Baxış-müsabiqənin qalibləri mükafatlandırılıblar
27 Dec 2019
Dekabrın 27-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Bakı şəhəri üzrə ən yaxşı Uşaq Musiqi (İncəsənət) Məktəbinin Həmkarlar İttifaqı Komitəsi” baxış-müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Respublika Komitəsinin sədri
Cəmilə Səttarova 2019-cu ildə ölkədə mədəniyyət sahəsində aparılan
islahatlardan, nailiyyətlərdən danışıb. Deyib ki, dövlətimizin mədəniyyət sahəsinə
yetirdiyi diqqət və qayğı danılmazdır. Ölkə Prezidentinin mədəniyyət işçiləri ilə
görüşü, onların problemlərini bilavasitə özlərindən eşitməsi, əməkhaqlarının
artırılması buna bariz nümunədir. Sevindirici haldır ki, mədəniyyət
ocaqlarımızda mərhələli şəkildə təmir-bərpa işləri aparılır. Sahə müəssisələrində
işçilərin rahatlığı və sağlamlığı nəzərə alınaraq lazımi şərait yaradılır.
C. Səttarova başa çatmaqda olan ildə yadda qalan uğurları
da nəzərə çatdırıb. Bildirib ki, AHİK sədri, millət vəkili Səttar
Möhbalıyevin yenidən PARŞ-ın vitse-prezidenti seçilməsi Azərbaycanda həmkarlar
itttifaqları təşkilatının gücündən, dünyada nüfuzundan xəbər verir.
O, deyib ki, Respublika Komitəsi tərəfindən təşkilatlar
arasında həmkarlar ittifaqına üzvlüyə motivasiyanın yüksəldilməsi, təşkilatlarda
işin canlandırılması, istedadlı işçilərin yaradıcı potensialının üzə
çıxarılması və maraqlarının müdafiəsi istiqamətində müntəzəm olaraq silsilə
seminarlar, baxış-müsabiqələr keçirilir.
Daha
sonra müsabiqənin qaliblərinə diplom və pul mükafatı təqdim edilib. Vaqif
Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbinin Həmkarlar İttifaqı Komitəsi
I, 10 saylı Uşaq Musiqi Məktəbinin Həmkarlar İttifaqı Komitəsi II, L. və M.
Rostropoviçlər adına 21 saylı Musiqi Məktəbinin Həmkarlar İttifaqı Komitəsi III
yerlərə layiq görülüb. Yasamal Rayon Heydər Əliyev Mərkəzinin 10
illik yubileyi ilə əlaqədar kollektivin əməkdaşları Fəxri fərmanla təltif olunublar.