Bədii yaradıcılıq festivalının və ali məktəb işçiləri arasında keçirilmiş spartakiadanın qalibləri mükafatlandırılmışdır
30 May 2012
Əvvəlcə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev keçirilmiş müsabiqələrin əhəmiyyəti və məqsədi haqqında məlumat vermişdir. Bildirmişdir ki, bu müsabiqələrin keçirilməsinin məqsədi tələbələri vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, müxtəlif sənət növləri üzrə istedadlı gəncləri üzə çıxarmaqdır.
S. Mehbalıyev qeyd etmişdir ki, festivalın keçirilməsi, həmçinin tələbələrin asudə vaxtlarını səmərəli təşkilinə, tələbə gənclərin cəmiyyət tərəfindən qəbul edilməyən mənfi hallara meylin qarşısının alınmasına yönəldilmişdir.
Ulu öndər Heydər Əliyev və onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışan S. Mehbalıyev gəncliyin inkişaf etdirilməsi, onların problemlərinin həlli istiqamətində həyata keçirilən Dövlət proqramlarının sayının artdığını qeyd etmişdir. Müəllimlərin, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı Prezidentin Fərman və Sərəncamları haqqında tədbir iştirakçılarına məlumat vermişdir.
Təhsil nazirinin müavini Qulu Novruzov AHİK ilə birgə təşkil edilmiş müsabiqələrin əhəmiyyətindən danışaraq vurğulamışdır ki, Azərbaycan gəncliyinin hərtərəfli inkişafı bizim başlıca məqsədlərimizdəndir. O, bu yarışlara təkcə Bakı və Sumqayıt şəhərləri deyil ölkəmizin bütün regionlarında fəaliyyət göstərən ali təhsil müəssisələrinin cəlb edilməsinin vacibliyini qeyd etmiş, bu istiqamətdə görülən işlərdən bəhs etmişdir. Qalibləri təbrik edən təhsil nazirinin müavini növbəti yarışlarda onlara uğurlar arzulamışdır.
Sonda qaliblərə diplom və hədiyyələr təqdim olunmuşdur.