AZ | RU | EN

BƏT-in təşkilatçılığı ilə çap edilən kitabın təqdimat mərasimi keçirilib

02 Sep 2016

Sentyabrın 1-də Beynəlxalq Əmək Təşkilatının (BƏT) maliyyə dəstəyi ilə hazırlanmış "BƏT-in 204 saylı Tövsiyəsinin izahı və tətbiq olunması, qeyri-formal iqtisadiyyat sahəsində həmkarlar ittifaqının siyasəti" kitabının təqdimatı olub.

Kitab bu ilin iyul ayının 13-14-də Bakıda təşkil olunan subregional seminarın materialları əsasında hazırlanıb. Sahə həmkarlar ittifaqı komitələri liderlərinin, fəallarının qatıldığı tədbirdə AHİK sədrinin birinci müavini İlyas Əliyev giriş sözü söyləyib. 
İ. Əliyev diqqətə çatdırıb ki, BƏT ilə Azərbaycan həmkarlar ittifaqının müştərək seminarları kadrlarımızın peşəkarlığının artması baxımından yaxşı məktəbdir.
Sədr müavini sonra təqdimatı keçirilən kitabın həsr olunduğu mövzunun aktuallığından danışıb. o bildirib ki, beynəlxalq institutların qənaətinə görə, dünyada işçi qüvvəsinin yarıdan çoxu leqal iqtisadiyyatdan kənardadır. Qeyri-formal iqtisadiyyatı şərtləndirən əlamətlər işçilərin hüquqlarının qorunmaması, keyfiyyətli məşğulluq imkanının yoxluğu, əməyin məhsuldarlığının aşağı olması, işçilərin sosial müdafiəsinin etibarsızlığıdır. Bütün bunlar neqativ xarakter daşıyır və iqtisadiyyatın bütün formalarının leqallaşdırılması uğrunda mübarizə aparmağı tələb edir. BƏT-in öz tarixində ilk dəfə olaraq 2015-ci ildə 204 saylı Tövsiyəni qəbul etməsi də məhz bu tələbdən irəli gəldi.
İ.Əliyev qeyd etdi ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası BƏT-in tövsiyələrini öyrənmək, təbliğ və tətbiq etmək istiqamətində geniş miqyasda məqsədyönlü iş aparır. O, diqqəti iyulun 13-14-də Bakıda keçirilmiş subregional seminara yönəldərək vurğuladı ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının BƏT-in Moskva Bürosu ilə birlikdə təşkil etdiyi həmin tədbirə Orta Asiya respublikalarından, Şərqi Avropa ölkələrindən, Gürcüstandan, Belarusdan həmkarlar ittifaqı liderləri, mütəxəssislər, BƏT-in regionlar üzrə qərargahlarının ekspertləri dəvət olunmuşdular.
İ. Əliyev bildirdi ki, strategiya dörd əlaqələndirici amil üzərində formalaşdırılmalıdır: məlumat-təbliğat və tanışlıq kampaniyası, üçtərəfli iştirakın potensial imkanlarının genişlənməsi, biliklərin toplanması və yayılması, nəhayət, beynəlxalq tərəfdaşlıq və əməkdaşlıq. AHİK hesab edir ki, 204 saylı Tövsiyənin mətni, izahı təkcə həmkarlar ittifaqı liderlərinə deyil, eləcə də işçilərə çatdırılmalıdır. Bu yöndə işlər görülür və görüləcəkdir.
BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə Bürosunun baş mütəxəssisi Serqius Qlovatskas təqdim olunan kitabın əhəmiyyətindən söz açıb. İnandığını bildirib ki, bu nəşr Azərbaycan həmkarlar ittifaqının leqal məşğulluq uğrunda apardığı mübarizəyə dəyərli töhfə olacaq.
S.Qlovatskas qeyd etdi ki, bu kitab ilk nəşr olduğu üçün hələ təkmilləşməsinə ehtiyac var. Bunu mən tədbir iştirakçıları ilə söhbətlərdən sonra müəyyən etdim. Azərbaycan həmkarlar ittifaqları qeyri-formal iqtisadiyyatla mübarizədə zəngin təcrübəyə və yaxşı nümunələrə malikdir. Bu təcrübənin kitabın gələcək nəşrlərində öz əksini tapması faydalı olardı.
Kitabın müzakirəsində Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Etibar Əliyev, Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Afət Xanbabayeva, "Metal İş" Həmkarlar İttifaqı Federasiyasının vitse-prezidenti Feyzulla Əsədov, Yazıçılar Birliyinin Poliklinikasının Həmkarlar İttifaqı Komitəsinin sədri Şahanə Şükürova və başqaları çıxış edərək kitabda qoyulan məsələlərə öz münasibətlərini bildirdilər.