BDU-da yeni komitə sədri seçildi
09 Oct 2019
Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar iclası keçirilib. Əvvəlcə həmkarlar ittifaqı komitəsinin sədri Fikrət Şiriyev son iki ildə görülən işlərin hesabatını təqdim edib.
Sonra o, səhhətində yaranmış problem və elmi-pedaqoji fəaliyyətini
davam etdirmək istəyi ilə əlaqədar universitetin həmkarlar ittifaqı komitəsinin
sədri vəzifəsindən azad olunmağı barədə ərizə yazdığını bildirib. Xahiş edib
ki, onun bu ərizəsinə müsbət yanaşılsın.
Komitə üzvləri F.Şiriyevin ərizəsini və səhhətini nəzərə
alaraq onun komitə üzvlüyündən və sədr vəzifəsindən azad olunmasına səs veriblər.
F.Şiriyev çıxış edərək Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə,
Bakı Dövlət Universitetinin rəhbərliyinə və onunla çalışan komitə üzvlərinə öz
minnətdarlığını bildirib.
Fizika fakültəsinin dekan müavini, elmlər doktoru Hüseyn
Mikayıl oğlu Məmmədov Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin
sədri seçilib.
İclasda BDU-nun rektoru Elçin Babayev və TİAHİ Respublika
Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək komitə üzvlərinə tövsiyələrini
veriblər.