Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin XI Forumu keçirilib
28 Jun 2016
İyunun 28-də Bakıda Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin XI Forumu keçirilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının ev sahibliyi ilə keçirilən Forumda Türkiyə, Qazaxıstan, Qırğızıstandan nümayəndə heyətləri, eləcə də Makedoniya Respublikasından və İraqdan təmsilçilər iştirak ediblər.
Forumdan əvvəl
iştirakçılar Fəxri Xiyabana gələrək Azərbaycan xalqının
ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər
Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə
tər çiçəklər düzülüb.
Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və
ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən
övladlarının xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev AHİK-də tədbir iştirakçılarını
qəbul edərək Azərbaycan Həmkarlar İttifaqlarının yaranma tarixi, gördüyü işlər
və hədəfləri haqqında ətraflı məlumat verib.
Daha sonra öz işinə başlayan Forumda Beynəlxalq
Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin, Türkiyə Təhsil İşçiləri
Həmkarlar İttifaqının və Dövlət Qulluqçuları Həmkarlar İttifaqları
Konfederasiyasının sədri İsmayıl Koncuk üzv qurumlar arasındakı mövcud əlaqələrdən,
atılacaq addımlardan, qabaqcıl təcrübənin yayılmasının önəmindən danışıb. O deyib ki, üzvlərin
sayının çoxluğu həmkarlar ittifaqı hərəkatının möhkəmlənməsində, uğurlu
inkişafında, beynəlxalq arenada fəaliyyətinin səmərəliliyində vacib rol
oynayır.
Forumda çıxış edən Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib ki, Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsi beynəlxalq əlaqələrin genişləndirilməsinə
hər zaman xüsusi diqqət verib. Təşkilat 1992-ci ildə Beynəlxalq Elm və Təhsil
İşçiləri Həmkarlar İttifaqları Birliyinə, 2000-ci ildə Beynəlxalq Təhsil
Birliyinə, 2009-cu ildə isə Təhsil və Həmrəylik Şəbəkəsinə üzv qəbul edilib.
Səttar
Mehbalıyev vurğulayıb ki, bu birlikdə təmsil olunmaq və burada təmsil olunan
ölkələrlə əlaqələri genişləndirmək böyük önəm kəsb edir. “Bunun başlıca səbəblərindən
biri budur ki, biz qardaş ölkələrin təmsilçiləriyik. Eyni kökə, eyni dilə, eyni
dinə, eyni mədəniyyətə mənsub olmağımız bizi birləşdirən ən böyük dəyərlərdəndir.
Sevindirici haldır ki, ölkələrimiz arasında bu dəyərlərə söykənən çox yaxın
münasibətlər var. Bu baxımdan qurumda təmsil olunan Azərbaycanla Türkiyə
arasındakı dostluq və qardaşlıq münasibətləri digər türkdilli respublikalara da
örnək olmalıdır. Bu gün bu iki ölkə arasındakı münasibətlər Türkiyə Cümhuriyyətinin
banisi Mustafa Kamal Atatürkün söyləmiş olduğu “Azərbaycanın sevinci bizim
sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin söyləmiş olduğu “Biz bir millət, iki dövlətik” kəlamlarına əsaslanır”,
- deyə AHİK sədri bildirib.
Türkiyə-Azərbaycan
əlaqələrinin ən yüksək səviyyədə olduğunu xatırladan S.Mehbalıyev deyib: “Bu,
belə də olmalıdır. Biz əsrlər boyu bir-birimizin yanında olmuşuq və bu gün iki
müstəqil dövlət kimi gələcəyimizi birgə qururuq. Bu gün biz iqtisadi sahədə
uğurla əməkdaşlıq edirik. Türkiyə və Azərbaycan qarşılıqlı sərmayə yatırmaqla həm
öz maraqlarını təmin edir, eyni zamanda, biz bir-birimizi daha da gücləndiririk”.
“Ölkələrimizin
üzləşdiyi elə problemlər var ki, biz bu məsələlərdə bir olmalıyıq. Bilirsiniz
ki, bu gün Azərbaycanın ən böyük problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsidir. Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən
işğal olunub. Azərbaycan torpaqlarının heç bir şərt qoyulmadan işğaldan azad
edilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi uzun illərdir
ki, yerinə yetirilmir. Əslində Azərbaycanla Ermənistanın hərbi gücü müqayisə
olunacaq səviyyədə deyil. Aprel ayının əvvəlində bu, bir daha sübut olundu. Azərbaycanın
bu gün təkcə hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur və Azərbaycan
Silahlı Qüvvələri qısa müddət ərzində işğal altındakı torpaqlarını azad etmək
iqtidarındadır. Lakin dünya dövlətlərinin bu məsələyə ikili standartdan
yanaşması bizi münaqişəni hərb yolu ilə həll etməkdən çəkindirir.
Bu gün Asiyadan
Avropaya qədər böyük bir ərazini əhatə edən türkdilli dövlətlər var və bu
birlik kimsənin gücü yetməyəcək bir səviyyədədir. Bu birlik sayəsində bütün
türkdilli dövlətlərin problemləri həll edilmiş olar, bütün dünya bizim haqq səsimizə
dəstək vermək məcburiyyətində qalar. Bizim ədalətli olduğumuza dəstək üçün isə
hər birimiz, istər dövlət məmuru, istər siyasətçi, istər sadə vətəndaş, istər həmkarlar
ittifaqı, hər kəs öz töhfəsini verməlidir”, - deyə Konfederasiya sədri qeyd
edib.
S.Mehbalıyev
çıxışının sonunda deyib ki, Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar
İttifaqları Birliyi də türk qardaşlığının bir nümunəsidir.
Forumda Beynəlxalq
Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinə üzv təşkilatlar
arasında münasibətlərin inkişaf etdirilməsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi
məsələləri ətrafında müzakirələr aparılıb, eyni zamanda, üzv təşkilatlar
arasında deklarasiya imzalanıb.