AZ | RU | EN
AZ | EN | RU

Beynəlxalq Əmək Təşkilatının subregional seminarı keçirilir

13 Jun 2016

   Bu gün Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) 204 saylı tövsiyyəsinə əsasən subregional maarifləndirici seninar başlayıb. İki gün davam edəcək seminarda BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya Bürosunun, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının məsul işçiləri iştirak edirlər.

   Tədbirdə “Qeyri-formal iqtisadiyyat sahəsində Beynəlxalq Əmək Təşkilatının siyasəti”, “Milli şərait və həmkarlar ittifaqı siyasəti”, “Milli və beynəlxalq həmkarlar ittifaqları təşkilatları üçün BƏT-in tövsiyyələri” mövzularında məruzələr dinləniləcək, məşğulluq məsələləri və həmkarlar ittifaqı təşkilatlarında insan hüquqları üzrə müzakirələr aparılacaq.
   Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin üzvü Səttar Mehbalıyev seminar iştirakçılarını salamlayıb və keçirilən seminarın vacibliyini qeyd edib.
   S.Mehbalıyev çıxışında  bildirib ki, Azərbaycan  regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində aparıcı rol oynayır. Təəssüf ki, bugünkü gün tammiqyaslı regional əməkdaşlığı əngəlləyən bir əsas amil vardır. Bu da Azərbaycanın  20 faiz ərazisinin Dağlıq Qarabağ və 7 ətraf rayonlar da daxil olmaqla 20 ildən artıqdır ki, Ermənistan tərəfindən işğal olunmasıdır. Bu münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın  və məcburi köçkün həyatı yaşamaqdadır. Bu qədər qaçqının mövcudluğu  ölkədə işsizliyin  və qeyri-formal iqtisadiyyat sahəsində çalışanların sayının artmasına səbəb olur. Bu işğal faktı BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsində, ATƏT-in Minsk qrupunun bəyanatlarında, Avropa Şurasının rəsmi sənədlərində, digər sənədlərdə əks olunub və beynəlxalq aləm tərəfindən tanınıbdır.
   AHİK sədri sözünə davam edərək  deyib ki, dünyada baş verən siyasi-iqtisadi proseslər yeni problemlər yaradır ki, bunlar da bütün dünya ictimaiyyətinin mənafeyinə toxunur. Belə problemlərdən biri də qeyri-formal iqtisadiyyatın geniş yayılmasıdır  ki, ciddi yanaşma və təxirəsalınmaz qərarlar qəbul edilməsini tələb edir.  Dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycan iqtisadiyyatında da formal, legitim iqtisadiyyatla yanaşı “qeyri-formal” adlanan qeyri-dövlət istiqaməti də mövcuddur. Gizli iqtisadiyyatın ən neqativ tərəfi odur ki, burada muzdlu işçilərin işəgötürənlərin yalanlarından qorunması üçün heç bir vasitə, onların məhkəmə instansiyalarına müraciət etmək imkanları yoxdur.
   S.Mehbalıyev deyib ki, “qeyri-formal iqtisadiyyatın problemlərinin həllinin vacibliyinindən danışarkən yalnız istehsal həcmindən deyil, həm də əsas məsələdən – bu sahədə çalışan işçilərdən danışmaq lazımdır. Qeyri-formal iqtisadiyyat sahəsində  çalışanlar lazımi əmək statusuna malik deyillər, onların əmək hüquqları qorunmur. Bu gün respublikada 67 faiz işçi əmək qeydiyyatından keçməyib.
   Hərçənd ki, qeyd etmək lazımdır ki, 2014-cü ilin ortalarında əmək müqavilələrinin elektron qeydiyyatı sisteminin yaradılması ilə əlaqədar respublikada “Elektron portal” fəaliyyət göstərir və elektron xidmətləri içərisində əhali tərəfindən daha çox istifadə olunan xidmətlərdən biridir.”
Yaradıldığı 2014-cü ilin iyunundan 2016-cı ilin aprelinədək Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun təqdim etdikləri rəqəmlərə əsasən, əmək müqavilələrinin elektron xidmətlər vasitəsilə qeydiyyatdan keçməsi 1.840.000 dəfə olmuşdur.
   S. Mehbalıyev çıxışının sonunda bildirib ki, “Həmkarlar İttifaqları olaraq hesab edirik ki, sosial tərəfdaşlar qeyri-formal iqtisadi qurumların işəgötürənləri ilə mübarizə etmək deyil, onların leqal iqtisadiyyata keçmələrinə münbit şərait yaratmalıdırlar. Belə şərait olmadan qeyri-formal sektorda həmkarlar ittifaqı təşkilarları yaratmaq çox çətin olacaqdır. Bu işin sürətləndirilməsi üçün AHİK artıq bir neçə ildir ki, qeyri-formal sektorun işçilərinin iştirakı ilə maarifləndirici layihələr həyata keçirib. Biz qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçmək üçün  Beynəlxalq Əmək Təşkilatının 204 saylı tövsiyyələrini həyata keçirməyə dair tədbirlər Planı işləyib hazırlamışıq.
   AHİK o fikirdədir ki, qeyri-formal iqtisadiyyatın işçilərinin maraqları Baş və Sahə kollektiv sazişlərində və müqavilələrində də nəzərə alınmalıdır. Biz həmkarlar ittifaqı və respublika kütləvi informasiya vasitələrində də legitim ictimai-faydalı əməyin daha prestijli olmasını təbliğ edir,  qeyri-formal məşğulluğun neqativ fəsadları haqqında ictimaiyyətə məlumat veririk. Bu işi gələcəkdə də fəal surətdə həyata keçirmək əzmindəyik”.

FAYDALI KEÇİDLƏR