırıq verilib.
2016-2025-ci illəri əhatə edəcək Konsepsiya layihəsinin hazırlanması üçün
yaradılmış İşçi Qrupunda ümumilikdə 21 aidiyyəti dövlət orqanı və Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası daxil olmaqla sosial tərəfdaşlar təmsil olunur.
S. Mehbalıyev
qeyd edib ki, AHİK-in müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla əlaqələri, həyata
keçirilən layihələr, gənclər siyasəti ilə bağlı tədbirlərin təşkili sahəsində
qazanılmış təcrübə Konfederasiyanın belə konfranslara və toplantılara yüksək səviyyədə
ev sahibliyi etməsinə imkan yaradır. Gənclərin problemlərinə həsr olunan mötəbər
tədbirlərdə həmkarlar ittifaqlarının gənc liderlərinin iştirakı ilbəil artır.
Qonaqlar çıxış edərək tədbirin
yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını
bildirib, müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflərini səsləndirilib,
yaradılmış işçi qruplarda müzakirələr aparılıb.