AZ | RU | EN
AZ | EN | RU

Bakıda tələbə idmançıların idman bayramı keçirilib

29 Apr 2016

Aprelin 29-da Əl Oyunları Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş ali təhsil müəssisələri işçilərinin respublika spartakiadasının və ali məktəb tələbələri arasında idmanın müxtəlif növləri üzrə respublika çempionatlarının final mərhələsinin açılış mərasimi keçirilib.

Qeyd edək ki,  Təhsil, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin və "Gənclik" Tələbə İdman Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutan spartakiadada ölkənin 23 ali məktəbindən yüzlərlə idmançı qələbə uğrunda mübarizə aparacaq. Bu böyük idman tədbirinin təşkilində əsas məqsəd ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq ali təhsil müəssisələrində çalışan işçilərin sağlamlığını möhkəmləndirmək, asudə vaxtlarının səmərəli keçməsinə yardım göstərməkdir. Eyni zamanda ali təhsil müəssisələrində idmanın və bədən tərbiyəsinin kütləviliyinə nail olmaq, ən yaxşı idman kollektivini müəyyən etməkdir.

Mayın 3-də start götürəcək spartakiadanın proqramına 6 idman növü (şahmat, dama, nərd, futzal, stolüstü tennis və voleybol) daxil olunub. Yarışlara mayın sonunda yekun vurulacaq. Ali təhsil müəssisələrinin tələbələri arasında keçiriləcək çempionatın təqvim planı daha genişdir. Onlar idmanın 10 növündə (atletika, şahmat, minifutbol, voleybol, basketbol, stolüstü tennis, yunan-Roma güləşi, sərbəst güləş, veloidman və badminton) nəyə qadir olduqlarını göstərəcəklər. Onu da deyək ki, çempionat hələ mart ayında start götürüb. Artıq badminton, şahmat, stolüstü tennis, veloidman və basketbol üzrə qaliblər məlumdur. Hazırda voleybolçu tələbələr hansı komandanın daha güclü olduğunu müəyyənləşdirirlər.

Açılış mərasimində Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək bildiriblər ki, ümummilli lider Heydər Əliyev gənc nəslin fiziki sağlamlığına dövlət qayğısını mühüm amillərdən hesab edirdi. Bu işdə idmanın, bədən tərbiyəsinin oynadığı rolu yüksək qiymətləndirirdi. Ümummilli liderin gənclərə, onların sağlamlığına, bədən tərbiyəsinə, idmana qayğısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin də fəaliyyətində prioritet təşkil edir. Natiqlər mərasim iştirakçılarına qələbə əzmi diləyiblər.

Sonra söz AHİK sədri, millət vəkili, BHİK-in və PARŞ-ın vitse-prezidenti Səttar Mehbalıyevə verilib.  S.Mehbalıyev spartakiada iştirakçılarını bu idman bayramı münasibətilə təbrik edib, onların hər birinə qələbə sevinci arzulayıb. Bildirib ki, ulu öndərimiz Heydər Əliyev respublikamızda idman sahəsinə də böyük diqqət və qayğı göstərirdi. İdman obyektlərinin tikilməsi, gənclərimizin idmanla məşğul olması, onların fiziki cəhətdən sağlam böyümələri üçün lazımi şəraitin yaradılması, idmançılarımızın sosial problemlərinin həlli ulu öndərimizin daimi diqqət mərkəzində olubdur.

Bu mühüm işləri indi ulu öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev uğurla həyata keçirir. Bölgələrdə və Bakı şəhərində Olimpiya stadionlarının və idman obyektlərinin tikilib istifadəyə verilməsi, çoxlu sayda beynəlxalq və respublika miqyaslı idman yarışlarının paytaxtımızda keçirilməsi, bu tədbirlərdə idmançılarımızın əldə etdikləri uğurlar bunun parlaq təcəssümüdür.

Bu gün respublikamızda idmana, gənclərimizin fiziki tərbiyəsinə ciddi fikir verilir. Ölkə başçısı və onun xanımı, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ölkəmizdə idmanın inkişafı üçün mühüm işlər görürlər.

Məhz bu görülən işlərin nəticəsidir ki, I Avropa Oyunlarına paytaxtımız ev sahibliyi etdi. Bakıda iyun ayında Formula-1 yarışları, may ayında Beynəlxalq velosiped yarışları, gələn il İslam Həmrəylik Oyunlarının keçirilməsi nəzərdə tutulub.

AHİK sədri daha sonra deyib: bilirsiniz ki, bu gün Azərbaycan müharibə şəraitindədir, mənfur qonşularımız hər an zəbt etdikləri ərazilərdən dinc sakinlərimizi atəşə tutur, yeni-yeni təxribatlar törədir. Lakin doğma torpaqlarımızın keşiyində duran əsgər və zabitlərimiz hər an onların layiqli cavabını verirlər. Elə aprel ayının əvvəlində də vətənpərvər oğullarımız bir daha sübut etdilər ki, biz doğma torpaqlarımızı düşmən əsarətindən xilas etməyə hər an hazırıq. Ona görə də bizim gənclər sağlam böyüməli, fiziki və mənəvi cəhətdən güclü olmalı, vətənpərvər ruhda tərbiyə almalıdırlar.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə tariximizin ən qüdrətli mərhələsini yaşayan dövlətimizin gücünü düşmən indiyə qədər beynəlxalq arenalarda, diplomatiya səngərlərində çox görmüşdü. Aprelin ilk günlərində isə düşmən Azərbaycanın getdikcə artan gücünü bir daha gördü.

Bu gün dünyada baş verən hadisələrin fonunda belə uğurlu əməliyyat keçirib işğalçı Ermənistana qısa müddət ərzində sarsıdıcı zərbələr vurmaq və Azərbaycanın haqlı addımını dünyaya olduğu kimi qəbul etdirmək asan məsələ deyil. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin illərdən bəri diplomatik cəbhələrdə apardığı haqq davasının zəfəridir, təntənəsidir. Mən bir daha Ali Baş Komandanımızın ətrafında sıx birləşməklə əsgər və zabitlərimizə qələbə sevinci, xalqımıza əmin-amanlıq, idmançılarımıza isə yeni-yeni uğurlar arzulayıram.

Daha sonra S.Mehbalıyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş Spartakiadanı açıq elan edib.
Açılış mərasimində  respublikanın müxtəlif idman cəmiyyətləri və təşkilatlarının idmançıları öz ustalıqlarını nümayiş etdiriblər, incəsənət ustalarının konsert proqramı ilə çıxışları olub.

FAYDALI KEÇİDLƏR