AZ | RU | EN
AZ | EN | RU

Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə konfrans keçirilib

07 Jun 2019

İyunun 7-də Bakıda Beynəlxalq Əmək Təşkilatının dəstəyi və AHİK-in təşkilatçılığı ilə «Gənclərin məşğulluğu kollektiv danışıqlar və mübahisələrin həlli» mövzusunda konfrans keçirilib.

İclası giriş sözü ilə AHİK sədrinin birinci müavini İ.Əliyev açaraq bildirib ki,cəmiyyətimizin ən fəal təbəqəsi sayılan gənclər müasir cəmiyyətin mühüm hissəsini təşkil edən dinamik qüvvədirlər. Gənclərin məşğulluğunun təmin edilməsi müxtəlif ölkə və təşkilatların siyasətlərinin üstün istiqamətlərindən hesab olunur. Dünyada gedən maliyyə böhranının meydana çıxardığı əsas problemlərdən biri də odur ki, bu gün gənclər arasında işsizlik orta yaşlılar arasında işsizlikdən 3 dəfə çoxdur.

Müasir şəraitdə gənclərin rastlaşdığı problemlər özünün müxtəlifliyi ilə seçilir. Yaxşı təhsil almaq və layiqli iş yeri tapmaq imkanını itirən gənclər daha az müdafiə olunur və adətən, natamam iş vaxtı və qeyri-adekvat sosial müdafiə sistemi olan az maaşlı, müvəqqəti iş yerlərində çalışırlar. Gənclər təhsildən əmək fəaliyyətinə keçərkən böyük çətinliklərlə üzləşirlər. Oxumayan, işləməyən və peşə hazırlığı keçməyən gənclər arasında iş tapmaq ümidini itirənlərin və ali təhsilli işsiz gənclərin sayının artması tendensiyası hamımızda narahatlıq doğurur.
Hazırda dünyada gənclərin 35 faizi, yəni 71 milyon gənc işsizdir.

Bu gün ölkəmiz Gənclərin Məşğulluq Şəbəkəsinə daxil olan qabaqcıl ölkələr sırasına qoşulub. Bu təşəbbüs BƏT-in texniki yardımı ilə BMT tərəfindən dəstəklənib. Təhsildən əmək fəaliyyətinə keçmək, gənclərin məşğulluq vəziyyətinin təhlili üzrə sorğunun nəticələri, eləcə də gənclərin məşğulluğuna təsir üzrə milli plan Azərbaycanda məşğulluq siyasətinin üstün cəhətləri kimi onlar arasında işsizliyin azaldılmasını, gənclərin məşğulluq və sahibkarlıq fəaliyyətinə təsirini, peşə hazırlığı kurslarının təşkilini üstün cəhət kimi önə çəkir. Gənclərlə bağlı müxtəlif məsələlərin, o cümlədən məşğulluq probleminin həlli üçün ölkədə (2017-2021) Dövlət Gənclər Proqramı qəbul edilib.
Qəbul edilmiş bu sonuncu Proqramda gənclərin müəssisə və təşkilatlarda onlar üçün müəyyən edilmiş kvota əsasında işə düzəlmələrinə diqqət yetirilməsi də öz həllini tapıbdır.

 İ.Əliyev daha sonra deyib ki, Azərbaycan həmkarlar ittifaqları gənc nəslin həyat tərzinin inkişafı və yaxşılaşdırılması məsələlərini daim diqqət mərkəzində saxlayır. Gənclərin əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsi, həmkarlar ittifaqı üzvlərinin fəal həmkarlar ittifaqı işinə cəlb edilməsi və gənclərin təşkilatlanması üçün AHİK-in Gənclər Şurası fəaliyyət göstərir.
AHİK İcraiyyə Komitəsində 2013-cü ilin mayında «Azərbaycan gənclərinin məşğulluğu və həmkarlar ittifaqlarının mövqeyi» məsələsi müzakirə olunub və gənclərin məşğulluğunu təmin etmək üçün həmkarlar ittifaqlarının bütün imkanlarından istifadə etmək məqsədilə üzv təşkilatların vəzifələri müəyyənləşdirilib.

Məlumdur ki, AHİK Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə gənclərin məşğulluğu ilə bağlı müxtəlif dövrlərdə birgə layihələr həyata keçirib – 2014-cü ildə BƏT-lə «Gənclərin məşğulluğu sahəsində həmkarlar ittifaqlarının rolu» layihə çərçivəsində respublikanın 6 regionunda seminarlar, Bakı şəhərində isə yekun konfrans keçirilib. Cari ildə gənclərin məşğulluq problemləri ilə bağlı Beynəlxalq Əmək Təşkilatı ilə yeni bir layihəyə start verildi. Bu çərçivədə ölkənin Quba, Lənkəran rayonlarında və Gəncə şəhərində hər birində 30 nəfər dinləyicinin iştirakı ilə «Gənclərin məşğulluğu, kollektiv danışıqlar və mübahisələrin həlli» mövzusunda seminarlar keçirilib.

İ.Əliyev diqqətə çatdırıb ki, bu günkü konfrans isə keçirilən bu seminarlara yekun vurmaq və bundan sonra atılacaq addımları müəyyənləşdirməkdir.
AHİK sədrinin birinci müavini vurğulayıb ki, yerlərdə keçirilən seminarlarda dinləyicilərin böyük əksəriyyəti əmək bazarının təhlil olunmadan ali məktəblərə qəbulun aparılması və məzunların əksəriyyətinin işlə təmin oluna bilməməsi, ali məktəbi bitirmiş gənclərin işə qəbulu zamanı iş stacının tələb edilməsi, regionlarda iş yerlərinin azlığı, vaxtı ilə mövcud olan peşə təhsili sisteminin dağılması, yenisinin tam formalaşdırılmaması və digər məsələlər olmuşdur. Hesab edirəm ki, bu məsələlər müvafiq icra orqanları tərəfindən nəzərə alınmalı və lazımi addımlar atılmalıdır.
Fikrimizcə, biz həmkarlar ittifaqları olaraq aşağıdakı məsələlərin müvafiq icra orqanları qarşısında qaldırmalı, onların həllinə nail olmağa çalışmalıyıq:
- texniki-peşə təhsilində islahatların aparılması və əmək bazarının tələbatına uyğunlaşdırılması;
- əmək şəraitini yaxşılaşdırmaq, iş yerlərinin keyfiyyətini və gənclərin müdafiə təminatını yüksəltmək;
- peşə ixtisaslarının və biliklərinin inkişaf strategiyasını işləyib hazırlamaq.
Məlumdur ki, işçi qüvvəsinə qoyulan investisiyalar müasir texnologiyanın tətbiq edilməsində stimullaşdırmanın ayrılmaz hissəsidir. Buna görə də gənclər üçün imkanların genişləndirilməsi siyasətinin umdə vəzifələrindən biri dövlət tərəfindən insan kapitalına investisiyalar qoyulmasının artırılması olmalıdır.

Daha sonra BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev də mövzu ilə bağlı çıxış edib.
Konfransda “Əmək bazarında gənclərin vəziyyəti və həmkarlar ittifaqlarının mövqeyi”, “Sosial dialoq vasitəsilə kollektiv mübahisələrin həllinin əhəmiyyəti” “Gənclərin məşğulluğu”, “Gənclərin məşğulluq siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolu”, “Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə kollektiv danışıqlar və mübahisələrin həlli yolları” və s. mövzularda çıxışlar təqdim edilib, iştirakçıların təklifləri dinlənilib.

FAYDALI KEÇİDLƏR